SEçiLƏN

ƏBÜLFƏT MƏDƏTOĞLU
33770 | 2010-11-06 05:54
Sanlı dəqiqələr, sanlı məqamlar qalıb. Siz bu yazını oxuyanda artıq məmləkət seçki üstündə köklənmiş olacaq. Çünki ölkənin indi birinci problemi 7 noyabr tarixini uğurla, necə deyərlər, səssiz-səmirsiz, normal işgüzar şəraitdə anlaşma ilə yola verməkdi. Təbii ki, bu elə-belə olan iş deyil. O mənada ki, iş olan yerdə nöqsan, iş olan yerdə problem, çətinlik qaçılmazdı. Hə, bir də atalar deyib ki, "milçək heç nədi, amma urək bulandırır". Bax, bu məna da hansısa bir milçək, hansısa bir əqrəb ürək də bulandırır, qan da qaraldır, dilxorçuluq da salır. Əqrəb demişkən...
   
   Orta məktəbdə oxuyanda səhv etmirəmsə zoologiya müəllimimiz bizə həşəratlardan danışanda, onların bəzilərinin yeməli olduğunu, bir az konkret desəm, bəzi ölkələrdə qida olduğunu da söyləmişdi. İnanın ki, bütün sinfimiz onda az qala ürəkbulanması keçirdi. Sonra həqiqətən televiziyada bizdən çox-çox uzaq məmləkətlərdə ilan, qurbağa, tısbağa, əqrəb yeyənləri görəndə o məmləkətin adamları da mənə həmin təsiri bağışladılar. İndi seçkiyə gələn müşahidəçilərin içərisində əqrəb yeyənlər də var. Sözüm xətirlərinə dəyməsin, özləri yeyirlər, biz də baxıb, görüb yadımızda saxlayırıq...
   
   Hə, deməli, seçkinin son məqamı, yəni bülletenlərin seçki qutularına doğru gedəcəyi ana sayılı zaman kəsiyi qalıbdı. İndi hamı əli ürəyinin üstündə seçkinin başlanmasını və bülletenlərin sayılmasını gözləyir. Belə məqamda hardansa ağlıma, ötən seçkidə qarşılaşdığım bir məqam düşdü. Onda Binəqədidə səs verirdim. Tanıdığım bir nəfər səs verib məntəqədən kənarda ətrafındakıları yığmışdı başına maraqlı söhbət edirdi, keçmişdən, gələcəkdən danışırdı. Məni görəndə sözünü yarımçıq qoyub dəstədən aralandı və qoluma girib bir kənara çəkdi. Zorla eşidəcəyim bir səslə soruşdu:
   
   - Müəllim, sirr deyilsə, kimə səs verdin?
   
   Mən namizədliyini müdafiə etdiyim və sonra da həqiqətən millət vəkili olan şəxsin adını çəkdim. Həmin o köhnə tanış bir az da mənə tərəf əyilib soruşdu:
   
   - Bəs o birisi "bərk gedən" namizədə səs vermədin?
   
   - Xeyr.
   
   -Əşi, səs verəydin, beş-üç manatını alaydın da?
   
   Onun üzünə necə təəccüblə baxdımsa, o bir az çaşmış kimi dedi:
   
   - Əşi, mən də ona səs vermədim e, amma adamlarına dedim ki, narahat olmayın, sizin namizədə səs vermişəm. Kim idi gəlib pərdənin arxasında məni güdən? Dedim səs vermişəm, aldım qoydum cibimə. Amma düzünə qalsa, mən də sənin seçdiyin kişiyə səs verdim...
   
   Doğrusu onun dediklərinin nə qədər həqiqət olduğunu heç nə ilə sübut edə bilmərəm. Amma dəqiq bildiyim bir şey var ki, adamlar bəzən "üz üzdən utanır" və yaxud da "üzdən keçmək olmur" prinsipi ilə bütün namizədlərin nümayəndələrini arxayın edirlər ki, səsim sizindir. Lakin pərdə arxasında tamam fərqli qərar qəbul edirlər. Görünür elə seçim sözü burdan yaranır, düz pərdənin arxasında... Bülletenlə qələm sənin əlində olanda... Vicdanınla tək qalanda...
   
   Bəli, indi günün axırına doğru gedirik və sabah mütləq bir anlıq da olsa vicdanımızla tək qalacağıq. Heç olmasa onda özümüz olaq, vicdanımızın səsinə qulaq asaq, ürəyimizin və ağlımızın birgə qərarına səs verək!..
   
   
   
   ***
   
   Deməli, universitetdə təhsil aldığım illərdə münasibətim olan bir yoldaş günlərin birində özü də gözləmədiyim halda dedi ki, gəl bir az dərdləşək. Doğrusu, bu ifadəni, bu müraciəti anlamadım. Çünki arxada qalan iki il ərzində mən ondan nə belə münasibət, nə belə söz eşitməmişdim. Ona görə də sözünü çevirmədən sakitcə onunla bərabər Sahilə düşdük. Bir az gəzişdik, qağayılara, gələnə-gedənə tamaşa etdik. O siqareti siqaretə calamışdı, birini o birinin közünə yandırırdı. Axır ki, səbrimi basa bilmədim:
   
   - Hə, nə oldu, dillən görək nə baş verir?
   
   Çox dərindən bir ah çəkdi. Və bu günkü kimi yadımdadı. Hətta o səsi də elə bil indi eşidirəm:
   
   - Qərara gələ bilmirəm, seçmək yaman çətindi...
   
   Bu sözlər məni əməlli-başlı öz ağuşuna aldı. Maraqla onun daha nə deyəcəyini gözləməyə başladım...
   
   - Biz iki dost idik. Elə indi də dostuq. Oğlanı sən də tanıyırsan, bizim universitetdə oxuyur. Orta məktəbdə bir oxumuşuq. O qız da bizlə oxuyurdu. Bir-birimizdən xəbərsiz ikimiz bir qızı sevirdik. Sən demə qız bizimlə əylənirmiş. Seçim etməyə vaxt qazanırmış. Günlərin birində mənimlə görüşə gələndə qərarını açıqladı. Bildirdi ki, məni yox, onu sevir. Sadəcə qəlbimə dəyəməmək üçün mənimlə görüşürmüş. Bu etiraf məni əməlli-başlı silkələdi. Qızdan, özümdən çox oğlanın yanında xəcalət çəkdim. Düşündüm ki, dostum məni yəqin ki, qınayacaq. Amma qız heç nə olmamış kimi çox sakit bir şəkildə "onun bizim görüşməyimizdən xəbəri yoxdu" - dedi. Bü, təsəlli oldu mənim üçün. Orta məktəbdən sonra ailə qurdular. Mən də onların toyunda iştirak etdim. Ürəyimdə hər şeyi öldürsəm də, həqiqətən onların xoşbəxtliyini istəyirdim. Sən demə, onlar seçimi düzgün etməyiblərmiş. Cəmi ikicə il birlikdə yaşadılar. Heç iki il də tamam olmadı. Ayrıldılar. İndi həmin o qız tez-tez mənə zəng vurur, məktub yazır, yanıldığını, peşman olduğunu etiraf edir. Doğrusu, bu etiraflar ürəyimdəki o köhnə hissləri ayağa qaldırıb. Ancaq yenə də dostum gəlib dayanır gözlərimin qarşısında, seçim edə bilmirəm. Ona görə də səninlə dərdləşmək istədim.
   
   Şəxsən mən nə onda, nə də indi ona hansısa bir məsləhət verməyə hazır olmamışam. Çünki bu seçim həyat məsələsidi. Orda ürəyin və ağlın səsinə qulaq asmaq lazımdı. Elə mən onda da, indi də ürəyin və ağlın səsinin adamın əlindən tutub böyük dünyaya inamın, güvəncin hakim olduğu yerə apardığına özüm qədər inanmışam. Deməli, seçim etmək çox çətindi, özü də o kəslər üçün ki, ürəklə ağıl bir-birindən ya uzaq düşüb, ya da bir-birini eşitmir. Eşitsə, seçim ədalətli olar...
   
   Həmin o tələbə yoldaşımın mənə üz tutmasının səbəbini sonralar öyrəndim. Sən demə, həmin günlərdə universitet qəzetində nəşr olunmuş "Sənin həsrətin" adlı şeirim onun duyğuları ilə, düşüncələri ilə üst-üstə düşüb, onu özünə çəkib. Mən bunu biləndən sonra elə zarafata salıb dedim ki, dostum, mən sənə məsləhətimi vermişəm...
   
   
   
   Baş qaldıran duyğular
   
   Suallara tuş gəldi...
   
   Sevgilər bu dünyaya-
   
   Yuxulu, bihuş gəldi...
   
   
   
   Çıxarmamış çiləmi
   
   Qan, yaş tutdu didəmi...
   
   Şumlamağa sinəmi-
   
   Əlimdə bir xış gəldi...
   
   
   
   Ruhum tutub zamanı
   
   Oxun çəkdi kamanın...
   
   Dalınca bu dumanın-
   
   Qar-boranlı qış gəldi...
   
   
   
   Dən səpildi, dən telə
   
   Ömrü ömrə bənd elə...
   
   Ağrıdan ölsəm belə-
   
   Hər nə gəldi, xoş gəldi...
   
   
   
   ***
   
   Bu yazı əslində sabaha, sabah yaşanacaq məqamlara hesablanıb. Elə mən də əlim ürəyimin üstündə narahatlıqla sabahkı günün yekununu, bülleten sayının nəticələrini gözləyirəm. O prosesi bütünlükə içimdə saf-çürük edir, min-bir variantlar keçirirəm. Təbii ki, bu narahatlıq namizədlər sırasında olan dostlarla, yaxın adamlarla bağlıdır. Ümumiyyətlə isə şansını sınayan hər kəsə bir insan kimi içimdə uğur diləyi var. Lakin burda cəmi 125 uduş müəyyənləşib. Mən hər kəsə nə qədər uğur diləsəm də, onlardan yalnız 125-i seçimin qalibi olacaq. Deməli, sabahkı günün yekununda seçim edənlərin seçdikləri elə seçilmişlər olacaqlar... Dünyada tərəfsiz və təmənnasız seçim etmək nə qədər də gözəldir...
   
   Həyat başdan-başa gözəlliklərlə dolu olsa, yəqin o da cansıxıcı olar, yəqin ondan da doyarıq. Amma gözəlliklərin müqayisəsi üçün yanında, ətrafında olan o qüsurlular da özlərinə görə diqqətə, hörmətə, ehtirama layiqdirlər. Axı sabah onlar da qüsurlarını düzəldə, özlərini təpədən-dırnağa yeniləşdirib seçilmişlərin sırasına düşə bilərlər. Digər tərəfdən onlar da elə-belə ötəri, yol keçən, nəyəsə maraq göstərən, kiməsə özünü nümayiş etdirənlər deyillər. Onların da öz dünyaları, öz haqları var. Amma...
   
   Amma bütün bunlara baxmayaraq, mən bütün müqayisələrin ziddiyyətli və şübhəli olduğuna inandığımdan daha çox şeirlə, qələmlə danışmağa, könüldaşlıq, sirdaşlıq etməyə üstünlük verirəm. Çünki misralar məni sənə bir az da yaxınlaşdırır. Axı sən mənim seçilmişimsən.
   
   
   
   Sən bir anlıq səbr elə
   
   Qoy mən açım söhbəti...
   
   Qaldırım ortadakı-
   
   Üzüntünü, möhnəti...
   
   
   
   Yuxum gəlsə, yuxumda
   
   Dilim dönsə, sözümdə...
   
   Ruhumdan da yaxında-
   
   Yaşayırsan özümdə...
   
   
   
   Ayı, günü unutdum
   
   Hər anıma sahibsən...
   
   Yönümü sənə tütdüm-
   
   Sən canıma sahibsən!..
   
   
   
   Qısqanclığı, küsünü
   
   Sən bir yolluq at, unut...
   
   Dinlə könlümün səsin-
   
   Əllərimdən möhkəm tut!..
   
   
   
   Hə, nə seçimdə yanılın, nə də seçdiyiniz əldən. Möhkəm olun, möhkəm tutun bir-birinizdən. Onda dünyada hər şey gözəl olacaq. Çünki hər kəsin hakimi ağıl və ürəyin hökmündən dünyaya gələn SEÇİLƏNDİ!..

TƏQVİM / ARXİV