adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

QEYRi-ADi ADAM...

BABƏK YUSİFOĞLU
36242 | 2010-10-26 05:50
İKİ DAHİNİ HEYRƏTLƏNDİRƏN YENİYETMƏ
   
   (əvvəli 19 oktyabr sayımızda)
   
   ...Volf Messinq Ziqmund Freydin düşündüklərini "oxudu". O, Eynşteynə yaxınlaşaraq maqqaşla onun iri bığlarından üç tük dartıb qopardı. Bu onların gözləri önündə baş verən möcüzəli bir görüntü idi. Hər şey düzgün baş vermişdi... Amma nə üçünsə Volf Messinqlə Freyd bir daha görüşmədilər. Maraqlıdır, Messinq kimi qabiliyyət sahibləri filosof, böyük psixoanalitik Ziqmund Freydin nadir "obyektləri"ndən olsa da o, Volfla yenidən qarşılaşmaq üçün heç bir cəhd etmədi. Və təəssüf ki, qeyri-adi telepatın Ziqmund Freydlə görüşünün izləri böyük venalı psixoanalitikin elmi işlərində də, digər təhqiqatlarında da hiss olunmadı. Görünür dahi alim bu bu qeyri-adi təzahürü heç cür izah edə bilmədiyi üçün onun qarşısında geri çəkilib, bəhs etməyə girişməyib. Amma qeyd etmək lazımdı ki, onların məlum görüşü zamanı Volf Messinq məhz Freydin təsiri və məsləhəti ilə sirklə vidalaşdı, daha ucuz tryuklarla çıxış etməyə son qoydu. Bundan sonra Volf yalnız "psixoloji təcrübə"lərlə məşğul oldu ki, bu sahədə bütün rəqiblərini kölgədə buraxdı.
   
   Bir neçə il keçdi. Bu illər ərzində Messinq daha da məşhurlaşdı. Özü də təkcə Avropada yox. Onun uzunmüddətli turnelərinin ünvanları hər tərəfə uzanırdı: Yaponiyaya, Braziliyaya, Argentinaya... səfərlərində də tamaşıçılar bu gəncin bacarığına heyran qalmışdılar. Bu qeyri-adi adama çoxları heç insan kimi də baxmırdılar. Buradakı çoxsaylı tamaşalardan sonra o, yenidən Avropaya - Polşaya qayıtdı və burada Volfu qəfildən əsgərliyə çağırdılar. Əsgərlik tələblərini çox bacarıqsız yerinə yetirdiyi üçün sıravi Messinqi mətbəxə göndərdilər. Əslində onun olduğu hərbi hissədə də hər kəs böyük telepatın heyrətamiz bacarığından danışırdı. Bir müddət keçdikdən sonra onu burada da çox saxlamadılar, tezliklə marşal Pilsudskinin yanına göndərdilər. Çünki marşal da haqqında çox qəribə şeylər danışılan əsgəri yanında görmək istəmişdi. Bu görüş barəsində deyirlər ki, Volfun bacarığına heyran qalan Pilsudski bir neçə problemli məsələni də onunla məsləhətləşərək çözmüşdü.
   
   O, əsgərlikdən sonra da fəaliyyətini davam etdirdi. Hindistana getdi. Volf hətta orada hindlilərin lideri Maxatma Qandi ilə görüşdü, yoqlarla yaxından maraqlandı, onların yanında qalaraq bir çox şeyləri öyrəndi. Şöhrəti hər tərəfə yayılan Messinq bəzi səs-küylü kriminal hadisələrin açılmasında da iştirak edirdi. Bir dəfə qraf Çartorıyskinin evindən böyük qiymətə malik brilliant sancaq yoxa çıxır. Qiymətli bəzək əşyasının heç yerdə tapılmadığını görən qraf Messinqi yanına dəvət edir. Volf brilliant sancağı asanlıqla qulluqçuların birinin azyaşlı oğlundan tapır. Bu yaxşılığın qarşılığı olaraq qraf Messinqi layiqincə mükafatlandırmaq istəsə də o, bundan imtina edir, əvəzində ondan xahiş edir ki, buradakı yəhudi əhalisinin hüquqlarını məhdudlaşdıran qanunun aradan qaldıılmasına köməklik göstərsin. Və sözünün üstündə duran qraf Messinqin arzusunu yerinə yetirir.
   
    DÜŞMƏNLƏRİ
   
   Volf Messinqin şöhrəti olduğu kimi artıq gizli və açıq düşmənləri də yaranmışdı. Bunlardan biri o vaxt Berlində şöhrətin içərisində "üzən" Erik Yan Qanussen idi. Maraqlıdır, o da Volf kimi yəhudi idi. Messinq onun istedadını təsdiqləsə də Qanussenin hakimiyyətə gəlmiş faşistlərin, şəxsən fürerin qulluğunda durduğuna görə bu adamı xoşlamırdı. Qanussensə ən böyük rəqibi kimi gördüyü Messinqə düşmən gözü ilə baxırdı. Elə bu üzdən idi ki, imkan düşəndə o, yüksək çinli almanlara, hətta Hitlerin özünə də Messinqin təhlükəli biri olduğuna inandırmağa çalışırdı. Əldə olan məlumatlara görə, Erik Yan öz gizli məqsədləri naminə Messinqi fürerlə görüşdürməyi bacarmışdı. Hitler başladığı müharibə ilə bağlı Volf Messinqə sual da vermişdi...
   
   Müharibənin elə ilk çağlarında Polşa zəbt edildi, Messinqin doğulduğu Qura-Kalvariya da alman faşistlərinin əlinə keçdi və yəhudilərin faciəli günləri başladı. Buradakı bütün yəhudilər kimi Messinqlərin də hamısı həbs edilərək ölüm düşərgələrinə göndərildilər, Volfun bütün ailə üzvləri də Maydanekə göndərilərək qaz kameralarında məhv edildiər. Yalnız həmin vaxt Varşavada olan gənc Messinq pərəstişkarlarından birinin ət dükanının zirzəmisində gizlənərək xilas ola bildi. Amma bu da uzun çəkmədi. Belə ki, gizləndiyi yerdən təsadüfən çıxan Volfu faşistlər yaxaladılar. Çünki fürerə iki il əvvəl görüşərkən - şərqə hücum edəcəyi təqdirdə məğlubiyyətə uğrayacağını söyləyən bu məşhur öncəgörəni Hitlerin əmri ilə hər yerdə arayırdılar. Astroloqun öldürülməsi əmri verilmişdi. Hətta onun başına qiymət də qoyulmuşdu.
   
   Messinqin yaxalanmasının ölümlə nəticələnəcəyinə heç şübhə yox idi. Bu zaman çox maraqlı hadisələr baş verir. Həbs edilərək təcridxanaya gətirilən Volfu kameraların birinə salaraq qapını bağlayırlar və keşikçilərə - diqqətli olun - əmri verilir. Təcridxanada bir qədər sakitlik yaranandan sonra Messinq bacarığını işə salır. O, hipnozun gücü ilə keşikçilərə qapını açdıraraq onların hamısını kameraya gətirir, sonra isə qapını keşikçilərin üzünə bağlayaraq çıxıb gedir.
   
   Və bundan sonra onun Avropada qalması böyük risq idi. Bu üzdən də yaxın tanışlarının köməyi ilə - 1939-cu ilin noyabrında balıqçı qayığında Buq çayını keçərək Sovet İttifaqına pənah gətirdi. Deyilənə görə, o zaman Volfun arvadı, uşağı olsa da onları özüylə aparmağı bacarmayıb. Amma onu sovet ölkəsində də gülərüzlə qarşılamadılar. Cəbhə xəttini keçən kimi sovet əsgərləri tərəfindən yaxalanaraq hərbi hissə rəhbərliyinə təhvil verildi. Orada da bütün təkidlərinə, çabalarına baxmayaraq onu dversant, yaxud cəsus kimi qəbul etdilər. Messinqin həyatı yenə də tükdən asılı idi. Və burada da köməyə fenomen bacarığını "çağırdı". Söz qopartmaq üçün onu xüsusi təhqiqata göndərməyə hazırlaşan komandirə qəfildən təxminən belə dedi: "Qızınızı mütləq Moskvaya aparıb həkimə göstərin". Daim xəstə övladı haqqında düşünən komandirə qızının adını da deməklə Messinq onu heyrət içərisində qoydu və Volfun telepat, öncəgörən olduğuna inandırdı. Çox keçmədi ki, bu qeyri-adi adam haqqında Moskva da öyrəndi.
   
   QIRMIZI İMPERİYANIN PAYTAXTI
   
   Deyilənlərə görə, məsələdən Beriya xəbər tutandan sonra Volf Messinqi onun yanına gətiriblər. Həyatda hər şeyə, hətta öz doğmalarına belə şübhə ilə baxan Beriya telepatın dediyi heç bir sözə əvvəlcə inanmadı. O, Messinqin cəsus olduğuna əmin idi. Bu da o demək idi ki, Volf Messinqlə ölüm arasında məsafə yoxdur. Əhvalının yaxşı vaxtına düşdüyü üçün Beriya sadəcə maraq naminə Messinqə çox mürəkkəb bir tapşırıq verir: o, ən yüksək səviyyədə mühafizə olunan binadan - Beriyanın kabinetindən buraxılış vərəqi olmadan çıxmalı, hər mərtəbəsində gücləndirilmiş gözətçilər yerləşdirilən dəhlizlərdən keçərək həyətə düşməli, yenidən eyni qaydada geri qayıtmalıydı. Böyük həyəcan keçirən Messinq hiss etdi ki, bu onun ölüm-qalım imtahanıdır. Bunu elə qarşısındakı Beriyanın hiyləgər, amansız baxışları da deyirdi. O özünü toparlayıb bütün gücünü səfərbər etdi. Messinq qapıdan çıxdı (kənardan ona nəzarət edilirdi) və tapşırığı dəqiq yerinə yetirdi. Mərtəbələrdə, qapılarda bütün gözətçilər, mühafizəçilər onun uzatdığı adi kağız parçasına buraxılış vərəqi kimi baxıb heç bir yerdə saxlamadılar. Həqiqətən də nə baş verdiyini anlaya bilməyən Beriya Messinqin ölüm fərmanı üçün tələsmədi. Ondan müharibənin gərginliyini yaşayan əhali üçün istifadə etməyə qərar verdilər və Belorusiyaya göndərdilər. Şübhəsiz nəzarət altında saxlamaqla.
   
   STALİNLƏ GÖRÜŞ
   
   Bu haqda artıq Rəhbərə xəbər verilmişdi. Bu görüş haqqında belə yazırlar. Volf Messinq böyük kabinetdə ortaboylu, ləng hərəkətli, qalın bığlı, əsgəri formada olan adama yaxınlaşıb - salam, yoldaş Stalin - deyir. İosif Vissarionoviç, - salam - cavab verir. Messinq:
   
   - Mən sizi əllərimdə aparmışam, - söyləyir.
   
   - Necə yəni əllərimdə aparmışam? - deyə Rəhbər təəccüblənir.
   
   - Bir may nümayişində. Portretinizi...
   
   - Ay səni, hiyləgər - deyə Stalin onun sözlərindən xoşlanır. Amma bununla belə Stalin də onu yoxlamağa qərar verir. Özü də bu dəfə lap çətin tapşırıqla. Rəhbər heç bir yazısı olmayan ağ vərəqi Volfa verərək bu kağızla mərkəzi əmanət bankından yüz min rubl almağı tapşırır. Bu inanılmaz tapşırığı yüksək səviyyədə yerinə yetirən Messinq (pulu verən kassir qadın sonradan infarkt keçirib) Stalini də heyrətləndirir. Messinq qabaqcadan müharibənin SSRİ-nin qələbəsi ilə 1945-ci il 09 mayda qurtaracağını da Stalinə deyib. Müharibədən sonra Stalin Messinqlə görüşdə bunu şəxsən özü də xatırlayıb.
   
   Ümumiyyətlə, bu hadisə çoxsaylı əfsanələrin yaranmasına səbəb oldu. Onun haqqında qəribə şeylər dolaşmağa başladı. Hətta deyirlər ki, Stalin ona şəxsi məsləhətçi kimi yanında işləməyi təklif edib. Doğru olanı budur ki, Messinq Rəhbərlə cəmi bir neçə dəfə görüşüb.
   
   Messinq qastrolların birində - Novosibirskdə qarşılaşıb tanış olduğu Aida adlı bir qadınla evləndi. Bundan sonra Aida Mixayılovna onun üçün - həm həyat yoldaşı, həm assisent, həm dost, həm də katibə oldu, heç vaxt telepatdan ayrılmadı. Müharibənin bitməsindən sonra onların güzəranı heç də yaxşılaşmadı. Messinqgilin özlərinə aid yaşamağa yerləri də yox idi. Yalnız Rəhbərin göstərişindən sonra onlara Moskvada Novopeseçni küçəsində birotaqlı mənzil verdilər. Və ömründə ilk dəfə olaraq hər yeri dolaşaraq əldən salan, özü də əldən düşən bu adamın öz ocağı oldu.
   
   Messinq gündəlik rejimə dəmir intizamla riayət edirdi. Hər gün saat səkkizdə yuxudan qalxırdı, idman edirdi, sonra səhər yeməyi yeyirdi. Volf mütaliə etməyi çox sevirdi. Seanslara çıxmamışdan qabaq yarım saat yatırdı. Özü bunu belə izah edirdi ki, yuxu onun enerjisini bərpa edir. Messinq xaraktercə qılıqlı adam olub, xəsis olmayıb. Ürkək olan Volf maşınlardan, ildırım çaxmasından, uniformalı adamlardan qorxardı. Əksər hallarda arvadının dediklərinə əməl edərdi. Onun qeyri-orijinal zahiri görnüşə malik olması da səhnədə uğur qazanmasına həmişə yardım göstərib. Bundan başqa, Messinq uzun illər Sovet İttifaqında yaşamasına baxmayaraq rus dilində yaxşı danışmağı və qavramağı bacarmayıb. Onun köməyinə ehtiyac duyanlara yardım göstərməyi özünə borc bilib. Qəribədir ki, Volf heç vaxt xəstələnməyib. Özü bəzi xəstələri hipnozun köməyi ilə müalicə etməyi bacarsa da arvadı xəstələnəndə ona heç cür yardım göstərə bilməyib.
   
   Arvadı 1960-cı ildə vəfat etdikdən sonra Volf Messinq sözün əsl mənasında güclü sarsıntı keçirdi. Düz yarım il səhnəyə çıxmadı. İşinə qayıdandan sonra isə onu əvvəlki şövqdə görmədilər. Amma demək olar ki, işini axsatmadı. O, saysız-hesabsız qastrollarda oldu, sovet ölkəsinin demək olar ki, əksər yerlərinə getdi. Amma hər yerdə də xüsusi xidmət orqanlarının "kalpak"ı altında olduğunu bildi. Bəlkə də buna görə idi ki, Volf Messinqin əlyazmalarından, sənədlərindən heç biri sonradan üzə çıxmadı. Halbuki, onun müəyyən yazılarının olduğu bəlli idi. Hətta yaxın dostlarına bir neçə dəfə işarə də vurmuşdu ki, o, "çox vacib KİMSƏNİN"sə tapşırıqlarını yerinə yetirir. Təəssüf, bu haqda da heç kimə heç nə məlum deyil. Bəlkə də onlar "KQB" arxivlərindədir. Çünki deyilənə görə, ölümündən sonra evinə gələn dostları Messinqin əlyazmalarının heç birini tapmadılar.
   
   Ömrünün son illərində bu kimsəsiz telepat xəstələndi və daha çıxış etmədi. Qorxurdu ki, hansısa ağır fikirləri "oxumaq" üçün sərf etdiyi gərginlik onun beynini sıradan çıxarar. Lakin təhlükə onu başqa yerdən haqladı. Vaxtıyla əzdiyi ayağının damarları sıradan çıxdı. Maraqlıdır, həkimlər bunu cərrahi müdaxilə ilə aradan qaldıra biləcəklərini desələr də xəstəxanaya gedərkən evinin divarındakı şəklinə baxan Messinq ayaq saxladı və dedi: "Artıq bitdi, Volf, sən bir daha bura qayıtmayacaqsan". Elə belə də oldu. Əməliyyat uğurla keçsə də qəfildən onun böyrəkləri sıradan çıxdı, həkimlər buna əlac tapmağa macal tapmamış ciyərlərində kəskin ağırlaşma başladı. 1974-cü il noyabrın 8-də bu fenomen qabiliyyətə malik insan - Volf Messinq vətənindən uzaqlarda Moskvada vəfat etdi.

TƏQVİM / ARXİV