O YOLU GETMƏK çƏTiNDi...

FAİQ QİSMƏTOĞLU
18510 | 2010-11-13 04:49
Əvvəllər böyüyə-kiçiyə böyük hörmət varıdı. Yəni böyük olan yerə kiçiklər gəlməz və ağsaqqallar danışan yerdə balacalar susardılar. Elə ona görə də xeyir-bərəkət, hörmət-izzət də həmin dövrdə qalıb. Bilmirəm qlobollaşma deyirlər, nə deyirlər, bunların hamısı bizim millətin yaxşı nəyi var idisə çoxunu cənginə alıb aparıb. Avropalaşmaq adı ilə dəyərlərimiz zaman-zaman unudulur və yaddan çıxır. Söylədiyim fikirlərdə heç də qeyri-adi bir şey yoxdu. Sadəcə olaraq bütün sadaladığım və sadalamadığım məsələlər hamının gözü qarşısında baş verir. Bəziləri bu hörmətsizliyi və sayğısızlığı görəndə dillənir, bir çoxları isə bir söz demədən başanı aşağı dikərək susur. Amma heç də həmişə susmaq mümkün deyil.
   
   Metro qatarının vaqonuna uşaqlı və hamilə qadın daxil olub ayaq üstə qalırsa, cavan qız-oğlanlarsa bunu görməməzliyə vurub həmin insanlara yer vermirsə, onda necə əsəbiləşməmək olar. Adamı da yandıran odur ki, əksər cavanlar (xüsusən də 18-25 yaşlı oğlan və qızlar) uşaqlı, hamilə qadınlar vaqona daxil olanda və qocalar salona girəndə oturduqları yerdən qalxmır, ya əllərində telefon oynadır, ya da kitab oxuyurmuş kimi gözlərini vərəqlərə dikirlər. Bəziləri altdan-altdan həmin qocalara və uşaqlara baxırlar ki, indi onlara kim yer verəcək. Təbii ki, cavanların heç də hamısı mədəniyyətsiz deyil. Onların da arasında ailə tərbiyəsi görmüş, əxlaqlı, tərbiyəli uşaqar var. Və bu uşaqlar elə həmin an ayağa qalxır, yerini uşaqlı qadına, yaxud da yaşlı qocaya verir. Amma tərbiyəli uşaqlar və əxlaqlı cavanlar çox azdır. Uzaqbaşı yüz nəfərdən onu bu əxlaqın sahibidi. Aydındır ki, uşaqlı qadın, xəstə qoca ayaq üstə qalanda bunu kənardan seyr edən bir çox ziyalı insanlar belə hallara dözmür və bəzən gənclərə etirazlarını bildirirlər. Başa düşənlər nəticə çıxarır, başa düşməyənlər isə arsız-arsız hırıldayırlar. İstənilən metro qatarında tez-tez diktorun səsi eşidilir: "Hörmətli sərnişinlər, uşaqlı, hamilə qadınlara və qocalara yer verin". Bu fikirlər tez-tez səslənsə də təəssüf ki, əksər gənclər buna məhəl qoymur, arsız-arsız oturduqları yerdən qalxmır və böyüklərə yer vermirlər. Hansı ki, yeni qəbul olunmuş qərara əsasən metro qatarlarında qocalara, uşaqlı qadınlara yer vermək məcburidi. Əgər bir uşağın, bir gəncin tərbiyəsi yoxsa və o uşaq ipə-sapa yatmırsa, hətta atasının üzünə qayıdırsa, ondan hansı qanacaq və mərifət gözləmək olar. Quyuya su tökməklə heç vaxt quyu sulu olmaz. Gərək su quyunun özündən çıxsın. Amma görünür bizim gənclərə çox güclü təsir lazımdır. Yəni çoxlarının baxışları və nifrətləri onlara tuşlananda nə qədər qanacaqsız olsa da, günlərin birində həmin gənc öz səhvini anlayacaq və nəyisə başa düşəcək. Ən azından ona görə ki, o da nə vaxtsa yaşa dolacaq, qocalacaq və ayaq üstə çox dura bilməyəcək. Cavanlıqda başqalarına hörmət elə ki, yaşa dolanda da sənə hörmət eləsinlər.
   
   
   
   ***
   
   Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Hindistandan Azərbaycana camış əti idxalına qoyulan qadağanı aradan qaldırıb. Bu barədə məlum qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Hər şeyimiz düzəlmişdi, bircə qalmışdı saqqal-darağımız. Yəni Hindistandakı ətin keyfiyyəti ilə əlaqədar uzun müddətdir ki, məmləkətimizdə müxtəlif fikirlər səslənirdi. Bir ekspert deyirdi ki, həmin ətlər ölü camış ətidi, bir başqaları da deyirdi ki, ümumiyyətlə, Hindistandakı camış ətindən istifadə eləmək çox təhlükəlidir. Ən azından ona görə ki, həmin ətlər dondurulur və bu vəziyyətdə ölkəyə gətirilir. Donmuş ət isə müəyyən zaman kəsiyindən sonra aydındır ki, keyfiyyətini itirir. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində Hindistanın məhsullarından imtina edildiyi halda bizdə onu bəh-bəhlə tərifləyirlər. Əgər mütəxəssislərin dediklərinə inansaq, Hindistandakı camış ətindən dadlı ət yoxdur. Yolçu Xanvəli deyir: "Bu məhsul əsasən emal sənayesində, xüsusən də kolbasa istehsalında istifadə edilir. Hindistandan idxal edilən bu məhsulların baytarlıq-sanitariya baxımından qiymətləndirilməsi, kəsim sallaqxanalarında monitorinqlərin keçirilməsi zərurəti yaranmışdı. Bu məqsədlə DBX-nın nümayəndələri oktyabrın 31-dən noyabrın 6-dək Hindistanda səfərdə olublar. Buna görə də həmin ölkədən ət məhsullarının idxalına qoyulmuş müvəqqəti məhdudiyyət 11 noyabr tarixindən ləğv edilib".
   
