Bir kitabın ümidindən...

ETİBAR CƏBRAYILOĞLU
38131 | 2010-10-16 06:27
Yazıçılar Birliyinin Natəvan klubu. Qonaqların hələ hamısı gəlməyib. Elə səbəbkarın özü də. Səhv eləmirəmsə, binanın təmirindən sonra İradə Tuncay ilk dəfədi bura gəlir. Amma bu dəfə pillələri kitab müəllifi kimi qalxır. Mətbəə iyi hələ çəkilməyən "Sarı odalar" adlı ilk kitabının təqdimatına gələnlərlə görüşür. Bizim türklər demiş, ayağı tozlu-tozlu telekanallara müsahibə verir. Keçmiş televiziyonçu kimi həmkarlarının xasiyyətini yaxşı bilir, əli kameralılar belə tədbirlərdə sona qədər oturası deyillər. Yenə Allah insaf versin əliqələmlilərə...
   
   Böyük dəyirmi masa qoyulan odada istidi. Hava da istidi, münasibətlər də, "Sarı odalar"ın özü və müəllifi haqqında deyilən sözlər də. Rəsmi və qeyri-rəsmi məclislərin yaraşığı Rəşad Məcid təqdimat mərasimini açıq elan edir. 525 dəfə belə məclis aparan, "525-ci qəzet"in baş redaktoru Yazıçılar Birliyinin katibi olduğunu da unutmur və əsl ev sahibi kimi çıxışa başlayır. Haqqında yazı yazdığı, özü barədə onun yazılarından maraqlı detallar öyrəndiyi İradə Tuncayı tələbələrinə nümunə göstərdiyini deyir. Hamını bir daha inandırmaq üçün müəllifin bəzi yazılarından sitat gətirir və əlavə edir ki, İradə xanım bədii publisistika janrında ən orijinal əsərlər ortaya qoyub: "İlk kitabında təqdim etdiyi yazıları "525-ci qəzet"də və "Ədalət"in səhifələrində dönə-dönə oxumuşam. İradə xanımın yazıları həmişə maraqla qarşılanır. Çünki yazını oxumağa başlayan andan səni tanış hisslər qarşılayır". İradə Tuncayın Yazıçılar Birliyinin üzvü olmadığından təəssüflənən Rəşad bəy ayıq kameralar və iti qələmlər qarşısında bir sirr açdı: "Əslində biz bu klubda Yazıçılar Birliyinin üzvü olmayanların kitablarına təqdimat mərasimi təşkil etmirik. Lakin Anar müəllim İradə Tuncaya görə qaydanı pozmağa icazə verib".
   
   Anardan söz düşmüşkən, məlum olur ki, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Moskvada olduğu üçün tədbirdə iştirak edə bilmir. Amma istedadlı insanlara biganə qalmayan dəyərli yazıçı İradə Tuncayı da diqqətdən kənarda saxlamayıb. Müşavirinə İradə xanıma çiçək dəstəsi bağışlamağı tapşırıb. Tədbirin bu yerində yadıma İradə Tuncayın yazdığı "Çiçək tapa bilmədim..." yazısı düşür. Fikrimiz yayınmasın, Anar müəllimin adından çiçək dəstəsi "Sarı odalar"ın müəllifinə təqdim olunur. Yenə Rəşad Məcid danışır, deyir ki, Anar müəllim İradə xanımın yazılarını, xüsusilə Nazim Hikmət və Məmməd Araz barəsində yazılarını bəyənib.
   
   Kitab ortadadısa təbii ki, tənqidçi sözünə ehtiyac yaranır. Söz sayılan-seçilən tənqidçi - alim Vaqif Yusifliyə verildi. Vaqif bəy "Sarı odalar"ı müasir publisistikanın ən gözəl nümunələri adlandırdı: "Bəzən deyirlər ki, bədii publisistika kəsərini itirib, həyat həqiqətlərini əks etdirmir. Mən bu fikirlərlə razı deyiləm. Elə bu kitabda müəllif son 10-15 ilin ən sanballı bədii publisistikasını yaradıb. Özü də bu yazıların hamısı müasir publisistikanın tələblərinə cavab verir. Yəni sovet dövrünün ənənəvi şablonlarından imtina olunub. Kitabda toplanan yazılarda istər qədim tarixə, istər yaxın zamanlara, istərsə də müasir zamanımıza orijinal baxış var. İradə Tuncay cəsarətli müəllifdi. Belə cəsarət hər yaradıcı insanda olmur".
   
