adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

HƏYATI YAZAN HƏKiM

BABƏK YUSİFOĞLU
32376 | 2010-11-23 05:34
Müdrik insanlar deyirlər ki, oxumaq, mütaliə etmək insan üçün həm mənəvi qida, həm də beyinin təzələnməsidir. Əlbəttə, bu haqlı fikri dartışmağa dəyməz. Amma mənə elə gəlir ki, insan nə qədər oxuyursa, nə qədər qiraətlə məşğuldursa öz həyatından, öz ömründən savayı oxuduqları qədər də əlavə ömür yaşamış olur. Əlbəttə, burada da təəccüblü heç nə yoxdur. Çünki oxuduğun əsərlərdəki qəhrəmanların yanında olmaq, onların başına gələnləri təsəvvüründə canlandırmaq, onlarla birlikdə hiss və həyəcanları yaşamaq, təsvir olunan hadisələri içindən keçirmək... elə o həyatı da yaşamaq deyilmi?
   
   Əlbəttə, oxucunun maraqlı, həyəcanlı həyatlarda yaşaması isə həmişə əsər müəlliflərindən, yazıçılardan, yaradıcı şəxslərdən asılı olub. Dostayevski, Qonçarov, Kamyu, Drayzer, Hüqo... məgər bizə dəfələrlə təsvir etdikləri həyatı yaşatmayıblarmı? Biz Prusun yazdıqları ilə qədim Misrə səyahət etməmişikmi, şarlotta brontelərin romanlarında İngiltərədə, balzakların bəşəri komediyasında Fransada, voyniçlərin romanlarında İtaliyada, əziz nesinlərin yazdıqlarında Türkiyədə yaşamadıqmı? Məncə yaşadıq. Biz də elə oradakı hadisələrin içindən keçdik. Elə eynən indi söhbət açmaq istədiyim gözəl qələm sahibi, çox istedadlı şotland yazıçısı Arçibald Kroninin əsərlərindəki kimi...
   
   ARÇİBALD COZEF
   
   
   
   1896-cı il, iyul ayının 19-da Şotlandiyanın Dunbarşir qraflığında - Kardrossda anadan olan Kronin şotland yazıçısı hesab edilsə də onun atası Patrik Kronin əslən irlandiyalı idi. Bəzi tədqiqatçılar onun ulu babalarının məhz Şotlandiyadan İrlandiyaya köçdüklərini yazırlar. Arçibaldın anası Cessi isə şotland protestantlarından idi. Gəlirləri də pis deyildi. Ata babasının Qərbi Dunbarşirdə, Aleksandriyada torpaq mülkü vardı. Digər babası Arçibald Monthomer isə şlyapa ustası idi və özünün şəxsi mağazası fəaliyyət göstərirdi. Arçibald ailənin tək övladı olduğundan valideynləri onun yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdılar.
   
   Amma uşaqlıq illərində həyat onun üçün kədərli sürpriz də hazırlamışdı. Onun 7 yaşı olanda atası vərəmə tutuldu və çox keçmədi ki, öldü. Anası ilə birlikdə çox çətin, maddi sıxıntılar içərisində yaşamağa məcbur qaldılar. Lakin belə davam etmək mümkün deyildi. Anası kiçik Arçibaldla birlikdə yaşamaq üçün Danbartona - atası Arçibald Monthomerin evinə gəldi. Və Cessi orada səhiyyə idarəsində inispektor vəzifəsinə işə düzəldi. Bəlkə də bu təsadüflərin nəticəsiydi ki, Arçibald sonradan tibbi sahəyə meyl göstərdi. Əslində isə bu gəncin daxili bütünlüklə həyat enerjisi ilə dolu idi. Və bu üzdən də o bir çox sahələrdə özünü görürdü. Danbarton Akademiyasının tələbəsi kimi o bir sıra konkurslara qatılaraq uğur qazandı. Boş vaxtlarını yüngül atletika ilə məşğul olur, futbol komandasında çıxış edirdi. Ən çox da gününü kitablara həsr edir, oxuyurdu.
   
