adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YOXA ÇƏKİLƏN ADAMLAR...

BABƏK YUSİFOĞLU
47187 | 2015-04-21 08:15
Allah insan oğluna bəxş etdiyi ağlın, düşüncənin vasitəsiylə çox sirlərin üzərinə işıq salıb, məhz şüurun köməyi sayəsində çox şeyləri aydınlığa çıxararaq onların mahiyyətini anladıb, həyat üçün kəşfləri, elmi tapıntıları bu yolda vəsilə edib. İndi artıq kimsə Yerin yumruluğuna, planetlərin Günəşin ətrafına fırlandığına, birləşmiş qablarda mayenin səviyyəsinin eyni olduğuna... şübhə ilə yanaşmır. 

Elmin, texnologiyanın belə sürətli inkişafını, aşılmazları aşa bilmək imkanlarını müşahidə etdikcə bəzən adama elə gəlir ki, daha sirr olaraq heç nə qalmadı, qala da bilməz. Lakin bir qədər də məntiqlə düşünərkən başqa gerçəkləri də xatırlamaya bilmirsən. Çox qəribədi, Xeopsun Pramidası, Semiramida asma bağları, Efesdə Artemida Məbədi... və digər ünvanlar bizim eradan əvvəlki dövrə aid olsalar da 21 əsrin ağlı, elmi onların sirrini aça bilmədiyi üçün insanın bunlara möcüzə adı verməkdən başqa çarəsi qalmadı. Yəqin ki, beləcə Uca Yaradan ən sadə vasitələrlə insan oğluna xatırladır ki, Sonsuz Qüdrət yalnız və yalnız O-nun özüdür. 

Əlbəttə, möcüzələr çoxdu, amma bütün bunlardan kənarda zaman-zaman baş verən elə hadisələr də var ki, onların da üzərindən sirr pərdəsini qaldırmaq mümkün deyil. Hətta real bir nəticəyə gəlmək naminə məntiqli ehtimallar belə irəli sürmək müşkülə çevrilirg Doğrudanmı Ayın, Marsın üzərinə enməyi bacaran elm, okeanların dibinə enən zəka ən sadə görünən olayları da möcüzələr sırasına aid etməlidir?.. 

Onlardan yalnız birini xatırlayaq: "Meri Selest" ("Mari Celeste") gəmisindəki bütün insanların, gəmi heyətinin hara qeyb olmuşdu? Uzun illər aparılan müxtəlifcür təhqiqatlar niyə bir nəticə vermədi? 

Maraqlıdı, deyimi?.. 

(Əvvəli qəzetin 14 aprel sayında)

                              KOMİSSİYA  NİYƏ  BİR  NƏTİCƏYƏ  GƏLƏ  BİLMƏDİ?

Belə bir versiyadan da söz açılırdı ki, məlum olmayan hansısa təhlükəli hadisə üzündən gəmidəkilər qayığa minərək gediblər. Sonra da açıq dənizdə baş vermiş qəza üzündən hamısı dənizin dibinə gömülmüşlər. Bu, inandırıcı ola bilərdimi? Halbuki günlərlə sular üzərində sağ-salamat duruş gətirən gəmidə naməlum təhlükəni qarşılamaq daha inamlı ola bilərdi. Və Briqqs kimi olduqca təcrübəli bir kapitanın bunu nəzərə almaması mümkün deyildi...

Yox, əgər bilinməyən məcburiyyətlərdən söhbət gedirdisə, onda da başqa bir məntiqi sual özünə cavab tələb edir. Qayıqdan istifadə edənlərin ölüsü və ya dirisi haqqında niyə 140 ildir bir məlumat üzə çıxmayıb? O bölgədə üzən gəmilərin fəaliyyətinə, mövcud limanların vəziyyətinə, dənizçilərin xəbərləşmə imkanlarına və digər nədənlərə rəğmən bu mümkün deyildi. Çünki hamı boğulmuş olsaydı dəniz heç olmasa meyitlərdən hansınasa, əşyalardan nəyisə sahilə atmalıydı və hadisənin bu və ya digər formada yayılması labüdləşəcəkdi. 

Özü də bort jurnalındakı sonuncu qeydlərdən belə məlum olurdu ki, hadisə ilə gəminin tapılması arasında 10 gündən də çox bir zaman keçmişdir. Belə ki, ən sonuncu 24 noyabr 1872-ci ilə aid "Meri Selest"nin koordinatlarında 36°57? şim. en. və 27°20? qərb dairəsi göstərilirdi.

Maraqlıdır, bort-jurnalında qeydlər koyut-kompaniyada qaralama-qeydlər lövhəsindəki yazılardan bir gün sonraya, yəni 25 noyabra aid idi və orada yazılmışdı ki, gəmi Azor adalarından, Santa-Mariyadan 6 mil cənubi-qərbdə hərəkət edir. Görəsən bu qeydlər niyə bort-jurnala vaxtında köçürülməmişdi? 
Gəmiyə ilk baxış keçirən kapitan Devid Morhauz və baş verənləri araşdırmaq üçün bir qədər sonra yaradılmış admirallar-komissiyası konkret bir qənaətə gələ bilmədi. Əldə edilən bütün faktlar, detallar ən optimal variantları belə rədd edirdi. 

                                        SAXTAKARLIQ  VERSİYALARI...

