adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

PAYIZIN GÖZ YAŞLARI

VAHİD ƏLİFOĞLU
41105 | 2010-11-27 06:26

   
   Gözlərin gözəllik axtarırsa, onu hər yerdə tapacaqsan. Lap elə ayaqların da köməyinə gələcək, səni könlünün rahatlanacağı, ruhunun təzələnəcəyi yerlərə aparacaq. Belə yerlər isə payızda daha tez-tez rastına çıxır.
   
   Qəlbin tənhalıq istəyirsə, onu da payızda ara...
   
   Vərdiş eləmişəm, hər gecə yatmamışdan qabaq işıqları söndürüb mənzilimin hər iki tərəfdəki balkonundan beş-on dəqiqə də olsa, yerə, göyə tamaşa eləyirəm. Elə bil ki, səmada Ayın, ulduzların, buludlu havalarda buludların, yerdə küçələrin, evlərin, parkların, ağacların öz yerində olmasına, onların sabaha yatmamışdan qabaq gördüyüm kimi qalacağına əmin olmaq istəyirəm... Gözlərimə yuxu gedənəcən də onları düşünürəm. Yəqin, illər ötdükcə sirr dolu gecələrə inamım azalır, əvvəlki arxayınçılığın yerini əbədi narahatlıqlar tutur...
   
   
   
   ***
   
   Həyətimizdə adını bilmədiyim çox hündür, lap binamızın beşinci mərtəbəsini də ötən ağac düz qışacan yarpaq tökür. Nə vaxt baxsan, həyət sarı-yaşılımtıl yarpaqlarla örtülüdü. Sakinlər süpürgəçi qadının qarasına deyinsələr də, mən onu ağıllı sayıram. Dünən yamyaşıl olub göz oxşayan, bu günlərsə ömrünün son saatlarını, dəqiqələrini yaşayan kəhraba xəzəlləri süpürgəağzı eləmək heç insafdan deyil. Nəyi pisdi ki, bu xəzəllərin?!. Zövqün olsa, baxıb xəyala dalarsan, lap elə bir az da kədərlənərsən. Qır döşənmiş həyətimiz dünənəcən adamın canını sıxırdı; gözünə nəfəs alan heç nə dəymirdi. Onsuz da yarpaqlar bir gün qurtaracaq. Qoy onda gəlsin, az qala özü ağırlığında süpürgəsiynən bu yarpaqları süpürüb aparsın. Hara?! Hara olacaq, yəqin ki, yandırmağa. Hələ o günə xeyli var. Hələ budaqlarda saralmış yarpaq da çoxdu...
   
   Dumanlı-çisəkli havalar keçir. Hələ axşamdan asfalt yollar qaralır. Elə bil yağış yağıb. Bu gecə yenə payızı dinləməyə çıxmışam. Başımı, əllərimi balkondan qabağa uzadıram. Damcılar sifətimə, boyun-boğazıma çilənir. Bu payızın nəfəsidi. Yox, nəfəs belə olmur. Bu göz yaşıdı. Payızın narın, sərin, insanın ürək yanğılarına su səpən göz yaşları... Ümumi giriş qapısına bağlanan elektrik lampasının həyətə düşən uzunsov işığında bir az da tünd sarı görünən yarpaqların ömrü də, gözəlliyi də qaranlıq düşənəcən olur. Gecənin şehi isladıb rəngini dəyişir, çürümüş xəzəl tapdaq olub ayaqlar altında əzilir. Kim deyir ki, yarpaqlar ölmür, hər yaz gələndə təzədən dirilirlər?! Yox, adamlar bu fikirlə də özlərini ovutmaq istəyirlər. İnanmağa, ümid eləməyə bir şey olsun deyə. Payız hər gələndə ağaclara divan tutur, qoynunda tumurcuqlanıb açılan yarpaqları ondan qoparıb küləklərin ixtiyarına verir. Həm də ruhunu incitmədən.
   
   İndi ki, külək yoxdu. Ulduzsuz göylər də bombozdu. Bəs, o səs hardan gəlir?! Çıp-çıp, çıp-çıp... Yağış damcıları belə ağır düşmür, axı. Bəlkə budaqların hansındasa elə xəzan kimi qızılsaçlı bir gözəl oturub. Bir də ona dönməyəcək sevgilisindən aldığı son məktubu oxuduqca isti, duzlu damcılar burnu uzunu diyirlənib yerə düşür. Çıp-çıp, çıp-çıp... Bəlkə əlimi uzadıb o damcıları ovcuma yığım... Nəyimə gərəkdi? Öz bəbəklərimdə o qədərdi ki, o damcılardan. Elə ürəyim də doludu o damcılarnan. Ölənəcən qurtaran, bitib-tükənən deyil...
   
   Nə vaxt payızı düşünürəmsə, nə vaxt payızdan yazıramsa, bir bayatı qulağımdan getmir ki, getmir...
   
   
   
   Ağacda xəzəl ağlar,
   
   Dibində gözəl ağlar...
   
