adalet.az header logo
  • Bakı 21°C

QEYRi-ADi ADAM...

BABƏK YUSİFOĞLU
33557 | 2010-10-19 06:13
Alın yazısı varmı? Yaşayacaqları tale insanlara qabaqcadanmı verilir? Varsa, qabaqcadan müəyyən edilirsə İnsan övladı bu yazılanları dəyişmək gücündədirmi, yaşayacaq ömrü istədiyi kimi yönləndirmək imkanına malikdirmi? Tale yazısı ilə bağlı bu cür suallar yüzilliklər boyu insanları çox düşündürmüşdür. Bunları öyrənmək üçün cürbəcür təcrübələr, araşdırmalar aparılmışdır. Və nəhayət təkcə insanların deyil, hətta mövcud olan hər bir şeyin Fövqəlgüc, Tanrı tərəfindən idarə edildiyi sübuta yetirilmişdir. Düzdür, zaman-zaman bunu inkar edib materiyanın əsas olduğunu önə çəkənlər də az olmamışdır, lakin bu fəlsəfi mühakimənin əsası, istinad nöqtəsi olmadığından bunu hazırda bəşəriyyətin yalnız çox kiçik qismi bölüşür.
   
   Əslində tale yazısının olduğunu sübut etməyə dərin elmi mühakimələrə, nəzəriyyələrə ehtiyac yoxdur. Elə təkcə bir sıra seçilmiş şəxslərə Yaradan tərəfindən olacaqları öncə görmək qabiliyyətinin verilməsi qədim dövrlərdən başlamış bu mübahisənin təsdiqi üçün əyani sübutdur. Bir qədər sadələşdirilmiş şəkildə deyəsi olsaq, bunu belə ifadə etmək olar: tale yazısı olmasaydı, nələrin baş verəcəyini heç bir öncəgörən söyləyə bilməzdi. Axı, olmayanları qabaqcadan görmək necə mümkündü?
   
   Hər şey Allahın iradəsi, hökmü altındadır. "Yazılan"lar mütləq baş verəcək. Bu İlahi bir təqdirdir. Və bu yazıya belə başlamaqda məqsədim heç də o deyil ki, "yazıya pozu yoxdu" ehkamına kimlərisə inandırmağa çalışım, sübutlar sadalayım. Bunu nəinki mən, hətta dünyanın ən böyük alimləri belə istəsələr də tam şəkildə bacara bilməzlər və əslində buna ehtiyac da yoxdur. Sadəcə Tanrı tərəfindən həyatda olacaqların çox cüzi bir hissəsini qabaqcadan görmək qabiliyyəti verilmiş bir fenomen insanın həyatından, möcüzəyə bənzər əməllərindən bəhs etmək istəyirəm. Kim bilir, bəlkə də Volf Messinq kimi bəndələrə bu istedadın verilməsi digərlərinə xəbərdarlıq üçündür.
   
   VOLF MESSİNQ
   
   Qeyri-adi qabiliyyətə malik bu qəribə, özü də çox qəribə adam Polşada - Varşava quberniyası, Qura-Kalvariya qəsəbəsində, 1899-cu il sentyabrın 10-da yəhudi ailəsində anadan olub. Kasıblıq içərisində yaşayan ailə böyük idi. Əslində həmin dövrlər Qura-Kalvariyanın sakinlərinin əksəriyyəti yoxsulluqdan əziyyət çəkən yəhudilərdən ibarət idi. Həyatın sərt sınaqlarından çıxa bilməyən Volfun atası Qriqori kiçik bağçasının kirayəsi hesabına yaşayırdı və gələn gəlir onlara çatmırdı. Düşkünləşmiş ata da hər şeyi həyatın öz axarına buraxmışdı. Hətta yazılanlardan aydın olur ki, məsuliyyətli həyat tərzi keçirən Qriqoriyə qəsəbə adamları səfil-Qreşka adı vermişdilər. Volf və onun üç qardaşı lap uşaq yaşlarından başlayaraq bağda alma, gavalı və digər meyvə ağaclarına qulluq edir, evin gəlirinə yardım göstərirdilər. Çünki başqa əlac da yox idi. Amma təəssüf ki, uşaqlar çəkdikləri zəhmət əvəzinə atalarından yalnız şapalaq, söyüş eşidirdilər. Beləcə əzilən oğlanları hər dəfə anaları Hana Messinq oxşayar, könlün alar, qayğısına qalardı. Amma taleyin yazısı bu ailə üzvləri üçün deyəsən daha sərt olacaqmış. Çünki Hana çox yaşamadı. O, vərəm xəstəliyinə tutuldu, bir müddət sonra isə öldü və uşaqlar demək olar ki, kimsəsiz qaldılar.
   
