adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

QORXULU VARiANT...

BABƏK YUSİFOĞLU
47031 | 2010-10-30 06:23
Ermənistanın işğalına son qoyulması, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsi uzandıqca uzanır. Politoloqlar tərəfindən problemə müxtəlif cür yanaşmalar olsa da mərkəzdə əsasən bir xətt özünü qabarıq göstərməkdədir. Belə ki, bütün şərhçilər sonda məhz bir məqamda eyni sözü söyləyir: Dağlıq Qarabağla əlaqədar aparılan danışıqlardan heç bir nəticə gözləmək lazım deyil. Əslində bu fikri elə biz də bölüşürük. Çünki ermənilər danışıqlar masasında hər dəfə bir bəhanə gətirib məsələni 20 ilədək uzadıblar. Məhz qarşı tərəfin belə qeyrikonstruktiv mövqeyi Azərbaycan prezidentinin daha sərt, daha qəti mövqe ortaya qoymasına səbəb olub. Və bundan sonra dünyanın aparıcı gücləri vəziyyətin kritik həddə gəlib çatdığının fərqinə varıblar. Amma yenə də müəyyən oyunların oynandığı gözə çarpır.
   
   Həştərxan görüşünün təcili şəkildə təşkil olunması əslində ondan xəbər verirdi ki, hadisələr daha sərt məcraya yönəlməsin. Çünki vəziyyət kifayət qədər gərginləşmişdi. Və belə demək mümkünsə Həştərxandakı danışıqlarda əlavə raundun yaranması yeni müzakirələr, təkliflər üçün əsas olacaq. Amma düşünmək lazımdır ki, Ermənistanın yenidən cığallıq edəcəyi təqdirdə əlavə raund qazanılması şansları da itirilmiş olacaq. Məntiqi ardıcıllıq düşünməyə əsas verir ki, bundan sonra Bakı hər dəfə xatırlatdığı varianta - hərbi yola əl atmaq məcburiyyətində qalacaq. Bu baş verəcəkmi?..
   
   Əslində indi çoxları hərbi variantı labüd hesab edir. Mənə elə gəlir ki, elə bu səbəblərdən də Qərb yeni bir variant işləyib hazırlamaqdadır. Həmin varianta görə, bu münaşiqənin həllində nə Azərbaycan, nə də Ermənistan qazanacaq. Belə həll variantı yalnız Qərbi təmin edəcək ki, son gəlişmələr yalnız bundan xəbər verir. Onlar belə bir təsəvvür yaradıblar ki, guya münaqişənin həlli mümkünsüzdür. Yəni hər iki tərəfə kompromisə gələ gələ bilmədiyi sübut edildikdən sonra yeni bir gərginlik yaradılacaq, öz aralarında razılığa gəlmiş güclər regiondakı situasiyanı öz nəzarətinə götürəcəklər. Bölgəyə hərbi kontingentin yerləşdiriləcəyi də istisna görünmür. Artıq bu variant bir sıra ciddi ekspertlər tərəfindən daha mümkün hesab edilməkdədir.
   
   Rusiya Strateji İnkişafın Modelləşməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqoriy Trofimçuk da belə bir versiya üzərində dayanır. Onun fikrinə görə, münaqişənin həlli çox yubadılıb. İndi məsələ göründüyündən də mürəkkəb xarakter alıb: "Artıq uzun zaman keçməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupunun apardığı danışıqlarda, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş müşahidə olunmur. Son zamanlar münaqişə tərəfləri bir növ dözümsüzlük göstərirlər. Danışıqlar 17-20 il bundan sonra da davam edə bilməz. Bunun iki səbəbi var, birincisi, dediyim kimi, tərəflərin dözümsüzlüyü, ikincisi isə Qafqaz regionu ilə sərhəd olmayan üçüncü qüvvənin münaqişəyə müdaxilə etmək cəhdləri. Üçüncü qüvvə dedikdə, Qərb, konkret olaraq Avropa İttifaqını nəzərdə tuturam. Bu qüvvə Cənubi Qafqaz regionuna, onun ardınca Xəzər dənizi regionuna, onun resurslarına nəzarət etməyi qarşısına məqsəd qoyub. Bu baxımdan Qarabağ münaqişəsi olan bölgədə vəziyyət olduqca təhlükəli görünür. Mən təhlükəli dedikdə, Azərbaycanın Dağlıq Qarabağı güc yolu ilə geri qaytarmasını nəzərdə tutmuram. Söhbət ümumiyyətlə, Qafqaz regionuna aid olmayan, amma bu regiona iddialı olan qüvvələrdən gedir. Və bu da dramatik hadisələrin yaxın zamanlarda baş verəcəyindən xəbər verir". (milli.az)
   
   Azərbaycanın nələrin baş verəcəyini mütləq nəzərə alması gərəkdir. Çünki sonucda Ermənistan sıfır variantını qəbul edirsə, demək o yalnız əlavə qazanmaq istədiyi torpaqları, Azərbaycan isə özünün əzəli torpaqlarına nəzarəti itirmək təhlükəsi ilə üzə-üzə qalacaq. Bu prosesdə hətta o da mümkündür ki, Azərbaycanı susdurmaq üçün lehimizə bəzi BMT qərarları da qəbul olunsun. Və biz yalnız həmin sənədlərlə təskinlik tapaq.
   
   Əgər dünya açıq-aşkar işğal faktını bu cür görməzlikdən gələrək, 20 il müddətinə yalnız sənəd, qərar oyunu ilə kifayətləniblərsə, problemi həll etməyiblərsə, demək burada onların öz məqsədləri vardır. Guya dünya Azərbaycanın BMT-yə üzv olarkən nə qədər əraziyə malik olduğunu bilmir? Buna görə də biz istənilən variantda Dağlıq Qarabağ probleminin həlli prossesini maksimum həddə tezləşdirməliyik. Bunun üçün bütün imkanlarımız var. İstər beynəlxalq hüquq baxımından, istərsə də güc baxımından. Bundan sonrakı gözləmə prosesi əleyhimizə işləyə bilər..

TƏQVİM / ARXİV