adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2015 17:40
3515
ƏDƏBİYYAT
A- A+

Tərcümə Mərkəzinin kitabı Londonda təqdim olundu

Londonda Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Candles” ("Şamlar” – Müasir Azərbaycan şeir antologiyası) kitabının təqdimat mərasimi keçirilib.


 Adalet.az-ın xəbərinə görə, təqdimat Avropanın ən böyük kitab mərkəzi "Watersthones” kitab evində baş tutub. Təqdimat mərasimində London ədəbi ictimaiyyəti, şair və yazıçılar, Azərbaycanın Böyük Britaniya Krallığındakı səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şair Matt Panesh kitab barədə tədbir iştirakçılarına  məlumat verib: "Bu kitab vasitəsilə ingilis oxucuları 50-dən çox Azərbaycan şairinin yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər. Kitabla tanışlıqdan sonra qənaətim budur ki, Azərbaycan şairləri özünəməxsus düşüncə tərzini və poetik palitralarını mükəmməl şəkildə ifadə etməyə qadirdilər. Biz bilirik ki, Azərbaycan müharibə şəraitində yaşayır, Qarabağ işğal edilib. Bütün bu bəlalar kitabda yer alan şeirlərdə olduqca təsirli əks olunub. Müəlliflərin əksəri nəinki Azərbaycan, dünya üçün yeni olan bədii düşüncə özəlliyi, fərqli poetik üslubu və stixiyası olan qələm adamlarıdır. Düşünürəm ki, belə kitabların Azərbaycanı və onun ədəbi fikrini ingilis oxucusuna çatdırmaqda əhəmiyyətli rolu var və bu təşəbbüsə görə Azərbaycan Tərcümə Mərkəzinə təşəkkürümü bildirirəm”.

Mərkəzin direktoru Afaq Məsud bildirib ki, xalqlararası qarşılıqlı anlaşmanın ən qısa yolu ədəbiyyat, şeir, poeziyadır: "Bilirsiz ki, uzun illər Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın dünyaya çıxışı məhdud olub. Ədəbiyyatımızın, zəngin söz xəzinəmizin də beynəlxalq ədəbi fikir müstəvisinə çıxarılması asan olmayıb. Yəni Azərbaycan əsəri dünyaya yalnız Rusiyadan və rus dili vasitəsilə, üstəlik, sovet ideologiyasının seçimi üzrə çıxa bilərdi. Bu gün isə müstəqil Azərbaycan bütün sahələrdə düyaya birbaşa inteqrasiya edir. Eləcə də ədəbiyyatımız. İxtiyarınıza verilən bu kitab Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində Tərcümə Mərkəzinin həyata keçirdiyi ilk beynəlxalq formatlı nəşr layihəsidir. Bu gün əsərləri bir çox dünya institutları tərəfindən tədqiq olunan Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dühalar yetirən Azərbaycanın müasir poeziyası da, nəsri də dünyaya layiq olduğu səviyyədə çatdırılmalıdır".

Tədbirdə ingilis şairləri Matt Panesh və Sophia Walker Əli Kərim, Vaqif Səmədoğlu, Vaqif Bəhmənli, Əjdər Ol və Aysel Əlizadənin kitabda yer alan şeirlərini ingilis dilində səsləndiriblər.