TƏK AğACIN NAğILI

ƏBÜLFƏT MƏDƏTOĞLU
39425 | 2010-11-13 04:48
Təklik əslində insana, insanın düşüncəsinə daha çox uyğun gələn, onun daxili parametrləri ilə uzlaşan bir cəhətdi. Yəni bir qism insan təkliyin ölüsüdü, dəlisidi, onun üçün sino gedir. Başqa bir insan isə təklikdən bezir, ondan qaçır, ondan qorxur, ondan vahimələnirg Deməli, hər iki halda bu təklik insanla üz-üzədi, həm yaxşı mənada, həm də mənfi çalarlarda...
   
   Həyatım boyu ətrafımda olan insanların özlərində, ailələrində təkliyə, təkə fərqli münasibətlər görmüşəm. Bəziləri özünün təkliyi ilə öyünür... bəziləri oğlunun və yaxud qızının təkliyi ilə ehtiyatlı davranır...bəziləri təklikdən qorxub onu itirməyi ən dəhşətli faciə hesab edir... bəziləri təkliyin üstünə gedib onu yıxmaq, onu sındırmaq üçün.
   
   Mən ağlım kəsəndən təkliyi özümə son dərəcə yaxın buraxmışam. Adamlarla deyib-gülməyi, əylənməyi nə qədər çox xoşlasam da, amma həmişə çoxluqdan, tünlükdən bir az uzaq olmağa çalışmışam. Hətta ən mötəbər tədbirlərdə, məclislərdə sıxılmışam. Özümü tək yox, yalqız hiss etmişəm, yad hiss etmişəm, yamaq kimi görmüşəm həmin məclisdə, həmin tədbirdə. Və mənə elə gəlib ki, həmin çoxluğun, həmin səs-küyün içərisində mənim yerim də yoxdu, səsim də... məni arayan da yoxdu, görən də. Mən burda sadəcə hansısa bir yer tuturam... kiminsə əvəzinə dayanıram - sayı təmin etmək, sayın bütövlüyünün göstəricisi olmaq üçün...
   
   Bəli, bu mənim üçün son dərəcə ağır bir məqamdı, bir haldı. Elə bilməyin ki, bu yalnız müəyyən qurup adamlarla əlaqələrin, təmasların təsiridi və yaxud onlardan qaçmaq üçün bəhanədi. Xeyr, ən doğma adamın belə yanında, məclisində bəzən elə yalqız, elə yad görünürəm ki, özüm-özümü o adamın, o məclisin xatirinə bağışlamıram. Amma neyləyim ki, başqa cür ola bilmirəm, bacarmıram ikiləşməyi!.. Bacarmıram yarınmağı!.. Bir bacardığım iş var, o da təkliyimə sahib çıxmaqdı...
   
   Hərdən deyirlər ki, təklik ömrü gödəldir... təklik insanı xəstə salır... təklik insanı insanlardan soyudur, uzaqlaşdırır, daha nə bilim nə. Olsun, hər kəs öz məntiqində haqlıdı. Heç kəsə etirazım, iradım yoxdu. Amma mənim üçün dünyanın ən gözəl guşəsi sığındığım təklikdi... Mənim üçün dünyanın ən gözəl kürsüsü, ən gözəl səhnəsi və ən gözəl yaşam anı yenə təklikdi!.. Elə bilməyin ki, bu təklik günün 24 saatını əhatə edir. Xeyr! Mənim təkliyim nəyisə götür-qoy etmək üçün, nəyinsə iç dünyasına baş vurmaq üçün, nəyinsə bütün çalarlarını gözümə-könlümə köçürmək üçün və nəhayət kiminsə mənə nə qədər əziz və əvəzedilməz olduğunu təkrar-təkrar anlamaq - yaşamaq üçün lazımdı. Mən bu təkliyin içərisində yenidən doğuluram, yenidən dünyaya gəlirəm, yenidən həyata, insanlara baxmağa, onları anlamağa, onları fərqləndirməyə, onları sevməyə başlayıram. Qəribədi, mən təklikdən aldığım ləzzəti yalnız sevgidən aldığım ləzzətlə bərabər tuta bilərəm. Çünki mənim sevgim də təkdi, mənim təkliyim də. Amma təəssüf ki, həmişə təklər, tək olanlar nişangaha çevrilirlər...
   
   
   
   daha heç şansım qalmadı
   
   oynatdın sevginlə məni...
   
   guya ki, ruhum oxşadın-
   
   guya ki, sevdin də məni...
   
   
   
   bir nanə yarpağı kimi
   
   titrətdi həsrət canımı...
   
   gecələr kəsib ipimi-
   
   gözümə səpdin qanımı...
   
   
   
   ürəyə ağrılar qaldı
   
   gözə-yollara söykənmək...
   
   cavabsız qalan sualdı-
   
   mənə, sevməyi öyrənmək!..
   
