adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ALLAHSIZ YERDƏ OTURANLAR...

FAİQ QİSMƏTOĞLU
34829 | 2010-11-20 11:07
Atalar yaxşı deyib: "Allahsız yerdə otur, böyüksüz yerdə əyləşmə". Düzdü, bu atalar misalında bir qədər köntöylük var. Elə Allahsız yerdə oturmağın özü hardasa böyüksüz olmayan məkanda əyləşmək deməkdir. Görünür, bu deyimə də bir az yenilik gətirmək lazımdır. Ağsaqqal, böyük olan evdə heç vaxt çətinlik olmur və çətinlik olanda belə bu məsələlər elə yoluna qoyulur ki, heç kimin ruhu incimir. Bəlkə də son vaxtlar yaxşı ağsaqqalların olmamasının üzündəndir ki, nə qədər yeni ailə quran gənclər nigahdan ayrılıb və onların qurduğu ailə dağılıb. Çünki ağsaqqallar olub ki, nəinki dağılan ailələri, hətta qan davalarını yoluna qoyublar. Bir-birinə düşmən kəsilən iki nəslin arasında uzun sürən qan davasını su ilə yuyublar. Yəni onlar getdiyi qapıda bir-birinə düşmən olan adamlar belə bu ağsaqqallara görə, düşmənçilikdən əl çəkib yenidən bir-birinə əl uzadıblar və beləcə barış yaranıb.
   
   Mənim də tanıdığım cavan bir ağsaqqal var - Fəxrəddin müəllim. Belə baxanda yaşı o qədər də çox deyil. Amma ağsaqqallıq heç vaxt yaşla və ağ saçın olması ilə ölçülmür. Ağsaqqallıq onunla ölçülür ki, o adamların bir eldə, bir obada, bir rayonda böyük nüfuzu olub və sözü keçib. Ağsaqqallıq heç pulla da ölçüləsi deyil. O qədər pulu, varı, dövləti olan adamlar var ki, onların nəinki el-obada, ailələrinin, uşaqlarının yanında da sözü keçmir. Fəxrəddin müəllim dediyim ağsaqqal indiyə qədər dağılmaqda olan on ailəni bir-birinə yenidən qovuşdurub. Bu da asanlıqla başa gəlməyib. Hər bir barışıq əsəb gərginliyi, stress və ən nəhayət yuxusuz gecələr və saatlar hesabına baş tutub. Bəzən elə olub ki, yenicə nişanlanmış qız və oğlanın valideynləri arasında bir dava qalxıb ki, gəl görəsən. Yəni onların heç birinin sözü boğazlarından keçməyib. Kiçik bir səhv axırda qan davasına qədər yüksəlib. Bu anlarda yenə ağsaqqal sözünə və nəsihətinə ehtiyac duyulub. Belə məqamlarda Fəxrəddin müəllim yenə sinəsini qabağa verib. İki qohumun arasındakı uçurumu aradan götürmək istəyib. Günlərlə, həftələrlə o adamlarla görüşüb, söhbət eləyib, nə var, nə var ki, onların arasında isti münasibət yaransın. Amma bəzən qız adamı ipə-sapa yatmayıb özünü göyün yeddinci qatına çəkib qoyub. Bütün bu hallarda Fəxrəddin müəllimin yenə isti sözünə, mehriban münsibətinə və xeyirxah əməlinə ehtiyac duyulub. Bir barışıq üçün, gənclərin vüsalı üçün o həm oğlan, həm də qız tərəfin acı sözünü udmağa məcbur olub. Daha doğrusu, bu acı söz olsa da, əvvəl-axır bir-birinə qənim kəsilən ailələrin arasında sülh yarada bilib. Çoxları da ona deyib ki, ay rəhmətliyin oğlu, işin-gücün yoxdu, sənə nə düşüb ki, əsəblərini korlayıb, qanını qaraldırsan. Qoy hər iki tərəf canı çıxsın, öz məsələlərini həll eləsin. Ancaq bu sözlər heç vaxt həmin ailələri barışdırarkən min bir çətinliklə üzləşən Fəxrəddin müəllimi o yoldan döndərə bilməyib. Çünki o yol haqqın, ədalətin və qan qohumlarının yenidən birləşdiyi işıqlı aləmdi. Bu yolda hər bir çətinliyə və əzab-əziyyətə dözən Fəxrəddin müəllim ömrünün hər dəqiqəsinə, hər bir anına uzun illərdi qələmə aldığı xatirə gündəliyinə yazır. Əgər onun gündəliyinə baxsan və o gündəliyi vərəqləsən nə qədər insan taleyinin qaranlıq məqamlarını görmək olar. Bu qaranlıq məqamlara isə sonradan onun əməli-saleh işləri yenidən bir işıq salır. Bizim kənddə bir ağsaqqal var idi - Əliş kişi. O deyərdi ki, ağsaqqal nə döyülməkdən, nə söyülməkdən, nə də başının yarılmasından qorxmamalıdı. Çünki o hara gedirsə, böyük bir qan davasını, düşmənçiliyi aradan götürmək istəyir. Bu yolda adam döyülər də, söyülər də. Bax, ağsaqqal odur ki, belə bir yolda həmişə addımlaya bilsin və el-obanın yanında böyük hörmət qazansın. Fəxrəddin müəllim də belə bir yolda addımlayır və hamının işığa, nura çatması üçün öz köməkliyini, qüvvəsini əsirgəmir. Ona görə də el-obada bu cavan ağsaqqala çoxları hörmət eləyir və ona böyük məhəbbət bəsləyir.
   
