adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GEDƏR SON AVTOBUS...

MƏZAHİR ƏHMƏDZADƏ
32216 | 2010-10-16 06:27
30 ilə yaxındır ki, metroya minmirdim. Yadınıza "Mozalan"dakı məşhur eskalator epizodunun düşməsinə, gülümsəyib Fazil Salayevi xatırlamağınıza mən də qoşuluram. Ancaq təbii ki, mənim elə bir problemim olmayıb, sadəcə sonralar metroya yolum düşmədi.
   
   Bu yaxınlarda isə həm metroya, həm də avtobusa əməlli ehtiyac yarandı. Sürücü şəxsi işləriylə əlaqədar əlverişsiz məqamda bir müddətlik məni tək buraxdı. Özüm də dörd ildir maşın sürmürəm.
   
   İndi hər gün işə marşrut avtobuslarla gedib-gəlir, bəzən də yerin altına düşürəm. Basabas, gecikmə, şit-şit mahnı və meyxanalar olmasa, maraqlıdır. Ən maraqlısı isə tamam başqadır. Heç olmasa günün müəyyən hissəsini hamının səni tanımadığı yerlərdə olursan, kimsə səndən nəsə soruşur, kiminsə səliqə-səhmanı, intellekti gözünü oxşayır, kiminsə balbes hərəkətləri səni ehtiyatlı olmağa səsləyir və yığcam sərbəstlikdə, necə deyərlər, həyatın içində yaşayırsan. Ev və iş yeri isə standart tərzdir.
   
   Vəzifən, maşının, sürücün, digər imkanlarının olub-olmaması bütün bunlardan səni uzaq salmamalıdır. Xüsusilə yazı adamı, jurnalist üçün yaşından və fiziki imkanından asılı olmayaraq bunlar böyük bir kitabxana qədər vacibdir. Mən isə uzun illər belə bir həyatdan öz-özümü məhrum etmişəm. Heç olmasa həftədə bir-iki dəfə ümumi nəqliyyatda və ya piyada ictimai yerlərdə görünmək, vallah, yüksək dəvətli ziyafətlərdən yüz dəfə faydalı imiş.
   
   Doğrudur, ilk günlər mən çox qərib hallara düşdüm, marşrutları, dayanacaqları, stansiyaları səhv saldım. Hətta bir dəfə metroda sanki tələbəlik illərimdəki kimi ayağa qalxıb özümdən 10-15 yaş cavan adama yerimi təklif etdim. Bir dəfə də 96 saylı marşrutda 28-30 yaşlı cavan bir xanımın yerindən durub məni təkidlə oturacağa əyləşdirmək istəməsindən dəhşətə gəlmişdim. Yenə oğlan uşağı, gənc tələbə olsaydı...
   
   Tanıyıb hörmət edirlərsə, onda heç olmasa adımı çəkib yer göstərəydilər. Yox, əgər qoca hesab edirlərsə, qadın niyə ayağa qalxmalı idi ki? Həm də yaşım qocalıq həndəvərində deyil, üstəlik hamı deyir ki, ən bədbin vaxtlarında belə, olduğundan 7-8 yaş cavan görünürsən, şux qalmısan.
   
   Bunlar mənim nəyimə lazımdır ki?
   
   Tədricən öyrənib görürsən ki, əslində cəmiyyət içində hər hansı müraciətin, təmasın, əhvalatın bir anlıq ötəri təsiri yaşanır. Heç nəyi dərd etmək, utanmaq, sıxılmaq lazım deyil.
   
   Qaldı yaş məsələsinə, pasportuna və güzgüyə baxıb əsl həqiqəti özünə sakitcə aşıla və reallıqla hesablaş. Bu, istər 10-15 yaşlı uşaq və yeniyetmə üçün, istərsə də 20-30 yaşlı gənc, 35-45 yaşlı cavan, 50-60 yaşlı orta və ya 75-80 yaşlı qocalar üçün də eyni dərəcəli həyat həqiqətidir.
   
