adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

iMTiNA

VƏSİLƏ USUBOVA
28351 | 2010-11-06 05:54
...Bura kiçik şəhərdimi, qəsəbədimi, bilmək olmur. Amma o bəlli ki, Tanrının da üz çevirdiyi miskin bir məkandı. Əslində dəniz sahilindədi, deməli, romantik iqlimi, ən başlıcası, təmiz havası var. Deyəsən, buranın sakinləri təmiz havaynan deyil, çirkabla nəfəs alırlar. Hər gün qələbəlik olan küçə və meydanlarında bir nəfər də olsun gözəl qadın, yaraşıqlı kişi gözə dəymir. Qadınlar piyli əndamlarını güclə sürüyür, işıldayan sifətlərindən zəhirmar yağır, ağızları qeybətnən, qarğışnan açılır. Gödəkboy, pota, arvaddan qorxan kişilərsə ətli, mənasız sifətləri, pırpız, yağlı saçlarıynan bu üzdəniraq mənzərəni tamamlayırlar. Arabir bu miskin şəhərciyə də Tanrı səxavətindən pay düşür. Qara geyimli sakinlərin vurnuxduğu cansıxıcı meydanı zərif ətir bürüyür, incə məxluqun ahəngdar ayaq səsləri ancaq bəd sözlərə şəklənmiş qulaqları oxşayır (əgər onlar bunu duyursa). Kişilərin həris baxışları, qadınların nifrət püskürən nəfəsləri altında başını da qaldırmadan keçib gedən gənc qadın sanki gözəl doğulduğuna görə xəcalət çəkir, mənzil başına çatanacan dönə-dönə haldan-hala düşür. Nədən utanır, nə qəbahəti var ki, heç kəsin üzünə dik baxa bilmir?! Heç nə! Sadəcə bilir ki, bu yırtıcı baxışların sahibləri xəyallarında onu dönə-dönə soyundururlar, iti dişləriynən gül əndamını didik-didik edirlər. Hələ arvadlar... Allah qorusun, bir gün əllərinə fürsət düşsə... Bu fürsətsə getdikcə yaxınlaşır...
   
   İkinci Dünya müharibəsinin qızğın çağlarıdı. Avropanın az qala yarısı faşist çəkmələri altında əzab çəkir. Şəhərlərdə, kəndlərdə yaşayanlar nəfəslərini çəkmədən cəbhədən xəbərlər gözləyir, sabahı intizarla açıb, axşamı qorxuynan qarşılayırlar. Uşaqlı-böyüklü hamının əsəbləri müharibə havasına köklənib, hər kəs bu bəladan qurtulmaqçın əlindən gələni etməyə çalışır. Bu şəhərcikdə isə adamları deyəsən, hər şeydən az maraqlandıran elə müharibədi. Burada da hava həyəcanları verilir, adamlar vahiməynən sığınacaqlara doluşurlar. Amma nə olsun. O gözəl qadının geyim-kecimi, hardan gəlib hara getməsi, kiminlə danışması (əgər danışırsa) bu adamlardan ötrü öz həyatlarından da önəmlidi. Təki onun haqqında hər şeyi bilsinlər. Bu şəhərin kişiləri ürəkdən razıdırlar ki, növbəti bombardmanda bütün arvadlar ölsün, şəhərdə bir dənə o Gözəl qalsın! Arvdlar da günü bu gündən bütün kişilərin kor olmasını istərlər ki, təki ona tərəf baxmasınlar. Hamısı müharibəyə gedib düşmən gülləsinə tuş gəlsələr, lap yaxşı olar! Amma ölüm bircə Onun ərindən yan keçəydi. Sağ-salamat gəlib görəydi ki, "onun gözəlçəsi nə hoqqalardan çıxır". Onların şorgöz, pinti ərləri sağ olmasa da, dünya heç nə itirməz...
   
   Onlar gözəlliyə dözə bilmirlər. Qibtə və həsəd, qısqanclıq nifrətə dönüb bu adamların rahatlığını pozur, yaşamağa qoymur. Yeniyetməsindən tutmuş ağsaqqalınacan hamı ona aşiqdi. Təəccüblənməyə bilmirsən. İnsan adlanan bu sürünün içində bir nəfər də onun xeyirxahı deyil. Hətta yeniyetmələr də haqqında bayağı düşünür, qeybətini qırırlar. İti, pişiyi, ağacı, daşı sevməyə, qorumağa hazırdılar, ancaq imkanları olsa, onun qanını içərlər. İçirlər də!
   
