adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Aprel 2015 15:42
73868
MÜSAHİBƏ
A- A+

“Reallığı gizlədirik”- Rasim Məmmədov - Müsahibə

"Sabitlik və İnkişaf Mərkəzi"nin İdarə heyətinin sədri və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədovun Adalet.az-a müsahibəsi

-Rasim müəllim, qondarma erməni soyqırımının 100 illiyi yaxınlaşdıqca Roma papası bəyanat verdi. Ardınca Avropa Parlamenti qətnamə qəbul elədi. Sizcə, bu bizim fəaliyyətimizin zəifliyidir, ya necə?

-Bu bizim fəaliyyətimizin zəifliyi yox, bizim güclü olduğumuzun, fəaliyyət siferamızın genişlənməsinin göstəricisidir. Roma Papası bəyanatı ilə sanki itmiş nüfuzunu bərpa etmək istəyir. Papa bu bəyanatı ilə xristian-müsəlman qarşıdurması yaratmaq niyyətini güdür. Eyni zamanda Türkiyəni içəridən qarşıdırmaq məqsədi daşıyır. O, dünyaya bəyan edir ki, mən nə desəm Avropa Parlamenti də onu deyəcək. Bu da özünü göstərdi. Roma papasının bəyanatından bir neçə gün sonra heç bir tarixi araşdırma aparılmadan, heç bir arxivlər açılmadan Avropa Parlamenti qətnamə qəbul etdi. Bu onu göstərir ki, Avropa Parlamenti ədalət prinsipi üzərində qurulsa da əslində onların fəaliyyətləri kağız üzərindədir. Avropa Parlamenti də bu qətnaməni qəbul etməklə öz nüfuzuna xələl gətirmiş oldu. Bir məsələyə də diqqət yetirək. Artıq dünya liderləri arasında elə münasibət qurulub ki, indi bütün simalar cırılıb. Liderlər bir-biri ilə elə tərzdə danışırlar ki, bu davranışlar özlüyündə dünya siyasətinə təsir edir. Küçə sözləri ilə bir-birinə müraciət edən liderlər üçün haqq-ədalət bir kənarda qalıb. Onlar öz şəxsi mənafeyindən çıxış edirlər. Artıq Avropada bir itin hüquqları insanların hüququndan öndə gəlir. Belə olan halda avropalı Xocalı və digər müsəlman ölkələrində baş verən soyqırımları necə qəbul edə bilər?

Ancaq bu kimi bəyanatlar istər Türkiyədə, istərsə də Azərbaycanda sabitliyi pozmamalıdır. Xalq özü bu məsələdə aktiv olmalı, dövlətin yanında olmalıdır. Çünki bu çamur xalqa və dövlətə qarşı atılmış addımdır.

-Rasim müəllim, bu yaxınlarda İsveç Parlamentində azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımı aktlarının törədilməsi ilə bağlı konfrans keçirmisiniz. Bu barədə danışardınız...

-Biz aprel ayının 14-də Stokholmda Azərbaycan Kültür Cəmiyyəti, Höteborqda Azərbaycan Türk Birliyi Dərnəyinin təşkilatçılığı ilə belə bir konfrans keçirdik. Tədbirdə əsas məruzəçi qismində mən, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attar, Güney Azərbaycan Konqresinin rəhbəri və "Qarabağ" Cəmiyyətinin təsisçisi Abdulla Amir Haşimi, İsraildən tədqiqatçı-jurnalist Arye Qut, Azərbaycandan Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri, professor Kərim Şükürov və Kanadadan tədqiqatçı jurnalist Oğuz Türk çıxış ediblər. A. Qut Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı çıxış edərək, Azərbaycan dövlətinin bu istiqamətdə uğurlu siyasət həyata keçirdiyini deyib. O, İsrail prezidentinin BMT-dəki çıxışında Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi barədə fikirlərini xatırladaraq, bu amilin faciənin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. A. Qut Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət" Kampaniyasını xüsusilə vurğulayıb. Professor Kərim Şükürov 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi dünyada tanıdılmasının vacibliyi barədə danışıb. O, Azərbaycanın dünyada tanıdılması istiqamətində həyata keçirdiyi işlərin anti-azərbaycan dairələrini ciddi narahat etdiyini deyib, hətta erməni diasporunun da bu uğurlu fəaliyyəti qeyd etdiyini bildirib. Aygün Attarın çıxışı isə əsasən azərbaycanlıların soyqırımı, qondarma "erməni soyqırımı"nın qəbul edilməməsi istiqamətində Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı olub. Bundan başqa, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, həmçinin "EuroAz" televiziyasının təsisçisi Cavad Derəxti də müzakirələrə qatılıblar. Müzakirələrdə Azərbaycan dövlətinin diaspor siyasəti, Azərbaycanın dünyada tanıdılması istiqamətində həyata keçirilən fəaliyyət qeyd olunub, Azərbaycanın regionda rolu, inkişafı diaspor iştirakçılarının diqqətinə çatdırılıb. Sonda İsveçin siyasi partiyalarına etiraz müraciəti qəbul olundu. Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, Ermənistanın regionda apardığı təcavüzkar siyasətə biganə yanaşmaya etiraz edildi.

