ANA SƏHİFƏ / YAZARLAR

Bəxtiyar qələmli Bəxtiyar

Yaxud 60 yaşında görüşənədək...

54897    |   2010-11-03 09:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xiffət deyil, reallıq və məxsusilikdir. Günün, dövrün olaylarından, gerçəkliklərindən yazmaq, zəmanəmizin salnaməsinin yaradılmasında iştirak etmək öhdəliyi çiynimizdədir. Bütün peşə sahiblərinin portretini, xarakterik cəhətlərini təqdim edirik, özümüzə gələndə yaşımızın yuvarlaq rəqəmi, həyatımızda baş verən hansısa hadisə siqnal, mesaj rolunu oynayır. Bu məqamda həmkarından eşidəcəyin etiraza, yayınmağa bənzər "nə etmişəm ki..." sözlərindən sonrakı situasiyanı hələ demirəm. Onda yalnız intiusiyaya güvənmək kifayət etməyəcək, arayıb-axtarma zorunda qalacaqsan...
   
   İndi və beş il əvvəl
   
   Beş il əvvəlki vəziyyətdəyəm. Xarakterinə bələd olduğum Bəxtiyar Sadıqov yenə barəsində yazmaq niyyətimdən agah deyil. Mətbuatda işıq üzü görəndən sonra xəbər tutacaq. Fərq bundadır ki, indi onunla bağlı məlumatım daha zəngindir. O vaxt da həmkarları, dost-tanışları, boya-başa çatdığı Ağdam rayonunun sakinləri köməyimə çatmışdı. Söhbətlərimiz səmimi alınmışdı. Tale yaşantılarını, duyğularını, hadisələrə, proseslərə publisitstik baxışlarını, jurnalistikamızın bu günü və sabahı ilə bağlı fikir və düşüncələrini özündə cəmləşdirən kitabları da müsahibimə çevrilmişdi.
   
   İndi Azərbaycan Mətbuat Şurasındakı cinahdaşlığımızdan qaynaqlanan yaşantılar diqtəsini edir. Mənbələr yenə həminki olsa da, üstünə son beş ildə gördüklərim gəlib. Deməyə sözüm çoxdur, amma ağdamlılar məndən inciməsinlər, söz-söhbətimiz əsasən jurnalist, redaktor, publisist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqovdan olacaq. Digər məsələləri onların öhdələrinə buraxırıq. Həmkarımızı iki dəfə Milli Məclisə deputat seçiblər, yenə etimadlarının belə uğurlu nəticə ilə yekunlaşması istəyindədirlər. Bəxtiyar müəllimi məndən çox-çox əvvəl, lap uşaqlığından tanıyırlar, xarakterinə, şəxsi keyfiyyətlərinə yaxından bələddirlər. Seçkilərə barmaqla sayılacaq qədər gün qaldığından həmin kontekstdə söyləyəcəklərim ağdamlı seçici üçün heç də yenilik olmayacaq. İlk yazım kimi bu qeydlərim də təbliğata hesablanmayıb, necə deyərlər, elin gözü tərəzidir. Amma onu bilirəm ki, Ağdam rayonunda keçirdiyi görüşləri, debatlardakı çıxışları, rəylərində səslənən fikirləri növbəti təbriklər üçün ciddi əsaslar olduğunu göstərməkdədir. Digər tərəfdən, başqa iddialılar sözlərimi qəribçiliyə salmasınlar, məcburi köçkünləri əhatə edən hər hansı dairədən deputat seçilmək daha çox zəhmət və məsuliyyət tələb edir. Seçiciləri ölkənin onlarca rayonuna səpələnib. Yurd-yuva həsrəti, təhsil, sağlamlıq, məişət qayğılarının çoxluğu... Bu insanlar olduqca həssas, tələbkar, sözlə əməlin vəhdətinə məxsusi qiymət verənlərdir.
   
