Obamaya "Uğurlu yol"

ETİBAR CƏBRAYILOĞLU
37808 | 2010-11-27 06:26
Amerikada deyə bilmərəm, amma Azərbaycanda kitab çap etdirməkdən asan iş yoxdu. Qəribədi ki, kitab mağazalarının sayı azaldıqca nəşr edilən kitabların sayı artır. Bizdə əsas müəllifin pullu və ya güclü sponsorlu olmasıdı, istedad olmasa da keçinərsən. Vəzifəsi və ya ala - babat pulu olan adam kitab yazan kimi ara qarışır. Resenziya yazmaq üstündə müharibə başlayır. Qəzetlər hektar-hektar yazılarla dolur. Xalq yazıçısı Anar demişkən, fərasətli müəllifin kitabı haqqında resenziya əsərdən əvvəl çap olunur. Əli pullu müəllifi bəzi əli qələmlilər elə tərifləyirlər ki, adamın Tolstoya, Çexova, Mirzə Cəlilə, Markesə lap yazığı gəlir.
   
   Amerikalılar isə dolanmağın yolunu bilmirlər. Ölkənin ərazicə çox yekə olması ilə deyil ki... ABŞ-da o boyda hadisə olub, heç kimin tükü də tərpənmir. Hamının başı İrana, İraqa, Əfqanıstana, qoşa Koreyaya qarışıb, ölkə prezidentinin təzə kitab yazmasının fərqində deyilər. Xanımlar və cənablar, nə qayırdığınızdı? Ölkənizin prezidenti kitab yazıb, sizin mətbuatın heç tükü də tərpənmir. Özünüzü niyə həmişə yekə-yekə aparırsız? O boyda prezidentinizin yekə kitabını bizim mağazalardakı nisyə dəftəri yerinə də qoymursuz. Öyrənin də... Bizdə qələmindən toz tökülən "YEK" müdiri kitab yazanda aləm bir-birinə dəyir.
   
   Son günlər əlim lap aşağıdı. Problemləri həll etmək üçün çıxış yolu axtarmaqdan bezmişəm. Çıxış yolu axtararkən Barak Obama köməyimə gəldi. Daha doğrusu, prezidentin çapdan təzə çıxan kitabı. Belə çətin durumda Amerika Birləşmiş Ştatlarının ilk qaradərili prezidenti Barak Obamanın ağ üzlü "Of Thee İ Sing" kitabı məni bütün bu problemlərdən xilas edə bilər. Bizim dildə "Mənim sizdən oxuduğum" adlanan bu əsər mənə hava-su kimi lazımdı.
   
   Çox da düşünüb-daşınmadan Obamanın yeni kitabın şəkilini əldə etdim. Kitabın özü nəyimə lazımdı? Onsuz da ingilislərin dilini bilmirəm. İkincisi, kitab haqqında tərif yazmaq üçün onu oxumaq o qədər də vacib deyil. Camaat heç bircə səhifəsini belə vərəqləmədiyi kitab haqqında 123 min işarə resenziya yazır. Belə məsələdə əlahəzrət faktın özü önəmlidi. Bir barmaq işarəsi ilə bu boyda dünya ölkələrini idarə etmək istəyən Amerikanın prezidenti kitab yazıb. Bu faktın özü nəyə desən dəyər. "Bir, iki, üç"-deyib sarıldım qələmə. Kitabın müəllifi, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya "Uğurlu yol" yazdım. Bəzi problemlərimə çarə ola biləcək "Obama, mənim sizdən oxuduğum və ya böyük istedadın rəngi olmur" adlı həmin yazını dəyərli "Ədalət"in tələbkar oxucularına təqdim edirəm:
   
   "Qarşımda çapdan yenicə çıxan bir kitab var. Nəfis şəkildə, yüksək poliqrafik göstəricilərlə nəşrə hazırlanan və biz oxuculara təqdim edilən bu kitab "Of Thee İ Sing" adlanır. Müəllifini geniş tanıtmağa ehtiyac varmı? Məncə yox. Onu kim tanımır ki? Barak Obama istedadlı yazıçı kimi təkcə yaşadığı Amerikada deyil, bütün dünyada yaxşı tanınır. Folkner, Drayzer ədəbi ənənələrini öz yaradıcılığında mükəmməl əks etdirə bilən Obamanın hər yazısı ədəbi ictimaiyyətdə hadisə sayılır. Müəllifin kitablarını əldə etmək üçün dünyanın hər yerində böyük növbələr düzülür. Təəssüf ki, Obamanın yeni kitabını almaq hər oxucuya nəsib olmur. Təəssüf...
   
