Yazı çıxdı, pul çıxmadı

ETİBAR CƏBRAYILOĞLU
33420 | 2010-12-04 07:00
Qorxduğum başıma gəlməkdədi. Ötən dəfəki köşədə padşahla hər zarafatın yaxşı sonluqla qurtarmadığını yazmışdım. Belə getsə işlər həqiqətən də pis qurtaracaq.
   
   Yadınızda qalıbsa ötən şənbə sayında Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya "Uğurlu yol" yazmışdım. Prezidentliyi birmənalı qarşılanmayan adamı yazıçı kimi qaldırıb dağ başına qoymuşdum. Obama oturmuşdu Talış dağlarının başında, ayaqlarını da aşırmışdı ayaqlarının üstünə. Guya onun yeni çapdan çıxan "Of Thee İ Sing" ("Mənim sizdən oxuduğum") kitabı dünya ədəbiyyatında hadisədi. Mən də hər gün, hər gecə Barakın kitabına baxıram, dəstədən geriyə qalmamaq üçün.
   
   İşim düşmüdü, ona görə prezidenti tərifləyirdim. Bəzi tənqidçilər kimi müəllifdən umacağım var idi. Özümdə fikirləşdim ki, Barak Obama Amerika Birləşmiş Ştatlarının prezidenti maaşını alır, təkcə "Ağ Ev"ə yox, az qala bütün dünyaya rəhbərlik edir. Aqil Abbas demişkən, ABŞ-ın taxt-tacında oturan, elə dünyanın taxt-tacında oturmuş sayılır. Ona görə də bu dəqiqə barmağının dalı da kəsir, qabağı da. "Uğurlu yol" dərc olunan kimi əlini salacaq cibinə və...
   
   "Ədalət"dəki dostlarım məni qırmadılar. Yazı qəzetin gözəgəlimli səhifələrindən birində özünə yer tapdı. Amma Barak Obamanın əli cibini tapa bilmədi. Deməli, mənim də başdan aşan problemlərim ilin sonuncu ayına adladı. İndi dost-tanışları heç cür inandıra bilmirəm. Hamı elə bilir ki, Obama mənim "Uğurlu yol"uma görə babat cib xərcliyi göndərib, sadəcə, okeanın o tayından aldığımı onlardan gizlədirəm. Kimi dindirirsən, məni günahkar bilir, Obamanı təqsirkar bilən yoxdu. Hələ mən "Ədalət"in üzbəüz tanımadığım, kəlmə kəsmək imkanı bulmadığım çoxsaylı oxucularını demirəm. Yəqin onlar da bu məsələdə məni qınayır. Mən burda oxucularımızı, dost-tanışları inandırmaqla məşğulam, kitab müəllifi Obama isə başına bir dəstə yığıb basketbol oynayır. Bir yandan baxanda elə yaxşı edib dodağını partladıblar. Deyirlər ki, dodağına 10-15 dənə tikiş vurublar. Mənə xərclik göndərmək istəməyən Obamanın pulu dava-dərmana gedib. Yəqin həkimlərə bir ətək pul xərcləyib. Bizdə xəstəxanalarda belə bahalıqdısa görün Amerikada qiymətlər neçəyədi. Xəstələnmək, həkimə möhtac olmaq elə dünyanın hər yerində pisdi, Azərbaycanda da, Amerikada da...
   
   Nə isə, Obamanın təzə çap edilən "Of Thee İ Sing" kitabına yazdığım "Uğurlu yol"a görə bir qara qəpiyin yiyəsi olmasam da dilə-dişə düşmüşəm. Qonşuluqdakı məktəbli oğlan da mənə lağ edir. Bir cüvəllağı uşaqdı, gəl görəsən. Yaqub Mahmudovun "Tarix" dərsliyini tərsinə oxuyur. O gün mənə deyir ki, müəllim, sən bilmirdin ABŞ prezidenti xəsisdi? Obama kimi xəsisə də adam tərif dolu o boyda yazı yazar? Barak xəsisliyindən neçə vaxtdı İrana bir güllə də atmağa qoymur. Qonşu uşaq mənə Obamanın xəsisliyinə aid bayatı yazdığını da dedi. Çox xahiş-minnətdən sonra bayatını müəllifin öz dilindən eşitdim. Bizim əksər şairlər kimi ayaqlarını bir-birindən araladı saxladı, bir əlini belinə qoydu, digərini havaya qaldırdı, saçlarını qarışdırdı və səsinin gur yerinə güc verdi:
   
   
   
   Obama əmi, yenə də sən,
   
   Bu vəzifədə bir dənəsən.
   
   Bir cüt raket nəmənədi,
   
   Nejat əmiyə göndərəsən.
   
   
   
   Cüvəllağının bu bayatısından sonra okeanın o tayına bağladığım ümid lap tükənib. Deyirəm birdən doğrudan da Obama xəsislik edər, ilin axırına qədər heç nə göndərməz. Pis vəziyyətdə qalmışam, durub o nəhənglikdə ölkənin prezidentini tənqid edəsi deyiləm ki? Yaxşı alınmır. Ötən sayda göyə qaldırdığın Barakı bu gün tənqid atəşinə tutursan. Sonda Əli aşından da olursan, Vəli bozbaşından da.
   
   Hər halda gərək ehtiyatı əldən verməyəm. İstəyirəm ki, Barak Obamaya daha bir böyük yazı həsr edəm. Prezident xəsisdi, bəs mənim səxavətimə nə olub?

TƏQVİM / ARXİV