adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ŞƏHiD MüBARiZ iBRAHiMOVUN DAŞNAKLARA CAVABI

SEYFƏDDİN ALTAYLI
44409 | 2010-10-16 06:27
Daşnaksütyun partiyasının siyasi məsələlər üzrə sədr müavini Kiro Manoyan Bakıda təşkil olunan Sosialist İnternasional yığıncağında iştirak etdiyi vaxt jurnalistlərə Qarabağ hadisələriylə bağlı olaraq təqribən bunları deyib:
   
   "Hər kəs Rusiyanın Ermənistanı dəstəklədiyini irəli sürür, ancaq elə deyil. Rusiyanın bu barədəki mövqeyi bilinmir. Ancaq Türkiyə, daimi olaraq Azərbaycanın yanında yer tutur. Əgər iki ölkə arasında müharibə baş verərsə Türkiyənin Azərbaycana yardım edəcəyini hamı bilir. Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollar hələ də həyata keçirilməyib və əlaqələrin normallaşması prosesi başlamayıbdır. Protokolların həyata keçirilməsi, Türkiyənin Dağlıq Qarabağ məsələsi barədə ön şərt irəli sürməsindən mənbələnir. Türkiyə, iki ölkə arasındaki diplomatik əlaqələrin başladılması və normallaşması barədə ön şərt irəli sürməməlidir".
   
   Haylar, imperialistlər tərəfindən 19-cu əsrdən etibarən maşa kimi istifadə edilməyə başlandıqdan bəri bizə qarşı daim bu cür yanaşdılar. Yalan dediklərini bilə-bilə yenə də yalan dedilər. Eynilə Manoyanın, rusların mövqeyinin bilinmədiyini söylədiyi kimi. Söylədikləri yalanlara özlərini inandırdılar, sonra da bu yalanları dünya arenasında düzmüş kimi müdafiə etdilər, dırnaqarası soyqırım məsələsində olduğu kimi.
   
   Kiro Manoyan, müasir Boqos Nubar, Kaçaznuni, Andranik və Nazarbekofun çağdaş surətindən özgə heç nə deyildir. Bunlar bir-birinin davamı, bir-birinin ruhunun əkiztayı kimidir. Boqos Nubar, Paris Konfransında etdiyi çıxışda deyirdi: "Öz müstəqil iradəsiylə talelərini haq və ədalətin çempiyonu olan tərəflə birləşdirən Ermənilər, Antanta Dövlətlərinin ortaq düşmənimizə qarşı əldə etdikləri zəfərlə müstəqilliği haqlı olaraq əldə edibdir".
   
   İkinci Dünya Müharibəsini təkcə öz imperialist maraqları ucbatından çıxaran Antanta Dövlətləri otuz milyondan artıq insanın ölümünə səbəb oldular və bunlar Boqos Nubara görə haqq və ədalətin çempiyonudular..! Otuz milyondan artıq insanın qanına əlini bulayan, dünyanı qan dəryasına döndərən bu dövlətlər Osmanlıya düşməndi, eynilə Boqos Nubar kimi.
   
   Hovannes Kaçaznuni isə xatirələrində bunları dilə gətirib: "1914 ilinin payızında Türklər hərbə daxil olmamış, Erməni partizan dəstələri hədsiz həyəcanla və böyük gurultuyla təşkilatlanmağa başladılar. Fikrimizdə böyük bir xəyal dünyası yaratmışdıq. Həqiqəti tamamilə gözdən yayındırıb xəyallarımızın əsiri olduq. Erməni xalqının imkanlarını, siyasi və hərbi potensialını həddən artıq şişirtdik və xalqımızın ruslara etdiyi xidmətlərin əvəzsiz olduğuna, bunun bəhrəsini artıqlamasıyla görəcəyimizə özümüzü inandırdıq. Şişirtdiyimiz dəyərlərimiz və xüsusiyyətlərimizdən asılı ümidlərimiz və intizarlarımız da böyük oldu.."
   
