adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

XOŞBƏXTLiYiN ŞƏKLi

VƏSİLƏ USUBOVA
27808 | 2010-10-30 06:22
Neçə il bundan qabaq qəm-qüssədən boğulduğum günlərin birində şəxsiyyətini bəyənməsəm də, ağlının itiliyinə qibtə elədiyim birisi mənə bu rəvayəti danışdı: bir cavanla qocanın başlarını kəsib atıblarmış dəryaya. Suların qoynunda üzdükcə cavan hey deyinir, ah-uf edir, nifrin yağdırırmış. Qoca isə sakit-sakit bunu deyirmiş: "Bu günümüzə də şükür, bu günümüzə də şükür". O qədər təkrar eləyir ki, axırda cavan dözməyib hirslə onun sözünü kəsir: "Əşi, nəyə şükür eləyirsən? Başımızı kəsib atıblar dəryaya. Daha bundan o yanası yoxdur ki?!..." Cavanın sözü qurtarmamış güclü tufan qalxır, dalğalar onun başını var qüvvə ilə qayaya çırpıb parça-parça edirlər. Qoca dərindən ah çəkib deyir: "Bax, mən bünü deyirdim ey..."
   
   O, mənə təsəlli vermək istəyirdi. Mənsə o vaxtdan bəri insanların xoşbəxtlik barədə təsəvvürləri üstündə baş sındırıram. Rəvayətdəki mənzərəni dönə-dönə xəyalımda canlandırmağa, şükranlıq edən qocanın sifət cizgilərini göz önünə gətirməyə çalışıram. Ömrün ahıl çağında kəsilmiş başıynan hansı məntiqə sığınıb şükranlıq edir bu qoca?! Dünyanın istisini-soyuğunu, yaxşısını-pisini, acısını-şirinini görmüş adam kimi bundansa özünə ölüm arzulaya bilməzdimi?! Bədəndən ayrılmış başla nə etmək olar? Axı, bu dəryada saman çöpü olsa belə, yapışmağa əlləri yoxdu. Küləklər onu sahilə atsa necə? Yaşamaq iqtidarındadımı?! Görəsən, onun bu şükranlığında xoşbəxtliyin işartısı belə varmı?!.
   
   Niyə indiyədək heç bir rəssam xoşbəxtliyin şəklini çəkmək fikrinə düşməyib? Bəlkə ağıllarına gəlməyib? Ya da çəkməyə bir üsul tapa bilməyiblər. Axı, mücərrəd şeylərin də həyati formasını vermək mümkün olub həmişə. Çoxmu qəlizdi bu xoşbəxtlik deyilən şey? Bəlkə söznən çəkmək mümkündü. İnsan oğlu qəddini düzəldən gündən onu axtarıb. Tapanda da qədrini bilməyib, ya da heç bunun xoşbəxtlik olduğunu anlamayıb. Bəlkə o heç biz düşündüyümüz kimi deyil. Biz ki, onun ayrı-ayrı ünsürlərini təsəvvür edirik. Amma o, bizim düşündüyümüz kimi deyil. Çox fərdidi. Adam onu heç kəslə bölüşmək istəmir. Axı, o, sevinc deyil. Ondan hamıya pay verə bilməzsən. Sənin özünə güclə çatır. Ömrü çox qısadı. Azlıq, doymazlıq özü bir xoşbəxtlikdi bəlkə. Razılaşmasaq da belədi. Başqa çarəmiz yoxdu. Birdən heç o "bir az" da olmadı, onda necə?
   
   Deyəsən, axı, o qoca haqlıdı...
   
   
   
   ***
   
   Hamının ürəyində onun şəkli var. Bu şübhəsizdi. Və onu başqasına göstərmək də mümkün deyil. Hər kəs özü öz ürəyində onun şəklini çəkməyi bacarmalıdı. O, görünməzdi. Ruh kimidi. Yan-yörəmizdə dolaşsa da, hiss olunmur. Sinə dolusu çəkilən bir ahdı o. Ömrü qısadı...
   
   Hələ dil açmayan körpə də xoşbəxliyin nə demək olduğunu bilir. Totuq əllərini anasının sinəsində gəzdirə-gəzdirə, nəfəsi kəsilə-kəsilə döş əmən körpəyə tamaşa eləmisinizmi? Bəs, yuxudan, süddən doyandan sonra qığıldamasına necə, qulaq asmısınızmı? Nə deyir, nə danışır?! Bu qığıltıda minnətdarlıq notlarını tutmusunuzmu?! Adını və müəllifini unutduğum bir hekayədə deyilir ki, bu zaman körpə anasının süd dolu döşləri haqqında nəğmə oxuyur. Dahiyanə tapıntıdı. Bu insan xoşbəxtliyinin ilk şəklidi, desəm, mənimlə razılaşarsınız? Sonra ilk addımlar , ilk sözlər ...Ana ağuşunun ətri, ata dizlərini qucaqlamağın qüruru...
   
