adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

DüNYANIN ƏN ZAY GüNü

OQTAY SALAMOV
23154 | 2010-10-16 06:27
Tarixin bu günündə doğulanlar, qadanızı alım, inciməyin, sizlik iş yoxdu, beynəlxalq təşkilatların təşəbbusü ilə bu gün Ümumdünya Ərzaq Günü elan olunub. Soruşa bilərsiniz ki, bizim yaşayışımız üçün vacib amillərdən biri olan, Müqəddəs kitablarda bərəkət, ruzi, qida adlandırılan bu ərzağın bayramını niyə dünyanın ən zay günü adlandırıram, sualın cavabını özünüz də bilirsiniz və əksəriyyətiniz də mənimlə razısınız. Çünki sağlamlığımız, yaşaya bilmək üçün yediklərimizin keyfiyyətini elə günə salıblar ki, adamlar qatıqdan da zəhərlənirlər...
   
   Adətən hər hansı bir yazını işləyəndə müəyyən materiallar toplayıram ki, yeri gəldikcə onlara istinad eləyim. Bu yazını heç bir materialsız yazıram, hamımızın ümumi dərdimizi bir daha bölüşmək istəyirəm. Qardaş, istedadsız şairlərin dilində "ərzaq"la "ən zay" az qala qafiyə kimi səslənir. Radiolardan, televiziyalardan, qəzetlərdən, hətta qlamur jürnallardan da bağırırlar ki, aldığınız ərzaqların buraxılma tarixinə, son istifadə müddətinə, keyfiyyət sertifikatına, mənşəyinə, rənginə, nə bilim daha nəyinə diqqət yetirin. Bir sözlə ərzaq dükanına girəndə Pentaqonun güzli silah labarotoriyasının zəruri cihazları ilə təmin olunun. Mümkün deyil, vallah, mümkün deyil və əhəmiyyəti də yoxdur. Əgər bu gün ayın 15-idirsə, dükanda xamanın (bizim ditldə smetan) üstündə buraxılma tarixi kimi ayın 16-sı göstərilibsə, buraxılış tarixinə hansı inamdan söhbət gedə bilər? Əgər Gürcüstanda "Borjomi"nin butulkası bir dollara, bizdə 70 sentədirsə, hansı sudan danışırıq? Özü də bu xəlvət, görünməyən yerdə olan deyil ha, açıq vitrində, bütün nəzarət etməlilərin gözü qabağında olur. Deməli... dünyanın ən zay günündən niyə inciyək ki?...
   
   Deyirəm, görəsən o xariclərdən mötəbər qonaqlar gələndə qabağına duz-çörəklə çıxırlar ha, bizdə heç olmazsa həmin duz-çörəyin keyfiyyətinə nəzarət eləyirlərmi? Yoxsa bizim yediklərimizə verilən sertifikatlardan, vurulan peçatlardandırsa, yazıq qonaq elə aeroportdan üçüncü fəxri xiyabana getməli olar, vallah! Öz aramızdı, üçüncü fəxri xiyaban məsələsi pis ideya deyil ki?.. Bizə baxmayın, bizim mədəmiz də, gözümüz də, səhhətimiz də öyrəşib, quru əllə bizi məhv eləmək heç nemesə müyəssər olmayıb, deyirsiniz indi vaxtı keçmiş kolbasadan öləcəyik?
   
   Bir dəfə yeriyən vaxtı bir kolbasa sexindən bəy tərifi yazmağa getmişdim. Lap elə indikilər kimi, hazırlanmış,bir-iki yerdən şəkil çəkdim, şəkili çəkiləcək işçilərə xalat tapa bilmədikləri üçün yarım saat ləngidim, ətin iyindən sürücünün ürəyi qalxdı, müdirin otağında kondisioner qoşub özünə gətirdik və... gedəndə bizim hərəmizə bir büküm (bizim dildə palka) kolbasa pay verdilər. İnanırsınızmı ki, üstündə Finlandiyada hazırlandığı yazılmışdı? Müdir müəllim dedi ki, narahat olmayın, ürəklə yeyin, özümüz də bundan yeyirik. Hələ risq eləyib özü də yedi. Evdə heç kim inanmadı ki, bu kolbasanı bizim sexdə hazırlayıblar.
   