-Əsas iştirakçılar kimlər idi?

-Bir məqamı deyim ki, Stokolumda təşkil olunan tədbirdə İsveçdə olan səfirimiz üzürlü səbəblərə görə iştirak edə bilmədi. Sonradan biz cənab səfirimizlə də görüşdük. Əslində bu kimi tədbiri keçirməklə biz İsveçdə yaşayan Türk və azərbaycanlıların birliyinə nail olmaq, türk birliyinə qarşı aparılan ikili standartlarda birgə addım atmasını reallaşdırmaqdan ibarət idi. Müəyyən qədər buna nail olduq. Keçirdiyimiz görüşlərdə bu və ya başqa istiqamətdə apardığımız danışıqlarda, ictimai diplomatlar kimi qarşıya qoyulan məqsədlərə nail olduq. Tədbirdə iştirakçılara gəlincə həmin tədbirdə təm Azərbaycan, həm Türkiyədən olan cəmiyyət sədrləri iştirak edirdi. Bununla yanaşı İsveç ictimayyətində kifayət qədər nüfuzu olan siyasi partiyaların nümayəndələri var idi.

-Diaspora sahəsində mövcud vəziyyəti necə dəyərləndirərdiniz?

-Bir şeyi etiraf etmək istəyirəm ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən səpilmiş diaspora toxumları müstəqillik əldə edilənə qədər cücərmişdi. Son vaxtlar isə bu sahədə vəziyyət bərbaddır. Biz reallığı gizlədirik, düz söz deməyə çəkinirik. Düşünülmüş şəkildə elə vəziyyət yaradıblar ki, onları birləşdirmək, gücləndirməkdir çətindir. Bu gün Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr Azərbaycan dövləti barəsində yalan məlumat yayırlar. Guya Azərbaycanda insan haqları pozulur, demokratik dəyərlərə əməl olunmur. Ancaq biz onlara bəyan edirik ki, Azərbaycanda bu kimi vəziyyət yoxdur. Azərbaycanda milli mənəvi dəyərlər insanların normal yaşamasına, insanların sosial rifah halının daha da yüksəldilməsinə xidmət edir. Baxın bu gün dünyanın bütün yerində müharibələr gedir. Azərbaycanda isə sabitlik hökm sürür. Bunun özün milyon yox milyardlarla dəyər deməkdir. Bu gün bir vətəndaş olaraq səhər tezdən evdən çıxış axşam evə rahat şəkildə, salamat gələ biliriksə, bu, özü bir xoşbəxtlikdir. Bu, bizim dövlətin yaratdığı şəraitin göstəricisidir. Ancaq bəziləri bunu başa düşmür. Bəzi qərb yönümlü QHT-lər xaricdə Azərbaycan əleyhinə kompramis fikirlər yürüdürlər. Çox təəssüf ki, qərbin bu kimi mexanizmində iştirak edənlərin böyük əksəriyyəti "sapı özümüzdən" olan baltalardır. Onlar dərk etmirlər ki, qazanılan uğur ancaq bizim xeyrimizədir. Azərbaycanımızı dünyaya tanıtmaq üçün gözəl vasitədir. Biz əldə olunan bu nəaliyyətlərimizi tanıtmalıyıq. Heydər Əliyev ideyalarını dünyaya tanıtmalıyıq. Belə olan təqdirdə dünya özünü Azərbaycanın ideyalarına sadiqliyini göstərəcək. Müsəlman müsəlmanı qırır. Bunu edənlərin kimliyinə baxanda aydın olur ki, bu kimi işləri həyata keçirənlər müsəlmanları gözü götürməyən qüvvələrdir. Bunun qarşısını almaq üçün ictimai-siyasi maarifləndirmə işi həyata keçirilməldir.

-Yeri gəlmişkən, Türkiyədə də tədbir keçirməyi nəzərdə tutmusunuz?

-Türkiyədə ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibəti ilə mayın 4-dəKahramanmaraş şəhəri Südçü İmam, mayın 5-də isə Ərciyə Universitetində DAMM ve ZAUM İB-nin təşkilatçılığı ilə tədbir keçiriləcək.

Ədil Ədilzadə