adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TONQALDA RƏQS EDƏNLƏR

VƏSİLƏ USUBOVA
17837 | 2010-11-20 11:08
-Mən daha ət yeməyəcəm..
   
   -Məşhurların arasında da belələri çox olub. Nə qazandılar? Nəyi dəyişdilər?!
   
   -Bilirəm, heə nəyi dəyişə bilməyəcəm. Ancaq gücüm bir özümə çatır...
   
   -Özünü yorma. Dünya belə gəlib, belə də gedəcək. Bundan sonra heç nə dəyişməyəcək. Dəyirmanla çax-çaxın əhvalatını eşitmisən? Bu dünya o qədər güclüləri yola salıb ki,.. Adlarından başqa heç nələri qalmayıb...
   
    -Düz deyirsən, bu dünya ancaq tamaşa eləməkçinmiş...Ancaq heyvanlara da yazığım gəlir, axı... Bir gündə bu qədər...
   
   
   
   ***
   
   ...Sinifdə sakitlikdi. Müəllim ibtidai insanın tarixi "kəşf"lərindən danışır. Amma hamının qulağı onda deyil. Hətta bu partadan o partaya kağız "təyyarə"lər uçuranlar da var. Ulu əcdadlarının məişət qayğıları onları qətiyyən maraqldandırmır. Elə bilirlər ki, bu gün gördükləri elə dünəndən şəklini dəyişmədən üzübəri gəlib. Özləri də hələ heç nəyi dəyişmək fikrində deyillər...Müəllimsə elə danışır ki, sanki hər şeyi öz gözləriynən görüb...
   
   ...Həmin gün meşəyə yanğın düşmüşdü. İldırım vurmuş ağacdan od almışdı. Yanıb bişmiş heyvan ətinin burun qıcıqlayan qoxusu cəlb eləmişdi yarıçılpaq baba-nənələrimizi. Dadına baxmışdılar. Əvvəl yediklərindən qat-qat ləzzətli idi. Daha sonra odu qoruyub saxlamağı da öyrəndilər. Çox-çox sonralar bu od da onların başına bəla olacaqdı...
   
   Amma tarixin Roma dövrünə hələ çox qalmışdı...
   
   Bəşəriyyətin başını uşaq nağılları ilə aldadırlar...
   
   Tarix müəllimi işləyən qardaşım danışır ki, insanlar çiy ət yeyəndə danışa bilmirdilər. Nitqləri inkişaf eləməmişdi. Yəqin ki, əsir tutduqları həmcinslərini tonqalda bişirib yeməyi öyrənəndən sonra lap diplomat olublar. Bir-birinin ətini yeməyin daha sivill yollarını öyrəniblər...
   
   (Amma bu bişmiş ət söhbəti heç nənələrimizin xeyrinə olmayıb. Bişirmək söhbəti varsa, deməli, mətbəx də olmalıdı. Mətbəx düzəldisə, onun da mütləq əbədi sakini tapılmalıdı. Əla! Qadınları əsir eləməyin çarəsi tapıldı. Qoy bozbaşlarını bişirsinlər. Amma kişilər bilmədilər ki, necə silahdaşlarını tərksilah elədilər bu biş-düş söhbətiynən. Heç indi də bilmirlər).
   
   
   
   ***
   
   Tonqal başında tox qarına rəqs edənlərdən bizi çoxmu zaman ayırır?! Ayırırsa, bu zaman kəsiyində (özü də çox böyük zaman kəsiyində) nə qədər dəyişmişik?! Qazandıqlarımızla öyünə bilərikmi? Əgər öyünməliyiksə, bəs, geriyə nədən belə həsrətlə, heyranlıqla baxırıq?! Onları öyrənir, sitat gətirir, bənzəməyə çalışırıq. Bəlkə də onlar öz zamanlarında bizlərə, yəni gələcək qurucularına qibtə edirmişlər. Niyə də eləməsinlər?! Axı, biz indi əti tonqal başında deyil, manqal başında yeyirik...
   
   
   
   ***
   
   Məsumluq heç heyvanlar aləmində də işə yaramır. Titrək quzular, başıaşağı qoyunlar ta qədimdən adamların iştahını açıb. Amma qurdun adını bədnam ediblər. (Tonqal diplomatiyası burada da işə yarayıb). Guya bu fağır, dilsiz-ağızsız məxluqlar doğulandan boğazına bıçaq dirənənədək ürəklərində canavarın qorxusunu gəzdirir, bir də isti boyunlarında dəmir soyuqluğunu hiss edəndə unudurlar. Heç zaman qoyunları başıyuxarı gəzən görməzsiniz. Həmişə başıaşağı, yerdə nəsə axtarırmış kimi görünürlər. Təkcə sürünün qabağında gedən tək-tük qoçlar olur ki, onların da çox vaxt buynuzunu kəsirlər: başqalarına "buynuz" göstərməsinlər. Vəssəlam. Toyu da, yası da yola verən zavallıların ömürlərinin mənası bundan artıq nə ola bilər ki?!... Hə, bir də zərif yunu olanlarının dərisi başlarda, çiyinlərdə gəzir...
   
   Səhərdən bəri neçə qoyunun başını kəsmiş qəssab qürurla deyir ki, şəriklərin hər birinin payını yüz qram ağır eləmişəm. Halal xoşları olsun...
   
   Cənnətə gedən yol nə asanmış...Hamı özünün son duracağını düşünür. Əgər insanlar əbədi yaşasaydı... Əgər həyat ölümsüz olsaydı... Əgər cənnət-cəhənnəm söhbəti olmasaydı... Görün, yer üzündə nə həngamələr olardı! Deməli, xeyirxahlıq dediyimiz göstəridən, maskadan, əyləncədən başqa bir şey deyil. Torpağa çökən dizlərin, göylərə açılan əllərin yalnız bir təmənnası var: Axirəti satın almaq! Bəli, bəli! Qazanmaq yox, məhz satın almaq! Hər şey zahirdədi. Daxildə olanlar kimsəni maraqlandırmır. Təki tüstüsü düz çıxsın. Bütün zahiri ayinləri yerinə yetirənlər hörmət-izzət sahibidirlər. Dillər yalan danışır, gözlər yalanı ustalıqla gizlədir, beyinlər, ürəklər özgə mətləblərin sorağındadı. Bunu hamı görür, duyur, amma üzə vurmur. Çünki belə sərfəlidi. Yalan kimə neyləyib ki?! Həqiqətdi ayaqları edam kürsüsünə, boğazları kəndirə aparan. Qoy, üzdə hər şey yaxşı olsun! Kimdi dərinə gedən, mahiyyətə varan?!...
   
   
   
   ***
   
   Hindularda bir qayda var: hər kəsə ən yaxşı bacardığı işə uyğun ad verirlər. Həm də fərdi əlamətlərinə görə. Böyük İlan, Ləpirçi, İti Göz, Yeyin Ayaq... Hətta bir filmdə zirəklikdə onlardan heç də geri qalmayan ağ dərili oğlana "Canavarla Rəqs Edən" adını qoyurlar. Yer üzünün adamları bir-birlərindən nə qədər fərqlənirlər ki?! "Tikanlıqda şərqi deyənlər"imiz də var, ömrü-günü "Küləklə sovrulanlar"ımız da...
   
   Mən də yazımın adını bu günlər yaşadığımız ovqatımıza, həyat tərzimizə oxşatdım...

TƏQVİM / ARXİV