Hətta bütün bunların kapitan Devid Morhauzun şəxsi məqsədləri üçün işlədiyi fırıldaq olduğunu, Briqqsin özünün eləcə də maraqlı şəxslərin sığorta pullarını ələ keçirilməkdən ötrü edildiyini deyənlərin də iddiaları az sonra boşa çıxdı. Çünki bu versiyalar kapitan Benjamin Briqqsin də iştirakını qəti labüd edirdi və mövcud mənzərəyə rəğmən bunların başverməsi doğru deyildi. Briqqs kiçik yaşlı oğlunu taleyin hökmünə buraxıb necə belə bir işə qol qoya bilərdi? Axı, Artur doğrudan da həmin hadisədən sonra tək-tənha qaldı. Belə bir şeyi planlaşdıran Briqqs həmin səyahətə iki yaşlı Sofiya Matildayla bərabər 7 yaşlı oğlunu da özüylə götürməzdimi? Əlbəttə...

Vəziyyət artıq elə bir müəmmalı həddə çatmışdı ki, reallıqlar arxa plana keçmiş, ən müxtəlif əfsanələrin, mistik söhbətlərin vüsət almasına yol açmışdı. Söylənirdi ki, okeanların nəhəng "asminoku" gəmiyə hücum çəkmiş, insanları yemişdir. Hər kəsin sirli dəniz əjdahası tərəfindən udulduğu da nağıllar sırasındaydı. 

Elm adamlarının bəziləri "Bermud üçbucağı", digər qismi isə kosmosdan qaynaqlanan güclü ultrasəs dalğalarının gəmi heyətini məhv etdiyini ehtimal edirdilər. Çünki belə təsadüflər baş vermişdi. Amma onda da alimlər yaranan bir suala cavab tapa bilmirdilər: elə isə məhv olanların cəsədləri hara yox olmuşdu?..

Sirr açılmırdı. Həmin vaxt bir çoxları inanırdı ki, bu hadisənin açarı zamanla tapılacaq. Lakin nə peşəkarlardan təşkil edilmiş rəsmi araşdırıcıların, nə bu işin öhdəsindənn gələ biiləcəklərinə əmin olan fərdi təhqiqatçıların, nə də ümid bağlanan zamanın bu müəmmalı hadisənin üzərinə işıq salmağa gücü çatmadı. Sağ-salamat, heç bir bədbəxt hadisənin baş vermədiyi, hər hansı cinayətin izləri görünməyən, çox təcrübəli bir kapitanın başçılıq etdiyi bir gəminin heyəti izsiz-tozsuz yoxa çıxdı...

Rəsmi sənədlərdə onların adı belə göstərilirdi: Benjamin Spuner Briqqs - kapitan, ABŞ vətəndaşı, 37 yaşında; Albert Riçardson - kapitan köməkçisi, ABŞ vətəndaşı, 28 yaşında; Endryu Cillinq - kapitanın II köməkçisi, ABŞ vətəndaşı, 25 yaşında; Edvard Hed - ABŞ vətəndaşı, aşpaz, 23 yaşında; Volkert Lorenson - motros, Almaniya, 29 yaşında; Arian Martenes - motros, Almaniya, 35 yaşında; Boy Lorenson - motros, 23 yaşında; Qotllib Qondeşall - motros, Almaniya, 23 yaşında; Sara Elizabet Briqqs - kapitanın arvadı, sərnişin, ABŞ, 31 yaşında; Sofiya Matilda - kapitanın qızı, sərnişin, ABŞ, 2 yaşında... 

                   YARADICI  İNSANLARIN  DA  KƏNARDA  QALMADILAR

Bu hadisə o qədər populyarlaşmışdı ki, bir müddətdən sonra bəzi şəxslər öz məqsədləri üçün yalançı iddialarla çıxış etməyə başladılar. "Meri Selest" gəmisindən xilas olduğunu idia edənlər cürbəcür əfsanələr uydurur, qəhrəmanlıqlarından bəhs edirdilər. Hətta kapitan Briqqsin qohumlarından da elələri tapıldı ki, bu məşhur hadisənin yalançı şərhçisinə çevrildiilər. Müxtəlif cür faktlardan söz açırdılar. 
Yeri gəlmişkən, bu sirli hadisə yazıçıların, yaradıcı insanların da diqqətini özünə cəlb etdi. Belə ki, Konan Doyl, Stiven Kinq, Rocer Jelyazn, Aleksandr Qrin, Ayris Merdok, Terri Pratçetta və digər məşhur yazıçılar məhz bu mövzuda əsərlər yazdılar. Hətta çox sonralar bu haqda bədii filmlər belə çəkildi. Xalq isə "Meri Selest"idən nağıllar yaradıb sonrakı nəsillərə danışırdılar...

Gəmiylə bağlı maraqlı bir detal da uzun müddət diqqət mərkəzində qaldı. 1862-ci ildə Yeni Şotlandiyada (Kanadadanın şərqində vilayət) məşhur gəmi ustası Coşua Devis tərəfindən hazırlanan "Meri Selest" (əvvəlki adı "Amazon") həmin hadisədən sonra uzun müddət, təxminən 15 il başqaları tərəfindən istifadə edildi, lakin 1885-ci ildə Qaitiyə yaxın sularda qayalıqlara çarpılaraq batdı. 

                                                             BƏS  MÜƏMMA?..

Bəli, "Meri Selest"nin heyəti yoxa çıxdı, amma özündən sonra 140 ildi açılmayan bir sirr buraxdı. Elə bir sirr ki, ən optimal ehtimalları belə inkar edir. 
Doğrudan da bu adamlar necə, hara yox olmuşdular???


BABƏK YUSİFOĞLU
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV