BİRCƏ AT ƏTİMİZ ÇATIŞMIRDI...

FAİQ QİSMƏTOĞLU
60766 | 2015-04-21 08:37
Biz "Ədalət" qəzeti olaraq həmişə qeyri-qanuni və eləcə də mənşəyi bəlli olmayan ət satışı ilə bağlı həyəcan təbili çalmışıq. Həyəcan təbili çalmışıq ki, rayonlardan Bakıya müəyyən adamlar mənşəyi bilinməyən ət gətirir və onu bazarlara ötürürlər. Çünki bu barədə dəfələrlə hüquq-mühafizə orqanları həm "28 May" metrosunun yaxınlığındakı bazarda, həm də Keşlə bazarında faktlar aşkarlayıblar. Təbii ki, bu faktların aşkarlanması bir çox işbazların iç üzünün açılmasına şərait yaradıb.
Belə düşünmək olardı ki, əyri yollarla qaz vurub qazan doldurmaq istəyən bəzi işbazlar bu yoldan çəkinəcək və halal yol tutacaqlar. Ancaq ataların bir məsəli var: "Sən saydığını say, gör fələk nə sayır". Qəribə də olsa bildiririk ki, bu gün də həm rayonlarda, həm də Bakı şəhərində bu cür qeyri-qanuni ət satışları mövcuddur. Özü də utanıb-qızarmadan bu adamlar öz əməllərinə haqq qazandırır və bəzən də çətin vəziyyətdən çıxmaq üçün bu addımı atdıqlarını bildirirlər.
Bu yaxınlarda isə Kürdəmir rayonunun Xınıslı kəndində rayon polis şöbəsinin əməkdaşları və prokurorluq tərəfindən kənd sakini Anar Bağırovun at ətini satışa çıxarmaq istəməsi faktı aşkarlanıb. Belə ki, Anar Bağırov həyətyanı sahədə iki atı kəsərək Bakıya aparmaq istəyibmiş. Əlbəttə, bu cür addımların atılması çox narahatedici bir faktdır. Ətin çəkisi isə 150 kiloqram olub. Anar Bağırov bildirir ki, mən ona görə at ətini satmaq istəyirdim ki, qara ciyər serrozuyam və alacağım pulu dava-dərmana verəcəkdim.
Nə qədər gülməli olsa da bir o qədər bu hadisə ağlamalıdır. Ən azından ona görə ki, öz əməlinə haqq qazandırmaq istəyən Anar Bağırov vəziyyətdən çıxmaq üçün bütün yollara ət atıb. Bu da onu göstərir ki, Anar Bağırovun at ətini satışa çıxarmaq sahəsində xeyli təcrübəsi var. Çünki heç vaxt birdən-birə iki atı kəsib bazara çıxarmaq fikrinə düşmək olmaz. Belə ki, Anar Bağırov bu işi ilə bir daha təsdiqləyir ki, o, əvvəllər də belə əlləm-qələm işlərlə məşğul olub. Yoxsa birdən-birə günün-günorta çağı atı kəsib Bakıya aparmaq fikrində olmazdı.
İndi qayıdaq bu cür mənşəyi məlum olmayan ətlərin bazarlara çıxarılmasına. Heç kimə sirr deyil ki, əhalinin böyük əksəriyyəti bazarlardan ət almağa ehtiyat edirlər. Düz də eləyirlər, çünki heç kim deyə bilməz ki, bazarlarda satılan ətin hamısı iribuynuzlu və xırdabuynuzlu heyvanların ətidir. Çünki bir çox halda bazarlara mənşəyi bilinməyən ətlər də çıxarılır. Alıcılar da təbii ki, at əti ilə qara malın ətini heç vaxt asanlıqla aydınlaşdıra bilmirlər. Məhz bundan da istifadə edən işbazlar öz istədikləri kimi bazarlarda at oynadırlar.
Bir çoxlarınız deyə bilərsiniz ki, balam, bazarlara baytar həkimləri nəzarət eləyir. Hətta səhər saatlarında ətdən nümunə götürüb laboratoriyada analiz edilir və bundan sonra möhür vuraraq ətin satışına icazə verilir. Çoxları onu da yaxşı bilir ki, bazarlarda fəaliyyət göstərən bəzi baytarlar bu möhür məsələsini də formal surətdə vururlar. Yəni onlar bilirlər ki, əti bazara gətirən və satan kimdir. Başqa sözlə demiş olsaq, əl-əli yuyur, əl də üzü.
İndi gəlin başqa bir məsələnin üzərinə işıq salaq. Axı, son vaxtlar Bakı şəhər Baytarlıq İdarəsi belə bir fikri ortaya atıb ki, Bakıda ət köşklərində kəsim yığışdırılsın və hər şey mərkəzləşdirilsin. Təbii ki, ötən yazılarımızda da bu barədə söhbət açmışdıq. Baytarların fikirləri heç də alıcıları razı salmır. Ən azından ona görə ki, camaat gözü ilə görmədiyi heyvanın ətini almaq istəmir. Elə ki insanlar görür iribuynuzlu və xırdabuynuzlu heyvanlar kəsilir, bax onda o əti çox həvəslə alır. Ancaq görmədiyi ətə isə adamlar yaxın durmaq istəmirlər. Düz də edirlər. Çünki bilmirsən o ət nə ətidir.
Hər halda, gəlin onunla razılaşaq ki, yuxarıda sadaladığımız faktın mövcudluğu alıcıları daha diqqətli və həssas olmağa sövq edir. Yəni alıcı tanımadığı adamdan heç vaxt ət almalı deyil. Hətta qəssablardan biri bildirir ki, bəziləri səhər-səhər dana kəssə də, sonradan o ətin arasına mənşəyi bilinməyən ətlər də qoyub satırlar. Deməli, hər şey ət satanın insafına qalır.
Aydındır ki, hər alıcının da ət satışından başı çıxmır. Yəni o bilmir ki, satılan nə ətidir. Ona görə də bazarlarda, eləcə də ət köşklərində ət satışına xüsusi nəzarət olunmalıdır. Amma görünür, bu nəzarət hələ də yetərincə deyil. Düzdür, belə baxanda nəzarət var, amma elə ki baytar həkimlərin boğazını yaşlayırsan, onlar da hər şeyə göz yumur və nəticədə zərbə insanlara dəyir. Təbii ki, bu zərbənin qarşısı tezliklə alınsa, bazarlara mənşəyi bilinməyən ətlər də daxil ola bilməz.



TƏQVİM / ARXİV