adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DOğRUDANMI, HƏR ŞEY YAXŞIDI?!.

VƏSİLƏ USUBOVA
27990 | 2010-10-23 05:38
Həmişə mənalı, məzmunlu, yadda qalan fikir söyləmək mümkün deyil. Və bu mümkünsüzlük də işə yarayır, deyəsən. Hamı yaddaqalan, qeyri-adi cümlələr, fikirlər işlətsəydi, onda bu dünyada hamı söz yiyəsi olardı ki. Fikir vermişəm, danışdığımız sözlərin, cümlələrin çoxu məzmunsuz, məntiqsiz olur. Düşünmədən, fərqinə varmadan, bəzən fikirli olduğumuzdan, bəzən kimisə başımızdan eləməkdən ötrü ağlımıza gələn ilk sözü, cümləni işlədirik. Yalan dediyimizin, aldatdığımızın necə qəbul ediləcəyini, kimisə məyus edəcəyini, incidəcəyini vecimizə də almadan edirik bunu. Bəzən darıxmamaqçın, bəzən adamın canını sıxan sükutu pozmaqçın, bəzən də elə danışmaq xatirinə danışırıq. Söz olsun, deyə söz deyirik...
   
   Son zamanlar tamaşa elədiyim əcnəbi filmlərdə maraqlı bir şey diqqətimi çəkib. Birisini susqun, kefsiz görən kimi soruşurlar: "Sən yaxşısan?", yaxud "Hər şey yaxşıdı?" Qəribə burasıdı ki, bu suallara müsbət cavabı da elə həmin qanıqara, dilxor adam verir: " Hə, mən yaxşıyam", ya da "Hər şey yaxşıdı". Problemlər içində boğulan, əsəbləri tarım çəkilən bu adamlar niyə belə deyirlər?! Bu nə deməkdir? Yalanmı, təsəllimi? Yoxsa, özünü aldatmaqmı? Bu, bir az da "Sənə nə var? Açıl başımdan" deməyə də bənzəyir. Bəlkə onlar çox ağıllıdılar? Bəlkə hər şeyi təbii qəbul etməklə öz qəlblərini bir qədər də yüklənməkdən qoruyurlar? Bu yolla da Yaradana inanclarını, şükranlıqlarını izhar etmiş olurlar. Axı, bu adamlar çox zaman əsl xristian olmaqları ilə, hər şeyin Tanrının iradəsi ilə baş verdiyini qəbul etmələri ilə öyünürlər. Bu hər addımbaşı özünü göstərir: bəzilərində səmimi, sidq-ürəklə, bəzilərində özünü gözə soxmaqla.
   
   ... Onlar çox ağıllıdılar. Həm də qibtəolunacaq dərəcədə səbrli, qənaətcil və halaldırlar. Öz imkanlarına, əllərində olana qane olandılar. Başqasının gəlir-çıxarını hesablamır, bir-birinin cibinə girmir, qonşunun qapısını güdmürlər. Bizik bu xırdalıqların məngənəsində öz-özünü boğaraq yaşayanlar, həm özünün, həm də ətrafındakıların ömrünü puç, gününü qara edənlər...
   
   
   
   ***
   
   Dönə-dönə özümə bu sualı vermək istəmişəm. Vermişəm də. Amma öz cavablarını özümdən də gizlətmək istəmişəm. Çünki ürəkaçan, təsəlliverən heç nə eşitməmişəm. Onlarsa bunu qətiyyətlə, inamla deyirlər. Hərdən lap acığım da tutur. Uşağı girov götürülən də, arvadı zorlanan da, evi soyulan da eyni əminliklə eyni sözləri deyir: "Hər şey yaxşıdı!"...Lənət şeytana! Adamı lap çaşdırırlar. Yəqin ki, dedikləri sözə, havayı danışmadıqlarına əmindilər. Əmindilər ki, başlarına gələnlər təsadüfi və ötəridir. Tezliklə bütün anlaşılmazlıqlar həll olunacaq. Həm də yüksək səviyyədə, necə lazımdı. Uşaq oğurlanıbsa, bütün əlaqədar qurumlar xəbər verilən andan ayaq üstə, iş başında olacaq. Kimsə arvadına sataşıbsa, layiqli cəzasını alacaq, hər şey də tezliklə unudulub gedəcək. Daha bir sarsağa, manyaka görə xoşbəxt ailənin düzəni pozulmayacaq, isti yuvası dağılmayacaq. Bu hadisə ömürlk ləkəyə çevrilib Domokl qılıncı kimi başlarının üstündən asılmayacaq. Evindən nə oğurlanıbsa, birər-birər tapılıb qaytarılacaq. İstəyir heç tapılmasın! Bunu da heç kəs fəlakətə çevirməyəcək. Onlar ki, əyinlərindən, qarınlarından, istirahətlərindən, əyləncələrindən kəsib taxta-tuxta, şüşə-müşə almamışdılar. Evdə nə vardısa, ancaq gərək olanlardı. Daha evin qadını nənəsindən qalma büllur güldanı qızının qızı üçün qoruyub saxlamaq fikrində deyildi.
   
