TORPAğI ŞƏRƏFLƏNDiRƏN iNSAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
37355 | 2010-11-20 11:08
Həyat insana bəzən müəllimlik edir, bəzən düşmənçilik, bəzən isə elə-belə yola verir. Bax, bu üç məqamda insan da həyata qiymət verməyə çalışır. Kimi onu dərk edir, kimi onunla cihada çıxır, kimi də onunla əylənir. Amma yenə də bu üç məqamda udanla uduzanı müəyyənləşdirmək müşkülə çevrilir. Çünki həyat daimi olduğundan insan onun son münasibətini, son qərarın görüb eşidə bilmir. Bu son münasibəti, son qərarı isə dünyasını dəyişəndən sonra həyat da, onun çevrəsi də, hətta onu istəməyənlər də aşkar və yaxud pünhan şəkildə dilə gətirirlər...
   
   Bu yerdə yadıma mərhum xalq şairimiz Cabir Novruz düşür. Əgər xatırlayırısınızsa onun kövrək misralarının bir ünvanı da belə idi: Sağlığında qiymət verin insanlara!
   
   Təəssüf ki, biz ən müqəddəs insana belə heç vaxt sağlığında layiq olduğu qiyməti verməmişik. Füzulini 9 axçalıq təqaüdlə, Məmməd Arazı ömrünün sonuna yaxın pafoslu yazılar və telefikilərlə mükafatlandırmışıq. Adi əmək adamı, hansı ki, alın təri ilə torpaq suvarıb, əl qabarı ilə tikib-qurub, nümunə göstərib, eli-obanı, torpağı şərəfləndirib... Əvəzində isə ən yaxşı halda payına bir "sağ ol" düşüb. Və bu insan da ancaq ömrünü-gününü sərf etdiyi xidmətləri davam etdirməklə, yanıb-yaşamaqla məşğul olub. Nə o "sağ ol"a, nə də hansısa bir titula doğru can atmayıb. Çünki onun həyat qayəsi yalnız yaratmaq, yalnız insanlara və məmləkətə xidmət olub. Daha gözünə özgə heç nə görünməyib.
   
   Öncə sözümə həyatdan başladım. Bu da təsadüfi deyil. Çünki nə varsa, nəyi görmək istəyiriksə, onu mütləq həyatla, zamanla, yaşayışla bağlayırıq, əlaqələndiririk. Qazananda da, itirəndə də ilk yadımıza düşən yenə həyat, yenə zaman olur. Mən bu yazını yazmağa başlayanda İsa müəllimin həyat yolunu öyrənməyə və bu yolun enişindən-yoxuşundan bilgilər əldə etməyə çalışdım. Doğrudu, onu cəmi bircə dəfə görmüşdüm, o da sovet dönəmində. Çalışdığı "Təşviqatçı" jurnalının xətti ilə Bərdədə ezamiyyətdə olanda onunla Pambıqtəmizləmə zavodunda qarşılaşmışdım. İsa müəllim onda zavoda rəhbərlik edirdi. Səmimi qarşılamağı, ürəklə görülən işlərdən danışmağı və mən də səmimi etiraf edim ki, qonağa layiqli süfrə açmağının şahidi olmuşdum. Elə onun haqq dünyasına qovuşması barədə xəbəri eşidən də ilk yadıma düşən məhz həmin tanışlıq oldu. O tanışlığın işığında da başladım İsa Bayram oğlu Ağayevin həyat yolunu gözdən keçirməyə.
   
   Yadıma şair dostum mərhum Vahid Əlifoğlunun misraları düşdü. Vahid yazırdı:
   
   
   
   Tale bizdən küsdü,
   
   atam
   
   Salamını kəsdi, atam
   
   Bu torpağın üstü, atam-
   
   Hamının ölkəsi deyil...
   
   
   
   Hə, torpağın üstü insanlarla gözəldi və torpağın üstünü şərəfləndirən də elə insanlardı. Qurub-yaratmaqları ilə, açdığı izlərlə, keçdiyi yollarla... Bu izlərdən, bu yollardan birinin də başlanğıcı Bərdədəki Xəsili kəndindən başlayır. 1935-ci ildə bu kəndin sakini Bayram kişinin ailəsində İsa adlı bir oğul dünyaya göz açıb. Hamı kimi kənd həyatının ağrı-acısını, çətinliklərini, müharibə dövrünün üzüntülərini yaşaya-yaşaya böyüyüb, orta məktəbi bitirib. Əvvəl Ağdamda texnikumda təhsil alıb, sonra Kənd Təsərrüfatı İnstitutunu bitirib. Özü də oxuduğu illərdə də zəhmətdən, torpaqdan uzaq düşməyib. Ona görə də həmişə göz önündə olub, həmişə diqqət mərkəzində dayanıb. Yaşıdları, həmkəndliləri ona baxıb, ondan öyrənib, ondan yaxşılıqları və yaxşılığın sirlərini mənimsəyiblər.
   