   Rəğbət və prinsipiallıq
   
   Ağdamlıların Bəxtiyar müəllimə münasibətlərindəki rəğbətin kökünə varmaq üçün onun gündəlik yaşantılarına nəzər salmaq kifayətdir. Deputatın iş yeri Milli Məclis, "Azərbaycan" qəzeti olsa da, hər günü seçiciləri ilə ünsiyyətdədir. Görüş, dərd-sər çatdırmaq müşkülü yoxdur. Hələlik Ağdamın inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində deputatın yolunu arxayınlıqla gözləyənlər də ümidlərində yanılmırlar. Bəxtiyar müəllim respublikamızın bölgələrində müvəqqəti məskunlaşan həmyerlilərinin sevimli qonağıdır. O, qapıları qəfil döyməyi xoşlayır. İnsanların qayğılarına kömək olur, ən başlıcası doğma yurd-yuvalarına tezliklə qovuşacaqlarına nikbinliyi artıran söhbətlər edir. Azərbaycan dövlətinin, prezidentinin torpaqlarımızın erməni işğalından azad edilməsində dinc yola üstünlük verdiyini bildirməklə yanaşı Ali Baş Komandanın "döyüşə hazır ol!" əmrinə müntəzir dayanmağı da təlqin edir.
   
   "Azərbaycan" qəzetinə yolu düşənlərin çoxu baş redaktorun kabineti önündə də onun seçiciləri ilə tez-tez rastlaşırlar. Atalar "uman yerdən küsərlər" - deyiblər. B.Sadıqova baş çəkənlər isə adətən sərf olunan vaxta görə təəssüflənmirlər. Yazımda deputat Bəxtiyar Sadıqova daha çox yer ayırmaqda olduğumun fərqində olsam da, niyyətim həmkarım haqqında düşüncələrimi bölüşməkdir. Hərçənd seçicilərin bu kontekstdə nə isə əldə edə bilmələri mümkündür. B.Sadıqov kimdir, mediada hansı yeri, rolu, xidmətləri var, yazarlarımız onu necə səciyyələndirirlər? Cavablar palitrasında tərəzinin müsbət gözü xeyli ağır gələcək. Əminəm ki, qütbləşmədən irəli gələn əks mövqelərin də çoxunun daxilində bunun işartıları nəzərə çarpacaq. Çünki Bəxtiyar Sadıqov rəqabəti rəqabət kimi aparmağı, prinsipiallıq nümayiş etdirməyi bacaranlardan, bu zaman bəlli sərhədlərə daim hörmətlə yanaşanlardandır.
   
   İyulun 22-də "Gülüstan" sarayında Milli Mətbuatımızın 135 illik yubileyi münasibətilə keçirilən təntənələrdə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı sahiblərinə təqdim olundu. Seçimin məhz jurnalistlər tərəfindən aparıldığını nəzərə alsaq, İlk laureatlardan biri kimi Bəxtiyar Sadıqovun olması məhz bu xüsusiyyətlərinə verilən qiymət, dəyər nümunəsi sayıla bilər.
   
   İnam, etimad və tale oxşarlığımız
   
   Cəmiyyətdə, geniş çevrədə inam və etimad asanlıqla qazanılmır. Açığı, jurnalistika buna yiyələnmə baxımından qibtəediləcək peşələrdən deyil. Söz meydanına girdinsə, on illərin imtahanlarına dözməli, hikmət, xarakter axtarışlarında olmalı, hadisələri, faktları sənətkarlıqla təqdim etməyi bilməli, ilk baxışdan nəzərə çarpmayan həmkar bəhsləşməsində ön sırada durmağı bacarmalısan. Bəxtiyar müəllim 40 ildən artıqdır ki, jurnalistikada, onun ön sıralarındadır. Müxtəlif janrlı, mövzulu yüzlərlə məqalənin müəllifidir. Yazılarında bütövlükdə Azərbaycan həyatı, tarixin müxtəlif mərhələlərində ölkəmizin yaşantıları, insan, el-oba taleyi boylanır, cəmiyyəti düşündürən, gündəmdə dayanan məsələlər jurnalist məharəti ilə qələmə alınır. Bu zənginlikdə diqqəti çəkən mövzulardan ən birincisi ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasındakı, demokratik cəmiyyət quruculuğundakı tarixi xidmətləridir. Müəllifin mövzuya müraciətini onun siyasi mənsubiyyəti, "Azərbaycan" qəzetinin baş redaktoru kimi ümummilli liderimizin xeyir-duasını alması ilə əlaqələndirmək məsələyə birtərəfli yanaşmaq olardı. Heydər Əliyev irsi öyrənilmək, təbliğ edilmək nöqteyi-nəzərdən elə zəngin məxəzdir ki, orada hər bir jurnalist üçün bitib-tükənməyən mövzu var. Onun milli mətbuatımızla bağlı fikir və düşüncələrinin, qayğı nümunələrinin qələmin mürəkkəbindən süzülərək səhifələrə çıxması isə yüksək peşəkarlıqla yanaşı həssaslıq və duyum tələb edir. Bu keyfiyyətləri özündə birləşdirdiyindən qəhrəmanımı əsl bəxtiyar adlandırmaq mümkündür. O, hər yerdə böyük qürur hissi ilə deyir, səmimiyyətlə etiraf edir ki, məhz Heydər Əliyev kimi dühanın diqqət və qayğısı sayəsində Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə qəbul olunub. Məhz dahi liderin sayəsində o zaman onun üçün böyük ədalətsizlik ola biləcək hadisənin qarşısı alınıb. Bu mənada Moskva Dövlət Universitetinə eyni ixtisas üzrə təhsil almağa göndəriləndə qəribə də olsa, oxşar taleni yaşadığımı söyləyə bilərəm.
   