   Atasını təhqir edib işdən çıxarırlar. Ərinin ölüm xəbəri gəlir. Özünə qarşı isə ən alçaq üsula əl atırlar; aclıqla imtahana çəkirlər. Mağazalar belə ona ərzaq satmır... Təkcə Renato adlı yeniyetmə oğlan ona saf, səmimi duyğular bəsləyir. Bu zərif məxluq onun xəyallarının qadınıdı. Kölgə kimi yanınca gəzir, balaca, gücsüz bədəniynən həris baxışlardan, tikanlı atmacalardan qorumağa çalışır...
   
   Budur, balaca aşiq yenə onu qarabaqara izləyir. Dalanların birində arıq, kifir kişi çantasından nəsə çıxarıb qadına verir. Zavallı elə buradaca tələm-tələsik yeməyi ağzına dolduranda kişi fürsəti əldən vermək istəmir,öz səxavətinin əvəzində... çirkli əllərini onun ayna kimi hamar boyun-boğazına, sifətinə toxundurur... Əti çimçəşən qadının tikələr boğazını deşir. Elə bu anda hava həyəcanı başlanır. Adamlar qorxu içində bir-birinə qarışaraq sığınacaqlara qaçırlar. Göydən ölüm yağdıran təyyarələr zərif çiçəyin üstünə tökülməkdə olan çirkabın qarşısını belə alırlar...
   
   İçindəki hayqırtını boğa bilmirsən; Tanrım, əgər qorumayacaqdınsa, bunca gözəlliyi, məsumluğu, sədaqəti nədən bu zavallıya verirdin?! Ayaqlar altına atılmaq, tapdanmaq üçünmü?!
   
   Bu bombardmanda atasını da itirir.
   
   Aclığa dözməyib adamların (bəlkə taleyin?) onu sürüklədiyi yolu tutur... Saçını kəsib rəngləyir, şəhərdə məşhur olan pozğun qadınlarla oturub-durmağa başlayır. Adamlar istədiklərini əldə etsələr də, azğın ehtiraslar yenə soyumur: "İndi də almanlarla gəzir". Qamarlayıb küçəyə sürüyürlər. İllərdən bəri gözlədikləri fürsət axır ki, əllərinə düşüb. Qətrə-qətrə yığılmış qəzəbləri vulkan kimi püskürür. Onu tük balış kimi didim-didim edirlər. Sir-sifətini, bədənini əzib qana boyamaqla ürəkləri soyumur, qayçı tapıb saçlarını da eybəcər hala salırlar. Kişilərsə tamaşaçıdı. Bilmirsən, təəssüflənirlər, yoxsa, məmnundular. Ayaqlar altına salınıb əzişdirilmiş, al qanına bulaşmış gözəllik, saflıq, məsumluq. Bircə, Dostoyevskinin yeri əskikdi. Gəlib öz gözləri ilə görə. Yəqin ki, diz çöküb hönkürtüynən ağlayardı... Və o məşhur sözlərindən, dünyanın xilasına bəslədiyi ümidlərindən biryolluq əl çəkərdi...
   
   Eşitmişdim ki, italyanlar bizə oxşayır. İndi inandım...
   
   Həmin müdhiş gündən sonra bu qədirbilməz şəhərin incisi bir gün qara geyimdə, qara yaylıqda növbəti qatarla çıxıb gedir. Dedi-qodudan, nifrindən şişimiş şəhər şar kimi partlayıb sakitləşir...
   
   Əsgərin ancaq ölüsü qiymətlidi. Şikəst, yarımcan qayıtmısansa, kimsəyə gərək deyilsən. Malenanın cəbhədən təkqollu qaytmış ərini də bu aqibət qarşıladı. Üstəlik arvadı haqqında eşitdikləri... Axır ki, Renatonun da vaxtı yetişdi. Yeniyetməlik xəyallarının şahzadəsi haqqında həqiqətləri bir kağıza yazıb xəlvətcə əsgərin qabağına atdı. Sonra söhbət elədilər...
   
   O, qadınını təzədən bu şəhərə gətirdi. İndi qadınlar onu bazarda nəvazişlə dindirir, öz mallarını təklif edirlər. Əri var, axı. Daha təhlükəsizdi. Bir təsəlli daha: "Gözlərinin qırağı qırışıb..." Ay sizi, xırdaçı məxluqlar...
   
   Bir də "Malena"ya baxmayacam...
   
   Ancaq həmişə gözəllikdən yazacam!
   
   Xırdaçı məxluqların acığına...

TƏQVİM / ARXİV