   1967-ci ildə Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakultəsində təhsilini başa vurub və həmin ildə rayondakı istehsalat birliyində baş mühəndis kimi fəaliyyət göstərməyə başlayıb. Gənc yaşından rəhbər vəzifəyə gətirilən İsa Bayram oğlu iki ildən sonra rayonun böyük təsərrüfatlarından sayılan Cəfər Cabbarlı adına kolxozun sədri seçilib. Beləcə başlayıb onun el-oba, təsərrüfat ağsaqqalı, rəhbəri olmaq yolu. Zəhmətkeşliyi, təsərrüfatın dilini bilməyi onu həmişə rayon və respublika rəhbərliyinin diqqət mərkəzində yer tutmasına xüsusi bir səbəb olubdu. Yəni İsa Bayram oğlu istər rəhbərlik etdiyi müxtəlif kolxozlarda, idarə-müəssisələrdə, hətta müstəqillik zamanında çalışdığı Xəsili bələdiyyəsinin sədri vəzifəsində də həmişə uğur qazanmağa cəhd göstərib və buna da nail olub. Onun barəsində söz düşəndə həmyerliləri də, onu Bərdənin hüdudlarından kənarda tanıyanlar da birmənalı olaraq vurğulayıblar ki, İsa müəllim qarşısına qoyduğu məqsədə çatmaq üçün heç vaxt yorulmaqdan, usanmaqdan ehtiyat etməyib. Əksinə, gecəni gündüzə qatmağı, hətta sabahın da işini bu gün görməyi daha vacib, daha zəruri sayıbdı. Doğrudu, həmin zamanda İsa Ağayev "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdu. Bu onun böyük əməyinə çox kiçik bir qiymət idi.
   
   Şair dostum Vahid Əlifoğlunun şeirlərində belə bir məqam da var:
   
   
   
   Çürütdülər yerdə məni
   
   Gecdi, göydən nə yağacaq?
   
   Kim əkəcək bir də məni
   
   Bir də məni kim doğacaq...
   
   
   
   Bu misraları da elə-belə xatırlamıram. Çünki insanın dünyaya bir dəfə gəldiyi barədə çoxlu sayda fikirlər var. Amma belə bir inam da var ki, insan cismən dünyasını dəyişir, ruh isə yaşayır. Bu mənada bir dəfə əkilib-doğulan insan göydən nə yağır yağsın, həmişə evində, elində, obasında anılır, xatırlanır, yaşayır... onun ruhu ocağının başından, gəzib-dolandığı yerlərdən uzaq getmir.
   
   Həyat öz sərt sınaqları ilə insanı əzsə də, sıxıb suyunu çıxartsa da, amma onu ruhən məhv edə bilmir. Görünür elə Allahın ən böyük və güclü varlıq kimi yaratdığı, ən dəyərli kəşfi olan insan ona görə də ömrünün sonuna kimi torpağa səcdə edir, torpağa doğru əyilir. Əyilir ki, onu çiyinlərinə qaldırsın. Məncə bizi torpağa ona görə tapşırırlar ki, biz bu torpağı çiyinlərimiz üstündə saxlayaq. Ona qarışanda onu bir ovuc artıraq...
   
   Bəli, Bərdədə, Xəsili kəndində bir itki yaşandı, bir el ağsaqqalı, bir sayılıb-seçilən, sözü ilə, gəlişi ilə küsülüləri barışdıran, el dilində desək, qan yatıran İsa Bayram oğlu Ağayev dünyasını dəyişdi. Bu, cismani dəyişmək idi. O alın təri ilə suvardığı torpağı yorğan kimi üstünə çəkəndə bəlkə də bu gəlimli-gedimli dünyada ilk dincliyini, ilk istirahətini tapdı. Çünki o, ancaq işləmək, ancaq əkib-becərmək, qurub-yaratmaq, bir sözlə, torpağa nəfəs vermək üçün yaşayırdı. Elə nəfəs verdiyi torpaq da onu ən doğma bir varlıq kimi, ən əziz bir adam kimi aldı qoynuna. Bəlkə də bu təmas cismlə torpağın sözün böyük mənasında baş-başa verib yenidən bu dünya üçün, bu dünyanın Xəsili kəndi üçün və bütövlükdə onu tanıyıb onu sevənlər üçün yeni bir bərəkətli, uğurlu, barlı-bəhərli həyatın başlanğıcı idi...
   
   Mən belə düşünürəm. Çünki mənim inancıma görə, torpaqla qovuşan, torpaq, zəhmət adamları torpağı ikinci dəfə bu cür sevgi ilə, bu cür qol-boyun olmaqla şərəfləndirir, ucaldır. Təbii ki, bu ucalığı bilzlər görürük, bizlər dəyərləndirir, bizlər seyr edir, bizlər vəsf edirik. necə ki, böyük Səməd Vurğun yazmışdı:
   
   
   
   Ölüm sevinməsin qoy
   
   Ömrümü vermir bada
   
   Xalq qədrini canından
   
   Daha artıq bilənlər
   
   Şirin bir xatirə tək
   
   Qalacaqdır dünyada
   
   Sevilərək yaşayıb
   
   Sevilərək ölənlər...
   
   
   
   Sevib şərəfləndirdiyin, alın tərinlə suvardığın torpaq sənin üçün inşallah rahat olar,İsa Bayram oğlu Ağayev! Allah sənə rəhmət eləsin!

TƏQVİM / ARXİV