adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Ağaclar və futbolçular

ETİBAR CƏBRAYILOĞLU
53967 | 2010-11-20 11:08
Əlindəki qələmlə bacarıqlı futbolçu topla davranan kimi davranan Məzahir Əhmədoğlu mən də daxil olmaqla xeyli oxucusunun israrlı xahişlərindən sonra bəzən futbolla bağlı yazılar yazır. Hostalji dolu həmin yazıları oxuyanda elə bil maraqlı futbol oyununa baxırsan. Məzahir bəy həmin yazılarında detalları ustalıqla incələyir. Dostumuzun bəxti var da... Lev Yaşini qapıda görüb, Peleni hücumda.
   
   Bəzən mən özüm də qələmimi stadion ətrafında qaçırdır, futbol mövzusunda məşq edirəm. Bilirəm, Məzahir Əhmədoğlu özünəməxsus şəkildə gülümsəyib deyəcək ki, dostum, elə sən özün də çoxlarını stadionda top qovan görmüsən. Sənin zamanında Çanov qardaşları, Dassayev, Qabeliya qapını göz bəbəyi kimi qoruyub, Çivadze, Demyanenko müdafiənin qeyrətini çəkib, Kipyani, Qutsayev, Buryak meydanboyu at oynadıb, rəqib qapıçılar Bloxinin vurduğu topları qapıdan çıxarmaqdan beziblər. Dünya çempionu Torresi, Dünya və Avropa çempionu Foqtsu Azərbaycan millisinin baş məşqçisi kimi əl-qol atan görmüsən. Sənə hələ bu da azdı...
   
   Məzahir bəyi başa düşürəm, indi bəzi müvəqqəti problemlər üzündən millimizin oyunlarını diqqətlə izləyə bilmir. Amma mən hər oyuna baxıram və hər dəfə də möcüzə gözləyirəm. Mən uğur gözləməkdən, futbolçularımız da məğlub olmaqdan bezmir. Düzdü, arada-barada alman Berti Foqtsun Azərbaycan yığması sensasiyaya imza atır. Onda yenə zərbə mənə dəyir- yığmamız Türkiyə millisini məğlub edir.
   
   O gün yenə hamı öz işindəydi. Mən qələbə həsrəti çəkdim, Berti Foqtsun başçılıq etdiyi dəstə isə iki top götürüb Çernoqoriyadan geri döndü.
   
   Artıq bir neçə gündü ki, millimizin növbəti məğlubiyyəti barədə ilə yazılara, şərhlərə gözümün ucu ilə belə baxmıram, baş məşqçinin nə dediyi məni heç ilgiləndirmir. Bəzi müğənnilər toyda bütün günü eyni mahnı oxuduqları kimi alman məşqçi də hər dəfə uduzandan sonra eyni sözləri deyir. Sadəcə, rəqiblərin adını dəyişir. Yəqin elə bu dəfə də belə olub. Yığmamız ona görə Çernoqoriyada uduzub ki...
   
   Əvvəla millimiz Çernoqoriyaya yola düşəndə hava dumanlı olub, üstəlik futbolçuları hava limanına aparan avtobus metronun hələlik "Əzizbəyov" adlanan stansiyasının yaxınlığından keçəndə 24 saylı marşrutu gözləyən 36 yaşlı bir subay kişi tək səbir gətirib. Problem bununla bitsəydi nə vardı ki... Komandamızı və Azərbaycandan gedən nümayəndə heyətini Podqoritsa şəhərində qarşılayan şəxslərdən biri mənasız bir lətifə danışıb. Bu da yığma üzvlərinin kefinə sarımsaq doğrayıb, ovqatına çox pis təsir edib. Bu da məğlubiyyətə əsas səbəb deyil. Alman baş məşqçinin azərbaycanlı komandasının üzvləri Yuqoslaviyanın parçalanması xəbərindən az qala şoka düşüblər. Otelə çatanda məlum olub ki, Yuqoslaviya artıq yoxdu. Bu ölkəni 4-5 yerə bölüblər, bir hissəsi də Çernoqoriyanın payına düşüb. Bu siyasi-ictimai xəbər futbolçularımıza vaxtından bir qədər gec çatdırıldığından inciyiblər və oyuna yaxşı köklənə bilməyiblər.
   
   Bu azmış kimi Podqoritsa şəhərinin ağacları da millimizə mane olub. İnanmırsız? Çernoqoriyadan reportajı canlı izləyənlər gördü ki, millimizlə baş tutan oyun səfalı bir məkanda keçirilirdi. "Pod Qoritsom" stadionu meşə ilə əhatə olunmuşdu. Başı göylərə millənən ağaclar oyunçularımızda lirik ovqat yaradıb. Oyun gedə-gedə şeir yazan, bədahətən meyxana deyən kim... Bir-iki nəfər də mənzərə üçün etüdlər çəkib. Bir də ayılıb görüblər ki, rəqib yığmanın oyunçuları qapımızdan iki top keçirib.
   
   Bunlar da uduzmağın əsas səbəbi sayılmır. Baş hakimin günahını unutmaq lazım deyil. Birincisi, baş hakim və onun yardımçılarının adları gec açıqlanıb. Üstəlik də oyun Makedoniyadan olan hakimlər briqadasına həvalə olunub. Makedoniya sözü hansı hərflə başlayır? Tərslikdən M hərfi ilə başlayan Makedoniya, manat, metro, Manana, məktub, məktəb, münasib kimi sözlər bizim yığmanın rəhbərliyini həmişə qıcıqlandırır. Baş hakim P hərfi ilə başlayan dövlətlərin birindən təyin edilsəydi, Çernoqoriyanı böyük hesabla yenmək bir içim su kimi olardı...
   
   Dostum Məzahir bəy də artıq Azərbaycan yığmasının son məğlubiyyətindən xəbərdardı. Sadəcə, qanını qaraltmağa zamanı yoxdu. Onu bilmirəm, mən ümidimi gələn ildəki oyunlara bağlamışam. Türkiyə millisi ilə cavab oyununda sürpriz edəcəyik. Alman Berti Foqts bizim qardaş ölkənin A takımına zərbə vurmağı yaxşı bacarır. Digər oyunların isə qələbəsi olmasa da bəhanəsi indidən hazırdı. Foqtsun bəhanələri FİFA üzvü olan ölkələr qədərdi...

TƏQVİM / ARXİV