   Dünyanın hər bir nöqtəsində Barak Obama yaradıcılığına sonsuz marağı şərtləndirən səbəblər hansılardı? Sualı başqa cür də qoymaq olar. Onun əsərləri niyə belə ildırım sürətlə alınır, diqqətlə oxunur, milyonlar tərəfindən sevilir? Bu sualın bircə cavabı var- Obama istedaddı! Özü də Barakda istedadla zəhmət birləşib. İstedadlı qələm sahibi yazdığı mövzunu dərindən bilir, onu inandırıcı lövhələrlə oxucusuna çatdırır. Oxucu da müəllifin əsərlərdəki qəhrəmanlarla nəfəs aldığını hiss edir, ona inanır. Əsl yazıçı xoşbəxtliyi də budu! Barak Obamanın yaşından-başından asılı olmayaraq bütün qəhrəmanları həmişə diridi. Ən epizodik obraz belə oxucunun yaddaşında yaşayır. Barak bütün əsərlərində öz oxucusu ilə səmimi həmsöhbət olur. Qəlbinin pıçıltılarını həmsöhbətinə dəqiq çatdıra bilir. Müəllif üçün bundan böyük xoşbəxtlik olarmı? Yəqin ki, yox.
   
   Maraqlıdı ki, Obama gənc olmasına rəğmən heç kimi yamsılamır, öz yolu ilə getməyə, necə deyərlər, yeni çığırla irəliləməyə səy göstərir. Şəxsən məni bir oxucu kimi onun yazılarına cəlb edən səbəblərdən biri də budu.
   
   Hər əsəri ədəbi aləmdə sözün yaxşı mənasında səs-küy yaradan Obamanın bu yeni kitabını da bir nəfəsə oxudum. Orada yazılanları sadəcə oxumadım, su kimi içdim. Belə bir istedadın ədəbiyyatda olmağı məni sevindirir. Anadan yazıçı doğulan bu fitri yaradıcının oxucusu olduğuma görə özümü xoşbəxt insanlardan sayıram.
   
   Müdriklərdən biri necə gözəl deyib-
   
   
   
   Baxıram Leninin kitablarına,
   
   Dəstədən geriyə qalmamaq üçün.
   
   
   
   Mən də ədəbi cəsarət göstərib həmin müdrikin sözlərindəki Leninlə bağlı məsələni redaktə edirəm, bəlli səbəblər üzündən.
   
   
   
   Baxıram Barakın kitablarına,
   
   Dəstədən geridə qalmamaq üçün.
   
   
   
   Mənim fikrimcə, Barak Obama ədəbiyyata gəlməkdə haqlı qərar verib. Amma o, yaxşı bilməlidi ki, bu yol asan yol deyil. Tufanı, qarı, yağışı var. Lakin ürəyimə bir əminlik hakim kəsilib. İnanıram ki, Obama bu yolda duruş gətirəcək, ədəbi mübarizələrdən qalib kimi çıxacaq. Siyasi məsələlərə görə "Ağ Ev"in müvəqqəti sakini ədəbiyyat mülkündə daimi olacaq. Müəllifin yeni çapdan çıxan "O Thee İ Sing" kitabını oxuyarkən buna bir daha əmin olmaq mümkündü.
   
   Qoy bu "Uğurlu yol" gənc və istedadlı yazıçı Barak Obamanın yaradıcılıq yoluna işıq salsın. Yolun açıq olsun, Barak!"
   
   Yəqin ki, bu yazıdan sonra Barak Obama əlini cibinə salacaq. O yekəlikdə ABŞ-ın prezidenti "JEK" müdiri deyil ki, cibindən xırda-para pul çıxara. Mən də onun bu yazıma verdiyi pulu xımır-xımır xərcləyər, problemlərimi həll edərəm.
   
   Amma ürəyimdə bir narahatlıq var. Padşahla zarafat həmişə yaxşı sonluqla qurtarmır...

TƏQVİM / ARXİV