Yerin altındakı ulduzlar

ETİBAR CƏBRAYILOĞLU
45860 | 2010-11-06 05:54
Növbəti həftənin elə ilk günü bayram ovqatıyla başlayacaq. Bilirəm, dərhal fikrinizdən bazar günü keçirilən seçkilər keçəcək. Deyəcəksiniz ki, parlamentə mandat qazananlar bayram edəcək, qutudan çıxmayanlar isə əksinə, bəxtlərini bir daha sınamaq üçün növbəti 5 ili gözləməli olacaqlar. Təbii ki, qalib gələn bayram edəcək. Əslində bizim məmləkətdə deputata hər gün bayramdı...
   
   Amma mənim nəzərdə tutduğum bayramın siyasi məsələyə dəxli yoxdu. Yerin altında nə siyasət? Noyabrın 8-də bizim Bakı Metropoliteninin işçiləri peşə bayramlarını qeyd edəcəklər. Bakı bəxtinə metro düşən bəxtəvər şəhərlərdəndi. Özü də son illər Bakı bəxtinə düşən bu şansdan yetərincə yaxşı yararlanır. İnsafən, görülən uğurlu işlər yerin altında da olsa göz qabağındadı. Metro işçiləri növbəti peşə bayramlarını alnıaçıq, üzü ağ qarşılayırlar.
   
   Bu gün paytaxtımızı metrosuz neçə təsəvvür etmək olar? Yayın istisində avtomobil tıxaclarından, marşrut avtobuslarında tər tökməkdən, qışın soyuğunda üşüməkdən, qarda-çovğunda avtobus gözləməkdən bizi xilas edən də yeraltı nəqliyyatdı. Metro kartın varsa Bakı sənindi. Ucuz və sərfəli. Rəhmətlik Əlağa Ağayevin qəhrəmanı demişkən, min, get...
   
   Bakı metrosu əsl kasıb-kusubun dostudu. Yüksək vəzifəli adam, deputat, iriçaplı biznesmen sənin yerini burda dar eləmir. Onlar göylə getməyə öyrəşdiklərindən yerin altına düşməyi heç xoşlamırlar.
   
   Son vaxtlar məndə qəribə hal yaranıb. Metroya düşüncə şou-biznes nümayəndələrimiz gəlib dururlar gözümün qabağında. Stansiya adlarını onların adlarına uyğunlaşdırmağa başlayıram. Düzdü, bizim milli çalıb-oynayanlar da metroya minməyi özlərinə yaraşdırmırlar. Onlar elə bilirlər ki, metroya düşən sənətçinin reytinqi aşağı düşür. Nə isə özləri bilərlər. Bir yandan metroya düşməsələr yaxşıdı. Onsuz da bütün günü ekrandan gözlərimizi yağır ediblər. Heç olmasa metroda baş-qulağımız sakit olsun...
   
   Bu gün yenə metroya düşən kimi... Qatar gələnə qədər şou-biznes əhli gəlib durdu gözümün qabağında. İşə gec qalmayım deyə stansiyaya daxil olan ilk qatara mindim. Stansiyalar bir-birini əvəz edincə yenə sənətçilərin adı gözümün önündən çəkilmədi. Başladım stansiyaların adlarını onlara uyğunlaşdırmağa...
   
   "İçərişəhər"- Köhnə Bakının koloritini yaşadan mahnılar oxuduğuna görə bu stansiyaya Eyyub Yaqubovun adını vermək olar. Düzdü, Elariz Məmmədoğlu bununla razı olmayacaq. Amma özü bilər.
   
   "Sahil"- Matroslara mahnı oxuduğuna görə Aygün Kazımova sahilləri yaxşı tanıyır.
   
   "28 may"- Bura həmişə qarışıq olur. Lap "Şeron" qrupu kimi...
   
   "Gənclik" - Həmişə cavan Cavan Zeynallıya yaraşan stansiyadı. "Elit star" Cəmilə də həmişə cavan qaldığını deyir, bunu sübut etmək üçün idman zalında çılpaq şəkillər də çəkdirir. Amma Cavan Zeynallıya nisbətən onun şansı çox azdı.
   
   "Nəriman Nərimanov" - Stansiyanın adı həmişə inqilabi təkliflər verən, mübarizə aparmaqdan doymayan Əli Mirəliyevin tam boyuna ölçülmüş kimi görünür.
   
   "Ulduz" - Nadir hallarda istifadə olunur. Lap İlqar Sailin oxuduğu mahnılar kimi... Elə Rüfət Axundova da yaraşan stansiyadı.
   
   "Əzizbəyov" - Deyirlər ki, stansiyanın adını bu yaxınlarda dəyişəcəklər. Elə Azərin də bir vaxtlar Anaxanım adından imtina edib.
   
   "Qara Qarayev" - Bu stansiyanın bağlanmasını istəyiriksə ona bəstəkarlıq iddiasında olan Elza Seyidcahanın adını vermək olar. Elə həmin gündən sərnişinlərin qara günləri başlayacaq.
   
   "Neftçilər" - Həmişə gündəmdə qalmaq üçün rəqiblərinin ayağının altını qazan Nadir Qafarzadə stansiyası. Necədi, yaraşır?
   
   "Xalqlar dostluğu" - Toylarda bizim mahnılardan başqa bütün mahnıları oxuya bilən Səməd Səmədov bu stansiyanı haqq edib.
   
   "Əhmədli" - Əhmədlidə yaşayan insanlar həmişə sudan korluq çəkirlər. Teymur Əmrah isə hər müsahibəsində 2 litr göz yaşı axıdır.
   
   "Həzi Aslanov" - Daha tank sürənimiz yoxdu. Amma maşınla "avtoşluq" edən ulduzlarımız artıb. At-araba sürənimiz də var- Faytonçu Nazim
   
   "Azadlıq prospekti" - Nuranın evlənib-boşanmaqda heç bir problemi yoxdu, həmişə azad olmağı sevir.
   
   "Nəsimi" - Faiq Ağayevi bu yaxınlarda az qala diri-diri soyacaqdılar.
   
   "Memar Əcəmi" - İlqar Muradovun danışmaqla arası yoxdu. Amma bütün günü zəhmət çəkir, iş görür, nəsə yaradır.
   
   "20 yanvar" - Hələ tapa bilməmişəm.
   
   "İnşaatçılar" - Mətanət İsgəndərli şəxsi həyatını yenidən tikir.
   
   "Elmlər Akademiyası" - Röya ömründə bircə kitab da oxumayıb. Amma zalım qızı həmişə oxuyur.
   
   "Nizami" - Aşıq Telli Borçalı yəqin ki, dahi Nizaminin Fitnə adlı qəhrəmanını tanıyır. Ona görə də öküzü boynuna götürüb 22-ci mərtəbəyə qaldıra bilir.
   
   Metro işçilərinin peşə bayramına yazdığım köşəni "Ədalət"ə aparmalıyam. Sizcə hansı stansiyadan yerin üstünə çıxsam yaxşıdı?

TƏQVİM / ARXİV