   Nəyə heyfslən(m)irəm və ya "Abşeron"dan başlanan yol
   
   Qeydiyyat dəftərimdə Bəxtiyar müəllimlə bağlı sətirlərə baxıram. Mübariz, prinsipial, tələbkar, təvazökar, qayğıkeş... Jurnalistlərimizin ürək sözləridir. "Bəxtiyar bəxtiyar qələm sahiblərindəndir ki, yazdıqlarını oxuyandan sonra bu məqalə müəllifinin niyə məhz özün olmadığına heyfislənirsən..." - bu sətirlər adını çəkməyəcəyimiz istedadlı yazarlarımızdan birinə məxsusdur. Kimliyini desək, gərək digərlərindən də misal çəkək.
   
   Milli mətbuatımızın "Azərbaycan" kimi bayraqdarının baş redaktoru jurnalistikadan, onun prinsiplərindən, tələblərindən danışır. Mötəbər tədbirlərdə çıxışlar edir, yazılarındakı əyaniliklə mətbu söz demək məharətini ortaya qoyur. Mövzuların, işıqlandırılan məsələlərin janr rəngarəngliyi bir kənara, söz bazasının zənginliyi, ifadələrin, fikirlərin yerli-yerində işlədilməsi 92 yaşlı "Azərbaycan"ın sükanının etibarlı əllərdə olduğunu göstərməkdədir. Mətbu orqan dilə sayğılı, yaradıcı münasibətdə də məktəb imicini layiqincə qoruyub saxlamaqdadır. Mətbuat Şurasının Dil Komissiyasının sədri B.Sadıqovun bu sahədə də məsuliyyəti göz önündədir. Başqalarına söz demək, təlqin etmək, tövsiyyə vermək, öyrətmək istəyənin özü fərdi nümunədən qaynaqlanmalıdır. "Abşeron" qəzetindən başlayan, "Xalq qəzeti"ndə (o zamankı "Kommunist" qəzeti), "Həyat"da davam edən, nəhayət "Azərbaycan"a qovuşan 35 ilin hər birində söz sahiblərinin qiymətləndirə biləcəkləri nümunələr kifayət qədərdir. Bəxtiyar müəllim Qarabağ dərdlərini mətbuatda peşəkarcasına çatdıran ilk jurnalistlərdəndir. Müharibə, igid döyüşçülərimiz hər qarış torpaq uğrunda ölüm-dirim savaşı, şəhadət, qaçqın, məcburi köçkün həyatı... bax bunlar jurnalistin oxucusuna vətənpərvərlik dərsləridir. Oxu, unutma, nikbin, mübariz ol - deməsidir. Beş il əvvəl "Azərbaycanın əməkdar jurnalisti" fəxri adına layiq görülməsi bu keyfiyyətlərinə verilən qiymətin nümunəsi baxımından müstəsna hadisə idi. Hələ o vaxt bunu əsaslandıran digər cəhətlərə baxaq - baş redaktor, Mətbuat Şurası İdarə Heyətinin üzvü, məhsuldar yazar, Milli Məclisdə jurnalistika ilə bağlı aktual məsələlərin gündəmə gətirilməsində cəfakeşlik göstərən deputat... İndi Bəxtiyar Sadıqov sadaladıqlarımla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının fəal üzvü kimi təklif və təşəbbüslərini əsirgəmir, ölkə mediasının tərəqqisi naminə həyata keçirilən iri miqyaslı tədbirlərə öz töhfəsini verir.
   
   Bəxtiyar müəllim və Mətbuat Şurası
   
   Yaxından tanışlığımın tarixçəsi 10 ilə yaxın olsa da, yazılarını ötən əsrin 80-cı illərindən oxuyuram. Mətbu materiallar ətrafındakı mükalimələrlə başlayan səmimi münasibətlərimiz sonradan müasir jurnalistikamızın durumu, problemləri ilə bağlı müzakirəyə çevirilib. Yaxşı yadımdadır, Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən çox keçməmişdi. KİV-lərin sayı sürətlə artır, etik prinsiplərə sayğısızlıqla bağlı narazılar isə buna adekvat surətdə çoxalırdı. Bəxtiyar müəllim bir dəfə söhbət zamanı jurnalistikamızdakı vəziyyəti Nekrasovun təmsilinə çəkilmiş rəsmə bənzətdi. Ortada irəli getmək istəyən arabanın media adlı yükü var. Arabanı cinahlarına qoşulanların hərəsi bir tərəfə çəkdiyindən yerindən tərpənmir. Bu, bizim cinahlara bölünmüş mediamızdır ki, bir araya gətirməsək, inkişafı mümkün olmayacaq - dedi. Fikrini bildirməklə kifayətlənmədi, ümumi işimizə, səylərimizə dəstək oldu, çətinlikləri bir növ, özününküləşdirdi.
   
   Bəxtiyar Sadıqov obyektiv, prinsipial, əsaslandırılmış sözünü zamanında deməsi ilə örnəkdir. Səkkiz il əvvəlin steneoqrafik materiallarını, mətbu yazılarını xatırlayıram. Həmin vaxt Mətbuat Şurasının təşkili ilə bağlı yalnız nəzəri fikirlər səslənirdi. Bəxtiyar müəllim rəsmi dövlət qəzetinin təmsilçisi kimi mətbuatın müstəqilliyi, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi, jurnalistlərin mötəbər məclisində bəzi həmkarlarımızdan fərqli olaraq "mən mətbuatın müstəqilliyi barədə bir qədər də nikbin düşünürəm" deməsi, diqqəti KİV-lərin iqtisadi müstəqilliyinə yönəltməsi, "reket jurnalistika" məhfumunu ilk dəfə səsləndirməsi və sair məsələlərə dair çıxışlar üzərindən illər keçdikdən sonra da əhəmiyyətini saxlamaqdadır. Bütün bunlar yüzlərlə həmkarımızın iştirak etdiyi ölkə jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilməsini şərtləndirdi. Bu etimadın üçüncü və beşinci ali məclislərdə təkrarlanması isə məntiqi davam idi.
   
   Jurnalistlərimizin seçimi olan Mətbuat Şurası yeddi ildən çoxdur ki, mövcuddur. Azərbaycanın ictimai mühitində layiqli yerini tutub. Cəmiyyət üzvləri yaşından, mövqeyindən, vəzifəsindən asılı olmayaraq onun əsas missiyasına ehtiramla yanaşır, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi ilə bağlı problemlərinin MŞ-də həllini üstün tuturlar. Yüzlərlə qərarlar, rəylər, həllini tapan məsələlər təbiidir ki, bütün İH üzvlərinin əməyindən keçir. Burada B.Sadıqov zəhməti, xüsusilə "reket jurnalistika" adlı bəlaya qarşı mübarizədəki xidmətləri geniş mövzunun söhbətidir. On il əvvəl mediamızdakı belə neqativ hallarla mübarizə aparanda demək olar, tək idi. Hazırda isə yeniləşmə prosesinin vüsət aldığı cəmiyyətimizdə tərəfdarlarının sayı minlərlə ölçülür.
   
   Yazım mətbuatda gedəndə Niderlandda Avropa Mətbuat Şuraları Alyansının 12-ci toplantısında olacam. Şuranın keçdiyi yoldan, iş xüsusiyyətlərindən, fəaliyyətinin MDB məkanında belə qurum yaratmaq istəyən ölkələr üçün nəyə görə model kimi qəbul olunduğundan və sair məsələlərdən danışacağam. Nə vaxtsa Bəxtiyar müəllimlə söhbətlərimizdə bu məqama yetişməyi də arzu edirdik. Hələlik isə barəsindəki təəssüratlarıma burada nöqtə qoyuram. İstəyirəm gələn ilin yanvarına da saxlayam - 60 yaşının tamamına.


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK