adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

UŞAQLARIN SÖZü, BÖYüKLƏRiN GÖZü iLƏ

OQTAY SALAMOV
32700 | 2010-11-13 04:48
Vaxtilə bu başlığın əksi olan bir rubrika vardı- "Böyüklərin sözü ilə, uşaqların gözü ilə". Orada böyüklərin sözlərini uşaqların necə başa düşəcəyi şəkillərlə, bəzəmələrlə göstərilirdi. Məsələn, böyüklərin "Ağzın isti yerdədir" sözünü uşaqlar adamın dodaqdlarını sobaya yapışıq şəkildə başa düşürdülər. Maşallah, indinin uşaqları elə şeylər bilirlər ki, böyüklər onları öyrənmək üçün filan qədər xərc çəkməlidir. Odey, mən skiter sözünün mənasını öyrənmək üçün neçə ensiklopediyaya baxdım, tapa bilmədim, axırda internet dadıma çatdı. Kompüterim, internetim olmasaydı haradan biləcəkdim. Deməli, onlara xərclənən pullar hədər getməyib. Amma uşaqlar skiterin paketini, listini, rulonunu, qutusunu bilirlər, riyaziyyat kitabında məsələlərin yarısı buna aiddi.
   
    Telefonda bir dostuma lətifə danışırdım: Məktəbə yeni gəlmiş riyaziyyat müəllimi üçüncü sinif şahirdlərinə məsələ verir: Bir təyyarə saatda 900 kilometr sürətlə Bakıdan İstanbula , o biri təyyarə saatda 850 kilometr sürətlə Moskvadan Bakıya uçur. Mənim neçə yaşım var?
   
   Uşaqlardan biri yerindən cavab verir:
   
   - 24!
   
   Müəllim təəccüblənir:
   
   -Necə bildin?
   
   Uşaq izah eləyir:
   
   -Müəllim, həyətimizdə bir xəstə uşaq var, ağlına nə gəldi danışır. Ona yarım gicbəsər deyirlər. Uşağın 12 yaşı var. Deməli siz ondan iki dəfə böyüksünüz. Yəni tam ...
   
   Dostum çox könülsüz gülüb dedi ki, sənin üçüncü sinif üçün riyaziyyat kitabındakı məsələ-tapşırıqlardan xəbərin var? Evdə o yaşda uşaqdan-nəvədən olmadığı üçün qonşunun uşaqlarını yada saldım. Orada biri vardı, rus məktəbində oxuyurdu. Bir dəfə hansısa məsələyə kömək eləyəndə kitabını görmüşdüm. Oradakı məsələlərin əksəriyyəti kosmosdan, neytron, proltondan, robot-filandan idi. Dostumun sözündən sonra öz dilimizdə olana da baxdım. Əvvəllər tərcümə olurdu axı. Amma, maşallah, indi tərtibçilər də özümüzdəndi, misallar da. Məsələ-misalın bir yarısı yuxarıda dediyim o skiterlərdəndi, qalanı da dükan-bazardan, qoyun-quzudan. Özü də, belə adam dili ilə başa salırlar. Amma dıqqılıca bir problem yaranır. Məsələlərin yarısını qan-tər içində birtəhər həll eləyirsən ki, uşağın yanında biabır olmayasan, amma elə sullar doğur ki, qalırsan mat-məətəl. Tənbəllik eləməyib kitabı tanışların birindən aldım və cəmi ilk 36 səhifəsindəki məsələ-misalla tanış oldum. Vaxtınız varsa, təəssüratımı bölüşüm və bilmədiyim yerlərini sizdən soruşum.
   
   Məsələlərdən biri belədi: 8 kq qənd üçün alıcı 16 manat ödədi. 1 kq qənd neçəyədir? Əvvəl 16-nı 8-ə böldüm və birtəhər 2 alındı. Sonra dükançı Müslümə zəng vurub soruşdum ki, qəndin kilosu neçəyədi? Dedi bu gunki qiymətlə 1 manat 10 qəpik. Ay balam, bu uşaqları qiymət qalxacağına hazırlayırsınız? Niyə dəlinin yadına daş salırsınız, hə?
   
   Hirslənib başqa məsələlərə də baxıram: Mağaza telefon aparatlarını 28 manata alıb 35 manata satır. Əşi, gedin özünüzü dolayın, yəni cəmi üstünə 7 manat qoyur? Haradadı o mağaza, gedək optom telefon alaq!
   
   Başqa biri: Sənəmin ad günü qonaqlığı üçün 12 qutu albalı şirəsi və hər birində 8 qutu olmaqla 4 yeşik alma şirəsi alındı... Nədi, toy eləyirsiniz? Sonra gəl öz uşağının ad günündə bunlardan 1-cə dənə az al, gör evdə nə hay-həşir düşür. 44 qutu şirə ilə bir mənəmdeyən toyu yola vermək olar, elədi? Hələ gəl uşağı başa sal ki, yeşik böyük qutudu, burada deyilən qutu da "paçka"dı...
   