   Volf qardaşlarından fərqlənirdi. Lap uşaq vaxtlarından onda qəribəliklər var idi. Volfun hələ dörd yaşı olanda (anası vəfat etməmişdən xeyli əvvəl) anası müşahidə etmişdi ki, balaca bəzən yuxuda ikən gəzir. Əvvəllər buna təsadüfi, ötəri hal kimi baxan ana sonradan belə vəziyyətdə oğlunun başına bir iş gələcəyindən narahat oldu. Kasıb bir ailə nə edə bilərdi ki? Anası Hana dərdini qonşulara danışdı. Qəsəbədəki ağıllı adamlar anaya məsləhət gördülər ki, uşağın çarpayısının qarşısına içində soyuq su olan ləyən qoysunlar. Belə də etdilər. Əlbəttə, bu tədbir uşağı müəyyən təhlükələrdən qorusa da düşdüyü vəziyyətdən xilas etmədi. Sonradan Volf yüksək səviyyədə olmasa da lunatizmdən bir qədər müalicə aldı. Amma elə o ərəfələr idi ki, ətrafdakılar balaca Volfun fenomen bir yaddaşa, qabiliyyətə malik olduğunu görürdülər: o çox asanlıqla Talmudun (yəhudilərin dini kitabı) bütöv bir səhifəsini çox asanlıqla yadında saxlaya bilirdi. Qəliz, mürəkkəb mətnləri bir dəfə oxumaqla təkrar söyləməyi bacarırdı. Ətrafdakılar kiçik yaşlı uşağın bu bacarığından heyrətə gəlirdilər.
   
   Əvvəllər bu işlərdən ağlı bir şey kəsməyən atası oğlunun gələcəkdə bir parça çörək sahibi olmasından ötrü çalışırdı ki, o ravvin olsun, lakin onun bu istəyi baş tutmadı. Çünki uşaq bu məsələdə atasına inad etdi. Əslində isə bu inadın səbəbləri də vardı. Birinci dəfə səyyar-sirkə tamaşa edən balaca Volf qəti şəkildə qərara almışdı ki, gələcəkdə fokusçu olsun. Amma atası da buna qəti etiraz etdi. Hətta oğlunu bu fikrindən daşındırmaq üçün onu cəzalandırdı, lap döydü də. Lakin Volfu fikrindən döndərə bilmədiyini gördükdə hiyləyə əl atdı, bir qurama düşündü. Belə ki, günlərin birində qaş qaralan vaxt oğlan öz evlərinin damında ağ parçaya bürünmüş, saqqallı, nəhəng bir kimsəni görür və bu naməlum adam ona - övladım, kilsəyə get, Allaha xidmət et - deyə səslənir. Bu müəmmalı görüntülərdən son dərəcə həyəcanlanan Volfun ürəyi gedir və yerə yıxılır. Dərin stress keçirir.
   
   Artıq Volf gözlərini açandan sonra dini məktəbdə oxumağa razılaşdı. Bəlkə də Volf bütün bunların uydurma olduğundan, atasının onu aldatdığından xəbər tutmasaydı onun simasında insanlar həqiqətən də heyrətamiz bir ravvinin mövcudluğunu görəcəkdi. Amma iki il sonra balaca Messinq hansısa bir işdən ötrü onlara gələn saqqallı, cüssəli həmin adamı atası ilə nə barədəsə sövdələşdiyinin şahidi olanda hər şeyi başa düşdü və bu, Volf üçün sarsıdıcı bir zərbəyə çevrildi. Kiçik Messinq bununla barışa bilmədi. Onu dəhşətli şəkildə aldatmışdılar. Və Volf bütün həyatını dəyişəcək addımını atdı. O, 11 yaşında evlərini tərk etdi, gəlib sinaqoqdakı xeyriyyə daxılındakı pulları götürdü (cəmi 9 qəpik), sonrasa tərəddüd etmədən vağzala gələrək ilk qaşısına çıxan qatara minib doğma yerlərdən uzaqlaşdı. Onun üçün haraya gedəcəyinin fərqi də yox idi. O getdi. Və beləliklə onun həyatda təkbaşına mücadiləsi başladı. Həyatın belə amansız olacağını isə Volf uşaq ağlına belə gətirməmişdi...
   
   QEYRİ-MÜƏYYƏNLİYƏ DOĞRU
   
   İlk sınaq elə evdən qaçdığı qatarda baş verdi. Biletsiz mindiyi qatarın skamyası altında gizlənən Volf kənardan yavaş-yavaş yaxınlaşmaqda olan nəzarətçi-bələdçini görəndə dəhşətə gəldi. İndi o nə edəcəkdi? Volf onun gözlərindən yayınacağına ümid etsə də bu baş vermədi. Nəzarətçi sərt şəkildə ondan biletini tələb etdi. Əvvəlcə özünü itirən oğlan nəhayət özünü ələ aldı və yerdən tapdığı cırıq köhnə qəzet parçasını ondan inadla bilet gözləyən nəzarətçinin ovuclarına basıb bütün varlığı ilə istədi ki, hər şey yaxşılıqla bitsin. Və möcüzə... Əlindəki cırıq, köhnə qəzet parçasına baxan nəzarətçinin baxışları mülayimləşdi və ona dedi ki, ay axmaq, biletin ola-ola niyə skamyanın altına girmisən, çıx, oradan. Həmin möcüzəyə bənzər hadisə balaca Volfun özündə də maraq oyatdı və uşaq ağlı ilə də olsa anladı ki, burada qeyri-adi nəsə var. Qeyd edim ki, Messinqin həyatı haqqında yazanların bəziləri yanlış olaraq yazırlar ki, guya həmin vaxt nəzarətçi onu biletsiz olduğu üçün qatardan tullanmağa məcbur edir və Volf yerə düşəndə ölümcül yaralanır. Amma onun "Özüm haqqında" yazdığı memuarlarında doğrular öz əksini tapıb.
   
   Volfun mindiyi qatar onu Almaniyanın paytaxtı Berlinə gətirdi. Avropanın ən nəhəng şəhərlərinin birindəki vağzalda düşən balaca, səfil yəhudi daha böyük sınaqların başlandığını hiss etdi. Yaşamaq üçün o, daha nələrə qatlanmadı: hanballıq elədi, yeməkxanalarda qab-qacaq yudu, küçələrdə ayaqqabı təmizlədi, zibil daşıdı... ən başlıcası da tez-tez aclıq keçirdi. Çünki elə vaxtlar olurdu ki, Volf günlərlə yeməyə heç nə tapmırdı. Bir dəfə o, acından küçədəcə huşunu itirib yıxılır. Hətta onu ölmüş zənn edib morqa aparmaq da istəyirlər. Amma Tanrı ona başqa tale nəsib etmişdi. Son anda ölmədiyini sezib Volfu məşhur doktor-psixiatr Abelin klinikasına aparırlar. Və orda da bir təsadüf ona kömək elədi. Volf gözlərini açıb ətrafındkı adamları həm nigarançılıq, həm də diqqətlə seyr etməyə başladı. Və onun qəfildən: "Məni yetimxanaya verməyin" - deməsi elə həmin an uşağı yetimlər evinə vermək haqqında düşünən həkimi heyrətləndirdi. Çünki həkim həmin an bu səfil uşağa baxaraq onu yetimxanaya göndərmək haqqında düşünürdü. Volfla bir qədər söhbətləşəndən sonra Abel uşaqda qeyri-adi istedadın olduğunu görüb bu fenomen halı öyrənmək üçün təhqiqata başladı. Amma çox təəssüf ki, bunu davam etdirə bilmədi. Birinci Dünya Müharibəsi başladı, bombardımanlar, dağıntılar zamanı bütün laboratoriya, oradakı sənədlər, qeydlər, kabinet yanıb külə döndü.
   
