adalet.az header logo
  • Bakı 13°C
20 Aprel 2015 14:47
4451
MARAQLI
A- A+

NASA: 2030-cu illərdə insan Marsa ayaq basacaq

Kosmik Agentliyin rəhbəri Marsın məskunlaşma üçün əla yer ola biləcəyini vurğulayıb

Marsa insan göndərməyi özünün əsas missiyalarından biri elan edən Amerika Milli Aerokosmik Agentliyi (NASA) yaxın gələcəkdə analoji missiyanı həyata keçirmək istəyən özəl şirkətlərin NASA-nın dəstəyi olmadan bunu etməsinin mümkün olmadığını bildirib. Bunu NASA-nın rəhbəri, ABŞ dəniz piyadalarının istefada olan general-mayoru Çarlz Bolden Nümayəndələr Palatasının Büdcə komitəsinin iclasında deyib.

Əsas vəzifələrinin Marsa insan göndərmək olduğunu söyləyən Ç. Bolden bu planları 2030-cu illərdə reallaşdırmağı düşündüklərini açıqlayıb: "İnsanların Yerdən asılılığına son qoymaq lazımdır. Mars Günəş sistemində Yer kürəsinə ən çox bənzəyən ərazidir və məskunlaşdırma üçün çox əla yer ola bilər”.

NASA rəhbəri qeyd edib ki, digər kosmik layihə - "Asteroid Redirect Mission” (ARM) Marsla bağlı nəzərdə tutulan kosmik missiyanın həyata keçirilməsi yolunda ilk addım olacaq. 2020-ci ilə planlaşdırılan ARM missiyasının əsas məqsədi asteroidin ələ keçirilməsi, onun Ay yaxınlığındakı orbitə gətirilməsi və asteroiddən qrunt nümunəsinin götürülməsidir. Layihə çərçivəsində NASA nəinki yeni elmi məlumatlar əldə edəcək, həm də Marsa uçuş üçün həyati əhəmiyyətə malik yeni texnologiyaları sınaqdan keçiriləcək. Məsələn, astronavtlar və yüklərin Yerətrafı orbitə (Aya) göndərilməsi üçün işlənib hazırlanan yeni "Space Launch System” (SLS) raket daşıyıcısının yekun sınağının keçirilməsi nəzərdə tutulub. NASA Marsa gedən yolda Aydan yükboşaltma məntəqəsi kimi yararlanmağı düşünür.

"Mars One”, "SpaceX” kimi özəl şirkətlərə gəlincə, Ç. Bolden bəyan edib ki, NASA-nın və hökumətin dəstəyi olmadan onlar Marsa uça bilməzlər.