   Rəşad Məcid bu dəfə də ayağa qalxır. Növbəti çıxışçını elan etmək istəyir. Aqil Abbas da ayaqdadı. Amma Aqil bəy söz almaq istəmir, çünki başı möhkəm qarışıqdı. Tədbirə gecikən qonaqları qarşılayır, telefon zənglərinə cavab verir. Fikrimiz yayınmasın, çünki Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu danışır: "İradə xanımı televiziyada çalışdığı zamanlardan tanıyıram. Onun hazırladığı verilişləri tamaşaçılar maraqla gözləyirdilər. İradə xanımın bu kitabda topladığı yazılar vaxt öldürmək üçün oxunan yazılar deyil. Onları oxumaq üçün gərək yaxşı köklənənsən. "Ölən istəklərimiz" yazısı əsl bədii əsərdi. İradə fikirlərini sərt və ustalıqla deyir. Hətta özü haqqında da sərt danışır".
   
   "Ulduz" jurnalının baş redaktoru, roman, povest, hekayə, pyes yazmaqdan yorulmayan, danışmaq üçün həmişə vaxt tapan Elçin Hüseynbəyli söz alır. Məlum olur ki, Elçin bəy də Anar müəllimin olduğu Moskvaya tələsir. "Sarı odalar"ı tələsik oxuyan və kitabda bircə dənə hərf səhvi tapan yazıçı-dramaturqun fikirlərində Aqil Abbasa, İradə xanıma ünvanlanan xeyli xoş sözlər olur: "Aqil Abbasın xanımı İradə Tuncay, Qulu Ağsəsin xanımı Laura Cəbrayıllı öz həyat yoldaşlarından istedadlıdılar".
   
   Elçin Hüseynbəylinin Rusiya paytaxtına tələsdiyi deyilsə də, dostumuz tədbirin sonuna qədər yerində rahat oturdu. Aqil Abbas narahat-narahat gəzişməsində olsun, bu yerdə sözü Şəmkirə getməyə hazırlaşan millət vəkili Məlahət İbrahimqızına verək. Rəşad bəy onsuz da sözü çoxdan deputata ötürüb. Məlahət xanım bu kitabı əldə edə bilməyən deputat yoldaşlarının incikliyini müəllifə çatdırdı. Yəqin ki, bu iraddan deputat Aqil Abbasa da pay düşdü. Məlahət İbrahimqızı kitabı sevə-sevə vərəqlədiyini söylədi, İradə Tuncayın oxucularından biri olduğunu diqqətə çatdırdı.
   
   İstedadlı şair, arada maraqlı hekayələr yazan Qulu Ağsəs "Ulduz" jurnalındakı müdirindən geri qalmayaraq çıxış etdi. Məlum oldu ki, Rəşad bəy bu mərasimdə çıxış etməyi ona bərk-bərk tapşırıb: "Efirdə görüntü ilə uğur qazanmaq asandı. İradə xanım isə efirdə sözlə uğur qazanmağı qazanıb. Bu hər adama nəsib olmur. Moskvada çap olunan kitabların birində Üsamə bin Ladeni inşaat mühəndisi kimi təqdim ediblər. Dünyanın bir nömrəli terrorçusu deməyə cəsarətləri çatmayıb. Yazıçıdan da terrorçudan qorxduqları kimi qorxmalıdılar. İradə xanım, qoy sizi də tənqid etməkdən həmişə çəkinsinlər". Qulu Ağsəs dedi ki, kitab haqqında fikirlərini qəzetdə yazacaq. Eybi yox, gözləyək görək "525-ci qəzet"də nə tufan qoparacaq. Yeməkdən, üzr istəyirəm, oxumaqdan ümid yaxşıdı.
   
   Nəhayət ki, Aqil bəy narahatçılığa son qoyub rahat əyləşdi. Özü də düz Rəşad Məcidin yanında. Tanınmış jurnalist, Televiziya Akademiyasının rektoru Etibar Babayev söz alana kimi özü barədə xeyli tərif eşitdi. İradə Tuncay "Space" telekanalına rəhbərlik etdiyi dövrlərdə yaratdığı yaradıcılıq azadlığına görə dəyərli ziyalımıza xoş sözlər dedi. Etibar bəy kitabda toplanan yazılarla tanış olduğunu, bəziləri haqqında fikirlərini əvvəllər də mətbuatda yazdığını yada saldı. Dedi qismət olsa, yenə yazarıq: "İradə xanım yazılarında özünü, sözünü, dünyasını təqdim edir. O, yazılarını mürəkkəblə deyil, ürəyinin qanı ilə yazır. İradə xanımın yazlarını həmişə səhər tezdən oxuyuram. Çünki bu yazılar insana ümid verir".
   
