adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BU QƏDƏRİ YETƏR

BABƏK YUSİFOĞLU
48710 | 2015-04-16 08:18
Ötən bazar günü baş tutmuş "məşhur" tədbirdə Roma Papası Fransiskin birdən-birə ali din xadimliyindən "çıxaraq" siyasətçiyə, üstəgəl bir tarixçiyə çevrilib ermənilərin uydurduğu yalanlara dəstək verməsi gündəmin əsas mövzusuna çevrilmişdi. Və bu haqsız çıxış ardınca bir sıra etirazların yaranmasına da səbəb olmuşdu. Türkiyədən ən üst səviyyədə təpkilər ortaya qoyuldu. Bir sıra qurumlar da öz narazılıqlarını bildirdilər. Və onu da da qeyd edim ki, Azərbaycandan da ən müxtəlif səviyyələrdə etirazlar səslənməkdədir.
Əlbəttə, yüksək mərtəbədə qərarlaşan bir dini rəhbərin qərəzli şəkildə uydurmaların dəstəkçisinə çevirilməsi, siyasi bəyanat səviyyəli çıxışlarda bulunması hələ çox etirazlara gətirib çıxaracaq. Çünki Papanın bu hərəkəti hansısa millətin yazıq, məzlum ruhuna yönəlik rəhmdən doğan bir hərəkət deyildi. Əksinə, o, qarşı tərəfə yönəlik bir ideoloji, psixoloji missiyanın komponentlərindən biridir.
Əgər belə olmasaydı bir ölkənin prezidentinin, baş nazirinin, parlament rəhbərinin, ən nəhayət türk xalqının etiraz səsi qarşısnda o təmkin göstərib həyəcanları nisbətən sakitləşdirəcək sözlərlə reaksiya verməliydi. Səhvlər dərinliyə varmamalıydı. Lakin Papa həmin təpkilərə rəğmən verdiyi açıqlamalarda situasiyanı daha da mürəkkəbləşdirəcək addımlar atıb. O, bir az da irəli gedərək guya həqiqət carçısı kimi susmayacağını dilə gətirib. Hələ bu bəs deyilmiş kimi dini kəlamlarla fikirlərini əsaslandırmağa çalışıb.
O deyib: "İsa peyğəmbər inancları səbəbindən pis rəftara məruz qalacaq 12 həvaridən Yuhanna və Petrusa - gördükləriniz və eşitdikləriniz qarşısında səssiz qalmayın - deyib". (anspress.com) Belə görünür ki, Fransisk müqəddəs kitabdan oxuduğu bu sözlərin ya mənasını anlamayıb, ya da başqalarını çaşdırmağa çalışıb. Amma nəinki Papa, heç kimsə müqəddəs Kitabların insanları yalana, böhtana inanmağa çağırdığını sübut edə bilməz. Mömin sayılan birisi əmin olmadığı, görmədiyi, yalnız qərəzli məqsədlər naminə söylənən fikirləri əsas tutaraq yalanı həqiqət kimi qələmə verə bilməz.
Papa görəsən hansı həqiqətləri eşitdiyi üçün susmayıb? Yoxsa Fransiskə görə böhtanlara da inanmaq imandandır? O, hansı tarixi sənədlərə əsaslanaraq yalanlara həqiqət donu geyindirməyə çalışır? Sırınan böhtanları onun xristian qardaşları - ermənilər söyləyir deyə, insanları bu şəkildə aldatmağın özü günah deyilmi?.. Bu qədəri yetər, Vallah...g
Və mən əminəm ki, Papanın XX əsrin ilk soyqırımı ermənilərə qarşı törədilib deməsinin ədalətlə, vicdanla heç bir əlaqəsi yoxdur. Əgər olsaydı, 100 il bundan əvvəl xəyali hadisələrdən deyil, tarixin dünənində baş vermiş Xocalı soyqırımından da danışardı. Heç olmasa bir ali din xadimi kimi orada qətlə yetirilmiş yüzlərlə günahsız insanların ruhu üçün dualar edərdi.
Papa bu cür açıqlamasıyla dini ermənilərin yalanlarına alət etdiyini hər kəsin gözündə aşkarladı. Onun istinad etdiyi Kitabdasa qəzəb, zülüm, düşmənçilik yoxdu. Fransisk bilməmiş deyil ki, görüntüsü önündə hər gün xaç çəkdiyi Həzrəti İsa buyurur ki, sizlərə əziyyət verənlərə düşmən kimi baxmayın, sizə əziyyət verənləri də sevin, onların günahlarının bağışlanması üçün dua edin.
Bəlkə də Vatikan kilsəsinin liderinə hələ də elə gəlir ki, insanlar - təkcə ermənilərdən başqa - onun düşmənçilik toxumları səpən açıqlamalarına hələ də inanırlar. Amma o çox böyük səhv edir. Çünki dövr artıq həmin dövr deyil. İndi insanların əksəriyyətinin Vatikan kilsəsinin daxilində bir sıra din xadimlərinin hansı biabırçılıqlarla məşğul olduqlarından, orada oynanan oyunlardan, siyasi ambisiyalardan çox yaxşı xəbəri var.
Heç kimsə hər şeyin elə belə tamamlanacağını zənn etməsin. Mən inanıram ki, Tanrının dinini öz cılız məqsədləri üçün istifadə edənlərin hamısı əməllərinə görə cavab verəcəklər. Və hamını, elə Papanı da bu Mütləqə inanmağa çağırıram.

TƏQVİM / ARXİV