adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

GüNƏŞiN çATI VƏ OBAMANIN NƏNƏSi

OQTAY SALAMOV
23393 | 2010-11-27 06:26
... Əvvəlcə ötən həftə gedən "Yiyəsi itini tanımır" yazıya bir düzəliş: Birinci abzasın ikinci cümləsində beşinci vergüldən sonrakı "ədalətsiz" sözünü "ədalətli" yazmışdım. Növbətçi redaktor yaxşılıq eləmək istəyib, pislik alınıb. Bəzən elə yazılar olur ki, bir cümlənin xatirinə yazılır. O cümlənin də başına oyun açılanda... Nə isə keçən həftə keçmişdə qaldı. Qəribədir, bu həftə istəmirəm ki, oxucu həftə sonunu bayram kimi keçirsin. Çünki bayramlıq işlər azdır. Ən azından, bu həftə dünya iki dəfə dağıla bilərdi və bu həftə də Barak Obama xristian qaldı. Xırdalayım?
   
   Zarafata sala-sala deyəsən bu Yer kürəsinin axırına çıxacağıq. Alimlər təhlükəni kainatda baş verən katalizmlərlə izah etməyə çalışsalar da, deyəsən burada insanların, bəşəriyyətin günahlarının bütün hədləri aşdığı səbəbindən Yerin axırına biz, şüursuzcasına özümüzə qəbir qazan şüurlular çıxacağıq. Ötən həftə Allah-Təala bir üç metr radiuslu daş atdı, özü də qəsdən "mimo" atdı ki, bəlkə nəticə çıxardıq. Göyəbaxanlar dedilər ki, bu, Yerin orbiti ilə kəsişən trayektoriyalı Apollon ailəsinə aid olan asteroidlərdən biri idi. Saniyədə 12 kilometr sürətlə Ayın 265 min kilometrliyindən keçdi. Rəqəm sizə böyük gəlir? Astronomik ölçülərdə santimetr kimi bir şeydi. Yerin bilirsiniz nə qədər yaxınlığından keçdi? 38, 13 min kilometrliyindən. Bu göyə göndərdiyimiz geostansinoar peyklərin orbitindən cəmi 2 min kilometr yuxarıdır. Heç nə, burdan Rostova qədər yol... Yer ölçüləri ilə götürəndə, el dilində deyilən kimi, "qıl yazdı".
   
   Bir xəbərdarlıq da dünən gəldi. Elmi terminlərlə, adlarla başınızı yormaq istəmirəm, adam dilində belə səslənir ki, Günəşdə güclü partlayış olub və onun səthində nəhəng çat yaranıb.
   
   Alimlərin fikrincə, belə partlayışlar Yer kürəsi üçün təhlükəlidir. Xoşbəxtlikdən, partlayışı əmələ gətirən fəal sahə əvvəlcə Günəş diskinin görünən kənarında olub. Sərt rentgen şüaları planetimizdən yan keçdiyi üçün rentgen partlayışının davam etdiyi müddətdə Günəşin təkindən qopmuş koronal tullantı - plazma da Yer kürəsinə toxunmayıb. Günəşin plazma ilə görünməmiş sürətlə atəş açmasına baxmayaraq, "güllə" Yerə toxunmadan kosmosa uçub.
   
   Bu dəfə də Tanrının səbri davam gətirib. Necə bilirsiniz, səbr kasası daşmır ki? Biz daşdırarıq, bizdən nə desən gözləmək olar. "Arqumentı i faktı" qəzetinin son nömrəsinə baxın. Rusiya Elmlər Akademiyasının akademiki, bir çox gurultulu titulların və vəzifələrin sahibi Anatoli Çerepaşşuk Qiyamət gününün nə vaxt yetişəcəyi haqda danışır. Yazının adı da belədir: "Günəşin zərbəsi Yerdə bütün canlıları məhv edəcək. Adamlar Yupiterdə xilas olacaqlar". Buyurun, Yevlağa getməyə bileti tanışlıqla tapırıq, Yupiterə kim necə gedib çıxacaq ki, xilas olsun?
   
   Amma yazını sona qədər oxuyandan sonra narahatlığım keçdi. İndi yox, 4,5 milyard ildən sonra Günəşin radiusu 100 dəfə böyüyəcək və o sadəcə olaraq Yeri udacaq. Yupiter bir az uzaqda olduğu üçün oralarda salamatlıq olacaq. Alim bir sakitləşdirici söz də deyir ki, 2012-ci ildə dünyanın sonu olmasına çox da inanmayın, Mayyalıların "raşşotu" səhv çıxır, hələ vaxt var. Sonra çox sözlər deyib, amma çoxdan məlumdur ki, Yaradan alimlərin dediyi ilə yox, alimlər Yaradanın hökmü ilə yaşayır. Ona görə də Onun səbrini bu qədər sınamağımız bizə baha başa gələ bilər.
   
   Bu günlərdə hacılarımızın sayı 2000 nəfərə yaxın artdı. Allah ziyarətlərini qəbul, imanlarını kamil eləsin. Baş verən faciə, hacılarımızı gətirən avtobusun qəzaya uğraması, 5 nəfərin ölümü, demək olar ki, bütün avtobusdakıların yaralanmasvı ürəyimizi ağrıtdı. Hələ Həccdən təyyarə ilə qayıtmış axundun yolda avtomobil qəzasında həlak olması da xoş olmayan faktlardandı. Allah özü bilən məsləhətdi, amma əlamətlər də var axı...
   
   Hələ o 80 yaşlı qocanın istəklərini gördünüz dəə. Haradan olduğunu yazmırlar, adamın lap dalağı sancır. Deyir qoca əcnəbi ziyarətə gəlib, dini ayinləri yerinə yetirməklə yanaşı, həm də telefon oğurluğu ilə məşğul olub. Sən demə, ziyarət dövründə o, zəvvarlara məxsus 100-dən artıq mobil telefonu oğurlayıb. Nə deyək, görəsən onun ziyarəti qəbul olunur? O dəqiqə yox deməyin, kim bilir başqalarının bəziləri necə gediblər...
   
   Xəbəriniz oldumu, ABŞ prezidenti Barak Obamanın nənəsi də həcixanım oldu. "The Daily Mail" bildirir ki, Obamanın nənəsi, Keniyada yaşayan 88 yaşlı Sara Ömər Məkkə ziyarətindən qayıdıb.
   
   Hacı Sara həcc zamanı daim nəvəsini düşündüyünü, Barak Obamanın İslamı qəbul etməsi üçün Məkkədə dua etdiyini bildirib. Ümumiyyətlə, bu insanların Barak Hüseyni niyə zorla müsəlman kimi təqdim etmək istədiklərini başa düşmürəm. Müsəlman olub nəyi həll eləmişik, kimin yanan barmağına su tökmüşük? Nənəsi elə ələtəşə düşüb ki, guya Obama müsəlman olan kimi dünyanı düzəldəcək. Sara nənə deyir":Barakın ikinci adı Hüseyndir. Nəvəm xristian olduğunu inadla söyləsə də, onun müqəddəs İslama gəlməsi və müsəlman olmasını sidq ürəkdən arzulayıram. Həcc zamanı Allaha da buna görə yalvardım".
   
   Xəbərdə deyilir ki, Sara Obama həccə kiçik oğlu, ABŞ prezidentinin əmisi Səid Hüseyn Obama ilə gedib. Barak Hüseyn Obamanın atası müsəlman olsa da, o 1988-ci ildə Çikaqodakı "Müqəddəs Üçlük" kilsəsində xaç suyuna salınıb. Həmin gündən bəri Barak Obama xristian olduğunu vurğulayır. Birləşmiş Ştatlarda isə hər 5 amerikalıdan biri Barak Obamanı müsəlman bilir.
   
   Bilsinlər, onlar müsəlman bilsinlər, biz xristian bilək, ortada çanaq yenə müsəlmanın başında çatlasın. Yəni faktiki olaraq çatlayır ki. Yadınızda olmamış olmaz, bu yaxınlarda bir sayt Amerikanın gizli sənədlərini açıb qoydu ortaya və bir çox sirlərin üstünü açdı. İndi də ABŞ-ın başına bəla olan bu "Wikileaks" saytının bu həftə yayımlayacağı sənədlərdə ABŞ-ın 1979-cu ildən rəsmi olaraq terror təşkilatı kimi tanıdığı PKK-ya dəstək verdiyi birmənalı əksini tapır. Sənəddə faktlarla göstərilir ki, ABŞ-ın İraqdakı ordusunun rəhbərliyi PKK terrorçularını azadlıq döyüşçüləri adlandırır, ABŞ hərbçilərinin İraqda saxlanılan PKK üzvlərini azadlığa buraxdığı qeyd olunur. Sənədlərdə açıq şəkildə etiraf olunur ki, İraqdakı ABŞ hərbi qüvvələri PKK-ya silah verir, terrorçuların İraq ərazisindən Türkiyəyə hücumu barədə dəqiq məlumatlar alınsa da, bu barədə Türkiyə tərəfinə məlumat verilmir.
   
   Necədi, bəlkə bütün Amerikanın müsəlman olmasını arzulayaq, hə? Elə fəxrlə hansısa xristianın müsəlman məscidlərinə girəndə başını bağlamasından yazırıq ki, sanki biz onların kilsəsinə lüt giririk. Odey, bir çox qəzetlər yazır ki, Britaniya kraliçası məscidi islam adətinə uyğun ziyarət edib. Deyir, Britaniya kraliçası II Yelizaveta əynində parçadan plaş, başında uzərindən örtük salınmış ənənəvi papaq və ayaqyalın halda birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə şeyx Zayd məscidinə daxil olub. Sağ olsun. Bəs elə həmin kraliçanın vətənində 15 yaşlı bir qızın müqəddəs Quranın tərcümə variantını yandırmağına nə deyirsiniz? Deyirsiniz uşaqdı, qanmayıb? Necə olur, prosesi videoya çəkib internetə qoyanda uşaq olmur, yandıranda uşaq olur?
   
   Deyəsən, təkcə Günəş yox, insanların imanı, vicdanı, insafları da çat verib axı. Görəsən indi hər gün mətbuatda, internetdə çıxan filan yaşlı filankəs filan yerdə intihar etdi kimi saysız-hesabsız xəbərləri Allah-Təala Yeri yerlə yeksan eləyəndən sonra kimin qəzeti, saytı harada məlumat verəcək ki, Yer kürəsinin əhalisi kütləvi surətdə, hamı bir nəfər kimi intihar elədi. Nədi, bunu intihar saymayacaqsınız? Bəs onda niyə haqq yoluna qayıtmırıq?..

TƏQVİM / ARXİV