ÖZüNü YAZMAQ iSTƏYi

ƏBÜLFƏT MƏDƏTOĞLU
34622 | 2010-11-27 06:26
...Bu günlərdə ünvanıma bir məktub gəlmişdi - Beyləqandan yazmışdılar. Bağlamanı açanda səliqəli yazılmış şeirlərlə qarşılaşdım. Müəllifini tanımadığım bu şeirlər özü ilə birlikdə mənə beyləqanlı günlərimin, orada olan doğma insanların əhval-ruhiyyəsini, xoş xatirələrini yaşatdı.
   
   Tanımadığım müəllifin bu isti və bir az da ərklə göndərdiyi misraları, vərəqləri bir-bir oxumağa başladım. Doğrusu, heç yerdə rast gəlmədiyim imza sahibi, yəni Könül Eldar qızının şeirləri məni müəyyən qədər düşünməyə, haldan-hala düşməyə vadar etdi. Bir-bir son nöqtəsinə qədər oxuyub başa çıxdığım şeirlərin hərəsində bir özünəməxsusluq, bir səliqə, bir istək və bir az da, yenə elə müəllifin özünə məxsus sözün bişməmiş, alaçiy formaları ilə qarşılaşdım.
   
   Təbii ki, bu şeirlər müəllif tərəfindən müxtəlif fəsillərə bölünmüşdü. Elə mən də həmin fəsillərə uyğun olaraq, tanış olduğum şeirlər barəsində həmin ardıcıllıqla da müşahidələrimi, ürəyimdən keçənləri müəllifə ünvanlamağa qərar verdim. Öncə Könül Eldar qızının vətənlə, torpaqla, qarşılaşdığımız ağrı-acılarla bağlı şeirlərini oxuyub belə qənaətə gəldim ki, müəllif təkcə xəyallarından, duyğularından deyil, həm də yaşadığı reallığın özündən bəhərlənməyi müəyyən qədər bacarır. Bu səbəbdən də onun torpağa, vətənə, el-obaya həsr etdiyi şeirlərində bir səmimiyyət, bir övlad məhəbbəti oxucunun diqqətindən yayınmır. Şeirlərlə tanış olduqca hiss edirsən ki, Könül xanım da bütün söz adamları kimi, vətənini, torpağını, onun ağrı-acısını özünəməxsus şəkildə yaşamağı, ifadə etməyi və həmin ifadələrdə də özü olmağı göstərməyə çalışır. İstəyir ki, oxucu onu özü kimi görsün. Təbii ki, bu istək bütün şeirlərdə orijinal, həm də tam bitkin şəkildə ifadə edilməyib və məncə bu da ilk qələm təcrübəsi, ilk kitab kimi hər halda gözlənilən bir məqamdır. Yəni bu prosesi hər kəs keçibdi. Məsələn, onun xalq poezyasından bəhrələnərək folklordan maya tutan "Nə var ki" şeirində deyildiyi kimi:
   
   
   
   Asan sanma nə sirr olsa açarsan
   
   Böyüklükdür insanlığı bacarsan
   
   Dilbilməzi qandırmağı bacar sən,
   
   Arif kəsi qandırmağa nə var ki?..
   
   
   
   Bax bu şeir parçasında aşıq yaradıcılığının elementləri, nəfəsi duyulsa da, amma gənc şairənin atalar sözlərindən istifadə etməklə şeiri özünün qəlibinə salmaq cəhdi maraq doğurur. O cümlədən müəllifin "Dağlar məni bağışlasın" şeirində:
   
   
   
   Dərdli axşam, sabah mənim
   
   Ürəyimdə qəm, ah mənim
   
   Günahkaram, günah mənim
   
   Dağlar məni bağışlasın.
   
   
   
   deməsi də oxucu tərəfindən anlayışla qarşılanır. Çünki Könül xanım bütün söz adamları kimi dağlarla pıçıldaşanda, dağlara şeir qoşanda onunla səmimi danışmağa cəhd göstərir. Öz fikirlərini şeirin axıcı dilində ifadə edir ki, o da həm oxuyanın, həm də dinləyənin dərhal diqqətini özünə çəkir.
   
   Könül xanımın şeirlərindən bir neçəsi də dünyaya, onun oyunlarına, gəlimli-gedimli olmasına ithaf edilib. Məlumdur ki, bu dünya yarandan sözə könül verən hər kəs onunla bu və ya digər şəkildə təmas qurmağa, onda günah axtarmağa cəhd göstərib, onu tərənnüm edib və yaxud da bu tərənnümün içərisində qınaq da öz əksini tapıb. Bax elə Könül Eldar qızı da "Dünya səndən umacağıım var hələ" şeiridə öz istəklərini bu cür ifadə edir:
   
   
   
   Dərd versən də sən əzizsən,
   
   doğmasan
   
   Ölləm mənə övlad kimi
   
   baxmasan
   
   Bəzən şirin, bəzən acı
   
   loxmasan
   
   Dünya, səndən umacağım
   
   var hələ.
   
   
   
   Bu şeirlər, eləcə də onun doğulduğu Beyləqana, Beyləqanın sakinlərinə, o cümlədən də bu torpağın böyük simalarından, ədəbiyatımızın tanınan imzalarından biri olan Mücrəddin Beyləqaniyə həsr etdiyi şeirində də müəyyən uğurlu fikirlərə, ifadələrə nail ola bilibdi. Ancaq bu fəsilə aid edilən şeirlərdə müəyyən fikir təkrarçılıq, ifadələrin yerinə düşməməsi halları və bir də mövzu təkrarçılığı sonda müəllifin fikirlərinin get-gedə bəsitləşməsinə gətirib çıxarır. Yəni özü-özünü təkrar etdikcə fikirlər əvvəlki yükünü itirir.
   
   Məhəbbət əbədi mövzudur və etiraf edək ki, əlinə qələm alan hər kəs ilk olaraq, bu mövzuya könül verir, ondan yazmağa cəhd göstərir, özü də bu məhəbbət təkcə hansısa sevdiyin şəxsə yox, bütövlükdə insanlara, təbiətə, vətənə də aid ola bilir. Bax bu mənada Könül Eldar qızının sevgi şeirləri digər bölümdəki şeirlərindən fərqlidir. Çünki bu misraların arxasında onun ürəyi dayanır, onun duyğuları hiss olunur. Oxuduqca hiss edirsən ki, müəllif yaşadıqlarını, ürəyindən keçirdiklərini yazmağa çalışır. Məsələn, "Təki xətrin xoş olsun" şeirində olduğu kimi:
   
   
   
   Vüsalına yetməkçün,
   
   hər çətinə dözərəm
   
   Eşqdə həsrət də olar,
   
   həsrətinə dözərəm
   
   Hər nə desən razıyam,
   
   mən xətrinə dözərəm
   
   Təki incimə, küsmə,
   
   təki xətrin xoş olsun.
   
   
   
   Və yaxud:
   
   "Səndən özgə kimim var ki" şeirində olduğu kimi:
   
   
   
   Güman yerim, ümid yolum,
   
   Sən sağ gözüm, sən sağ qolum
   
   Özüm sənə qurban olum
   
   Səndən özgə kimim var ki.
   
   
   
   Çox səmimi şəikldə ifadə edilən bu sevgi duyğuları yaşanılmasa yəqin ki, bu qədər isti və cəlbedici ola bilməzdi. Zənnimcə Könülün həmin o səmimi və isti duyğularının əksər məhəbbət şeirlərinə aid etmək olar. Mən bilmirəm müəllif özü sevgiyə, məhəbbətə nə qədər bağlıdır, amma misralarda aydınca bir kövrək sevgi notlarını tutmaq mümkündür. Çünki Könül Eldar qızı yazır ki:
   
   
   
   Sən mənim dünənimdin...
   
   Daha dünən deyilsən
   
   Sən dünən mənim idin
   
   İndi mənim deyilsən.
   
   
   
   Yalnız duyğuları canına, qanına hopduran insanlar fikirlərini bu cür səmimi ifadə edə bilərlər. Əks halda şeir bünövrəsiz, özülsüz bir bina kimi havadan asılı qalar . Ümumiyyətlə, Könül Eldar qızının şeirlərində ifadələr rənglərlə uyğun gələ bilir. Görünür, ifadələri və rəngləri seçmək bu gənc müəllifə o qədər də çətin deyil. Çünki şeirdəki ifadələr və fikirlər rənglərlə tamamlananda daha orijinal alınır. Məsələn:
   
   
   
   Yaman saralmışdı gözümün kökü
   
   Yama ağır idi qəlbimin yükü
   
   Sən çıxdın qarşıma xilaskar təki
   
   Gülüm, bəs hardaydın indiyə qədər.
   
   
   
   Buradakı "yaman", "saralmış", "ağır" ifadələri təkcə fikrin tam şəkildə ifadəsinə yox, həm də o yaşanan üzüntünün rəngini də göstərməyə imkan veribdi.
   
   Mən Könül Eldar qızının "bayatılar" bölümündə də yeni fikirlərlə rastlaşdım. Ümumiyyətlə, bu janrın ömründən, tarixindən danışmağa ehtiyac duymadan demək istəyirəm ki, müəllif xalq yaradıcılığından, folklordan yararlanmağa xüsusi meyl göstərir. Bu son dərəcə yaxşı hal olsa da, amma yeni zamanın, yeni mühitin poeziyasını görmək, ondan da bəhrələnmək, ona da üz tutmaq zəruridir. Əks halda özünəqapanma, özünütəkrarlama qaçılmazdı. Düşünürəm ki, gənc müəllif barəsində ilk yazıda sərt tənqidi fikirlər söyləmək o qədə də məqbul sayılmaz. Çünki ona ümid vermək, özünə inamını gücləndirmək indiki halda daha doğru olar. Bax bu anlamla da mən gənc həmkarıma uğurlar diləyir və ümid edirəm ki, o könül verdiyi və adına uyğun olan poeziyasının könüllər fəth etməsinə çalışacaq və buna nail ola biləcək. Uğur olsun.
   