   
   
   ***
   
   Şair Sərvər Məsum "Rumuda yaşan vətən", "İçimdə göynəyən vətən", "Türkün yolu", "Türkün qədəri", "Özümə yol gedirəm", "Görə nə vaxtdı qurd ulamır", "Ruma doğru" "Yolum millət yoludu" şeirlər kitabının müəllifidi. Onun bir-birindən gözəl şeirləri həmişə insanları vətənpərvərliyə, milləti sevməyə və elin qədrini bilməyə səsləyir. Şairin yenicə çapdan çıxan "Savalanım" şeirlər kitabı da məhz vətənpərvərlik ruhunda qələmə alınıb. Sanki şair burda yenidən vətənin hər qarış torpağını, elini, obasını, ormanını gəzir və bu gözəllikdən doymaq bilmir. Kitabda bir-birindən gözəl şeirlər toplanıb. Bu mənada "Savlanım", "Vətən", Millətim", "Hanı oğllulların", "Sərhəd dirəkləri", "Sən", "Sonuncu dayanacaq", "Türküm" şeirləri çox lokanik və bədii cəhətdən obrazlı qələmə alınıb. Eyni zamanda, şairin "Dünyadı, Tanrıdı", "Olmadı", "Qəbul elə", "Dünya nə sənindi", "Kimsə bilməz", "Dərdimi kimə deyim" şeirləri öz orijinallığı ilə oxucunun diqqətini özünə çəkir. "Dünya nə sənindi" şeirində aşağıdakı misralar öz poetikliyi ilə oxucunun yaddaşında əbədi iz qoyur:
   
   
   
   Namərdə boy verən,
   
   mərdi öldürən,
   
   Ağladıb, sinsidib
   
   sonra güldürən
   
   Haqlının haqqını
   
   nahaqq öldürən,
   
   Dünya nə sənindi, nə də ki,
   
   mənim...
   
   
   
   Beləcə, şairin şeirlərində qırmızı xətt kimi bir fikir səslənir ki, bu dünyadan insan son mənzilə heç nə aparmır. Ona görə də insanlar bir-birinin haqqını tapdamamalı və ən nəhayət bir-birinə hörmətlə yanaşmalıdılar.
   
   Şair "Unut" şeirində yazır:
   
   
   
   O təzə tər qönçələri,
   
   Qəribsəyən küçələri,
   
   Hicran dolu gecələri,
   
   Mən unutdum, sən də unut.
   
   
   
   Yaxud "Allah bilir, mən bilirəm" şeirində bu misralara diqqət yetirək:
   
   
   
   Qönçələyən bir çiçəkdim,
   
   Göz yaşımı daşa əkdim.
   
   Bu yaşımda nələr çəkdim
   
   Allah bilir, mən bilərəm.
   