   Gözəl Bakımız, onun ümumrespublika koloriti (yeni ifadədir - M.Ə.), qədimliklə müasirlik, marşrutların ötüşməsi, sürücülərin tük basmış sifəti, "Avtobusda siqaret çəkmək qadağandır" lövhəsinin sürücüyə aid olmaması, DYP müfəttişlərinin bütün bunlara göz yumması... Bir yandan da bəzi sərnişinlərin gülməli və qəribə davranışları. Bir cavan oğlan yanındakına hamı eşitsin deyə bərkdən-bərkdən danışır: "Dünən gecə ...... bir yerdə olduq..." Yəni məşhur bir müğənninin adını çəkir. Bir başqası isə guya telefonla zəng vurub kiməsə məlumat verir: "... "CİP"i özüm çıxarmadım, "Kemri"də xoda getmədi...". Göyçaylılar demiş, hərəsi bir cür qürəhləyir. Heç kəs də əhəmiyyət vermir. Kimin nə işinə qalıb?
   
   Ancaq bütün bunların içində iki şey - böyüklərə və qadınlara yer vermək, bir də necə olur-olsun, ən basabas vaxtda belə gediş haqqını mütləq ödəmək kimi müsbət hallar məni çox sevindirir. Bizim vaxtlarda, yəni mən əsasən ictimai nəqliyyatdan istifadə etdiyim illərdə tamamən belə deyildi. Bəziləri metroya və ya avtobusa minən kimi rus dilində, ingilis və ya fransız dilində hansısa bir kitabı açıb tuturdu gözünün qabağına. Qucağında körpə uşaq olan qadın da beləsinə yaxın düşməzdi. İmkan verərdi ki, məsələn, Belyayevi, Çingiz Abdullayevi, Fransua Rableni (o vaxtkı oxucular üçün aydınlaşdırma: bu bir az qədim yazıçıdır - M.Ə.), Folkneri və ya A.Əzimovu orijinaldan oxusun, ziyalı sərnişinlərimiz qoy çox olsun. Ancaq mən bir dəfə əlində Solovyov-Sedoyun rusca kitabını tutmuş yarımmodalı bir qızın metrodan çıxandan sonra APİ tərəfdə qoca bir rus qadınının soruşduğu nəyəsə hıqqana-hıqqana düz-əməlli cavab verə bilmədiyini də görmüşdüm.
   
   ... Özüm isə dəfələrlə avtobusda, tramvay və trolleybusda biletsiz getmişəm. Vətənini sevən insanların çoxu belə edirdi. Biz də onlara baxıb öyrənirdik. Yalnız metroya pulsuz girmək mümkün deyildi və bu müdhiş ənənə hələ də davam etməkdədir. Ancaq əvəzində bəzən saatlarla stansiyaları gəzib yerin üstünə qalxmağa tələsmirdik. 5 qəpiyin hayfını çıxırdıq.
   
   İndi bütün bunları hərdən xatırlayıb metroya düşürəm, avtobusa minirəm.
   
   Həm də ki, yavaş-yavaş çox şeylərə də öyrəşirəm. Daha mənə "əmi, buyurun, əyləşin" deyən "o vaxtkı yaşıdlarıma" təəccüblə baxmıram. Daha çaşıb özümdən yaşca kiçik sərnişinə yerimi təklif etmirəm.
   
   Oğrun baxışlara da aldanmıram...
   
   ... Ancaq məqsəd və məqam başqadı, əhval-ruhiyyə tamam başqadı. Bayaqdan çox şeyi zarafata salıram, əsas məsələyə bəzək-düzək vururam. Özüm-özümə kənardan baxmaq istəyirəm. Elə bir çətin iş də deyil. Yenə də dost şairin sanki bu ovqata köklənmiş misraları gəlir köməyimə. Bir az nisgilli olsa da...
   
   
   
   Özümüzü
   
   ha aldadıb ovutsaq, xeyri yoxdu,
   
   üzümüzü
   
   əlimizlə ha tutsaq, xeyri yoxdu,
   
   xeyri yoxdu, gözəl olaq, ya kifir,
   
   doğulandan ölənəcən
   
   aylar, illər uzunu,
   
   tale yazıb-pozub qaraldacaqsa
   
   hamının üz-gözünü,
   
   sifətimiz varaq-varaq çevrilir.
   
   Dünən baxıb keçdiymiz güzgülər
   
   bu gün tanımaz bizi.
   
   Nə yaxşı ki, bu dünyada biz hələ
   
   tanıya bilirik hər gün, ilahi,
   
   tanıya bilirik bir-birimizi...

TƏQVİM / ARXİV