adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

GÖRüNƏNLƏRiN O üZü...

ƏBÜLFƏT MƏDƏTOĞLU
26964 | 2010-10-16 11:28
Pəncərədən baxıram... Altıncı mərtəbənin pəncərəsindən. Küçədə, yəni Mətbuat prospektində -"Azərbaycan" nəşriyyatının qarşısında əməlli-başlı tıxac var. Maşınlar az qala bir-birinə pərcimlənərək hərəkətsiz dayanıb. Yalnız siqnallar bir-birinə aman vermir. Müxtəlif səslər adamı gic eləsə də, bu tıxacın aradan qaldırılmasına iynə ucu boyda olsa da kömək etmir. Əksinə əsəbləri bir az da tarıma çəkir...
   
   Hə, pəncərədən baxıram... Maşınların arası ilə keçib sağa-sola bir təhər getməyə çalışan insanları görürəm. Tanış simalar da var. Tanış deyəndə ki, nəşriyyatda çalışanlardan bəziləri əl-qol ata-ata, bəziləri də gileylənə-gileylənə maşınların arasından sivişib keçir. Amma bu tanış simaların içərisində axtardığım o doğma şəxsi görə bilmirəm. Bilmirəm niyə? Əslində indi o bu yolu keçib gəlməli idi və yaxud da bu yolla keçib getməli idi. Axı doğmaların bütün yolları ancaq doğmaların arzulandığı yerlərdən gəlib keçir. Bu mənim kəşfimdi, mənim fəlsəfəmdi. İnanıram ki, hamı öz doğmasına, ürəyində olanına qarşı məhz belə düşünür. Dünyanın harasında olmasında asılı olmayaraq elə bilir ki, gözünü zillədiyi yol mütləq onu gətirəcək. Amma...
   
   İndi yaşamaq cəhənnəm əzabına çevrilib. Çünki təkcə çörək qazanmaq yox, həm də o çörəyi rahatca yemək adamdan böyük güc tələb edir. Hətta içdiyin su da sənin üçün istənilən məqamda problem ola bilər. Yaxından tanıdığın, həyatına, əməllərinə bələd olduğun insanların başına gələnlər (və yaxud da gətirilənlər - Ə.M.) adamı şoka salır. Onda heç nəyə, heç kimə inamın qalmır. Özün özünə yalnız dünyanın beş günlük olması ilə təsəlli verirsən. Düşünürsən ki, kaş bu beş gün də tez gəlib keçəydi. Təmiz adını, təmiz ruhunu, təmiz mənəviyyatını özünlə götürüb bu çirkli dünyadan təmiz bir aləmə apara biləydin. Təəssüf ki, bunu bacarmaq hər adama nəsib olmur. Çünki dünya adamlarla doludur, amma o adamların hamısı böyük hərflə yazılan ADAM deyil. Bax, dərd budur...
   
   Pəncərədən baxıram və düşünürəm, görəsən hamının ADAM olmasına mane olan nədir? O qədər cavablar içimdən gəlib keçir ki, o cavabları sapa düzsəm, əməlli-başlı bir qaraçı boyunbağısına çevrilə bilər. Onu daşımağın özü də böyük bir yük olar. Ona görə də düşüncələrimə yenə yaxşı ki, sən nöqtə qoyursan. Mənə elə gəlir ki, bax indi o yolu keçən sənsən... Maşınların arasından keçib gəlirsən. Amma gəlib çata bilmirsən. Olsun. Xəyalın da elə özün qədər gözəldir. Yaxşı ki, bu çirkli dünyada bu gözəlliyi, o təmizliyi qorumağı bacarırsan. Tanrı köməyin olsun!
   
   şəhərin küçələrin
   
   necə gəldi
   
   vərəqlədim...
   
   doğrusu
   
   heç
   
   nə gəzdiyimi
   
   özüm də bilmədim...
   
   sadəcə
   
   bu şəhərdə
   
   bütün küçələrdə
   
   görüşmək mümkün
   
   olan hər yerdə -
   
   sənli anlarıma
   
   rast gəldim...
   
   necə də doğma imiş
   
   mənə bu şəhər...
   
   bu küçələr!..
   
   o doğmalıqdan
   
   yapışıb
   
   yaşamaq lazımdı
   
   sənin üçün-
   
   lap elə olsa da
   
   bir təhər!..
   