   Bəzi ekspertlər bildirirlər ki, Hindistandakı camış əti keyfiyyətsiz və ucuz olduğuna görə, bizim iş adamları daha çox ona maraq göstərir və bazarı Hindistanı camış əti ilə ələ keçirmək istəyirlər. Hətta ondan dönər bişirmək məqsədi ilə geniş istifadə olunur. Hansı ki, həmin ətdən dünyanın əksər ölkələri imtina edib. Əcəba, bəs onda bizimkilərə nə düşüb ki, bəh-bəhlə Hindistanın keyfiyyətsiz camış ətini ağızdolusu tərifləyir və qoyulmuş məhdudiyyəti aradan qaldırırlar?! Bax, burda deyəsən torbada pişik var. Yoxsa belə olmasaydı, bizimkilərə nə düşmüşdü ki, uzaq bir məsafəni basa-basa Hindistana getsin və ordan camış ətinin gətirilməsinə qol qoysun.
   
   
   
   ***
   
   Bu dəqiqə bir adama salam verməyə peşmansan. Üç-dörd gün keçmir, bir də görürsən ki, qapını döyərək sənə bir toy dəvətnaməsi uzadır. Sən də bir aşağı baxırsan, bir yuxarı hirsini boğa-boğa dəvətnamə verənə "Allah xoşbəxt eləsin" deyirsən. İndi bir çoxları toy dəvətnamələrinin əlindən boğaza yığılıb. İmkan olsa nə var ki, o toyun hamısına gedərsən, toy edən adamın sevincinə şərik olarsan, yaxşı yeyib-içib, oynayıb istirahət eləyərsən. Amma pulsuzluğun üzü qara olsun. Adamın cibində pul olmayanda çox pis olur. Şair Əlisəmit Kür şeirlərinin birində belə fikir işlədir ki, adam cibindən üşüyür. İndi də çoxlarımızın cibi boş olduğuna görə, üşütmə bizi tutur. O qədər üşütmə bizi tutur ki, çox çətinliklə də olsa beş-on manat tapanda və bir toya gedə biləndə yenidən isinirik.
   
   "Pürrəngi" çayxanasında çox tərbiyəli, mərifətli və qanacaqlı bir oğlanla tanış olmuşam. Qəribədir ki, o oğlan cavan olsa belə böyüyün-kiçiyin yerini bilir və hamıya diqqətli olmağa çalışır. Bu yaxınlarda o oğlanın toyu olub. Məni toyuna çağırmasa da, yaxın dotslarımdan bir çoxu Arif adlı o oğlanın "Təbrik"də keçirilən toyunda iştirak edib. Yeni həyat qurmaq və ev-eşik sahibi olmaq o qədər də asan deyil. Tanıdığım o Arif adlı oğlan cavan olmasına baxmayaraq, o qədər zəhmətkeş, əzabkeş bir gəncdir ki, hərəkətləri ilə çox yaşıdlarına nümunə sayıla bilər. Borçalı mahalından olan bu oğlan həmişə tay-tuşlarına, yaxınlarına halal zəhməti ilə arxa durub. Bu gün də valideynlərinin və qardaşlarının bir tikə çörəyini o tapıb gətirir. Bir dəfə gördüm ki, bir türk vətəndaşı ilə söhbət edir. Soruşdum ki, o türk kimdir? Dedi ki, Türkiyədən gəlib bir evdə kirayəşin qalıb, sonra da borcu olduğuna görə evdən çıxarıblar. İndi gəlib bu çayxanada gecələyir. Öyrəndim ki, onun çörəyini, suyunu Arif qazandığı halal pulla verir. Uzun müddət həmin kimsəsiz türkə o arxa oldu və günlərin birində türkün övladları ilə telefon əlaqəsi saxlayıb onu Türkiyəyə yola saldıq. Sözümün canı odur ki, belə zəhmətkeş halal uşaqları görəndə adamın ürəyi dağa dönür. Xaqani Ayxan Arifin toyunda çıxış edib və ona həsr etdiyi "Dostum" şeirini söyləyib:
   
   
   
   Yarıyan olasan çörəkdən, duzdan,
   
   Uzaqda qalasan bədnəzər gözdən,
   
   Xeyrini görəsən oğuldan, qızdan
   
   Yığasan başına hamını dostum!
   
   
   
   Borçalı elinin suları sərin,
   
   Darbazlı kəndinin gülünü dərdin,
   
   Könlünü Natella xanıma verdin
   
   İçərək sədaqət camını dostum!
   
   
   
   Hər insanın həyatının sevincli anları olur. O sevincli anları yaşamaq və yeni ailə qurmaq Arifə də qismət oldu. Bu yolu getmək və addımlamaq isə onların gələcək həyatından asılıdır. Qoy hər iki gənc həmin yolda öz səadətlərini və xoşbəxtliklərini tapsın.

TƏQVİM / ARXİV