   
   
   Kədərə, həsrətə nöqtə qoyub vüsala üz döndərən şair insanlara daha xoşbəxt və daha işıqlı günlər arzulayır. Onun şeirlərində belə bir fikir səslənir: dünyada insandan qiymətli heç nə yoxdu və o azad, xoşbəxt yaşamaq üçün haqlıdı.
   
   
   
   
   
   ***
   
   Belə bir rəvayət var ki, günlərin birində çoban qoyunları meşənin yanında otararkən qoyunlardan biri ağacların arasına girir və kor canavarın şikarına çevrilir. Çoban da bu səhnəni görüb yana-yana qalır. Çünki həmişə adətən canavarlar sürüyə hücum çəkib qoyun-quzunu apararmış, çoban da itlərini onların üstünə salar, çomağını götürüb canavarlara hücum çəkərmiş. Amma bu dəfə hər şey əksinə baş verir. Meşənin bir kənarında durub ovunu gözləyən kor canavar çox asanlıqla qoyunu ələ keçirir. Evə qayıdan çoban sabahdan qoyun sürüsünü otarmayacağını və çobanlıq eləməyəcəyini arvadına deyir. Deyir ki, kor canavarın ruzisini yetirən Allah indən sonra çobanlıq eləməsəm də mənim də ruzimi yetirər. Elə həmin gündən çoban nə qoyun otarmağa gedir, nə də evdən çölə çıxır. Arvad nə qədər and-aman eləsə də, çoban evdən çölə çıxmır. Elə hey deyir ki, kor canavarın ruzisini yetirən Allah mənim də ruzimi yetirəcək. Arvad görür ki, kişi evdən çölə çıxmır. O qonşu qadınla birlikdə əlinə bel götürüb yaxınlıqdakı meşənin yanında əkin işləri görür. Beli bir neçə dəfə yerə vurur. Sonra bir də yerə vuranda belin ağzı gedib küpə dəyir. Küpdən səs çıxan kimi qonşu arvad ona yaxınlaşır və hər ikisi küpün içində qızıl olduğunu görürlər. Onlar gündüz olduğuna görə küpə dəymirlər. Şərtləşirlər ki, axşam gəlib küpü çıxarıb apararlar və ordakı qızılları yarı bölərlər. Evə gələndən sonra o biri qonşu arvad ərini götürüb tez həmin yerə qayıdır və küpəni çıxarıb evlərinə aparırlar. Bir azdan çobanın arvadı gəlir ki, gedək küpəni çıxaraq qonşu arvad deyir, nə küpə, nə zad, sən dəli olmusan, nədi? Yəqin səni qara basırmış, biz orda küpə-zad görməmişik. Qayıt xarabana, ərinə yemək ver. Qadın kor-peşiman ərinin yanına qayıdır və heç bir şey demir. O gedəndən sonra qonşu ər-arvad küpənin ağzını açır və bu vaxt ordan ilan-çayanlar baş qaldırır. İlan-çayanın qalxdığını görən ər-arvad tez küpənin ağzını bağlayırlar. Fikirləşirlər ki, aparaq bunları qonşunun bacasından evlərinə ataq, onları ilan-çayan vursun və ev də bizə qalsın. Onlar küpəni gətirib evin bacasına qalxırlar və ordan küpədəkiləri içəri buraxırlar. Çoban görür ki, bacadan çoxlu qızıl tökülür. Qızıl o qədər tökülür ki, çobanla arvadının sevincindən dilləri tutulur. Handan-hana sevincindən dili tutulan çobanın dili açılır və deyir ki, gördün ay arvad, kor canavarın ruzisini yetirən Allah mənim də səsimi eşidib ruzimi verdi.
   
   Hər bir insanın ruzisini ilk növbədə Allah verir. Heç bir bəndə başqasının çörəyini, ruzisini əlindən ala bilməz. O əlləşib-vuruşub nəyinsə qarşısını ala bilər. Ancaq Allahın verdiyi ruzini heç kim insandan ala bilməz. Dünya malından gözü doymayan insanlar papaqlarını qarşılarını qoyub yaxşı-yaxşı fikirləşməli, kasıbların, yazıqların, fağırların haqqını əlindən almamalı, ruzisini basıb yeməməlidi.

TƏQVİM / ARXİV