ANA SƏHİFƏ / YAZARLAR

DAHİ BİR NOSTALJİ

17961    |   2010-10-09 06:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox güman ki, Əhməd Lətifoviç bu yazını oxuya bilməyəcək. Birincisi, rusdillidir, üstəlik uzun müddətdir heç ən vacib anlarda da Azərbaycana gəlmir. İkincisi, Azərbaycana gəlməməsinin əsas səbəbkarı həyat yoldaşı Madlena xanımdır, heç vaxt onun sözündən də çıxmır. Baxmayaraq elə arvadı da cavan deyil, yaşıddırlar, 75-i haqlayıblar. Nəsə, uzunömürlü sevgi nümunəsi...
   
   Mənim altmışıncı-yetmişinci illərin məşhur futbol məşqçisi Əhməd Ələsgərovu ilin-günün bu vaxtında xatırlamağım əbəs yerə deyil. O fenomen məşqçinin bu günlərdə 75 yaşı tamam oldu. Təbii ki, vətəndə tapılsaydı heç olmasa, keçmiş xidmətlərinə görə ona yubiley keçirər, bəlkə də dostlarının təşəbbüsü sayəsində rəsmi təltif - mükafatlandırma da baş tutardı. Ancaq o, Xəzər sahilindəki doğma Bakını çoxdan Qara dənizin Odessasına dəyişib.
   
   Acıdır, şirindir - bu onun taleyidir.
   
   İndiki nəslin onu tanıyıb-tanımaması isə şərt deyil. Onsuz da "altmışıncılar" təkcə ədəbiyyatda inkar olunmurlar.
   
   Durub-dururkən bu qədər ziddiyyətli fakt və ovqatla mövzunu nədən köşəyə gətirdim. Özü də Əhməd Ələsgərovun vətənində baş tutmayan yubileyindən dörd-beş gün keçdikdən sonra...
   
   Mən Əhməd Ələsgərovu futbol meydanında birinci dəfə görəndə uşaq idim. 6-7-ci siniflərdə oxuyardım. Montində, xalamgilin qonşularının uşaqları ilə "Neftçi"nin oyununa baxmağa getmişdik. Üç nəzarət keçidindən biletsiz sivişmək elə də asan məsələ deyildi. Hələ lovğa-lovğa gedib özümüzü bahalı sektorlara dürtürdük.
   
   ... Hə, həmin gün birinci hissənin sonlarına yaxın yarımmüdafiəçi Əhməd Ələsgərovu rəqib komandanın futbolçusu möhkəm zədələdi. Gənc Xetaqurov çox əlləşdi, simpatik oğlanı isə ayağa qaldıra bilmədi. Əhməd Ələsgərovu xərəkdə apardılar və bir daha o, futbolçu kimi meydana çıxmadı.
   
   ... Ancaq 31 yaşı (!!!) tamam olandan bir ay sonra doğma "Neftçi"yə SSRİ çempionatının bürünc medalını qazandırdı. O dövrün yeniyetmələri olan yaşıdlarım və bütün Azərbaycan üçün bu hadisə fantastik bir uğur idi. Onun memarı Əhməd Lətifoviçi artıq hamı tanıyırdı.
   
   Burada keçid edirəm rusdillilik məsələsinə. Əhməd Ələsgərov əslən Salyandan olan təmiz azərbaycanlı ailəsinin böyük övladı olub, indiki Bakıxanov qəsəbəsində böyüyüb. Həyat yoldaşı Mədinə xanım da rusdillidir və bu səbəbdən də onu elə o vaxtlardan Madlena adlandırıblar. Və bir də ki, o vaxtlar uşaq da olsam 60-cı illərin Bakısını yaxşı xatırlayıram. İçərişəhər, Sovetski (Dağlı məhəlləsi) və Kubinka ətrafından başqa heç yerdə doğma Azərbaycan dilimizdə danışıq eşitmirdik. Hamı rus dilində danışırdı. Bu hələ harasıdır, Montində, ermənilərin daha çox yaşadıqları o vaxtkı Ermənikənd, indiki "Gənclik" tərəflərdə mənim azərbaycanlı yoldaşlarım ermənilərə, bəzi ruslara qoşulub bir-birinə müraciətlə "ara, ara" deyirdilər. Qədim Bakı ləhcəsinin məşhur "alə, alə"si buralarda sanki yad bir kəlmə təsiri bağışlayırdı.
   
   Bu da hələ harasıdır. Mən ruslar və ermənilərlə yanaşı, qonşuluqdakı azərbaycanlı tay-tuşlarımın boynunda qızıl zəncirli xaç görməyimi də yaxşıca xatırlayıram. Qızlı-oğlanlı... Yetmişinci illərin əvvəllərinə kimi. Təbii ki, bütün bu əcaib məsələlərin şəhərdəki bu məşhur məhəllələrlə yanaşı, Bakının koloritli kəndlərinə də aidiyyatı yox idi.
   
   Əhməd Ələsgərovu unutmayaq. Bəli, "Neftçi"nin məşqçisi də, oyunçuları da hər yerdə rus dilində danışırdılar. Ələsgərov bütün müsahibələrini rusca verdiyindən ona məhz "Əhməd Lətifoviç" deyə müraciət edirdilər. "Neftçi"nin oyunçuları yalnız meydançada Azərbaycan dilində müəyyən söz, ifadə və kiçik cümlələr işlədirdilər. O da ki hiss ediləcək bir aksentlə. Rəqib komandanın oyunçuları başa düşməsin deyə. Yerevan ermənilərindən başqa bizim dili heç qazaxlar da bilmirdi. "Kayrat"ın 11 oyunçusundan 9-u rus, 2-si də rusdilli qazax ola, ya olmayaydı.
   