   Deyir, Həmidə evlərindəki kitabları qruplaşdırdı və hər rəfə 9 kitab yığdı. Sonra soruşur ki, neçə rəf lazımdı. Verilənləri zıqqan-zıqqana hesablayıb görürsən ki, 30 rəf lazımdı. Uşağı başa sala bilmirsən ki, iki otaqlı mənzildə 30 rəf qoysan, gərək elə rəfdə də yatasan. Uşaq da qayıdır ki, gəl onda kitabları sataq, yaxşı pula gedər, onsuz da cildləri oboyumuzun rənginə uyğun deyil...
   
   Təzə razqon ötürmüşəm, qoyun bir-ikisini də deyim: Məsələdə deyilir ki, Nəsib dayı yeni əkdiyi ağacı hər 5 gündən bir suvarır, 10 gündən bir dibini yumşaldır. Sentyabrda o ağacı neçə dəfə suvardı və dibini yumşaltdı? Uşaqlar nə deyəcək bilmirəm, amma qonşum Məmmədağa dedi ki, çürüdəcək ağacı, o qədər su tökər, dib yumşaldarlar?...
   
   Deyir , Elvin ağacdan 9 alma dərdi, Çingiz ondan 4 dəfə çox. Birlikdə neçə alma dərdilər? Birlikdə heç neçə, əgər Çingiz 36 alma dəribsə, Elvin niyə "saçkovat"lıq eləyir, uşağı belə tənbəl öyrədərlər?...
   
   Liftə eyni vaxtda 4 nəfər minə bilər. Lift 11 nəfəri 9-cu mərtəbəyə neçə dəfəyə qaldıra bilər? O rus məktəbində oxuyan uşaq dedi ki, bizim blokda lift işləmir. Mən də öz məktəbimizdə oxuyan uşağı başa sala bilmədim ki, 5-ci mərtəbəyə qalxırsansa, liftə bir dəfə 4, o biri dəfə 7 adam minə bilməz. Deyir, minir axı.
   
   8 nəfərlik mikroavtobus 39 şagirdi stadiona aparmaq üçün neçə reys etməlidir? Nədi, böyük avtobus tuta bilmirlər? Kiminsə qabağa düşən balası stadionda istədiyi qədər oynamalıdı ki, mənim əfəlim 5-ci reysdə gəlib stadionu görüb qayıtsın? Heç Nəqliyyat Departament idə icazə verməz cıqqılı bir avtobus yolda probka yaratsın...
   
   Deyir, avtomobil salonunda oktyabr ayında 30, noyabr ayında isə bundan 5 dəfə az avtomobil satıldı. Tay deynən yazıq salon müdiri bankrot oldu ki. Bunun bir ətək arendası, işıqpulu, pojarnısı, sanepidi, uçastkovusu, vergi idarəsi, dinməveri var... Yox bala, belə sitatla məsələlrə girişməyin...
   
   Qadasın aldığım riyaziyyat kitabı döyül ey, reklam lövhəsidir. Birinci bölmədən ikinciyə keçid elə qəşəng mebel, zal, salon şəkilləri ilə ayrılıb ki... Heç əsl reklamdakı kimi, səhifənin aşağısında rəqəmləri də yazılmayıb. Amma uşaqlar daha böyükdülər, bilirlər ki, 29-dan sonra 32 gəlmir, prosto, reklama səhifə yazmazlar...
   
   Urrra! 32-ci səhifədə şəkillərini görüb skiteri əyani tanıdım. Bizim vaxtın nakleykası imiş. Məsələdə deyilir ki, Aybəniz filan qədər, Emin filan qədər aldı. Hesablayanda görürsən ki, burada da varlı-kasıb özünü göstərir. Aybəniz 100 dənə alıb, Emin 1000 dənə. Varlığa nə darlıq, qoy uşaqlar balacalıqdan bilsinlər ki, kimin neçə stiker almağa ixtiyarı var...
   
   Elçin idman məşğələləri zamanı bazar ertəsi 90 dəfə, çərşənbə axşamı 110, çərşənbə günü 130 dəfə oturub-durdu. Bu minvalla Elçin şənbə günü neçə dəfə oturub-duracaq? Yaxşı ki, gələn ayın bu vaxtını soruşmurlar, onda otursa daha durmayacaq...
   
   Bir məsələdə soruşulur ki, ayda 10 manat qənaət etməklə 100 manatı neçə aya toplamaq olar? Başqa bir məsələdə də soruşulur ki, Aybəniz xanım 24 manata çanta, 47 manata ayaqqabı aldı. Bütün bunlar üçün 100 manat verdi. Kassir ona nə qədər pul qaytarmalıdı? Məmmədağa o dəqiqə cavabını tapdı: 3 ayın qənaətindən 1 manat əskik...
   
   Çox yormayım sizi, Məmmədağanın bir orijinal cavabını da söyləyim, görəsiniz ki, uşaqların sözü böyüklərin gözü ilə necə görünür. Deyir, mən bütün rəqəmləri eyni olan üçrəqəmli ədədəm. Onluqlara qədər yuvarlaqlaşsam 670 olaram. Mən neçəyəm? Məmmədağa o saniyə dedi ki, sən İblissən, 666-san! Düz sözə nə deyəsən... Öyrənin balalar, balacalıqdan alveri, "saçkovat"lıq eləməyi, bankrotun nə olduğunu öyrənin. Məntiqə o qədər də fikir verməyin, böyüyəndə özü gələcək. Gəlsə...
   
   Bunun davamı olacaq ey...

TƏQVİM / ARXİV