   1914-cü ildə Arçibald Cozef Qlazqoya gəldi və burada imtahanları verib Qlazqo Universitetinin tibb məktəbinə daxil oldu. Və burada özünün qeyri-adi bacarığı, savadı ilə xüsusu tələbə təqaüdü ilə təmin edildi. Beş illik təhsil illərindın sonra o bir müddət dünya müharibəsində donanmada həkim-cərrah da işlədi. Amma gənc Arçibald hiss edirdi ki, bütün bunlar onun daxilindəki enerjinin sərf olunmasına kifayət etmir. O, dünyanı daha yaxından görmək, insanları olduqları kimi, dərindən tanımaq istəyirdi. Məhz bu istəklərinə görə də gəmi ilə Hindistan səfərinə çıxdı. Amma bu o qədər də uzun sürmədi. Yenidən Şotlandiyaya qayıdan Arçibald Cozef yenidən təhsilini davam etdirməyə başladı.
   
   
   
   GƏLƏCƏK HƏYAT RƏFİQƏSİ İLƏ
   
   
   
   25 yaşında olanda evlənməyə qərar verdi. Əslində o, tibb fakültəsində oxuyan Aqnes Meri Qibsonla (Mey) hələ tələbəlik illərində tanış olmuşdu. Onların təkrar yaxınlaşması artıq sevgi münasibətlərinə çevrilmişdi. Və gənclər heç bir ciddi maneə ilə üzləşmədən evləndilər. Əslən Lanarkşir qraflığının Hamilton şəhərindən olan Aqnes Merinin atası Robert Qibson imkanlı şəxslərdən biri idi. Onun şəxsi çörək zavodu vardı. Amma sonralar məlum oldu ki, Arçibald Kroninin kənardan heç kimə ehtiyacı yoxdu. O öz istedadının, öz əməyinin bəhrəsini gördü, ailəsi maddi sıxıntı çəkmədi. Sadəcə olaraq Arçibaldın bu izdivacı yalnız evlənmək deyildi, o həqiqətən də özünə ömür-gün yoldaşı seçməkdə də yanılmamışdı. Mey həyatı boyu hər bir işdə ərinin yanında olmuş, bir həkim kimi də ərinin bütün tibbi işlərində, təhqiqatlarında yardım göstərmişdi. Hətta Kroninin bədii yaradıcılığından da kənarda qalmamışdı. Ərinin əsərlərinin əlyazmalarının üzünün köçürülməsini belə özərinə götürmüşdü.
   
   Üç ildən sonra Aqnes Meri bir oğlan - Vinserti dünyaya gətirdi. Ata olmasından qurur duyan Arçibaldın sonrakı illərdə - 1926-cı ildə Patrik, 11 il sonra isə Endryu adlı daha iki oğlu doğuldu. Arçibaldın həyat tərzi, ailəsi ilə əlaqədar qısaca yalnız onu demək olar ki, o, övladlarına və arvadına qarşı həmişə diqqət göstərib. Övladlaının təhsilinə və tərbiyyəsinə çiddi yanaşıb. Ümumiyyətlə, Kronin təbiətcə tələbkar adam idi. Bu tələbkarlıq hətta o səviyyədə olurdu ki, Kronin yaradıcılıq işinə də müəyyən normalar tətbiq edib.
   
   
   
   O ƏSL HƏYATI YAZIRDI
   
   
   
   Yaradıcılığının ən gözəl nümunələrindən biri olan "Qala" romanını oxuyarkən şəxsən mən Arçibald Kroninin həyatını, onların gənc ailə və yenicə həkimlik fəaliyyətinə başlayan cütlük kimi çətinliklərdən necə keçdiyini, daxili həyəcanlarını, bir sözlə öz həyatlarını təsəvvürümdə canlandırmışam. Əlbəttə, ola bilməzdi ki, qızğın həyat tərzi keçirən, böyük istedad sahibi, əsərlərində həyatı olduğu kimi əks etdirməyə çalışan, insan duyğularını yüksək bədii dildə təsvir edə bilən Arçibald Kronin yaşadıqlarının, gördüklərinin, hiss etdiklərinin bir parçasını, hansısa hissəsini əsərlərinə gətirməsin. Ümumiyyətlə, yaradıcılığı boyu qondarmaçılıqdan uzaq olan, ən çox həyatın özünü, reallıqları, insan duyğularının ən incə çalarlarını, qusurları və müsbətlərini qələmə alan Kronin həmişə dünyanın müxtəlif dillərinə tərcümə olunaraq böyük tirajlarla çap olunub. Hətta onun bir sıra əsərləri həm İngiltərədə, həm də Hollivudda ekranlaşdırılıb.
   