   Sözümün canı var, indi vəziyyət lap dəyişib. Onda qonaq-qaraya, yoxlamaya heç olmazsa abırlı məhsul saxlayırdılar, indi nəzarətçinin pul payı idarəsinə aparılır və mal olur "keyfiyyətli". Yuxarıda dedim ki, yazını konkret materialsız yazıram. Ona görə də indi deyəcəyimə istəyirsiniz inanın, istəmirsiniz də inanın: respublikada kifayət qədər tanınmış, malları da yaxşı satılan bir dondurma sexinə yoxlama gəlir. Sex rəhbərliyi də həm kimlərəsə arxayın olduğundan, həm də malı babat olduğundan yoxlamanı kobudcasına sexə buraxmır. Gələnlər gedirlər bu rəhbərliyin arxayın olduqlarından yuxarı pilləyə və dünən bəh-bəhlə dükanlarda satılan dondurmanın düz 2 Kamazı "zay" sayılaraq demonstrativ surətdə zibilliyə daşınaraq traktorun tırtılları altında məhv edilir. Sürücü deyir ki, maşını yükləyəndən sonra da, boşaldandan sonra da tərəzidə çəkdilər ki, birdən maşında dondurmadan-zaddan qalar. Malın hamısı məhv edilməmiş traktoristi kabinədən düşməyə qoymadılar, heç BOMJları da zibilliyə buraxmadılar. Düz iki gündən sonra müdir tanışlarından yuxarı pillədəkilərlə "söhbət"dən sonra gəlib iki saat "xolodelnik"də tərini soyutdu və ertəsi gündən yenə həmin mallar əla keyfiyyətli adı ilə dükanlara daşınır.
   
   Satqınlıq məndən çıxsın, onsuz da respublikanın yarısı Əsgər müəllimdi. Əsgər müəllim qazlı, qazsız, mineral, xarici, bahalı, ucuzlu... su istehsal eləyir. Bir neçə Şadlıq evi ilə kontraktı var, Super, Hiper, Mini marketlərlə əməkdaşlıq eləyir, budkadan da satdırır. Yəni pul qazanmaq üçün özünü yekə aparmır, hətta müştəri kasıbdırsa babat endirimlər də eləyir. Çəndən sexə zırpı bir durba çəkdirib, sehirli durbadı. Zapasda olan etiketdən asılı olaraq günün müxtəlif vaxtlarında bu durbadan müxtəlif adda sular axır. Bir gün bir müştəri ilə nədəsə razılaşmadıqlarını gördüm. Dedim yəqin qiymət məsələsidi. Məlum oldu ki, müştəriyə lazım olan suyun etiketi qurtarıbmış, Əsgər müəllim deyir fərqi nədi, durba eynidi, qoy etiket başqası olsun. Müştəri deyir yox, qaynanam əhd eləyib ki, nəvəsinin toyunda məhz o sudan olmalıdı. Deyəsən toyun vaxtını dəyişdilər ki, etiket gəlib çıxsın...
   
   Qoy bir xarici misal da göstərim, biləsiniz ki, bizimkiləri təcrübə poliqonu sayırlar. Azıb gedib çıxmışdım Türkiyəyə. Onda hələ dünyanın nisbətən düz vaxtı idi. Bir nəfər yaxınlaşdı ki, bəs eşitmişəm Azərbaycanda maya (bizim dildə droj) yaxşı gedir, müştəri tap, filan mayadan (reklam olmasın deyən adını yazmıram) nə qədər lazımdı vuraq, özü də filan qiymətə. Deyirəm, axı burada onun qiyməti ikiqat artıqdı, necə belə ucuz vuracağıq. Deyir üstündə bu mayanın adı olacaq, içərisində başqası olacaq- Azərbaycana göndərilən məhsulların əksəriyyəti belədi. Bu dünyanın nisbətən düz vaxtının söhbəti idi ha..
   
   Eşitdiyimə görə, dünyanın hər yerində ərzaqla bağlı fırıldaqlar olur. Amma bizdə kimsə fırıldaq eləməsə, bax, bu qəribə, dəhşətli görünər. Bir yerdə ki, uşaq qidasına haram qatırlar, o uşaq böyüsə ondan hansı halallığı gözləyək axı. Qadanızı alım, "o vaxtlar kənddə bir həyətdə çörək bişiriləndə qoxusu bütün kəndə yayılırdı, filan bulağın suyundan içəndə bir qoyunu yemiş olsan da acırdın, o vaxtın üç qəpiklik peraşkisi indiki toylarda verilən blinçikdən dadlı idi"... kimi sözlərlə özünüzü yormayın. Bacarırsınızsa indiki qidalara, ərzaqlara birtəhər adaptasiya olunun, ölərsiniz, yasınıza gələnlər də ehsandan zəhərlənər, yeriniz cəhənnəmlik olar. Bu günü bayram eləyirsinizsə, eləyin. Ən azından Əsgər müəllimin bayramıdı ki...
   
   

TƏQVİM / ARXİV