   Təsadüfdən yoxsa, zərurətdən, növbəti çıxışçı da sabiq "Space"çi oldu. Tanınmış teleaparıcı Nərgiz Cəlilova İradə xanımla birgə işlədiyi günləri xatırladı. Onun bəzi yazılarını isti-isti oxuduğunu yada saldı. Bu gün efir məkanımızın İradə Tuncay kimi yaradıcı insana ehtiyacı olduğunu xatırlatdı. Müəllifin keçmiş iş yoldaşı Nahid Hacızadə həm televiziyonçu, həm də yazıçı kimi danışdı: "İradə Tuncay oxucular tərəfindən hər gün gözlənilən yazarlarımızdandı. O, Məmməd Araz universitetini bitirdiyindən sözün qiymətini bilir. Onun yazlarını oxuyanda insanın ürəyindən işıqlı bir xətt keçir. Uzun illər bir yerdə işləmişik. Yaxından tanıdığımdan bilirəm ki, daxilində tufanlar oynayır. Bəzən Aqil Abbasa yazığım gəlir..."
   
   Yazıçı Mustafa Çəmənli "Sarı odalar"ı yazan müəllifin televiziyada Həmidə xanım Cavanşir, Məmməd Araz haqqında çəkdiyi filmlərə baxarkən heyrətləndiyini söylədi. Son zamanlar tarixi romanlar yazmaq üzrə ixtisaslaşan Yunus Oğuz da İradə xanımın daimi oxucuları sırasında olduğunu dedi: "Bəzən elə olur ki, yazılarına bir qədər fasilə verir. Onda İradə xanıma telefon açıb yazıları üçün darıxdığımı çatdırıram. İradə Tuncayın yazılarında yaşayışla ümid arasında mübarizə gedir və sonda ümid həmişə bu mübarizədən qalib ayrılır".
   
   Mətbuata televiziyadan gələn gənc yazar Aysel Əlizadəyə də söz verildi. Aysel xanım da bu fürsətdən maksimum yararlandı: "İradə xanım mənə həmişə deyir ki, sən mənim gəncliyimsən. "Sarı odalar" ədəbiyyatda ciddi hadisədi. Bir çox yazıçılar özlərini yığışdırmağa məcbur olacaqlar". Yazıçılar Birliyində keçirilən toplantıların vaz keçilməz iştirakçısı şair Oqtay Rza söz almaq üçün maraqlı üsul kəşf etdi. Dedi ki, arayış vermək istəyirəm: "Aqil Abbasla İradə Tuncay məclisin yuxarı başında oturublar. Yadıma uzun illər bundan əvvəl bu iki şəxsin "Sirk" restoranındakı toyları düşdü". Oqtay müəllim ənənəsini pozmadı, sonda bir şeir oxudu. Əlövsət Bəşirli İradə Tuncayın yazıları barədə düşüncələrini bölüşdü, "Sarı odalar"ı ən nüfuzlu ədəbiyyat mükafatları almağa layiq hesab etdi.
   
   Söz demək növbəsi Aqil Abbasa çatdı: "Bəzən deyirlər ki, 30 il Aqil Abbasın həyat yoldaşı olduğu üçün İradə xamıma qəhrəman adı düşür. İradə xanım məndən savadlıdı. Amma mən ondan istedadlıyam". Aqil bəy tədbirə görə Yazıçılar Birliyinin rəhbəri Anara, kitabı nəfis şəkildə çap edən "Təhsil" nəşriyyatının rəhbəri Bəhruz Axundova təşəkkürünü yetirdi.
   
   Sonda "Sarı odlar"ın müəllifi danışdı. İradə Tuncay iddialı başladı: "Həmişə Aqil Abbas danışıb, mən qulaq asmışam. Bu dəfə mən danışacam". Amma belə mərasimlərində danışmaqdan xoşlanmayan İradə xanım ilk kitabının təqdimatında da fikirlərini bir-iki kəlmə ilə bildirdi.
   
   Mərasimdən sonra mən bir suala cavab axtarmaqla məşğulam - gerçək qəhrəman kimdi və bu mükafat kimə düşür? Aqil Abbasa, yoxsa İradə Tuncaya? Yəqin ən doğru cavab "Sarı odalar"ın özündədi...

TƏQVİM / ARXİV