   Əhməd Ələsgərov elə-belə adam deyildi. Respublikanın rəhbəri Heydər Əliyev hələ 1-ci katib olmamışdan qabaq da onu tanıyırdı. Sonralar Ulu Öndər Azərbaycana başçılıq edərkən bu qəliz, ancaq qeyri-adi istedad sahibi ilə bir neçə dəfə görüşmüş, onu Mərkəzi Komitədə qəbul etmişdi.
   
   Əhməd Ələsgərovun kaprizlərini çoxları anlaya bilmirdi.
   
   Eləcə onun məşqçilik fenomenini də.
   
   Əhməd Ələsgərovu Ukrayna ilə heç kəsin anlaya, səbəbini tapa bilmədiyi dostluq telləri bağlayırdı. Bəlkə də bu başdan-başa bir mistika idi.
   
   O, hələ də Odessada yaşayır.
   
   O Odessada ki, 1973-cü ildə qəfil həmin şəhərə dəvət olunub, ikinci dəstədə ümidsiz vəziyyətə düşmüş "Çernomorets"in sükanını ələ alşmışdı. Elə həmin il ikinci dəstənin qalibi, "A" qrupunun birinci dəstəsində isə debüt ilinin bürünc mükafatçısı! Heç bir məşhur futbolçusu və normal bazası olmayan "Çernomorets"i ikicə ilin içində nəhənglər sırasına çıxarmaq Sovet futbol məkanında ağılagəlməz hadisə hesab olunurdu.
   
   Ələsgərov heç vaxt güclü futbolçu yetişdirməyib.
   
   Ələsgərov başçılıq etdiyi komandanı həmişə nəticəyə hazırlayırdı və əsasən də buna nail olurdu.
   
   Bu tip məşqçilər Avropada bir də 25-30 ildən sonra görünəcəkdi. Onlar heç Ələsgərovu tanımasalar da fəhmən həmin məktəbin davamçıları olacaqdılar.
   
   Azərbaycanın, Ukraynanın və Tacikistanın əməkdar məşqçisi, "Şərəf nişanı" ordenli Əhməd Ələsgərovun məşqçilik karyerasında qısa müddətli bir "Araz" (Naxçıvan) dönəmi, macərası da var. "B" qrupunda mübarizə aparan "Araz" öz qrupunda birdən-birə liderə çevrilərək ən yaxın rəqiblərini 7-8 xal qabaqlamışdı. Nə oldusa Əhməd Ələsgərov çıxıb getdi, "Araz" da sanki "buxarlanıb qurudu".
   
   Deyirlər ki, Əhməd Ələsgərovun uğurlarının bir səbəbi də oyun danışmağı, daha çox satın almağı imiş. Sovet dövründə ağılagəlməz və çox qorxulu bir məsələ. Maddi cəhətdən o qədər də imkanlı olmayan bir məşqçidə bu qədər pul hardan idi görəsən? Tutalım Bakıda buna bir az inanmaq olardı, bəs Odessa triumfu? İnanılmazdır. Ancaq onun belə bir qabiliyyəti də olubsa, görün necə güclü və etibarlı futbol mafiozunun uğurlarına şahidlik etmişik. Qapalı ölkədə belə bir kişi olmaq heç də asan məsələ deyildi.
   
   Mən bilmirəm, 75 yaşında Siz sağlam və hərəkətli, iti düşüncəli qala bilmisiniz, ya yox. Hər halda mənə belə gəlir ki, indi olmasa da 10-15 il bundan əvvəl Sizə Foqts qədər imkan və səlahiyyət verilsəydi, Azərbaycanı heç olmasa bircə dəfə Avropa birinciliyinin final mərhələsinə aparardınız. Siz futbol uğurlarının bəlli və gizli sirlərini çox gözəl bilirsiniz.
   
   Heyf Sizdən, Əhməd Lətif oğlu...
   
   Sizin 75 illik yubileyinizi təbrik edir, ailə üzvlərinizlə birlikdə Sizə xoşbəxt ömür arzulayırıq.
   
   Siz Azərbaycandan incisəniz də Vətəndə Sizi sevənlər çoxdur, xidmətləriniz unudulmayıb...
   
   
   
   P.S. Ancaq günlərin birində sən bir bəyaz yuxuya düşüb, bəyaz bir gəmiyə minib Qara dənizdən mavi Xəzərə üzərsən, doğma Bakıya çatarsan. Limandan Sabunçu, Suraxanı tərəflərə tələsərsən. Alatoranda uşaqlıq illərini xatırlayarsan, qarşıdakı o təpəyə qalxarsan. Bir zamanlar o yerlərə dağ da deyirdilər. Ordan dənizi də, şəhəri də yaxşı görəcəksən. Heç Bakının bu qədər dəyişməsinin, göylərə ucalmasının fərqində də olmayacaqsan. Çünki bütün futbol meydançaları, uşaqlıq və gənclik xatirələri aşağıda yerdədir, torpaqdadır, o illərdən qalan tək-tük məhəllələrdədir. Hələ bir Oqtay Ağayevin də səsini eşidəsən... Sən bütün bunları təkrar yaşamaqdan qorxub lap Odissey kimi özünü gəminin dor ağacına kəndirlətsən də, xeyiri yoxdu. O Mələk səni o sehrli adaya çəkib aparacaq. Çünki o, bizim hamımızı ovsunlayan dahi bir nostaljidir...


YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK