BiR DiLiM ALMA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
32287 | 2010-10-23 05:38

   
   Yəqin ki, bütün uşaqlar elə mənim kimi ediblər. Mənim kimi deyəndə kimin ağlına nə gəlir gəlsin özü bilər, amma mən bircə şeyi nəzərdə tuturam. Öncə gözlərimin qarşısına gətirirəmg Dağlıq Qarabağda, Tuğ kəndində böyük bir həyətimiz var idi. Və bu böyük həyətin bərəkətli torpağında nə əkirdiksə bitirdi. Hətta suvarmayanda da, qulluq göstərməyəndə də bu torpaq onu cücərdirdi. Atam bu həyətdə Qarabağ torpağının yetişdirdiyi bütün meyvə ağaclarından əkmişdi. Düzü mən almanı çox xoşlayıram. Özü də meyxoş və bir az da turş almaları. Sonralar hardansa bir göy alma yetişdirən ağac da gətirib əkdi. Adı dilimə yatmırdı onda, heç indi də yatmır. Deyəsən Sibir almasıdı, gömgöy rəngdə...
   
   Mən almanın "damarına" su qaçan gündən bir ovuc duzla otururdum ağacın dibində. Xəlvət o almalardan qırıb könyəimin qolu və yaxud da ətəyi ilə silib başlayırdım marça-març yeməyə və bunun üstündə də hər gün danlanırdım ki, bəsdir meyvəni kal-kal yedin. Amma kim idi sözə baxan, gözdən yayınan kimi yenə özümü verirdim alma ağacının dibinə.
   
   Bu günlərdə şəhərin Yasamal ərazisindəki yarmarkaya getmişdim. Hər cür almalar tökmüşdülər piştaxtaların üsütnə. Hamısına baxa-baxa keçib gedirdim. Əslində gözlərim satışa çıxarılan almalarda idi, fikrim əlim çatmayan alma ağacında. İnanın ki, həmin an kimsə xətrimə dəysəydi elə həmin o uşaq kimi bir küncə çəkilib doyunca ağlayacaqdım. Amma yaxşı ki, xətrimə dəyən olmadı. Sadəcə mən bu yarmarkada Azərbaycanın bütün bölgələrinin almalarını gördüm, bir Qarabağdan başqa...
   
   Hə, mən bu alma söhbətini elə-belə etmədim. Çox yaxından tanıdığım bir insan var. O da meyvələrin içərisində almanı, özü də göy almanı yaman çox sevir. İmkan düşəndə onun həmin o göy almanı necə dilim-dilim kəsib doğradığını, necə səliqə ilə yediyini bir kənardan müşahidə edirəm. Belə baxanda burda qeyri-adi bir şey yoxdur. Hər kəs bacardığı kimi almanı da, digər yeməkləri də qəbul edə bilər. Amma nədənsə bu tanışım həmin almanı elə bir diqqətlə, elə bir ustalıqla dilimləyir ki, sanki almaya toxunan bıçaq kiminsə qəlbinə dəyəcək, kimisə incidəcək. Əvvəl mənə elə gəlirdi ki, ya əlindəki bıçaq itidi, ya da o özünü belə göstərir. Barmağını, əlini kəsməkdən ehtiyat edir. Amma sonradan gördüm ki, yox, o göy almanı kəsib dilimləyəndə kiminləsə danışır, kiminləsə təmas qurur. Amma kiminlə?..
   
   Yəqin dinləmisiniz, xalq mahnılarımızın məşhur beytlərindən birində deyilir:
   
   
   
   Al bıçağı,
   
   Kəs almanı
   
   Ver yara
   
   Dilim-dilim!..
   
   
   
   Bu həzin musiqinin könül oxşayan, xəyal qanadlandıran sözləri görünür elə-belə yaranmayıb. Düzdü, inanclarımızda alma, armud övlad nişanəsidir. Hətta nağıllarımızda da övladı olmayana alma bağışlayırlar. Göydən üç alma düşür...
   
   Bilmirəm, bilmirəm dünya niyə belə qəribəliklərlə doludur? Bəlkə bu qəribəlikləri elə biz özümüz yaradır xəbərimiz yoxdur. Amma hər nədisə doğrudan-doğruya o köynəyimin ətəyi ilə sildiyim almaların ləzzəti və bir də yaxından tanıdığısm bir insanın göy almanı qeyri-adi bir məharətlə dilim-dilim doğraması heç yadımdan çıxmır. Bu təkcə yaddaş məsələsi deyil.
   
   
   
   Baş qaldıran duyğular
   
   Suallara tuş gəldi...
   
   Sevgilər bu dünyaya-
   
   Yuxulu, bihuş gəldi...
   
   
   
   Çıxarmamış çiləmi
   
   Qan-yaş tutdu didəmi
   
   Şumlamağa sinəmi-
   
   Əlimdə bir xış gəldi...
   
   
   
   Ruhum tutub zamanı
   
   Oxun çəkdi kamanı
   
   Dalınca bu dumanın-
   
   Qar-boranlı qış gəldi...
   
   
   
   Dən səpildi, dən telə
   
   Ömrü ömrə bənd elə...
   
   Ağrıdan ölsəm belə -
   
   Hər nə gəldi, xoş gəldi!..
   
   
   
   ***
   
   Payızda yarpaqların saralması təbiidir. Yəni bu fəsil öz qızılı rəngləri ilə və bir də yığılıb toplanan qarşıdan gələn ağır qışa hazırlığı ilə həmişə fərqlənib. Bir də bu fəsil toy-nişanla yadda qalıb. dünyanın başqa yerlərini deyə bilmərəm, bizdə payız-yaz toyları lap qədimdən adət olub. görünür bu da təsərrüfat işləri ilə, əkin-biçinlə əlaqədardır. Adamlar işdən ayrılmamaq, eyni zamanda toy süfrəsini bol etmək üçün yazı, payızı seçiblər. Biri özü ilə nübar gətirir, biri də bol ruzini bir araya cəm edib. Hər halda bu qaydanı qoyanlar, bu seçimi edənlər nə etdiklərini daha yaxşı biliblər və bizlər də o bilgidən yararlanıb zaman-zaman istifadə etmişik.
   
   Doğrudu, indi restoran toyları yaz, payız söhbətini bir küncə sıxıb. Heç mövsümü, ağır, yüngül günləri gözləyənlər də yoxdu. Həfətnin bütün günləri restoranlarda toy çalınır. Olsun! Görünür yeni zaman özü ilə yeni adətlər gətirir və biz də bir az yeniliyə, bir az da qonşulara baxa-baxa yaz-payız toyları ifadəsindən uzaqlaşırıq. Necə ki, özümüz özümüzdən, özümüz sözümüzdən və sözümüz dilimizdən uzaq düşür...
   
   Hə, həyatın müxtəlif mərhələlərində biz yaşımızdan və başımızdan asılı olmayaraq nəyə isə can atırıq. Fikirləşmirik ki, istədiyimiz, can atdığımız bizim yaşımıza-başımıza uyğundur, yoxsa yox. ümumiyyətlə bu istək bizə məqbul sayıla bilərmi? Əgər xatırlayırsınızsa (söhbət bizim illərin uşaqlarından gedir - Ə.M.) bizə o illərdə hətta hansı kitabı oxumağı, hansı filmə baxmağı məsləhət görürdülər, tövsiyə edirdilər. İndiki kimi xatırlayıram. Kitaba böyük həvəsimdən orta məktəbin 3-cı sinifində oxuyanda kitabxanadan "Qorxulu Tehran" romanını oxumaq üçün götürdüm. Kitabxanaçı erməni olduğundan buna heç bir əhəmiyyət vermədi. Ertəsi günü sinifdə uşaqlara "Qorxulu Tehran"la bağlı atüstü söhbət etdim.
   
   Söz sinif rəhbərimizə hardansa çatdı. Tənəffüsdə məni yanına çağırıb dedi:
   
   - Apar o kitabı qaytar kitabxanaya. O sənin yaşına uyğun deyil. Bir də kitab götürməyə gedəndə məsləhətləş.
   
   Başımı salıb aşağı dərsin axırını gözlədim. Çünki kitab çantamda idi. Dərs qurtaran kimi birbaşa kitabxanaya gedib "Qorxulu Tehran"ı qaytardım. Kitabxanaçı üzümə təəccüblə baxıb soruşdu:
   
   - Ara, elə bir gecəyə oxudun?
   
   Heç nə demədim. Xalq şairi Səməd Vurğunun "Komsomol poeması" kitabını götürüb dinməzcə kitabxanadan çıxdım...
   
   Evimdə özümə görə kitabxanam var və demək olar hər gün də evə təzə kitablar aparıram. Cəmi bircə dəfə bir müəllifin (reklam etmək istəmirəm - Ə.M.) kitabını uşaqlardan gizlətdim. Və elə həmin anda orta məktəb illəri yadıma gəlib düşdü. Öz-özümə danışırmış kimi dedim:
   
   - Mən uşaqları hansı kitabdan və hansı yaşa qədər qoruyum? Axı indi televiziyalar, İnternet saytları qorumağa, daldalamağa heç nə qoymayıblar qalsın...
   
   Hə, çox qəribədir. Mən bir az nostalji olan bu yazını həyətimizdəki (bilmirəm o ağaclar durur, yoxsa ermənilər kəsib yandırır - Ə.M) o alma ağacı ilə və onun kölgəsində keçən günlərimlə bağlı xatirləri çözməklə davam etdirmək, yekunlaşdırmaq istəyirdim. Amma söz sözü çəkdi... fikir pərən-pərən düşdü... bir də onda baxıb gördüm ki, kitabdan, oxumaqdan söhbət açmışam... Bunu mənə qəbahət saymayın. Nostalji güc gələndə özümdə olmuram. Üstəlik də ilham pəriləri fikrimi doaşıq salır. Ona görə də bir dilim almanın şirinliyi qədər dəyərli ola biləcəyini saydığım misraları sizlərə pıçıldayacam:
   
   
   
   Sarı simə toxunacam
   
   Sətir-sətir oxunacam
   
   Hörümçək tək boğulacam-
   
   Hördüyüm sevgi torunda...
   
   
   
   Nə əlim göyə çatacaq
   
   Nə yer üzümə baxacaq...
   
   Eləcə bəxtim yatacaq-
   
   Gördüyüm sevgi torunda...
   
   
   
   Tanrı, məni bu üzlə gör
   
   Gecə, gündüz - hey izlə, gör...
   
   Sahildə ya dənizdə gör-
   
   Verdiyin sevgi torunda...
   
   
   
   ***
   
   İllərin arxasında ömürlər qalır. Ömürlərlə birlikdə bəzən istəklər də hopur illərə. Amma neyləyək ki, nə o illərdə qalan ömürləri, istəkləri tarixin cəngindən, caynaqlarının arasından qoparıb almaq olmur. Olsa-olsa bir az istəklərə güc çatır. Amma istəklər də artıq həminki deyil... Necə ki, mən o göy, meyxoş almaları əvvəlki kimi köynəyimin ətəyinə silib dişləyə bilmirəm. Buna yaş da mane olur, bu günün ekoloji və bir də uşaqların tərbiyəsinə təsiri məsələsi də. Axı almanı yuyub, soyub yeyərlər...Eh...
   
   Kaş o almadan bircə dilim olaydı...tək bircəcə dilim. Və bir də kaş o ağacın dibinə bircə anlıq dönüş imkanı yaranaydı... Amma hanı o imkan?.. Mən ki, mələk deyiləm!..

TƏQVİM / ARXİV