ÜRƏK DƏRD ÇƏKƏNDƏ...

FAİQ QİSMƏTOĞLU
90367 | 2015-04-23 09:19
O, saçlarını əlləri ilə geri daradı. Bir anlıq çöhrəsinə işıq, nur çökdü. Sonra da üzünü təcrübəyə gəlmiş tələbələrə tutaraq dedi:
- Əsgər müəllim, bu uşaqlar gələcəyin jurnalistləridir. Bizim redaksiyamıza təcrübəyə gəliblər, gözünüz üstünüzdə olsun. Hər üçünün - Faiq Hüseynovun. Nizaməddin Rəfiyevin və Teyfur Mehdiyevin yaxşı jurnalist olacağına ümidim böyükdür. Bir balaca qəzetçiliyi öyrənsələr, təcrübə toplasalar, yazı-pozu ilə məşğul olsalar çətinlikləri olmayacaq. Vaxtınız olsa onlarla çörək də kəsərsiniz... "Araz" qəzetinin redaktoru Məcnun Namazəliyev bizi əməkdaşlarla tanış edəndən sonra məsul katib Əsgər Şıxəliyevlə mətbəəyə getdik. Əsgər müəllimlə orda qəzet tərtibi ilə bağlı məsləhətlərini və tövsiyyələrini verdi. Nə az, nə çox düz 3 ay biz jurnalistika fakültəsinin tələbələri bu qəzetdə təcrübədə olduq.
Bir gün də Əsgər müəllim dedi ki, gərək bu gün Məcnun Namazəliyevin o biri tapşırıqlarını da yerinə yetirək. Axı, ağsaqqal demişdi ki, sizinlə çörək kəsək. Redaksiyanın yaxınlığında gözəl bir park var idi. Ağacların kölgəsində əyləşdik və orda bir tikə çörək kəsdik. Stolun arxasında Kərəm Hətəmov, Əsgər Şıxəliyev, Vaqif Mehdiyev və bir də səhv eləmirəmsə, Cəmil müəllim əyləşmişdi.
O günlərin həsrətini indi də çəkirik. Və burnumuzun ucu həmin günlər üçün göynəyir. Orda yediyimiz kababın dadı bu gün də damağımızdan getməyib. Füzuli şəhərinin havası bizim kəndlə müqayisədə çox sərin və gözəl idi. Yay vaxtı çoxları istidən başını götürüb Füzuli şəhərinə tərəf qaçardı. Yuxarı kəndlərə qalxıb buz bulağın, meşələrin qoynunda istirahət edərdilər.
Axırda da Məcnun Namazəliyevin imzası ilə bizə xasiyyətnamə verildi. Mənim barəmdə xasiyyətnaməni rəhmətlik Kərəm Hətəmov yazmışdı. Məcnun müəllim də imzasını atmışdı və möhürünü vurmuşdu. Həmin xasiyyətnamə biz Azərbaycan Dövlət Universitetinə qayıdandan sonra müzakirə zamanı professor Famil Mehdi tərəfindən yığıncaqda oxundu. Bu xasiyyətnamə Famil Mehdiyə də ləzzət eləmişdi. Ləzzət eləmişdi ki, bir tələbə kimi mən fakültənin adına şərəf gətirmişəm və tələbə-jurnalist kimi öz imzamı təsdiqləmişəm.
Mən həmişə Məcnun Namazəliyevi özümün müəllimi bilmişəm. Uzun müddət "Araz" qəzetinin redaktoru işləyib, sonra icra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışıb. Yaşı 70-i keçsə də bu gün qələm əlindən yerə düşmür. "Qayıdış" qəzetinin redaktorudur. Bir qəzetçi və jurnalist olaraq Məcnun müəllim öz istedadı, təcrübəsi və savadı ilə bir iz qoyub. Özündən sonra da neçə-neçə mənim kimi jurnalistlərin yetişməsinə kömək göstərib. Onlara əl tutub və arxa durub. 1993-cü ilin avqust ayları idi. Həmin dövrdə çoxları dərd içində boğulurdu. Çünki Füzuli işğal olunmuşdu, yaşayış məskənləri ermənilərin əlinə keçmişdi. Oktyabr ayında Məcnun müəllimi "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsində gördüm. Gördüm və gözlərimə inanmadım. Rayon işğal olandan sonra elə qocalmışdı ki, sanki o, bundan qabaq gördüyüm Məcnun müəllim deyildi. Öpüşüb-görüşdük, hal-əhval tutduq. Dedim gedək çörək yeyək, bir stəkan çay içək, amma onun kədərli baxışları mənim çöhrəmə zilləndi:
- Qohum, boğazımdan nə çörək keçir, nə də çay. Füzuli alınandan tifağım dağılıb. Belə getsə, ürəyim partlayacaq.