   Bu iki erməni, bu gün Kiro Manoyanın idarə heyətində vəzifə yeritdiyi Daşnak partiyasının, daha düzü ütopiyaçı Hay millətçiliyinin ən hörmətli şəxsləridir. Manoyan, söylədiyi yalana ulu babalarınınki kimi, Kaçaznuninin söylədiyi kimi özlərini inandırır və inandırdığı üçün də dediklərini inanaraq dilə gətirir. Yəni Qarabağı heç kəsdən yardım filan almadan bir başlarına hayların işğal etdiyini vurğulamaq istəyir?! Dolayı yolla da Qərbi Azərbaycan torpaqlarına ingilislərin oyunu və rusların dəstəyi ilə gəldikləri həqiqətini gizlədir, bir sözlə cidanı çuvalda gizlətməyə çalışır. Osmanlı dövlətinə qarşı üsyan etdiklərində özlərinə ABŞ, İngiltərə, Fransa, Rusiya və digər bəzi imperialist xıristiyan dövlətlərinin yardım etmədiyini vurğulamaq istəyir. Üstü örtülü olaraq da Türkiyənin, Dağlıq Qarabağ məsələsini hayların qabağına bir ön şərt kimi irəli sürməsini istəmir. Türkiyənin, qardaş Azərbaycan torpaqlarının haylar tərəfindən mənimsənməsinə göz yummasını istəyir. Atalar yalan yerə deməyib, itin axmağı qayğanaqdan pay umar... Rusların özlərini dəstəkləmədiyini də xüsusilə vurğulayır. Rusların, ermənilərlə 1990-cı illərdə ortaq hərbi saziş imzaladığını, Xocalı Soyqırımının yaradılması, Azərbaycan torpaqlarının iyirmi faizinin işğalı üçün ordularıyla onlara dayaq olduqlarını gizlətmək istəyir. Rusların hər il ermənilərə milyard dollarlıq ağır silahları yardım adıyla verərək onları silahlandırdığını və Qafqaz bölgəsini barıt çəlləyinə döndərdiyini, ermənistanın bütün hərbi hissələrində Rusiya dövlət rəhbəri və başnazirinin fotoşəkillərinin öz liderləriylə yanaşı divardan asıldığını və bunun hansı mənanı daşıdığını dünyanın gözünün içinə baxa-baxa gözə kül üfürür. əgər Azərbaycanla Hayastan arasında bir hərb yaranarsa Türkiyənin Azərbaycana yardım edəcəyini dilə gətirir. Türkiyənin, Hayastana qarşı həyata keçirdiyi diplomatik embarqonun əsl səbəbinin Rus dəstəkli erməni ordusunun Azərbaycan torpaqlarını işğal etməsi həqiqəti olduğunu başa düşmək istəmir. Türkiyə ilə Hayastan arasındaki diplomatik əlaqənin kəsilməsinin Azərbaycan torpaqlarının işğalının, rus dəstəkli hayların təcavüzkarlığının bir nəticəsi olduğunu dilinə də gətirmir.
   
   ABŞ, AB, Moskva, Tehran, Türkiyəyə deyir ki, "Ermənistan sərhədlərini aç". Kiro Manoyan da həmin havanı çalır. Yaxşı, bəs bunlar Hayastanın yazıq ütopiyaçılarına niyə demir ki, "Ey insanlıq və mədəniyyət düşməni Hayastanlılar, Azərbaycan torpaqlarından çəkilin və işğal etdiyiniz şəhərlərə vurduğun ziyanı ödəyin, Azərbaycan xalqından da üzr istəyinə!".
   
   Kiro Manoyan və bütün Daşnaq partiyası mənsubları başlarına bunu yaxşıca soxmalıdır: Dünən Mübariz İbrahimov adlı bir igid heç kəsdən göstəriş almadan, heç kəsə xəbər vermədən əlinə silahını aldı və haylara, onlara dayaq olanlara bir mesaj verdi, həmi də nə mesaj..! Bu mesajı, Azərbaycan torpaqlarını işğal etdirənlər də, edənlər də, Türkiyəyə "sərhədlərini aç" deyə təzyiq göstərənlər də yaxşı qiymətləndirməlidir. Nə Türkiyə, nə də Azərbaycan hərb tərəfdarı deyil. Hər iki ölkə də Qafqazyada, Yaxınşərqdə, Ortaşərqdə, Orta Asiyada və bütün dünyada sülhün bərqərar olmasının tərəfdarıdır. İnsanların yanaşı və dostluq atmosferi içində ömür sürməsini istəyir. Bu istəyə heç kəs arxasını dönməməlidir. Avropalılar öz imperialist maraqlarından ötrü Birinci və İkinci Dünya Müharibələrini çıxartdılar, axırda da hər hansı qazancları olmadığını gördülər. Əllərinə ancaq tökülən qanlar bulaşdı, gözyaşı və xarabazara dönmüş bir Avropa keçdi. Daha bu sınanmış yola bir daha üz tutmamalıdılar. ATəT Minsk Qrupunun vəzifəsini adam kimi yerinə yetirməsini istəməlidilər və bunu reallaşdırmalıdılar. Azərbaycanlı bir milyondan artıq qaçqının iyirmi ilə yaxın bir vaxtdır çəkdiyi izdirab bəşəriyyətin ayıbıdır və alnına sürtülmüş qara bir ləkədir. Bu ləkənin yuyulması da qərblilərin və rusların birinci vəzifəsidir, çünkü bu ləkənin səbəbkarları onlardır.
   
