adalet.az header logo
  • Bakı 7°C
18 Aprel 2015 09:09
63196
GÜNDƏM
A- A+

ÇİÇƏKLƏRİ ÖPDÜYÜMÜ KÜLƏKLƏR...

... Diqqətlə yeni açılmış güllərə, çiçəklərə baxdı. Ağappaq ərik ağacının çiçəyi az qala onu lap ovsunladı. Çünki həm ərikdən xoşu gəlirdi, həm də əriyin çiçəklərindən. Səhərin şehi çiçəklərin üzərinə düşmüşdü. Şeh də çiçəklərin üzərinə düşəndə üfüqdən boylanan günəş şəfəqləri onu daha da gözəlləşdirirdi. Əlləri ilə əriyin çiçəklərinə toxundu. Qorxdu ki, birdən ləçəklərdən biri yerə düşər və çiçəklər ömrünü tamamlayar...
Bağın içərisindəki digər ağacların çiçəkləri də adama gəl-gəl deyirdi. Çiçəklərin üstünə qonan bal arılarının vızıltısından adamın qulağı tutulurdu. Ancaq o, heç cürə o arılardan qorxmurdu. Hərçənd ki, bal arısı adamı vuranda deyilənlərə görə, onun vəziyyəti o qədər də yaxşı olmazmış. Bal arıları vızıldaya-vızıldaya onun yanından keçir, ləçəklərin üzərinə qonur, bir müddət orda işləyəndən sonra havaya qalxırdı. Ürəyinə damdı ki, bu bal arıları heç də elə-belə çiçəklərin üzərinə qonmur. Yaz gələndə hər tərəfi yaşıllıq bürüyəndə, ağaclar çiçək açanda, otlar, güllər boy atanda bu bal arıları tezliklə özlərini həmin gözəlliklərin üzərinə çatdırırlar. Belə ki, o arılar çiçəklərin üzərinə qonur, elə ki çiçəklərdən şirə çəkir, bax onda bal arıları sanki yeyib-doyaraq ordan uzaqlaşırdı.
...Bu səhnəni yazın ilk səhərində çox seyr eləmişdi. Düz çiçəklər mayalanana qədər o bal arıları ağacların yanından əl çəkməzdi. Bir dəfə istədi ki, bal arısını alma ağacının çiçəyinin üstündən uzaqlaşdırsın, heç özü də bilmədi ki, bu addımı niyə atır. Əlini alma ağacının budağına yaxınlaşdırdı. Budağı silkələmək istəyəndə fikrini dəyişdi və əllərini geri çəkdi. Sonra bir də alma ağacının budağındakı bal arılarına tamaşa elədi. Düşündü ki, bu bal arılarının arasında erkəyi də var, dişisi də. Dişilər erkəklərdən sonra ağacların çiçəklərinə qonur, sanki erkək arılar onları qarşıdakı təhlükədən xilas etmək üçün özlərini qabağa verir və hər cür maneəni aradan qaldırır...
...İri qanadları olan yekə bir arı qabaqda uçurdu. Düşündü ki, elə bu yekə bir arı dəstənin başçısıdı. Vızıldaya-vızıldaya yekə arı onun qulağının dibindən keçdi. O biri arılar da həmin səslə onun başının üstündən ötərək ərik ağacının çiçəklərinin üstünə qondular. Amma bu dəfə arı dəstəsi əvvəlki günlərdə olduğu kimi çiçəklərin üstündə çox da şirə çəkmədilər. Bunu duyurmuş kimi o arılara yenidən diqqətlə baxdı. Məəttəl qaldı ki, niyə arılar çiçəklərin ləçəklərindən tez çəkildilər. Barmağını dişlədi, o dəqiqə fikirləşdi ki, yəqin bu çiçəklər o biri çiçəklər kimi şirəli deyil, yoxsa bal arıları digər çiçəklərdə olduğu kimi, bu çiçəklərin də üzərində xeyli işləyərdilər.
...Yazın hər səhəri onun üçün bir cənnət idi. Bu cənnət alça ağacından başlayırdı və alma ağacının çiçəklərinin yanında bitirdi. Çünki bağa girəndə orda cənnətin havasını və gözəlliyini duyardı. Sanki elə bilərdi ki, göyün yeddinci qatındadı və bal arıları da ona bir ləzzət verir. Heç bal yeyən də deyildi. Ancaq bal arılarının çiçəklərin üstünə qonaraq şirə çəkməsinə saatlarla tamaşa etsə də bu anlardan doymazdı. Deyirdi ki, mənim üçün ən gözəl fəsil yazdı. Yaz gələndə həyat qaynayır, insanın qanı coşur, güllər, çiçəklər adama yeni bir ömür bəxş edir...
Əyilib, ərik ağacının çiçəyinin ləçəklərindən öpdü. Elə öpdü ki, sanki öpdüyü çiçək deyildi, bir qəşəng qız idi. Sonra da ürəyindən Vahid Əzizin bu misraları keçdi:

Çiçəkləri öpdüyümü küləklər
Qaçıb yara bildirməsə yaxşıdır...


...Sevdiyi qız həddindən artıq qısqanc idi. Onu daşa-kəsəyə, bütün qadınlara belə qısqanardı. Amma bu yaz hər şeyə son qoyuldu. Elçilər getdi, qızın "hə"sini aldılar və bir yaz günü də kənddə onların qapılarında toy çalındı. O toy ki, bu yaz səhərində qara zurnanın səsi ürəyi daşdan olan adamları belə kövrəltmişdi. Ürəyi daşdan olan adamlar bu yaz səhərində həmin oğlanın ata-anasına gözaydınlığı verir və özünə isə xoşbəxtlik arzulayırdılar...
Bu yaz səhəri üçün o həmişə darıxacaqdı. O həmişə bu yazın, bu təravətin gözəlliyini hiss eləmək üçün qəriblik keçirsə də, ancaq o bağa, o bağçaya tək düşməyəcəkdi. Çünki onun gözəl bir sevgilisi vardı və hər gələn yazı onlar birlikdə qarşılayırdılar. Hər yaz da hər ikisi bağa düşər, güllərə, çiçəklərə baxar, bal arılarının necə şirə çəkməsinə doyunca baxardılar...