   
   
   ***
   
   Heç kəs gözlənizməz bəlalardan sığortalanmayıb. Kimin, hansı şəraitdə bu fəlakətlərlə üzləşəcəyi də kimsəyə bəlli deyil. Arxasız, köməksiz, güvənci olmayan insanın gözündə milçək də dəvə boydadı, hər şey olduğundan on qat, yüz qat böyükdü, dəhşətlidi. Yanında duranın, qolundan tutanın varsa, aşılmaz dağlar da təpə kimi görünəcək. Vay o gündən ki, dərdlər içində əriyəndə, gen dünya başına dar olanda göz gəzdirib dörd bir yanında kimsəni görməyəsən. Eşidib bilənlər də dərdinin üstünə dərd qoya, səni ovundurmaq, təsəlli vermək əvəzinə, çətin anlarından yararlana, fürsətkeşlik edib baş verənlərdən öz xeyrinə istifadə edə...
   
   Bizim istədiklərimizdən asılı olan nədir ki?! Deyirlər, xeyirə danış, başına xeyir işlər gəlsin. Xoş düşün, günün-güzəranın xoş keçsin. Boş-boş sözlərdi hamısı. Kim özünə bəla istər ki?! Əgər əlimizdə olsaydı, özümüzə və istədiklərimizə ən işıqlı aqibəti, ən xoş güzəranı yazardıq. Bir gün nədi, bir dəqiqəmizi də qəm-qüssə, nigarançılıq içində keçməyə qoymazdıq. Taleyimizi yazan qələm öz barmaqlarımızın arasında deyil! Pəncərəmizdə işıq görünən andan gözlərimizi yuxu alana kimi dodaqları dualar pıçıldamayanımız, özünə, balalarına, doğmalarına ən xoş, gərəkli şeyləri arzulamayanımız varmı, görəsən?! İnanmıram! Hər şeyin yaxşı, ürəkaçan olması təkcə göylərdənmi asılıdı? Heç yaşadığımız cəmiyyətin taleyimiz qarşısında cavabdehliyi yoxdurmu?! Ətrafımızdakıların necə? Xoş sözə, qayğıya, diqqətə, köməyə görə bir-birimizə ehtiyacımız necə? Heç kəs yaxasını qırağa çəkməsin. Hər kəsin hamı qarşısında, hamının da hər kəs qarşısında borcu var. Hamının və hər şeyin yaxşı olması naminə bu borcdan boyun qaçırmağa kimsənin haqqı yoxdu. Hər şeyin yaxşı olduğunu birlikdə istəməsək, göylər də səsimizi eşitməyəcək...
   
   Həyat cazibədar, işvəkar qadın kimidi. Gözəllikləri, əyləncələri ilə başları döndürdüyü kimi, bir anlığa işıqlı dünyanı zülmətə, nəhayətsiz aləmi zindana da çevirə bilir. Heç kəsin bəlalardan sığortalanmadığını dedim. Qarşısını ala bilməsək də, heç olmasa, başına fəlakət gələnə dayaq dura, qəlbini ovundurmaq üçün nələrsə edə bilərik, axı. Dünyanı xilas eləmək barədə çox danışılır indi. Və hamı Dostoyevskinin məşhur kəlamını misal gətirir. Ancaq böyük yazıçının Xilaskar Mələyi- Gözəllik özü çoxdan təhlükədədir. İndi artıq insanlar birləşib Gözəlliyi və onu özündə cəmləşdirənləri qorumalıdırlar. Nə vaxtsa İosif Brodskinin Nobel nitqindən bir parçanı qeyd dəftərçəmə köçürmüşəm. Və hər dəfə özümə və başqalarına qarşı pislik, yamanlıq görəndə dəftərçəni vərəqləyib həmin parçanı tapıram. Oxuyub bir qədər sakitləşirəm...
   
   "...Məsələ onda deyil ki, xeyir və nəciblik böyük sənət əsərinin yaranmasına təminat verə bilməz. Məsələ ondadır ki, pislik və yamanlıq, ələlxüsus siyasi yamanlıq ən zəngin, ən gözəl duyğuları məhv edir. Fərdin estetik zövqü nə qədər zəngin və sabitdirsə, o, xeyiri şərdən bir qədər dəqiq ayıra bilir və özünü bir o qədər azad hiss edir- lap xoşbəxt olmasa da.
   
   Dostoyevskinin: "Dünyanı gözəllik xilas edəcək" kəlamı da məhz belə bir fəlsəfi mənada başa düşülməlidir. Yəqin ki, artıq dünyanı xilas etmək mümkün olmayacaq, lakin ayrı-ayrı fərdləri xilas etmək həmişə mümkündür".
   
   "Dünyanın xilası artıq mümkünsüzdür" fikri nə qədər qüssəli səslənsə də, heç olmasa, ayrı-ayrı fərdlərin xilasına çağırış adamı nəsə bir şeylər eləməyə ruhlandırır. Amma bu yöndə də ürəkaçan şeylər o qədər azdır ki,...Deməli, mənim sualım havada qalmır: "Doğrudanmı, hər şey yaxşıdı?!..."
   
   Ən azından, birlikdə düşünmək üçün işə yarayar, elə deyilmi?!.

TƏQVİM / ARXİV