   Şəhid Mübariz İbrahimov (Allah yerini nura qərq etsin), ulu tarixi babası Kürşadın 1500 il qədər əvvəl Çin imperatorluğuna verdiyi mesajı dünən bütün insanlığa verdi. Çin imperatoru Kürşadın və qırx yoldaşının mesajını başa düşdü, əsir götürdüyü türkləri daimi olaraq əsarət altında saxlaya bilməyəcəyini dərk edib onları azad buraxdı. Onlar da gedib öz yurdlarında öz dövlətlərini bərpa etdilər. İnsandan, insanlıqdan, ədalətdən, demokratiyadan müdafiə edənlər papaqlarını qabaqlarına qoyub mərhum Mübarizin mesajının mənasını düzgün qiymətləndirməlidilər.
   
   Bizləri oldu-qurtuldu ilə üz-üzə buraxmaq istəyənlərə, imperialistlərə, işğalçılara qarşı nümunə kimi, 30 Avqust 1924-cü il tarixində Anadoluda yeridilən Azadlıq Hərbində qazanılan böyük zəfərin ikinci illiyində, axırıncı meydan müharibəsinin aparıldığı yerdə, yəni Afyon vilayətinin Dumlupınar qəsəbəsinin Çal Təpə tərəfində təşkil olunan mərasimdə Ulu Öndər Atatürkün etdiyi çıxışda söylədiklərinin bir hissəsini eynilə təqdim edirəm:
   
   "Əfəndilər; hərb, müharibə, nəhayət meydan müharibəsi, yalnızca qarşı-qarşıya gələn iki ordunun vuruşması deyildir. Millətlərin vuruşmasıdır. Meydan müharibəsi, millətlərin bütün varlığıyla elm və fən sahəsindəki səviyyələriylə, əxlaqlarıyla, mədəniyyətləriylə, xülasə olaraq bütün maddi və mənəvi qüdrət və fəzilətləriylə və hər cürə vasitələriylə vuruşduğu imtahan sahəsidir. Bu sahədə vuruşan millətlərin həqiqi qüvvət və dəyərləri ölçülür; nəticə: Yalnız cismani qüvvətin deyil, bütün qüvvələrin, xüsusilə əxlaqi və mədəni qüvvələrin üstünlüyünü kəskin xətləriylə bürüzə verir. Bu səbəblə meydan müharibəsində məğlub olan tərəf, millət və məlməkət olaraq bütün maddi və mənəvi varlığı ilə məğlub edilmiş sayılır.
   
   Bir ölkəni zəbt və işğal etmək, o ölkənin sahiblərinə hakim olmaq üçün kifayətli deyildir. Bir millətin ruhu zəbt olunmadıqca, bir millətin əzm və iradəsi sındırılmadıqca o millətə hakim olmaq qeyri mümkündür".
   
   Azərbaycan torpaqlarını kimin işğal etdiyini yerin altındakı soxulcanlar da bilir. Mübariz İbrahimov da əsl işğalçılara, əmanət aldığı canını Tanrısına müqəddəs bir vəzifə uğrunda, mifoloji çağlardaki igidlərə yaraşacaq bir qəhrəmanlıqla təhvil verdiyini sübut etdi. Xalqının əzm və iradəsinin əsla sındırıla bilmiyəcəyini dosta düşmənə çatdırdı. Bir Mübariz İbrahimov şəhid olar, onun nəfəsinin qarışdığı vətən səthindəki atmosferdən milyonlarla Mübarizlər dünyaya gələr.

TƏQVİM / ARXİV