   Evimizin arxasında kitab mağazası vardı. Bir gün uşaqlarımla (!) ora getmişdim. Uşaq əmizdirən qadının portretini görəndə yapışdılar ki, bunu mütləq alacaqsan. Aldım. Evimizin divarından asdıq. Xoşbəxt ananın nurlu çöhrəsindən uzun illər kasıb mənzilimizə işıq çiləndi...Bir gün sifəti tutuldu, təbəssümü qeybə çəkildi. Mən də onu divardan götürdüm. Şəklini də çəksən, xoşbəxtlik daimi deyilmiş...Şəkillə də əbədiləşdirmək olmurmuş onu. Divara vurmaq, başının üstündən asmaq olmurmuş xoşbəxtliyi. Bəs, mən nə istəyirəm? Niyə əl çəkmirəm onun yaxasından?! Xəyallar, təsəvvürlər usanmağın nə olduğunu bilmirmiş. Xoşbəxtlik haqqında ilk təsəvvürüm əl-ələ tutub üzü küləyə gedən qızla oğlan şəklidi. Külək saçlarını qarışdırır, qızın donunun ətəkləri, oğlanın köynəyinin yaxasıynan oynayır. Sifətləri işıq saçır. Ürəklərinin döyüntüsü şəkildən hiss olunur. Nə olanlar, nə olacaqlar umurlarına da deyil. Bir yerdədilər, vəssəlam.
   
   Əgər xoşbəxtlik bir andısa, onda ani çaxıb hər yeri işıqlandıran şimşək də təbiətin bəxtəvərliyidi. Bir baxışdan qəlbinə süzülən işıq da onun kimi. Bəs, ilk dəfə ürəyinin başqa cür döyünməsi, qıçlarının titrəməsi, dilinin söz tutmaması?! Bunu hansı rəssamsa çəkə bilər?! Sevgi etirafını dinləyən qızın allanmış çöhrəsi, qulağını oxşayan xəbərdən dünyanın bir anda gözündə dəyişməsi, ilk körpəni bağrına basmağın, boyu boyunu ötmüş övladınla yanaşı addımlamağın... Bunlar ömrümüzün haqdan çəkilib əbədiləşmiş şəkilləri deyilmi?!...
   
   Yəqin ki, xoşbəxtliyin insanların sayı qədər şəkilləri, formaları var. Özümüzə görünənlə başqalarına görünənlərin arasında fərqlərin olması da sirr deyil. Xoşbəxt olmaq istəyənimiz də var, xoşbəxt görünmək istəyənimiz də. Bütün gülümsəyən şəkillərin ürəyindən keçən qara qanları görməkdən ötrü bizə əlavə göz lazım deyil. Xoşbəxtlik gülümsəmir. Üzdə-gözdə cilvələnir. Qalın meşədə azanın qulağına gələn insan səsi, zülmət qaranlığın lap o başında görünən işartı, suda boğulanın əlinə toxunan saman çöpü, göz yaşlarında boğulan qəhqəhə heç bir təbəssümdə ehtiva oluna bilməz. Bunu çəkməyə də insan əlinin qüdrəti çatmaz.
   
   Həyat həmişə sənətdən üstündü!
   
   Yəqin bu şəkillərin arasında müdhiş, qorxunc olanları da var. Axı, başqasının əzablarından zövq alanlar, bədbəxtliyinə baxıb özünü xoşbəxt sayanlar da az deyil. Onların çəkdikləri xoşbəxtlik şəkilləri, məsələn, İblisin, Mefistofelin təsəvvür etdikləri kimi ola bilər. Qanla, göz yaşıyla çəkilmiş şəkillər...
   
   
   
   ***
   
   Bu yazını işləyəndə xəyalımda o qədər şəkillər keçirdi ki,...Bir zaman olanların və bundan sonra da olmasını arzuladıqlarımın şəkilləri. Onu da bilirəm ki, onların heç birini sözlə də olsa təsvir edib sizlərə göstərə bilmədim. Kim bilir, bəlkə elə bu yaxşıdı...

TƏQVİM / ARXİV