   
   
   MƏN SƏNİ ELƏ ÇOX İSTƏYİRƏM Kİ...
   
   
   
   Gəl tutum əlindən
   
   qəmi unudum,
   
   Gəl, silim gözümdən
   
   nəmi unudum,
   
   Gəl, məndə yox dözüm
   
   səni unudum,
   
   Mən səni elə çox istəyirəm ki...
   
   
   
   Qəlbimin ilk sevgi nübarı
   
   sənsən,
   
   Ömrümün günəşli baharı
   
   sənsən,
   
   Mənim hər günümün səhəri
   
   sənsən,
   
   Mən səni elə çox istəyirəm ki...
   
   
   
   Könlümdə varımsan,
   
   yoxumsan mənim,
   
   Bəsimsən, azımsan,
   
   çoxumsan mənim,
   
   Gecələr ən şirin
   
   yuxumsan mənim.
   
   Mən səni elə çox istəyirəm ki...
   
   
   
   Mənim həsrətimin adı da
   
   sənsən,
   
   Eşqimin, sevgimin dadı da
   
   sənsən,
   
   Döyünən qəlbimin odu da
   
   sənsən,
   
   Mən səni elə çox istəyirəm ki...
   
   
   
   Axşam da, səhər də
   
   duama döndün,
   
   Suyuma, qidama,
   
   havama döndün,
   
   Dönməyən əhdimə,
   
   vəfama döndün,
   
   Mən səni elə çox istəyirəm ki...
   
   
   
   Dilində hər sözə mən
   
   can demişəm,
   
   Özünü könlümə
   
   dərman demişəm,
   
   Mən sənə ömrümü
   
   qurban demişəm,
   
   Mən səni elə çox istəyirəm ki...
   
   GÖZ YAŞIM
   
   
   
   Budandım qurumuş
   
   budaqlar kimi,
   
   Saraldım xəzanda
   
   yarpaqlar kimi.
   
   Gözləri açılmış
   
   bulaqlar kimi,
   
   Qaynayıb gözümdən çıxan
   
   göz yaşım,
   
   Axın yanağıma, axın,
   
   göz yaşım.
   
   
   
   Könlümün qəmini
   
   sökəmməzsiniz,
   
   Mənim çəkdiyimi
   
   çəkəmməzsiniz.
   
   Yağan yağış kimi
   
   tükənməzsiniz,
   
   Dərdimi qəlbimdən sıxın
   
   göz yaşım,
   
   Axın yanağımı, axın,
   
   göz yaşım.
   
   
   
   Çöküb ürəyimə qəm
   
   axşam kimi,
   
   Əriyib mum oldum, yandım
   
   şam kimi.
   
   Ağlaram dərdimi soruşan kimi,
   
   Könlümün dərdinə baxın
   
    göz yaşım,
   
   Axın yanağıma, axın,
   
   göz yaşım.
   
   
   
   Sızın ürəyimdən gözümə
   
   dolun,
   
   Qəlbimin həmdəmi, sirdaşı
   
   olun.
   
   Yuyun kədərimin vardığı yolu,
   
   Dərdimə-sərimə yağın,
   
   göz yaşım,
   
   Axın yanağımı, axın,
   
   göz yaşım.
   
   
   
   DAĞLAR MƏNİ BAĞIŞLASIN
   
   
   
   Bitməz dərdi qəlbimdəki,
   
   Tutmaz ölçü, tutmaz çəki.
   
   Günahımdan keçsin təki,
   
   Dağlar məni bağışlasın.
   
   
   
   And xətrinə, söz xətrinə,
   
   İzim dəyib, iz xətrinə,
   
   Daddığımız duz xətrinə,
   
   Dağlar məni bağışlasın.
   
   
   
   Kənar düşüb dözüm məndən,
   
   Küsüb dağım, düzüm məndən.
   
   Döndərməsin üzün məndən,
   
   Dağlar məni bağışlasın.
   
   
   
   Dərdli axşam, sabah mənim,
   
   Ürəyimdə qəm, ah mənim.
   
   Günahkaram günah mənim,
   
   Dağlar məni bağışlasın.
   
   
   
   Tələ qurdu namərd başı,
   
   Çox çəkdi bu yurdun başı.
   
   Deyin keçsin bu yanlışı,
   
   Dağlar məni bağışlasın.

TƏQVİM / ARXİV