   Əslində Kroninin bədii yaradıcılığı 1931-ci ildə yazdığı elə ilk romanı - "Broudi qəsri" ilə diqqəti cəlb etdi. Əslində Kroninin bu romanın yazılmasının qısa, lakin qəribə tarixçəsi də var. Bəlkə də bu əsər heç tamamlanmayacaq, işıq üzü görməyəcəkdi. Belə ki, səhhətində yaranan problemləri bərpa etmək məqsədi ilə Şotlandiya dağlarına yola düşən Arçibald Kronin burada bu romanı yazmağa başladı. Lakin bir müddət sonra əsərin alınmadığını düşünən yazıçı bundan vaz keçdi və əlyazmanı oradaca xəndəklərin birinə atdı. Amma xoş bir təsadüf "Broudi qəsri"ni xilas etdi. Məhz həmin xəndəyi qazan yerli fermerlərdən biri əlyazmanı tapdı və Kronin bundan sonra əsəri tamamladı. Və roman qısa müddət ərzində böyük uğur qazandı.
   
   Bu elə bir uğur idi ki, həm ədəbi mühit, həm də oxucular onu yazıçı kimi qəbul etdilər. Böyük müvəffəqiyyət qazanan Kronin artıq həkimlikdən uzaqlaşmağa və bütünlüklə özünü yaradıcılığa həsr etməyə qərar verdi. Bundan sonra, 1935-ci ildə onun ikici romanı - "Ulduzlar aşağı baxır" əsəri işıq üzü gördü və belə demək mümkünsə, yazıçının uğuru bu əsərlə də davam etdi. Buradakı hadisələr adi sosial problemlərdən bəhs etsə də yazıçı çox böyük ustalıqla onları cəmiyyətin problemləri səviyyəsinə qaldıra bilmişdi. Bəlkə də yaradıcılığındakı məhz bu məziyyətlərinə görə, bir sıra tənqidçilər onu ingilis tənqidi realizmin ən aparıcı yazıçılarından biri kimi təqdim edirdilər. Amma onu başqa cür görənlər də vardı. Tənqidçi Anqus Rossa yazırdı: "Kroninin "Broudi qəsri", eləcə də digər romanları sosial problemlərlə naturalist baxışların qarışığıdır...".
   
   Əslində isə Arçibald Kronin tam mənada nə naturalist, nə də tənqidi realist yazıçı idi. O, deyilən ədəbi cərəyanların qarışığı da deyildi. Kronin yüksək bədii zövqə malik, həyatı, çəmiyyəti olduğu kimi təsvir etməyi ustalıqla bacaran realist yazıçı idi. Bəlkədə tənqidçilər Arçibalddakı naturalizmi onun obrazlarını, qəhrəmanlarını həyatda, ətrafda gördükləri üçün belə qənaətə gəlmişdilər. Hərçənd onun bir sıra əsərlərində romantika da qabarıq şıkildə özünü göstərirdi. 1937-ci ildə yazıçının yazdığı "Qala" romanını şöhrətin üstünə daha böyük şöhrət gətirən əsər də adlandırmaq olardı. Çünki bu roman da çox sürətlə yayıldı, oxucuların rəğbətini qazandı və bir sıra dillərə tərcümə olundu. Maraqlıdır, İkinci Dünya Müharibəsi dövründə əsərləri öz mahiyyətinə görə Almaniyada qadağan olunsa da yazıçının kitabları orada da sevilə-sevilə oxunurdu.
   
   Onun "Qala" romanı Birləşmiş Ştatlarda ən çox sevilən əsər kimi ad qazandı. Ümumiyyətlə, onun kitabları ABŞ-da rekord həddə satılırdı. Elə 1958-ci ildə oxucular tərəfindən alınan kitablarının sayı 7 milyonu ötmüşdü. Bu bir gerçəklik idi, həkim Arçibald Kronin artıq öz ölkəsinin hüdudlarından çox-çox uzaqlarda belə məşhurlaşmışdı. Artıq yazıçının "Gənclik illəri", "İspan bağbanı", "İudanın ağacı", "Səlibçiyə abidə", "Şimal ziyası", "Cib dolusu çovdar"... romanları hər tərəfi əl-əl dolaşırdı. Hər kəs ona valeh idi...
   
