SƏNSİZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
38879 | 2012-11-24 11:59
Mənə elə gəlir ki, hər bir insanın təkcə proqramlaşdırılmış, planlaşdırılmış həyatı yoxdur. Çünki o həyat əgər olarsa, onda o həyatın içərisində insanın hiss edə bilməyəcəyi nələrinsə baş verməsi mümkün deyil. Yəni planlaşdırılmış, proqramlaşdırılmış həyat yalnız o hüququn sahibi olan Tanrıdan başqa özgə bir bəndənin oraya müdaxiləsinə əl yeri qoymur. Bax, belə olan halda şəxsən mən bütün istəklərimi, butun arzularımı, bütün yaşadıqlarımı və yaşamaq istədiklərimi bir sapa düzürəm. Lap loru dildə desək, onun eskizləri əsasında canlı bir orqanizm yaradıram və baxıb görürəm ki, mənim öz daxilimdən gələnlərin diktəsi ilə yaratdığıma kənardan heç bir şey lazım deyil. Amma...

Amma həyat doğrudan-doğruya qəribədir. Lap bizim nəslin, eləcə də yaşlı nəslin yaddaşında dərin iz buraxmış Azərbaycanın populyar bir estrada qrupunun ifa etdiyi mahnıda deyildiyi kimi: "Ey həyat, sən nə qəribəsən!!!...

Bəli, məşhur "Qaya" qrupunun ifasındakı bu xüsusi vurğu indiki anda çox dəqiqliklə yerinə düşür. Çünki bizim yaşadıqlarımız, ümumiyyətlə, yaşamağa məcbur olduğumuz bu həyat doğrudan-doğruya qəribədir. Və bu qəribəliyin də çox fərqli özəllikləri var. Həmin özəlliklərdən demək olar ki, az-çox xəbərdaram. Ancaq birini xüsusi olaraq qeyd etmək istəyirəm. Çünki bu qəribə özəllik yalnız onun bəxtinə, onun taleyinə yazılıb. O qəribəliyi yalnız o yaşaya bilər. Mən əlimi ürəyimin üstünə qoyub rahatca and içə bilərəm ki, onun yaşadığı həmin o qəribə özəlliyin yükünü heç kim, hətta mən də çəkə bilmərəm. Deməli, əvvəldə dediyim planlaşdırılmış, proqramlaşdırılmış həyatın qəribəlikləri də bax, burda ortaya çıxır. Az-çox duyumu, hissiyyatı, düşüncəsi olan da bu qəribəliyin qarşısında susur, sükuta çevrilir, özü də lal sükut heykəlinə.

Mən Sona xanım Çərkəzin yazılarını çox oxumuşam, söhbətlərinə qulaq asmışam. Amma etiraf edim ki, o yazılar da, o söhbətlər də onun çöhrəsi qədər, onun gözlərindəki məna qədər mənə təsir etmir. Mən onun Azərbaycan xanımına məxsus çöhrəsini, saçlarını, baxışlarını hər dəfə görəndə həyatımın ən böyük mənalarından biri olan anamı gözümün qarşısına gətirirəm. Çünki mənim anam 1956-cı ildə sovet ordusuna xidmətə gedən qardaşının həsrəti ilə qocalıb... bir dəfə də olsun toyda qol qaldırmayıb...bir dəfə də olsun saçına hansısa bir boyanı yaxmayıb. Üstəlik, Qarabağ savaşının ilk illərində 19 yaşlı qardaşı oğlunun şəhid olmasını eşidəndə bir növ havalanıb. Onun qanlı köynəyini bağrına basıb necə fəryad qoparıbsa, indi də xatırlamağa qorxuram. Təsəvvür edin ki, 1956-cı ildən 1991-ci ilə qədər qardaşının adına and içən ana 1991-ci ildən qardaşının şəhid oğlunun adına and içir. Mən bunları yazmaya bilmirəm. Ona görə yazmaya bilmirəm ki, Sona Çərkəzin gözümün qarşısındakı çöhrəsi, onunla etdiyim söhbətlər mənə təkrar-təkrar həyatımın o dəhşətli anlarını yaşadır... Və mən yaşadıqlarımın içərisində anamın dözümünü gözümün önünə gətirib bəzən onun qadın olduğuna, qadın doğulduğuna inana bilmirəm. İnana bilmirəm ki, ana qardaş itkisini, Qarabağda şəhid olmuş, xüsusilə Xocalıda güllələnmiş 17 doğmasının ağrısını o cılız bədəni ilə necə daşıyır? Necə onu yaşayır? Sona xanımın həyat tarixçəsini öyrənəndən sonra həmin sual mənim içimdə təkrar baş qaldırdı. Bax, onda özümdən asılı olmadan qəti şəkildə qərar verdim ki, "aslanın erkəyi, dişisi olmaz" deyən müdriklər yanılmayıblar. Çünki bu dərdlərə ancaq aslanlar dözə bilər... bu yükü ancaq aslanlar çəkə bilər. Görünür, türk babalarımız da elə-belə deməyib. Onlar təsadüfdən bacılarına "qız qardaşım" deyə müraciət etməyib. Bütün bunlarda bir bağlılıq var. Bax, Sona xanım Çərkəz də əslində mənim anam kimi, eləcə də digər dərdə, kədərə, mübarizəyə çiyin verən, yük çəkən, dözüm göstərən analar kimi, xanımlar kimi bizlərin qız qardaşıdır. Yəni onlar məhz oğuldular, ərəndilər. Bu mənada mən bu gün bəzi siyasətçi, hüquq müdafiəçisi, yazar xanımlarımızın imzasının sonunda "oğul" sonluğunu görəndə nə təəccüblənmirəm, nə də ürəyimdən başqa fikirlər gəlib keçmir. Birmənalı olaraq anlayıram ki, doğrudan da cins baxımından qız və yaxud oğlan doğulmaq əsas şərt deyil. Əsas odur ki, sən istər qız, istər oğlan ol, fərqi yoxdur, dözümlü, dəyanətli və mübariz olasan. Şükürlər ki, tanıdığım, dəyər verdiyim xanımlarımızın içərisində öz yeri olan Sona Çərkəz də məhz o cür dözümlü, o cür dəyanətlidir. Onun imzasında (texniki səhvdən) "oğul" sözlərinin yazılması da məhz o vurğuladığım məqamlardan keçir...

Bəli, insan güldüyü kimi həm də ağlayır. Amma qəribədir ki, insan bəzən hər şeyə gülə bilir. Hətta onun özünə dəxli olmayan məqama da gülür, nəsnəyə də gülür. Amma ən çox ayrılığa ağlayır. Bilmirəm niyə? Bəlkə ayrılıqların sonu yoxdur ona görə? Nə bilim... Mən illər boyu içimi yeyib-tökən, didib-parçalayan o suala cavab tapmağa çalışdım. Tapdığım cavab da bir neçə misradan ibarət olan şeirə çevrildi.

niyə ağladığını

soruşmuram

niyə susduğunu da

niyə güldüyünü də

sakitcə izləyirəm

nədən küsdüyünü də

çünki

ağlamağın

susmağın

inciməyin

lap elə küsməyin də

bir səbəbi var

o da ayrılıqdı!-

dünyada ən çox

ayrılıqdan ağlayır

adamlar...

***

Bu günlərin söhbətidir. Təqvimin məlum günü qapımızı döymüşdü. Və bu məlum günü öncə biz ikimiz, sonra da övladlarımız yaddaşına həkk etmişdi. Sorğusuz-sualsız ailənin beş nəfərdən ibarət olan üzvlərinin hamısı o günün mahiyyətini, mənasını çox gözəl bilirdi və bəzən uşaqlar məni qabaqlamaq istəyirdilər. Etiraf edim ki, bu istəklərinə çatırdılar da! Çünki onların həm çılğınlığı, həm şıltaqlığı, həm də bir az səbirsiz olmaları yaşıma görə məni çox-çox qabaqlayırdı. Nə qədər istəyirdim ki, onlardan qabaq evin xanımına "ad günün mübarək!" deyim, görürdüm ki, gülümsəyir. Başa düşürdüm ki, yenə geçikmişəm, yenə uşaqlar məni qabaqlayır...

Yenə həmin təqvim, yenə həmin gün. Amma bu dəfə süfrə başında biz artıq beş nəfər deyilik. Çox qəribədi. Onların hər ikisinin ayrı-ayrılıqda yeri görünür. Özümdən asılı olmadan gözüm onları axtarır. Elə istəyirəm ki, əl-ayağıma dolaşsınlar, məni əsəbləşdirsinlər, məni hövsələdən çıxarsınlar, mənlə arxayınca zarafat etsinlər, hətta məni ittiham etsinlər!!! Amma neyləyim ki, indiki halda bu mümkün deyil. Çünki süfrə arxasında olmayan o iki nəfərin biri indi öz evindədi, öz yuvasına uçub gedib. Kaş bütün qız balalarımız öz yuvasında, öz həyatının məcrasında yaşasın. Sevincləri də, sevincdən axan göz yaşları da, duz-çörəkləri də, ailə səadətləri də özləri ilə birlikdə olsun! İnanın ki, bu, mənim ən böyük arzularımdan biridi. Millətimin, məmləkətimin bütün qızlarına bunu arzu edirəm və birmənalı şəkildə bunu Tanrımdan diləyirəm ki, hər bir qızın sevgisini və sevincini özünə nəsib et. O ki, qaldı məclisdə olmayan ikinci şəxsə...

O da öz həyatının, öz işinin-gücünün dalınca gedib. Çünki yaşının elə vaxtıdı ki, öz yolunun ipucundan tutub getməsə, onda kölgədə qalar. Kölgədə qalıb solmaq isə arzu olunan iş deyil. Tanrım bütün oğul paylarımıza öz yolunu, öz işıqlı həyatını qismət etsin! Vuruşa-vuruşa, dişi-dırnağı gücünə məqsədinə yetişsin, sabahına qovuşsun...

Bəli, süfrə arxasında üçümüz əyləşmişik...Üçümüzə də qəribə gəldi bu süfrə...Üçümüz də nə isə danışmaq, nə isə demək istəyirik. Amma nə qədər cəhd etsək də sözümüz bir axara düşmür, bir səmtə istiqamətlənmir. Elə bu vaxt mobil telefonlar dinlənir... zənglər gəlir. Bizi qoyub getmiş iki şəxsdən, iki ciyərparəmizdən gəlir bu zənglər. Zəng iki olsa da bir ünvana, bir adama tuşlanır. Az qala ikisi də eyni sözü təkrar edir... az qala ikisi də eyni arzunu dilə gətirir. Kövrəlirəm. Kövrəldiyimi gizlətmək üçün ağlıma, yaşıma uyğun gəlməyən bir bəhanə ilə süfrədən qalxıram. Təmiz havaya çıxmaq, göy üzünə baxmaq, ulduzları saymaq istəyirəm. Bacarmıram. Gözlərim göy üzünə sapıldığı zamanda hardansa içimdə bir çınqı alışır, bir od közərir, bir şam yanır və o şamın işığında şeir yazıram. Bütün sevənlərə, bütün sevdiklərimə, eləcə də sənə. İstəyirsən oxuyum:

içimdə bir şam yandı

yandır, əlin əsməsin

sən özünü inandır

ümidini kəsməsin-

sabaha...

gözlərini geniş aç

hər zərrəni görüb duy

ümid qığılcımından

bir çınqı əl yeri qoy-

sabaha...



dodağında süd tamı

yanağında qızartı

ovsunlayıb adamı

alıb apar qız, artıq-

sabaha...

***

Sevgi də, sevinc də, qəm də, kədər də dağ-daş üçün, ağac üçün, ot-ələf üçün deyil. Bəlkə də Tanrı onlara da özlərinin dilini anladıqları sevgini, sevinci, kədəri, qəmi bağışlayıb. Amma mən bir ona əminəm ki, dünyanın heç bir yerində, dünyanın heç bir ədəbiyyatında Füzulinin Məcnun və Leylisi sevdalı, yanğılı, sevincli, kədərli ikinci insan övladı olmayıb. Kimsə etiraz edə bilər, Qərb ədəbiyyatından nümunələr gətirə bilər. Hətta bizim Əslinin oduna yanan Kərəmi də gözümə soxa bilər. Donuz otarmağı qəbul etmiş Sənanı da ortaya çıxarar. Amma bunların heç biri nə Leyli deyil, nə də Məcnun!..

Mən özümü bir çox məqamlarda xoşbəxt sayıram. Xüsusilə dərdimin, kədərimin çəkisi ilə mən daxilən çox rahatam. Düşünürəm ki, bu mənə Allah payıdır. Buna da min şükür. Elə şükür edə-edə də yazıram:

hazır sənə sübutlu

qəm var çəkənələr üçün

ürəyimdə qəmlərə

saray tikənlər üçün.



boyu, çəkisi, gözü

bütün ölçüləri tam

bu qəm elə gözəldir

sözsüz vurulur adam!..



dil də anlayır, inan

naza da dözür hətta

bu qəmin bərabəri

hələ yoxdu həyatda!



hazır sənə sübutlu

qəm var reklamdan qaçır

gör necə bəxtəvərəm

qəm könlümdə gül açır!..

Bəli, yazının mövzusu bir az qarmaqarışıq oldu. Amma çalışdım ki, ürəyimin, duyğularımın pıçıltılarını, düşündüklərimi, gördüklərimi, yaşadıqlarımı bir masa ətrafına yığım. Alındı-alınmadı onu deyə bilmərəm.

Əbülfət MƏDƏTOĞ[email protected]

TƏQVİM / ARXİV