   Burada çox maraqlı bir məqamı önə çəkmək məncə çox yerinə düşərdi: bu fenomenin öyrənilməsi üçün doktor-psixoloq Abelin başladığı araşdırmalar və sonradan aparılan digər təhqiqatlar, təşəbbüslər, hətta Messinqin özünün inadlı cəhdləri nəticəsiz qalmış, pozulmuşdu. Sanki gözəgörünməz bir Qüvvə bütün bunların gizli qalmasını istəyib. Lakin bununla belə, Volfun bu qeyri-adi bacarığı çox erkən yaşlarından ətrafın diqqətini çəkməyə başlayır. Həmin dövrdə bu "möcüzə-oğlan"a tanınmış impresario Tselmeystr diqqət göstərdi. O, hətta Volf üçün sirk təşkil etdi. Və bundan sonra kiçik Messinq həftənin üç günü bu sirkdə qeyri-adi proqramlarla çıxış etməyə başladı. O, büllur tabutun içərisində özünü katalepsiya yuxusuna (bədən və ayrı-ayrı orqanların quruması və iradi hərəkət qabiliyyətin itməsi) verməklə, huşsuz vəziyyətə salmaqla və ya zalda gizlədilmiş əşyanı tapmaqla, başqalarının düşündüklərini "oxumaq"la tamaşaçıları heyrət içərisində qoyurdu. Adamlar artıq hər yerdə onların düşündüklərini kənardan oxuyan, qarşısındakı istənilən şəxsə öz iradəsini diqtə edə bilən, tanımadığı adamların həyatında əvvəllər baş vermiş hadisələri belə söyləyən... Messinqdən danışırdılar. Bu qəribə adamın şöhrəti durmadan artırdı. Onu da qeyd etmək lazımdır ki, Volf bütün bu işlərlə yanaşı telepatiyaya, psixologiyaya... aid kitablar oxuyur, ciddi şəkildə mütaliə ilə məşğul olurdu. Özünü hazırlamaq, yoxlamaq üçün küçədən keçən tanımadığı adamların nə düşündüklərini "oxuyur", bəzi hallarda həmin şəxslərə düşündükləri problemin həll olunacağını söyləyirdi. Artıq kifayət qədər ciddi, tanınmış şəxsiyyətlər onunla maraqlanmağa başlamışdılar. Hər kəs "möcüzə-oğlan"ı görmək istəyirdi...
   
   İKİ DAHİNİ HEYRƏTLƏNDİRƏN YENİYETMƏ
   
   1915-ci il idi. Cəmi on altı yaşı olan telepat Venaya qostrola gəldi və böyük salonlarda tamaşalar göstərdi. Venalılar da digərləri kimi bu qeyri-adi fenomeni təəccüblə izlədilər. İnsanlar bunun gerçək olduğuna inana bilmirdilər: axı, necə olurdu ki, bu yeniyetmə kənardan kimin nə düşündüyünü dəqiqliklə "oxusun"? Yaxud keçmişdə görmədiyi, şahidi olmadığı hadisələri söyləsin, kiminsə gələcəkdə başına gələcəklərdən xəbər versin?
   
   Maraqlıdır, Venadakı tamaşaların birində 20-ci əsr elminin iki nəhəng siması - psixoanaliz elminin əsasını qoymuş Ziqmund Freyd və dahi fizik Albert Eynşteyn də bu "möcüzə-oğlan"ın tamaşasına gəldilər, onunla görüşdülər. Belə demək mümkünsə, Volf Messinq bu görüşdə hətta hər iki dahinin "imtahan"ıyla da qarşılaşdı. Belə ki, tamaşa zamanı Messinq dahi Freydin düşündüklərini "oxumalı" və onu yerinə yetirməliydi. Sonuncu yerədək dolu olan tamaşa salonunda hər kəs nəfəsini içinə çəkərək nələrin baş verəcəyini izləyirdi. 16 yaşlı yeniyetmə qarşısında dayandığı böyük Ziqmundun fikrindəki tapşırıqları "almalı", icra etməliydi.
   
   (ardı olacaq)

TƏQVİM / ARXİV