   
   
   ***
   
   Kəndimizin qəribə bir mənzərəsi var idi. Ona görə qəribə deyirəm ki, bu tipli kəndlər əsasən dağlıq ərazilərdə qərar tuturdu. Çünki coğrafi baxımdan əkinə yararlı yerlər az olduğundan kənddə evlərin hamısı dağın döşündə, qayaların üstündə tikilmişdi. Təsəvvür edin ki, kəndin ayağındakı bağlardan, əkin sahələrindən evlərə tərəf, kəndin özünə tərəf aşağıdan yuxarı baxmaq lazım gəlirdi.
   
   Bax, bu qəribə mənzərəsi, qeyri-adi gözəlliyi olan kəndin bağ-bağatı, bulaqları, çayları yetərincə idi və hər kəs də bu coğrafi məkanda öz ürəyi istədiyi kimi yaşayıb dincələ bilirdi. Özü də bu kəndin meyvə ağacları son dərəcə barlı, bərəkətli və bu bar, bərəkət də son dərəcə dadlı-tamlı idi, istər alma-armudu olsun, istər qoz-fındığı, istər gilası-gilənarı və digər meyvələri. Eləcə də bostan məhsullarının da dadından doymaq olmurdu. Çünki torpaq da münbit idi, dağ çaylarının öz qoynuna qatdığı bulaq suları da...
   
   Mən bu kənddə çox böyük və mənim yaşımdan da az qala üç-dörd dəfə yaşlı olan bir ağac tanıyırdım. Bu, çox yaşlı və az qala ilan kimi on yerə qıvrılmış bir vələs ağacı idi. Hardansa gəlib düşmüşdü kəndin gilas bağlarının içərisinə. Lap sonralar öyrəndim ki, o gilas bağlarının yeri meşəlik olub və o bağı salanda fikirləşiblər ki, gilas ağacları böyüyənə kimi bu yaşlı vələsin kölgəsində dincələ bilərlər. Ona görə də o ağaca balta çalmayıblar. Amma...
   
   Bu qoca vələsin elə bir budağı və gövdəsində elə bir yer yox idi ki, orda ad yazılmamış olsun. Bəlkə də bu ağacın üzərindəki adları sıraya düzsək əməlli-başlı bir kitab ortaya qoymaq olardı. Əlinə bıçaq alan cumurdu bu ağacın üstünə. Öz adını, sevdiyi qızın adını qan-tərə bata-bata yazırdı bu ağacın gövdəsinə, budaqlarına. Hətta üst-üstə düşən adlar, pozulub yerində yenisi yazılan adlar da yetərincə idi. Mənə qəribə gələn və daha çox da düşündürən bu idi ki, xatirə dəftərinə, yaddaş kitabına çevrilən bu ağac heç kimə etiraz etmirdi, heç kimi aliboş geri qaytarmırdı. Çevrəsindəki gilas ağaclarının neçəsi qurumuş, neçəsi doğranmış, neçəsini külək yıxmış, neçəsinin əvəzinə təzəsi əkilmişdi. Amma o vələs ağacı heç gözünü də qırpmadan ağır, saytal kişilər kimi oturmuşdu oturduğu yerdə. Nə küləyə fikir verirdi, nə yağışa, nə qara, nə də budaqlarına əli bıçaqlı xatirə yazanlara...
   
   Bu ağac həm də bir görüş yeri, bir ünvan kimi də tanınırdı. Tək vələs deyəndə hamı bilirdi ki, söhbət hardan gedir, kimdən gedir, nədən gedir. Bax, o vaxtdan o təklik əzəməti mənim üçün sehrli bir aləmə çevrilmişdi. Yaşıdlarım gilas bağındakı boş meydançada futbol oynayanda mən otururdum o tək, qoca vələsin torpağın üzərinə çıxmış kötüyünün üzərində. Görünür daha yerin sonuna gedib çıxmışdı onun kötükləri. Ona görə də yavaş-yavaş yerin üzərinə qayıdırdı. Əlimlə sığallayırdım o kökləri, sinəsindəki, budaqlarındakı adları, yazıları oxuyurdum və düşünürdüm:
   
   - Bu tək vələsin rəngi, böyüklüyü nədəndi? Hardandı? Nəyə ümid bağlayır bu tək ağac?
   
   Bu suallar hər görüşümdə mənim rahatlığımı əlimdən alır, amma cavabını tapa bilmirdim. Və beləcə yavaş-yavaş mən də təklənir, mən də təkliyə könül verir, mən də təkliyə çəkilirdim.
   
   Fikirləşməyin ki, mən özümü o ağacla müqayisə edirəm. Xeyr, bu gün də onun o dözümunun, o təkliyinin səbəbini son nöqtəsinə qədər dərk etmək gücündə deyiləm. Amma hansısa bir güc, hansısa bir istək məni o ağaca bağlayıb. O ağacı mənim üçün qeyri-adi bir ünvana çevirib...
   
   Bəli, həyat nə qədər mübarizə olur-olsun, amma insanın öz daxili dünyası həyatdan daha gözəl, daha rəngarəng və daha çox da vuruşlara, mübarizələrə meydandı. Bax, o mübarizənin ən yaxşı nümunəsi də təklikdi. Mən öz təkliyimlə vuruşa-vuruşa həm yaşamağa inamımı artırıram, qoruyuram, həm də sevgimin təkliyinə təkrar-təkrar inanıram. İnsanı yaşadan da inam və bir də inamdı...
   
   
   
   Uzaq düşdüyüm yerə
   
   Sözüm də gedib çatmır...
   
   Bağlanıbdı bənd-bərə-
   
   İzim də gedib çatmır...
   
   
   
   Bir ümidin şamıyla
   
   Nur bölüşdüm hamıyla...
   
   Məst olduğum tamıyla-
   
   Üzüm də gedib çatmır...
   
   
   
   Bu görkəmim bəydimi?
   
   Atdığım ox dəydimi?
   
   Unutmuşam əyrimi-
   
   Düzüm də gedib çatmır...
   
   
   
   Ömrü yorub-yıxmağa
   
   Əbülfəti sıxmağa...
   
   Lap külünə çıxmağa-
   
   Közüm də gedib çatmır...
   
   
   
   ***
   
   Gecənin ən sakit və hər kəsdən uzaq bir məqamı və yeri... Həmin o məqamı və yeri yalnız Yaradan görür və bilir. Bax, həmin o yerdə özüm öz təkliyimlə baş-başayam, söhbət edirəm, olmuşdan-olacaqdan, geçmişdən, gələcəkdən danışıram. Dil-qəfəsə qoymadan söylədiklərimi təkliyim özünəməxsus şəkildə dinləyir. Özü də elə bir təmkinlə və elə yüksək etik bir formada mənə qulaq asır ki, bəzən çox danışdığımı hiss edib susuram. Bir az da açıq desəm, təkliyimdən utanıram...
   
   Amma hərənin bir xasiyyəti olduğu kimi, mənim də seçimim, ürəyimə yaxın buraxdığım bu təkliyimdi. Mən onunla daha rahatam, daha sərbəstəm. Söhbətimizin şirin yerində kimsə məni fikirdən ayırır, daha doğrusu, onun səsi təkliyimi qaranlığa çəkilməyə, daldalanmağa məcbur edir. Həmin səs soruşur:
   
   - Niyə dinib-danışmırsan? Sözün qurtarıb?
   
   Təəccüblə onun üzünə baxıram. İstəyirəm deyəm ki, axı mən bayaqdan danışırdım, sən də dinləyirdin. Əgər dinləməmisənsə burda mənim nə günahım var? Sözləri dilimin ucuna gətirmək istəyəndə dayanıram. Anlayıram ki, iradım haqsızdı, yersizdi. Çünki mən hamı üçün, hamıyla danışmırdım axı. Mən təkliyimlə söhbət edirdim, biz bir-birimizi dinləyirdik...
   
   Bəli, bu dünyada tək olmaq heç də faciə deyil. Bu dünyada təkliyə çəkilmək də nə xəstəlik, nə də başqalarına yuxarıdan aşağı baxmaq kimi sayıla bilməz. Bu dünyada ən böyük və mənim üçün ən faciəvi olan təkliyin anlaşılmamasıdı. Çünki təklik insanın özünə hesabatını hazırlamaqda, öz-özünü anlamaqda, öz-özünü yaşatmaqda və ən vacibi tək olan sevgisinə sədaqətdə bir güvənc yeridi, bir istinad nöqtəsidi. Bax, elə o yer də, o nöqtə də şəxsən mənim üçün dünyanın ən gözəl və ən əlçatmaz guşəsidi. Kim necə qiymət verir, versin. Təklik nə tənhalıqdı, nə yalqızlıqdı, nə kimsəsizlikdi. Təklik mənim qəbul etdiyim anlamda özünlə bütövləşməyin, özünün özünlə üz-üzə oturmağın və bir də özünün öz sevginlə nəfəs-nəfəsə olmağındı. Çünki bu təklik əbədi və yaşadandı.
   
   
   
   Sarı simə toxunacam
   
   Sətir-sətir oxunacam...
   
   Hörümçək tək boğulacam-
   
   Hördüyüm sevgi torunda...
   
   
   
   Nə əli göyə çatacaq
   
   Nə yer üzünə baxacaq...
   
   Eləcə bəxtim yatacaq-
   
   Gördüyüm sevgi torunda...
   
   
   
   Tanrım, məni bu üzlə gör
   
   Gecə, gündüz lap izlə, gör...
   
   Sahildə, ya dənizdə gör-
   
   Verdiyin sevgi torunda!..

TƏQVİM / ARXİV