İSTİLƏR DÜŞƏNDƏ...

FAİQ QİSMƏTOĞLU
23477 | 2015-04-22 08:27
Havaların get-gedə qızması insanların qayğısını bir qədər artırır. Başqa sözlə demiş olsaq, yaz gələndə kənd adamlarının işi-gücü həddindən artıq çox olur: bir tərəfdən təsərrüfat işləri, digər tərəfdən isə əkin-biçin işləri onların başını qatır. Əlbəttə, kənd adamları tarlalarda, biçin sahələrində, otlaqlarda çalışanda istər-istəməz ehtiyatlı olmalıdırlar. Ən azından ona görə ki, otun-ələfin, kolun-kosun arasında qıvrılıb yatan zəhərli ilanlar ola bilər.
Atalar yaxşı deyib: "İlanın ağına da lənət, qarasına da". Bu ilan elə bir əcaib heyvandır ki, inanmırıq kimlərinsə ondan xoşu gəlsin. Hətta yuxumuzda ilan görəndə bir müddət özümüzə gələ bilmirik. Amma yuxuyozanlar deyir ki, ilanın yuxuya girməsi pis deyil. Çünki ilan özu elə yol deməkdir. Yuxu görən də o yolla harasa gedəcək. Üstəlik də ilan nə qədər zəhərli olsa da onun zəhərinin çox böyük qiyməti var. Belə ki, ən ağır xəstəlikləri ilan zəhəri ilə müalicə edirlər.
Sovet dönəmində Bakının kəndlərinin birində ilan zəhəri istehsal edən istehsalat sahələri də vardı. Yay vaxtı zəhərli ilanlar tutular, bura gətirirlər və həmin ilanların zəhəri alınardı. Belə proseslərdən sonra həmin zəhərlər dərman preparatı kimi istifadə edilərdi. Mütəxəssislərin dediyinə görə, ilan zəhəri çox qiymətli dərmanlardan belə əhəmiyyətli və bahadır. Bəzi insanların bildirdiyinə görə, dünya bazarında onun qiyməti qızıldan da yüksəkdir.
Elə bil mətləbdən bir qədər uzaqlaşdıq. Aprel ayında havalar o qədər də isti keçmir. Amma deyəsən bu il aprel ayı rayonlarda çox isti keçir. Füzulidəki qohumlarım bildirirlər ki, ötən həftənin şənbə günü rayonda müsbət 30 dərəcə isti olub. Təbii ki, havaların isti keçməsi sürünənləri, o cümlədən ilanları da özlərini günəş şüasına verməsinə gətirib çıxarır. Belə ki, ilanlar isti havanı və günəşi daha çox sevirlər. Onlar hər hansı isti havada qalın yerdə qıvrılıb yatar və heç nəyə əhəmiyyət vermədən sakit-sakit dayanarlar. Bu məqamlarda təsərrüfat işləri görən adamlar ilanları ayaqyala bilər. Bax onda da insan çox ağır anlarla üzləşər.
Ötən il respublikamızda ilanlar 50-dən çox insanı sancıblar. Onların əksəriyyətini həkimlər xilas etsə də, aralarında dünyasını dəyişənlər də olub. Üstəlik də rayon yerlərində lazımi vaksinlər ilan çalan zaman xəstəyə vurulmadığı üçün və eləcə də düzgün müalicə aparılmadığından onların vəziyyəti daha da ağırlaşıb. Bu cür xəstələri isə Respublika Klinik Xəstəxanasının toksikologiya şöbəsinə çatdırıblar. Həkimlərin operativ müdaxiləsi nəticəsində bəzilərini həyata qaytarmaq mümkün olub.
Aprel ayında da ilan çalma faktları üzə çıxıb. Belə ki, havaların isti keçdiyi günlərdə ehtiyatsızlıq edən təsərrüfat adamları əkin-biçin sahələrinə gedərkən ilanların təhlükəsinə məruz qalıb. Əlbəttə, bu cür anlarda təsərrüfat adamları fikirləşməlidirlər ki, əgər ot çalmağa gedirsə, əkin sahəsində çalışırsa, mütləq uzunboğaz çəkmələrdən istifadə etməlidirlər. Əks təqdirdə, onlar ehtiyatsızlıqlarının cəzasını çəkə bilərlər.
Ən çox ilanların məskən saldığı rayonlar bunlardır: Beyləqan, Ağcabədi, Ucar, Kürdəmir, Göyçay, Yevlax, Hacıqabul... bunların sayını artırmaq da olar. Çünki heç kim təminat verə bilməz ki, Lənkəranda çay plantasiyasında işləyən hər hansı fəhləni isti yay günlərində ilan çalmayacaq. Lənkəran dedim, yadıma bir neçə gün bundan əvvəl televizorda baxdığım bir süjet düşdü. Həmin süjetdə evlərdən birinin zirzəmisində çoxlu sayda ilanlar peyda olub. İlanlar öldürülsə də sabahı günü yenə ilanlar üzə çıxır və evin içində gəzişirlər. Ev sahibi görüb ki, ilanlarla bacara bilmir, axırda özü evdən qaçaq düşüb. Amma nahaq yerə, çünki hər işin öz ustası var. İlanlara qarşı da rayonlarda mübarizə aparan və onu zərərsizləşdirən qurumlar fəaliyyət göstərir. Onlardan biri də Gigiyena və Epidemiologiya Mərkəzləridir. Təbii ki, həmin mərkəzlərə vaxtında məlumat verilməlidir və bu qurum da fəaliyyətə keçməlidir.
Deyəsən, ilanlardan çox danışdıq. Axşam yuxunuza ilan girməsə yaxşıdır. Ancaq havaların get-gedə istiləşməsi və qarşıda may, iyun, iyul və avqust aylarının olması onu deməyə əsas verir ki, rayon yerlərində təsərrufatlarda çalışan insanlar diqqətli olmalı, taxıl biçiminə, ot çalımına gedərkən, bostan-tərəvəz məhsulunu becərərkən hər şeyə diqqət yetirməlidirlər. Ən azından ona görə ki, adi bir diqqətsizlik onlara baha başa gələ bilər.

TƏQVİM / ARXİV