   
   
   O gözəl məni dünyalarımdan edir, əlimi-ayağımı yerdən üzür. Bilmək, anlamaq istəyirəm: o gözəl niyə payızda, özü də xəzəllərin yağış kimi yağdığı bir zamanda, həm də ağacın dibində ağlayır?! Bu payız ona nəyi xatırladır?! Arxada qalan günəşli, işıqlı günlər ondan nəyini alıb?! Bəs, saralan yarpaqlar, dolan buludlar niyə kövrəldir onu? Nədən dəm verib göz yaşlarına? Axı, gözəlliklə göz yaşları heç uyuşmur... Amma ... Bu da düz deyil. Vallah, bu payız axşamında, bir budaq yellənmədən öz xoşuynan (?) qopub ağır-ağır enən yarpaqların titrəyişi, səsi ürəyidolu bir gözəlin için-için ağlamasından başqa heç nəyə bənzəmir...
   
   Bəlkə elə xəzəllər də payızın göz yaşlarıdı. Puç olmuş arzulara, qırılan ümidlərə, gerçəkləşməyən xəyallara, bir də dönməyəcək cavanlığa, solub-saralan yaşıllığa tökülən göz yaşları... Payız insan duyğularını qüssəyə, nisgilə kökləyən fəsildi. Kədər insan qəlbini təmizləyən, xırda duyğulardan üz çevirməyə səsləyən hissdi. Təbiət də elə payızın dili ilə bizlərə bunu demək istəyir...
   
   Nəfəsində hər şey var payızın. Bir az yayın istisindən, bir az qışın soyuğundan. Başının üstündə budağı meyvəli ağaclar, ayağının altında can verən, inləyən xəzəllər. Xəzəllərin diliynən pıçıldayır payız.. Dumanın, çisəyin gözüynən ağlayır payız...
   
   Amma burda payız sanki kimsənin vecinə deyil. Heç kəs vaxt ayırıb onu dinləmir, günəşdən rəng alan hüsnünə tamaşa eləmək istəmir. Burada kişilərin corablarını, qadınların ətəklərini payız sabahlarının şehi islatmır. Axşamüstü mal-qara örüşdən qayıdanda payız yellərindən yanaqları allanmış, saçı-kirpiyi çisəkdən islanmış oğlan uşaqları dumanda azıb yiyəsinin qapısını tapa bilməyən qoyun-quzunu axtarmır. Budaqlarda heyva, xurma saralmır, ağacların lap təpəsində sərçə-sığırçınların dənləyib içini boşaltdıqları bütöv nar qabıqları görünmür... Heç kim əlini uzadıb budaqdan nəsə dərib ağzına qoymur. Meyvəni poçtun qabağında bütün günü əllərindəki əski parçasıynan almaları parıldadıb Misir piramidaları kimi düzən, eyni ağacdan dərilmiş bəhərləri üç-dörd yerə ayırıb hərəsini bir qiymətə satan sırtıq oğlanlardan alırlar. Payız romantikası belə yerlərdə tapılan şey deyil...
   
   
   
   ***
   
   Bu payız yağış az oldu. Elə bil zamanında yaz payızın da payını əlindən almışdı. O qədər yağdı ki,... Camaata da o ki, var dərd-bəla gətirdi. Daha göylərə ruzi-bərəkət göndərən kimi yox, fəlakət yollayan kimi baxmağa başladılar. Yağış günlərlə kəsmək bilmirdi. Elə bilirdin bu sel-suyun heç vaxt sonu olmayacaq. Qəribəsi bu idi ki, heç yaz yağışına da oxşamırdı. Nə göy gürüldayırdı, nə ildirım çaxırdı. Göy guruldayıb şimşək çaxanda buludlar tez parçalanıb dağılır, yağış sürətlə ötüb keçir, sonra külək qalxıb lay-lay buludları uzaqlara qovur, göyün üzü ayna kimi parıldayır. İndi belə deyildi. Elə bil göy üzü deyilən şey heç olmayıbmış. Əvəzində nəhəng okeanı çevirib səmadan asmışdılar, o da dayanmadan şıdırğı yağış əndərirdi. Elə güclü yağırdı ki, bir-birindən ayrılmayan damcılar göydən yerə millənən saysız-hesabsız xətlərə oxşayırdı. Bir həftə də belə yağsaydı, Kür daşmasa da, heç buralarda yerli-dibli çay, göl, başqa sututarlar olmasaydı da, suyun içində qalacaqdıq. Bu görünməmiş bir şeydi. Tanrı daha betərindən saxlasın...
   
   O günlərin ağrı-acıları adamları çox incitdi. Qəlblərini qırdı, ruhlarını sarsıtdı. Sellər-sular təkcə evlərini, mallarını ağzına almadı, payızın bərəkətinə bəslədikləri ümidlərini də yuyub apardı. Yazda, yayda tər tökən əkinçi payızda ciblərini dolu görüb arxayınlaşırdı, qışı ürəklə qarşılayırdı. Təzə tikilən evlər ancaq balaca uşaqlara sevinc gətirə bilər. Hələ çadırlarda yaşayanlar da var...
   
   İndi payız o günlərin əvəzini çıxır. Gücü dumana, çisəyə verib. Bir də günortadan sonra üzünü göstərən Günəşin sarı, ilıq istisi illər xəstəsinin çarəsiz, candərdi təbəssümünü xatırladır...
   
   Arada az da olsa, yağış yağır. Ancaq bu bərəkət yağışından çox, göz yaşlarına oxşayır. Barı-bəhəri azalan, utana-utana gələn payızın göz yaşlarına...

TƏQVİM / ARXİV