adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

MƏNƏ MƏKTUB YOXDU?!.

VƏSİLƏ USUBOVA
33413 | 2010-10-16 06:27
...Ancaq ekran qarşısında oturub xəbərlərə baxanda bildim ki, onların bayaramıdı. Özü də beynəlxalq. Ümumdünya poçt günü. İki-üç dəqiqəlik süjetdə Süleyman Rüstəmin "Ana və poçtalyon" şeirindən parçalar səsləndi, bir də "Mən ki, gözəl deyildim..." filmindən fraqmentlər göstərildi. Vəssalam. Daha heç nə. Nə göstərəcəkdilər ki? Axı, indi demək olar ki, onlar gözə dəymirlər...
   
   Bəlkə ekran qarşısında oturanlardan da heç kəsin gözləri onları axtarmadı. Elə hamınını yadına ötən günlər düşdü. Bu ötən günlərdə şəhərlilər şəhər küçələrində, kəndlilər kənd yollarında gördükləri çiyni dolu çantalı, hamının gözlədiyi, hamının axtardığı o kəsləri xatırladı. Keçmişə dönməkçin ən xırda fürsəti bada verməyən yaddaşım yenə şimşək kimi çaxıb illərin qaranlığını yarmağa, doğulub böyüdüyüm kəndə özünü yetirib xatirə cığırları ilə dolaşmağa başladı...
   
   Kəndin də öz "elita"sı var. Başı işə-gücə qarışmış kənd adamının özünü xalqdan ayırmaq istəyənlərin ortaya atdığı bu sarsaq bölgüdən xəbəri olmasa da, istər-istəməz bu mövcuddu. Kolxoz sədri, kənd Soveti sədri, baş mühasib, anbardar, kassir, ferma müdirləri, briqadirlər, məktəb direktoru, həkim məntəqəsinin müdiri və s. və i.a. Amma indiyədək oxuduğum bütün əsərlərdə, baxdığım filmlərdə bütün işıqlı və romantik xatirələrin ancaq kəndin çobanı, naxırçısı, bağçısı, bostançısı, qarovulçusu və... poçtalyonu ilə bağlı olduğunu görmüşəm. Yaxşı ki, bu belədi.Yaxşı ki, həqiqi insan hissləri nə vəzifə, nə var-dövlətlə ölçülmür ...Amma heyf ki, ən şirin uşaqlıq xatirələrimizin bağlandığı bu saf, işgüzar, təmənnasız adamlar yavaş-yavaş meydandan gedirlər. Əlbəttə, özləri yox, peşələri. Axı, peşə insana ikinci xarakter qazandırır.
   
   
   
   ***
   
   Bizim kəndin də poçtalyonu vardı. Qonşu Abdulyan (indiki Abdulabad) kəndindəndi. O ucaboylu, mavi gözlü, sarışın kişini indi adamlar rəhmətlə xatırlayırlar. Məktəbimizin darvazası günbatan tərəfdən idi. Sinfimiz də elə idi ki, gözünü yazı taxtasından çevirib sağa baxan kimi darvazanı görürdün. Günbatan tərəfdəki qapıdan bir adam güclə keçirdi. Müəllimlərin çoxu, daha iki qonşu kəndin uşaqları bu darvazadan girirdilər. Məndən ötrü gələnlərin içində ən sevimlisi, arzu olunanı rəhmətlik Güləli dayı idi. Zəngin vurulmasını güclə gözləyirdim. "Azərbaycan gəncləri" qəzeti, "Ulduz" jurnalı, kimdənsə məktub...
   
   Heç kəs deməsin ki, məktub almağı xoşlamır. Bəzən mənə elə gəlir ki, biz hamımız yazıb-oxumağı öyrənən gündən həmişə kimdənsə məktub gözləyirik. Qızlı-oğlanlı, qadınlı-kişili hamımız... Hamımızın qəlbində bir məktub həsrəti var.Düzünü özümüz də bilmirik nə üçün gözləyirik, kimdən gözləyirik. Sadəcə gözləyirik, vəssəlam. Bunu heç kəs bizə qadağan edə bilməz. Yaxşı ki, qəlbimizin bu istəyində azadıq, kimsənin qadağasından qorxmuruq. Ümidin bir adı gözləməkdir. Gözləntilər insanı yaşadır, könlünü-gözünü doldurur, ömrünü-gününü mənalandırır. Heyf ki, poçtalyonlar bizim bütün həsrətlərimizə son qoya bilmirlər. Özləri də bilmirlər ki, biz onlardan necə də müşkül məsələlərin həllini gözləyirik. Bu gözləntimizlə onları necə də dəyərləndirir, ucaldırıq. Əgər bilsəydilər...
   