Ona təsəlli verdim. Dedim ki, qoy Aqil müəllimdən xahiş edim səni işə götürsün. Sən müdir ol, mən də sənin müxbirin. Gözlərinə sevinc gəldi və məni qucaqlayıb yenidən kövrəldi:
- Bu sözlərin mənə bəsdi. Elə bil ki, çiynimdən yük götürüldü. Halal olsun sənə dədənin çörəyi.
Məcnun Namazəliyev Füzulinin sayılıb-seçilən, ağayana, sanballı kişilərindəndir. Heç vaxt dünya malında gözü olmayıb. Hətta qəzet redaktoru olanda belə qılıncının dalı-qabağı kəsəndə kimdənsə bir pay ummayıb. Bəhmənlidən kim onun yanına gedirdisə, imkanı daxilində ona köməklik göstərirdi. Hüquq-mühafizə orqanlarına işi düşənlər, bir balaca çətinlik çəkənlər Məcnun müəllimi görəndə sevinərdilər. Çünki Məcnun Namazəliyev Surxay kişinin oğlu olaraq o insanın adına və şərəfinə həmişə hörmət gətirmişdi.
Çox qəribədir, həmişə onunla görüşəndə, söhbət edəndə mənim çiynimdən ağır bir yük götürülür. Məcnun müəllim öz dərd-kədərini unudub mənim əhvalımla, səhhətimlə maraqlanır. İlk sualı bu olur ki, özünü necə hiss edirsən? Sən xəstələnməyə layiq oğul deyilsən. Çünki eşitmişdi ki, altı ayda iki dəfə cərrahiyyət əməliyyatı keçirmişəm. Otağına girəndə ayağa qalxır, çöhrəsinə nur hopur və sonra da şirin, duzlu söhbətləri ilə məni ötən günlərə qaytarır. O qədər şirin və duzlu söhbət eləyir ki, onun şirin sözündən doymaq olmur.
Cənab prezident İlham Əliyevin Füzuliyə sonuncu səfəri zamanı Məcnun Namazəliyev bir ziyalı və ağsaqqal kimi prezidentin qarşısında çıxış elədi və Füzulidə görülən möhtəşəm abadlıq və quruculuq işlərindən danışdı. O, heç vaxt boğazdan yuxarı, qeyri-səmimi danışmayıb. Məcnun müəllim nə danışıbsa, hamısını ürəyinin səsi ilə dilə gətirib. Ona görə də cənab prezidentlə söhbəti də çox səmimi və şirin oldu.
Sözümün canı ondan ibarətdir ki, Məcnun müəllim çox dözümlü, səbrli, iradəli və mübariz bir insandır. Cavan oğlu Surxayı itirməsi onun ürəyinə sağalmaz bir yara vurub. Elə bu yara da zaman-zaman özünü göstərib. Ürək dərd çəkməsə heç vaxt ağır əməliyyata məruz qalmaz. O da ürəyindən əməliyyat olunub. Ancaq yaşamaq eşqi, mübarizlik və özünə inam Məcnun müəllimi bu gün də yaşadır. Onu yaşadan həm də Füzuli şəhərinə qayıdacağı gündür. Axı onun o şəhərdə ocağı, evi-eşiyi və eləcə də "Araz" qəzeti redaksiyası qalıb. Orda onun xatirələri, ayaq izləri və bir də kövrək anları əbədiləşib.
Tez-tez ona telefon açıram və həmişə də səsini, nəfəsini hiss edəndə duyuram ki, Məcnun müəllim yenə nikbindir. Məcnun müəllim nikbindir ki, onun çox ağıllı övladları, nəvələri var. Məcnun müəllim nikbindir ki, yaxşı, savadlı, istedadlı adamları el-oba heç vaxt unutmur. Məcnun müəllim bir də ona görə nikbindir ki, arxada qalan uzun illərə görə heç vaxt peşmançılıq hissi çəkməyəcək və ürəyi də buz kimi arxayındır. Və ürəyi buz kimi arxayındır ki, onun elədiyi yaxşılıqlar öz qabağına çıxmasa da, balalarının, nəvələrinin qarşısına çıxacaq...



TƏQVİM / ARXİV