Fatmagülün suçu nə?

ETİBAR CƏBRAYILOĞLU
39589 | 2010-10-23 05:38
Fatmagül dəniz sahilində yerləşən məmləkətin dəniz kənarındakı qəsəbələrinin birində doğulmuşdu. Gözəlliyinə söz ola bilməzdi. Tanrı ondan heç nə əsirgəməmişdi. Yaşıdları aynan, ilnən, Fatmagülsə günlə böyüyürdü. Balıqçı qəsəbəsində ondan gözəli yox idi.
   
   Məktəbin yuxarı siniflərində oxuyanda qəsəbədəki oğlanların çoxu Fatmagülün xəyalı ilə yuxuya gedir, onunla üz-üzə gəlmək arzusu ilə oyanırdı. Şeir qoşan, qəzəl yazan kim... Düzdü, bu şeir və qəzəllərin çoxunda qəsəbə gözəlinin adı keçmirdi. Amma hamı necə deyərlər, baş qəhrəmanın kim olduğunu yaxşı bilirdi. Evlənməli oğlu olan qadınların əksəriyyəti Fatmagülü evlərinin gəlini kimi təsəvvür edir, həmin günün çox yaxında olduğuna inanırdılar. Məktəbdəki oğlanlar müəllimləri bəs deyincə söyürdülər, çünki qəsəbədə əksər günlər dərs keçilmirdi. Müəllimlərin əksəriyyəti qonşu ölkədə alver etdiyindən məktəbə gəlib-gedən yox idi. Fatmagül də nadir hallarda əlinə çanta alıb məktəb tərəfdən keçərdi. Oğlanlar müəllimlərin alverdən qayıtmağını həsrətlə gözləyirdilər. Fatmagül məktəbi bitirən ili daha heç kim müəllimləri söymədi. Onların qonşu ölkədən qayıtmasını gözləyənlər də gözlərini yollardan çəkdilər.
   
   Günlərin bir günü qəsəbədə aləm qarışdı. Subay oğlanlar, onların anaları bir də xəbər tutdular ki, Fatmagül qəsəbəni tərk edib. Paytaxtda yaşayan xalası onu özü ilə böyük şəhərə aparıb. Fatmagül qəsəbədən gedəndə cavanların arzularını da özü ilə böyük şəhərə apardı elə bil. Qəsəbə əvvəlki ritmini itirdi və bir də heç vaxt tapmadı.
   
   Böyük şəhərdə ilk günlər Fatmagül yaman darıxırdı. Dənizdən başqa heç nə ona tanış gəlmirdi. Böyük-böyük binalar, səs-küylü maşınlar sanki onun üstünə yeriyirdi. Metro stansiyasına düşmək, qatarla yerin altında yol getmək onun üçün cəhənnəm əzabı idi.
   
   Böyük şəhərə öyrəşməyən Fatmagül üçün günləri yola vermək çətin idi. Qorxa-qorxa xalasıgilin balkonuna çıxır, aşağıda qarışqa kimi görünən, harasa tələsən adamlara və maşınlara tamaşa edirdi. Ya da televizorun qarşısına keçib kanalları çevirirdi. Balkondan baxdığı insanlar ekranda daha böyük görünürdülər. Ekranda gördükləri də bütün günü ya atışır, ya da öpüşürdülər. Hündür mərtəbəli binanın eyvanından müşahidə etdiyi adamlardan fərqli olaraq, ekrandan gördüklərinə Fatmagül daha tez öyrəşdi. Qəsəbədən böyük şəhərə gəlişindən cəmi bir neçə ay sonra Fatmagül təcrübəli tamaşaçı oldu. Kanallarımızdakı proqramları beş barmağı kimi tanıdı. Əvvəlcə səsi telekanallardan gəlməyə başladı.
   
   İlk dəfə canlı yayımla efirə çıxan səhər verilişlərinin birinə telefon açdı. O dəqiqə səsini efirə qoşdular. Eşq, məhəbbət haqqında düşündüklərini tamaşaçılarla bölüşdü. Aparıcı qızın dəmdəmə suallarına cavab verdi. Bir neçə həftədən sonra Fatmagülün bəxtinə gün doğdu. Onu mətbəx verilişinə dəvət etdilər. Nə olsun ki, canlı efir deyildi, hər halda Fatmagül ilk dəfə televizorda göründü. Düzdü, onu heç qəsəbədəkilər də tanımadı. O, əvvəlki Fatmagül deyildi, tamam dəyişmişdi. Proqramda balıq bişirdi, sarımsaq doğradı, qab-qacaq yudu. Bişirdiyi yemək deyəsən aparıcının xoşuna gəldi, köklükdən dərisinə sığmayan aparıcı balığın sümüklərini də yedi, üstündən verilişin sponsoru olan sudan içdi.
   
   Bir həftədən sonra başqa bir kanaldan zəng elədilər və Fatmagülü yemək bişirməklə bağlı digər bir proqrama çağırdılar. Efirdə dolma bükdü, aş asdı, toyuq qızartdı, aparıcı oğlanın şit-şit söhbətlərinə, atmacalarına qonaq oldu. Kefini də pozmadı. Sonda yarışa qoşulan üç iştirakçını geridə qoydu. Yarışdan qazandığı paltarı soyunmamış telefonuna zəng gəldi və Fatmagül bu dəfə mahnı yarışmasına qoşuldu. Bir mahnılar oxudu ki, gəl görəsən. Münsiflər heyətinin üzvlərindən biri, üz-gözündən həmişə zəhrimar yağan, sözünün nə əvvəlini, nə axırını bilən kişi onu bolluca təriflədi. Dedi ki, Fatya, sən lap Alla Rotaru kimi oxuyursan, perfomansına da söz ola bilməz. Fatmagül xeyli SMS yığdı. Düzdü, qalib gəlmək üçün 5-6 SMS çatmadı. Amma şou-biznesə qatılmaq üçün vəsiqə qazandı. Maşın rəngi satan firmanın yekəqarın sahibi ona Türkiyədə klip çəkdirməyə, konsertlərinə sponsorluq etməyə söz verdi. Fatmagülçün xaricdən ən təzə avtomobil sifariş elədi.
   
   Gənc və perspektiv vəd edən ulduz kimi Fatmagülü bundan sonra tez-tez kanallara dəvət etdilər. Verilişlərin birində dalaşan bacı və qardaşı ayırmalı oldu. Ürəyi gedən bacının üzünə su səpib ayıltdı. Ömründə bir körpənin saçını tumarlamayan aparıcı xanımın müdrik məsləhətlərinə qulaq asdı.
   
   Bir də ayılıb gördü ki, məmləkətdə parlament seçkilərinə hazırlıq gedir. O, da bu seçkilərin hazırlığına qoşuldu. İndi sponsorla birgə yaşadığı binanın hər tərəfində divarlardan, elektrik dirəklərindən namizəd Fatmagülün şəkilləri boylanır...

TƏQVİM / ARXİV