adalet.az header logo
  • Bakı 19°C
20 Aprel 2015 15:23
1746
SİYASƏT
A- A+

Hafiz Hacıyev: “Radikal müxalifət yolundan çəkilməlidir”

"Daxildə Azərbaycana düşmən kəsilmiş qüvvələr var, onların məqsədi dövlət çevrilişi etməkdir”. Adalet.az xəbər verir ki, belə bir iddia ilə "Olaylar”a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çıxış edib. H.Hacıyev hesab edir ki, Avropa, Amerika və Qərbin digər dövlətlərində sığınacaq tapmış insanlar da bu işdə xüsusi fəallıq göstərirlər. Partiya sədrinin sözlərinə görə, həmin adamların verdikləri açıqlamalarda Azərbaycana qarşı qərəz açıq şəkildə hiss olunur: "Onların arasında bizim yaxşı tanıdığımız siyasətçilər də var. Adlarını yaxın vaxtlarda mətbuata açıqlayacam. Milli Şurada təmsil olunan partiyanın rəhbəri müxtəlif yollarla qonşu ölkələrdən Azərbaycanın əleyhinə xarici dövlətlərə donoslar verir. Əli Kərimli və yaxın adamlarının məlumatları əsasında ABŞ Konqresi Azərbaycan haqqında qərəzli açıqlamalar verir. Həmin qüvvələr Avropa Oyunları ərəfəsində Azərbaycanda siyasi qarşıdurma yaratmaq istəyirlər. Ölkəni qarışdırmaq üçün əllərindən nə gəlirsə, onu da edirlər. Azərbaycana qarşı çox iyrənc oyun oynanılır. Həmin radikal daxili qüvvələri insanlara tanıtmaq üçün telekanallar maarifləndirmə işi aparmalıdır. İnsanlar bilməlidirlər ki, onlar Qərbin və erməni diasporunun maliyyəsi hesabına fəaliyyət göstərirlər. Avropa Oyunları ərəfəsində Azərbaycan haqqında Qərb dövlətlərinə həqiqətə uyğun olmayan məlumatların ötürülməsi yolverilməzdir. Müasir Müsavat Partiyası olaraq, həmin qüvvələrin antiAzərbaycan təbliğatına qarşıyıq və sərt reaksiya veririk. Yaxın günlərdə bununla bağlı bəyanat yayacağıq, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin adlarını açıqlayacağıq. Sizə söz verirəm, onlar daş-qalaq olunacaq. Radikal müxalifət yolundan çəkilməlidir. İnanıram ki, həmin qüvvələrin Azərbaycan əleyhinə fəaliyyətinin qarşısı alınacaq”.