adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Kainatın işıqlı səmtləri...

SAMİRƏ ƏŞRƏF
23295 | 2015-04-18 08:37
Yazının məqsəd və məramını yaxşı izah edə bilməkdən ötrü mətnə bir xırda əhvalat üzərindən giriş etmək istərdim.
O günləri beyqəfil qapı döyüldü. Açdım gördüm ki, iki nəfər canlı, cüssəli kişi xeylağı dayanıb mənə baxır. Kimliklərini xəbər alanda bildirdilər ki, su idarəsindən gəliblər, evdən keçən su xətlərini və sayğacı yoxlamalıdılar. Mən təbii ki, onların evə girməsinə icazə vermədim. Çünki belə bir qayda-qanunun, kiminsə evinə soxulub yoxlama aparılması üçün hansısa rəsmi icazənin olub olmadığını dəqiq bilmirdim. Etiraz edəndə kişilərdən sağ tərəfdə dayananı bir daha təkrar etdi ki, heç olmasa sayğacı yoxlasınlar və sair və ilaxır. Mən o dəqiqə yadımda qalan sehrli kəlmələri söylədim: Evdə heç kim yoxdu. Sizi evə buraxa bilmərəm. Vəssalam. Milli mentalitetimizin əsas və dayaqlarından ibarət olan bu bir neçə kəlmə söz işə yaradı. Kişilər bir-birilərinə bax-baxa dinməzcə çıxıb getdilər.
Məsələ burasındadır ki, həqiqətən də onların əlində evə girib hər hansısa yoxlayış aparmaq üçün kiçik bir kağız parçası belə yox idi. Olsaydı və onlar bunu mənə təqdim etsəydilər, mən də təbii ki, həmin kağız parçasından yapışaraq onlara məqbul olan səlahiyyəti verib evə buraxardım. Bir haldakı belə bir sənəd və ya tapşırıq yoxdur, bəs nə üçün onlar evlərə girməyə bu qədər can atırlar?! Məgər bizim insanlar üçün kənardan kənara insanların şəxsi həyatına burun soxmaq bəs etmədi ki, indi də canlı şəraitdə bunu etməyə cəhd edirlər?
Allah su, qaz, işıq, poçt kimi idarələrdən gələn və heç bir səlahiyyətsiz insanların evlərinə soxulmağa adət edən nəzarətçilərin canlarını sağ eləsin. Ona görə ki, onların sayəsində son illər ölkədə nə qədər qətl və oğurluq halları baş götürüb getdi. Kimin ki, əli bir az çətinə düşürdü sinəsinə kompüterdən çıxarılmış rəngli bir vəsiqə asıb, gəlib girirdi camaatın evinə ki, bəs filan idarədən gəlmişəm. O turba sənin, bu turba mənim deyə-deyə adam xalxın evində nəyi var, nəyi yox yığışdırıb gedirdi. Oyan-buyan edənin də başını kəsib qoyurdu yerə.
Çarli Çaplin deyirdi ki, "insanın xarakterindəki bir sıra məsələlərdən hali olmaq üçün həm də onun məişəti ilə maraqlanmaq lazımdır".
Məişət sözü tələffüz olunduğunda nədənsə həmişə sovet dövrünü xatırlayıram. Ömrümün səkkiz ilindən çoxu həmin dövrün payına düşür. Qırmızı qalstuk, oktyabr nişanı, 1 may paradı, "spokoynoy noçi malışi", "nu poqadi" və s.
90-cı illərin əvvəllərində "Evdarlıq" adlı bir kitab çıxmışdı. Əl-əl gəzirdi. İnsafən də içərisində o dövr üçün yeni sayılan bir çox xörək və şirniyyatların resepti vardı. Kitabın içərisində evin təmir olunmasından tutmuş, körpəyə baxmaq, gözəllik və məişət sirlərinə də aid maraqlı məlumatlar vardı. Rayonda olanda o kitabdan bizim evdə də vardı. Sonra qaçqınçılıq düşdü, kitab-zad saya salan olmadı, hərə canını götürüb qaçdı bir tərəfə. Biz də hamı kimi. Uzun illərdən sonra mən həmin kitabdan qonşumuzda gördüm, nə üçünsə ondan həmin kitabı aldım və bir daha geri qaytarmadım. Allah üçün deyim ki, kitab da onun yadından çıxdı. Heç bir dəfə də olsun istəmədi.
İndi hərdənbir həmin məşhur kitabı açıb vərəqləyirəm, elə-belə xatirələrimi kökləmək üçün. Yadıma çox şeylər düşür...
O vaxtı insanlar bir-birilərinə indiki qədər kələk gəlməzdilər. O vaxtı heç kim heç kimin evinə nə bilim nə pulu yığan adı ilə soxulub varını-yoxunu süpürüb aparmırdı. Oğurluq edəndə də oğru kimi edirdi.
Yay vaxtı hərdənbir həyətə düşüb köhnə arvadları danışdırıram. Hamısı evlərinin qapısını açıq qoyub işə getməklərindən, nahar, şam yeməklərini beş-altı ailənin bir yerə yığışıb yeməsindən, doğruluqdan, düzgünlükdən danışırlar ki, həmin vaxtı biz ayağı yalın çağalar idik.
Bəs indi nə baş verdi? Aradan keçən iyirmi, iyirmi beş il ərzində nələr oldu ki, bu qədər tənəzzülə uğradıq? Niyə insanlar bu qədər ikiüzlü oldular? Niyə hamı zahirən xoşbəxt görünməyə can atdı? Bu qədər yalana, aldatmaya insanları nə məcbur edir. Üst-üstə taxılan maskalar insanların sifətində özünə elə yer etdi ki, indi onlardan qopmaq qeyri mümkünə çevrilib.
Bu yaxınlarda Məmməd Səid Ordubadinin xatirələrini oxudum. Kitabı bitirdikdən sonra anladım ki, o vaxtkı insanların çox güclü əqidələri, mübarizə əzmləri olubdur. Xatırladığım bir çox yazıçı və şairlərin çoxunun həyatında, həbsxana, təqib və məşəqqət olmuşdur. Lakin bütün bu çətinliklərə baxmayaraq onlar öz əqidələrinə ən əsası isə ədəbiyyata xəyanət etməyiblər. Ordubadi Naxçıvan həbsxanasında olarkən xatirələrini ona göndərilən çay qutularının kağızlarına yazırmış. İndi bizim əlimizin altında bu qədər kağız, qələm, klaviatura ola-ola biz heç nə yaza bilmirik. Niyə?! Sualların hamısı heç də məchulluğa dirənmir. Çoxunun cavabı çoxumuza bəllidi. Lakin...
...Gün keçdikcə ətrafımdakı insanların sayının azaldığını görürəm. Artıq neçə-neçə yaxınım, oturub çay içib ürəklə söhbət edə biləcəyim insan yanımda yoxdu. Hamısı baş alıb kainatın işıqlı səmtlərinə səpələnib. Bu yaxınlarda Avropada yaşayan bir rəfiqəmlə yazışırdım. Niyə getməsinin səbəbini xəbər aldım. O, çox qısa formada bildirdi ki, "mən orda xoşbəxt ola bilmədim!"
Nə deyə bilərdim ki, cavab həm səmimi, həm də kəskin idi. İnsanlar artıq yalançı xoşbəxtlikdən bezib. Hər kəsin isə həqiqi xoşbəxtliyə çatmaq haqqı var.


TƏQVİM / ARXİV