   
   
   AMERİKAYA GETMƏK İSTƏYİRDİ
   
   
   
   və o, bu istəyini 1939-cu ildə reallaşdırdı. Kronin ailəsi ilə birlikdə "yeni dünya"ya gəldi. Amma onun buradakı yaradıcılığını məhsuldar hesab etmək olmaz. Yəni Avropa ilə müqayisədə burada o çox az yazdı. Arçibald əslində Amerikada psixologiya, fəlsəfə, din, Tanrı haqda daha çox şey öyrənməyə başladı. Dini baxışlarında inkişaf baş verdi. Ümumiyyətlə, əvvələr dinə, Tanrıya, dindarlığa ciddi baxmamışdı. Amma Arçibald Kronin sonradan səhv etdiyinin fərqinə vardı və dini mövzuda esselər, yazılar da yazırdı. O, Allahı dərk edərək inandı. Yazıçı esselərinin birində - "Mən Allaha niyə inanıram?"da öz düşüncüləri ilə bağlı açıq etirafda da bulunur. O yazırdı ki, tibbi fakültədə oxuyarkən və təcrübələr keçərkən aqnostik idim: (Aqnostisizim obyektiv aləmin dərk edilməsi ilə bağlı fəlsəfi nəzəriyyə) "Mən Allah haqqında düşünərkən gülməyim gəlirdi". Amma Kronin Uelsdə mömin insanlar arasında təcrübə keçərkən Tanrının, Böyük Yaradanın var olduğunu hiss etməyə başlayib: "Həyatın mövcudluğunun sərhədləri mənim oxuyub öyrəndiyim kitablarda göstərildiyindən qat-qat geniş idi. Hətta o qədər genişdir ki, mən bunları təsəvvür belə edə bilməzdim. Hər şeydən qabaq özümə inamı itirdim. Bunu özümə etiraf etməsəm də Allahı aramaq yoluna doğru ilk addımlarımı atdım. ...Əgər fiziki cəhətdən belə dünyanı öyrəniriksə, biz ilk Yaradanı xatırlamaqdan yayına bilmərik..."
   
   
   
   SON
   
   
   
   Səyahətləri, sərgüzəştləri sevən yazıçı həmin illər ərzində "yeni" və "qoca" qitə arasında bir neçə dəfə səyahət etdi. Özü də ailəsi ilə birlikdə. Uzun müddətli olmasa da müxtəlif yerlərdə yaşadı. Amma belə demək mümkünsə, nəhayət yenidən Avropaya qayıtdı, Dublinə gəldi. Amma burada da həmişəlik qalmadı. Bir müddət sonra anadan olduğu, böyüdüyü... yerləri qoyub İsveçrəyə köçdü. Lyutserndə, Montredə yaşadı. Maraqlıdır, Kronin həyatının böyük bir hissəsini səyahətlərdə, yad ölkələrdə keçirsə də, anadan olduğu yerlərdə çox az yaşasa da Danbartonu unuda bilmədi. Qocalıq yaşlarında bu özünü daha çox büruzə verirdi. Təxminən 75 yaşında ikən İrlandiyada yerli müəllimlərin birinə yazdığı məktub onu ürəyindəki duyğuları çox gözəl ifadə edir.
   
   Arçibald yazırdı: "...Əslində mən bütün dünyanı gəzmişəm. Amma bütün səmimiyyətimlə deməliyəm ki, mənim ürəyim Danbartona məxsusdur... Mənim kabinetimdə 17-ci əsrə aid gözəl bir gül qravyurası asılıb. Onun üzərində Danbarton qəsri təsvir olunub. Mən hətta böyük həvəslə Dambarton futbol komandasının oyunlarını da izləyirəm..." Kroninin kluba yazdığı məktub bu gün də Dambartonun futbol komandasının meydançasının vestibülündə çərçivənin içərisində asılıb. Arçibald Cozef Kronin ömrünün son 25 ilini elə burada da keçirdi. 84 yaşında - 1981-ci il, yanvar ayının 6-da həyatdan köçdü və doğulduğu torpaqlardan çox uzaqlarda - İsveçrədə, La tur-de-Peylis şəhərciyinin qəbiristanlığında dəfn edildi.
   
   O getdi, özündən sonra dünyanın hər bir yerində oxunan əsərləri qaldı, bir də qərib yerdəki məzarı...

TƏQVİM / ARXİV