   Biz həm də ömür boyu qəlbimizdə kiməsə məktub yazırıq. Gecə də, gündüz də. Vaxt olan, imkan düşən kimi o məktubun sözlərini, cümlələrini ürəyimizdə təkrarlayırıq. Heç vaxt heç kimə oxumuruq o məktubu. Özümüzdən belə gizli saxlayırıq sahibini. Deyəsən, heç onu tanımırıq da...Tanınmaz olduğuna görə də bu qədər cazibədar, arzulanandı yəqin...
   
   
   
   ***
   
   Kim nə deyir-desin, yüz illər, min illər öncə dünya indikindən daha maraqlı, daha romantik, daha yaşamalı olub. Həm də demokratik. Adamlar dünyanın bu başından o başına piyada gediblər, əngəlsiz gediblər. Hələ qır, çınqıl döşənməmiş tozlu yollarla səyyahlar, dərvişlər, qasidlər bu ölkədən o ölkəyə səfər ediblər. Xəbər aparıblar, xəbər gətiriblər, görmədiklərini görüb, eşitmədiklərini eşidiblər. Gediblər görsünlər ki, dünyanın o başında adamlar necə yaşayırlar?! Nə yeyib, nə içirlər, necə geyinib-kecinirlər, nə əkib-biçirlər, hansı dildə danışırlar?! Toyları-yasları necədi, nəğmələri, təbəssümləri necədi?! Onda dünya çox geniş imiş. Addım-addım ölçüldüyünə görə. Gecələri, gündüzləri də çox uzun imiş. Radiosu, televizoru, qəzetləri olmadığına görə. Adamlar da uzun ömür sürürmüşlər. Bir-birlərinin görüşünə piyada getdiklərinə görə...
   
    Bir zaman onlar göyərçin idilər. Sevgililəri qovuşdururdular. Heç indi göyərçinlər də yoxdu. Çünki daha sevilmir, əzizlənmirlər. İndi Sülhün özü də istehza rəmzinə çevrilib. "Müharibə" sözündən də çox diksindirir adamı. Gündən-günə qloballaşan dünyamızda çox sözlər, ifadələr ilkin mənasını itirməyə doğru gedir... Binamızın damında bomboz, kirli alabaxtalar səhərdən axaşamadək quruldaşırlar. Yem dərdindən, bir də dəcəl uşaqların qorxusundan quş olmaqlarını da unudublar. Bütün canlı gözəlliklər mənasını, dəyərini itirib...Bir gün yəqin, robot-göyərçinlər də yaradılacaq, dəbə minəcək...
   
   
   
   ***
   
   Onlar daha yoxdular. Nə oldu?! Daha həsrətimiz, ümidlərimiz bitdimi?! Yoxsa, yolunu gözlədiklərimizin hamısı qayıdıb gəldi?! Bəlkə həsrət çəkmək, yol gözləmək kimi sirli duyğulara qapandı ürəklərimiz?! Gözümüzdən uzaq olan kimi, könlümüzdən də iraq olur yaxınlarımız, doğmalarımız?! Hə... hə... deyəsən, belədi. İndi telefonumuz, faksımız, kompüterimiz var. İstədiyimizlə danışır, yeni tanışlıqlar qurur, hətta evlənirik də.
   
   Məni qınamayın. Hərdən oturub kiməsə məktub yazmaq istəyirəm. İstəyirəm ki, heç kəsə demədiklərimi o məktubda deyim, dərdimi bölüşüm, yan-yörəmdəkilərə etiraf edə bilmədiklərimi orada yazım. Amma kimə, hara göndərəcəm o məktubu?! Ay Allah, indii kimsə deyəcəki ki, bu adamın işi-gücü qurtarıb, yerdən-göydən özünə dərd çıxardır. O "kimsə"lərə inanmıram. Onlar özləri də bunu istəyirlər...Yəni, mən istədiyimi...
   
   Bir də... Bir də yenə məktəbli qız olmaq istəyirəm. Başımı sağa döndərib məktəb darvazasından girən poçtalyonumuzu görmək istəyirəm. Qabağına qaçıb ağır, boz çantasını çiynindən alıb yerə qoymaq, qurdalamaq istəyirəm. Tapmayanda təəccüblə üzünə baxıb soruşmaq istyirəm: "Bəs, mənə məktub yoxdu?!..."
   
   Görən, o, mənə nə cavab verər?!.

TƏQVİM / ARXİV