   ***
   
   Bütün anlarda nə baş verir versin onun bir damarında mütləq iştirakçının barmaq izləri olur... nişanəsi olur... günahı olur... xidməti olur. Yəni heç nə elə-belə durduğu yerdə baş vermir. Ona mütləq daxili bir təkan gərək olur. Bax, hansı dildə, hansı dində danışıb ibadət etməyindən asılı olmayaraq yer kürəsinin istənilən nöqtəsində eyni hadisə hər kəsin başına gələ bilər. Deməli, bu hadisədən kimsəni nə dil, nə də din sığortalamır. O həmin insanın bir varlıq kimi hərəkətindən, şəxsiyyətindən, əqidəsindən və dayandığı çevrənin içərisindəki yerdən qaynaqlanır. Bu məna da son günlərin bir-birindən fərqli olayları, hadisələri, lap elə sevincli-kədərli anlarının hər biri istər-istəməz məni bu cür düşünməyə, bu cür mühakimə yürütməyə məcbur edir. Daxilimdə inanıram ki, bütün bəlalar özümüzü o bəlalara biganəlik göstərməyimizdən, qorumamaqdan irəli gəlir. Biz bilə-bilə odla oynamağı yaman çox sevirik. Oyunda da həmişə qarşı tərəf də olur. Onun gücünü qiymətləndirməmək özü də uduzmağın, sıradan çıxmağın bir səbəbidir...
   
   Həyatın bir-birindən qaranlıq və üstüörtülü məqamları yetərincədi. Bütün bunların içərisində baş açmaq, çabalamaq insanın nə qədər gücünü və vaxtını alsa da, yaşamaq üçün çarpışmağa məhkumuq. Elə məhkumluğumuzun ən böyük göstəricilərindən biri də bilə-bilə, görə-görə həmin oyunun oyunçusuna çevrilməyimizdi. Biz adətən uduzanda, zərbəyə tuş gələndə oturub fikirləşməyə, araşdırmalar aparmağa, görüt-qoy etməyə başlayırıq. Görünür bu səbədəndir ki, atalar sözümüz də yaranıb: "Başına gələn başmaqçı olar". "İlan vuran ala çatıdan qorxar".
   
   Bilmirəm, indiki məqamda bu atalar sözlərinin mövzuya dəxli var, yoxsa yox, amma tam əminəm ki, biz həmişə sonrakı ağlımıza möhtac qalırıq.
   
   İndi həmin o sonrakı ağılla çevrəmizdə baş verənləri, lap elə 6-cı mərtəbənin pəncərəsindən müşahidə etdiyim tıxacı seyr edəndə ilk olaraq düşünürəm ki, görəsən bu yolun durumu bəlli ola-ola sürücülər niyə alternativ yollardan istifadə etmirlər. Və yaxud da maşın "oyunbazları", avtoşlar, nə bilim daha kimlər niyə özlərinin də saatlarla gözləməyə məcbur olduğu tıxacların yaranmasına səbəbkar olurlar? Görürsünüz, necə sual çıxır ortaya, özü də bir anın içində. An demişkən...
   
   Dünyada ən gözəl şey, ən gözəl varlıq, ən gözəl fikir, ən gözəl şeir hələ yazılmayanıdı, hələ deyilməyənidi, hələ görmədiyimizdi, hələ hiss etmədiyimizdi. Doğrudu, şairlərdən biri deyir ki, "dünyada o şey gözəldi ki, onun xiridarı gözəldi!". Bəli, bu gözəlliyi anlamağın özü nə qədər gözəl olsa da, bir o qədər də mücərrəddir. Amma yaxşı ki, nə sənin gözəlliyin, nə də özün mücərrədsən. Buna şükür!..
   
   ürəyim
   
   şirəsi sıxılmış
   
   nar kimidi-
   
   halsız, taqətsiz...
   
   nə səsi çıxır,
   
   nə də ki, hənri var
   
   gözlərim
   
   didəsinə sığmayan
   
   qapaqları üfürülmüş
   
   partlayacaq
   
   şar kimidi...
   
   insafı olsa
   
   mehriban bir əl
   
   gözlərimi bağlar...
   
   nə ürəyimdə güc qalıb,
   
   nə də gözlərimdə işıq
   
   bircə əllərimdi hələlik
   
   özü özüylə
   
   aparır danışıq...
   
   çarpazlanıb
   
   sinəmin üstə...
   
   ***
   
   Mən bütün yaşananların içərisində hər şeyin yerini bilməyə, görməyə çalışıram. Amma neyləyim ki, bəzən həyat mənə yaşamaq istəmədiklərimi də yaşadır. Bundan qaçıb qurtula bilmirəm... Bircə qaçacağım yer var, o da sənin yanındı. Oranı isə üzümə bağlayıblar. Çünki o yer elə sənin özün kimi də mücərrətdir. Bu mücərrədliyin içərisində yaşadıqlarıma işıq saldığın üçün özündən muğayat ol. Dünya yaman etibarsızlaşıb. Bəzən Etibar adları da özünü doğrultmur. Elə Dünya adı kimi... Nə bilim, bu da bəlkə bir yanlışlıqdı.., həqiqətə bənzəyən fikir kimi ağlımdan gəlib keçdi.
   
   
   
   PS. Dünyada ən gözəl yer hər kəsin yuvası- doğulduğu evdi...o qapı üzümə bağlanıb!..

TƏQVİM / ARXİV