ƏSKiSi TüSTüLü ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
45120 | 2010-10-02 04:05
Son vaxtlar özümə qəti şəkildə söz vermişəm ki, daha çox olmuşlardan, keçmişdən yazım. Çünki bu cür yazılar həm adamı nostalji cəhətdən dünənə, özünə qaytarır, həm xatirələr təzələnir, həm də bu yazılara görə, içində heç bir narahatlıq hissi yaşamırsan. Əksinə, yazıb ürəyini boşaldırsan. Dünyaya yenidən gəlmiş kimi, bu gündən o günlərə üz tutub gedirsən. Qılınc qınından sıyrılmış kimi sən də bu günündən sıyrılırsan .
   
   Səhərin gözü yenicə açılmışdı. İş telefonum zəng çaldı. Çoxdandı səsini eşitmədiyim, amma barəsində tez-tez düşündüyüm köhnə dostlarımdan biri idi. Hal-əhvaldan sonra özünəməxsus şəkildə dedi:
   
   - Bilirəm, indi yazı stolunun üstündə yəqin ki, bir neçə dəvətnamə var. Hər dəfə onlara baxanda nə çəkdiyini təsəvvür edirəm, amma tay keçib... Mənim dəvətnaməmi də onların üstünə əlavə elə...
   
   Nə dediyini təxmini anlasam da, məsələnin kökünə getmək üçün soruşdum:
   
   - Başa düşmədim, necə yəni əlavə elə?
   
   - Deyirəm ki, mən də oğluma toy eləyirəm. Sizi ailəvi "Sərin" restoranının böyük zalında gözləyəcəm.
   
   Təbii ki, mən xeyir-dua verdim, ürəkdən sevindiyimi bildirdim və mütləq iştirak edəcəyimi də heç düşünüb - eləmədən ona söylədim. Çünki bu toya, hətta nəməri borc almalı olsam da gedəcəyim şübhəsiz idi.
   
   Bax, elə bu xoş ovqatla başlayan günün ardınca nəşriyyatda qabaqlaşdığım, hətta adını da bilmədiyim cavan bir oğlan qapını döyüb içəri keçdi. O da dəvətnamə gətirmişdi. Onu da yola saldım və başladım öz-özümə fikirləşməyə. Görəsən biz həmişə belə olmuşuq? Görəsən biz toylarımızı bu qədər ucuzlaşdırmışıq? Və ümumiyyətlə, görəsən biz toy deyəndə, dəvətnamə paylayanda daha çox nəyi fikirləşirik?..
   
   Bax, elə bu sualların ağırlığı altında bütün günü baş sındırdım. Amma sualların cavabını bir yana çıxara bilmədim. Çünki çıxarmaq da mümkün deyildi. Hansı tərəfdən baxsam, hansı istiqamətdən qiymət versəm, yenə heç nə alınmırdı. Elə bil ki, xəlbirlə su daşıyırdım. Axırı yoruldum və bu fikirləri beynimdən qovmaq üçün kitab-dəftərə əl uzatdım, gündəlik qəzetləri vərəqlədim. Amma rəhmətlik Mirzə Fətəlinin dediyi, daha doğrusu, qəhrəmanın dili ilə dediyi "meymunu yadınıza salmayın" kəlamı ilişib qalmışdı yaddaşımda.
   
   Günü başa vurdum. Axşam doğma insanlardan birinin məclisinə getdim. Qız övladına toy edirdi. Yığcam və çox səmimi bir məclis idi. Demək olar ki, qonaqların böyük əksəriyyəti bir-birini tanıyırdı. Hətta kimin hansı masada əyləşməsinin də elə bir önəmi yox idi. Ona görə məclisə daxil olan şəxslər istədikləri masanın arxasında əyləşə bilirdilər. Musiqi də həzin idi. Məclisin yalnız açılışında ağsaqqallar xeyir-dua verdilər. Bu toy mənə musiqili gecələri xatırlatdı. Son illərdə ilk dəfə idi ki, həqiqətən toy məclisində istirahət edirdim. Açığı heç buradan ayrılıb getmək də istəmirdim. Elə bil toy sahibi bütün günü nə düşündüyümü, nə çəkdiyimi duymuşdu. Məni o gərginlikdən, o sualların cəngindən qoparmaq üçün bu cür səmimi, hər kəsin könlünü oxşayan və hər kəsin də yadında qalacaq bir məclis qurmuşdu.
   
   Mən həmin məclisdən sonra başa düşdüm ki, bizim bir qismimiz toy edirik. İkinci bir qismimiz özümüzü ətrafımıza, ictimaiyyətə göstərmək üçün hətta borca girib böyük zallarda, bahalı menyularla məclislər qururuq. Üçüncü qismimiz pul yığmaq üçün kimə gəldi dəvətnamə veririk. Dördüncü qismimiz isə əvvəlki üçü də daxil olmaqla 25-30 ilə qəpik-qəpik yığdığımız pullarımızı restoran işbazlarına gətirib veririk ki, bizə özləri bildikləri kimi toy tutsunlar. Hətta bizi özlərinə borclu da çıxarsınlar...
   
   Bəli, bizim bu günkü toy məclislərimizin hər tərəfdən görünən bu mənzərəsinin içərisində şəxsən mənim ürəyimə yaxın olanı, birinci qismdən olan insanların məclisləridir. Çünki o məclisdə mən həm toyda oluram, həm də özümdə. Zənnimcə, toya gələn hər kəs bu ovqatla gəlib, bu ovqatla da getməlidi. Təəssüf ki, bu çox az-az hallarda mümkün olur. Amma neyləyəsən ki, bu yolu istəsən də, istəməsən də keçməlisən.
   
   
   
   ***
   
   
   
   Sentyabr da arxada qaldı. Düzünə qalsa onun necə gəlib-getməyindən heç xəbərim də olmadı. Başım bir az uşaqların məktəb hazırlığına qarşıdı, bir az xeyir-şər işlərinə, bir az da dava-dərmana... və bir də baxıb gördüm ki, sentyabr geyinib-kecinib gedir... Özü də elə gedir ki, guya apardıqlarını əlindən tutub alacaqlar. Bəlkə də, yeganə zamandır ki, onun əlindən heç nəyi almaq olmur. Bilmirəm niyə... Bəlkə bilən var?..
   
   Həyat çox qəribədi. Onun qəribəliyini, yaşadıqca (bilmirəm, mənimki yaşamaqdı, yoxsa yox - Ə.M) dərk edirsən. Və dərk etdikcə də, bir az daxilinə varmaq, bir az axırına gedib çıxmaq istəyirsən. Gedirsən, gedirsən... sonuna çata bilmirsən. Çünki sonu yoxdu, bir zəncirvari reaksiyadı, davamlı surətdə getməkdədir. Özü də elə bir sürətlə ki, tozuna da çatmaq olmur...
   
   Bəli, mən sentyabr ayının necə keçdiyini nə qədər fikirləşməyə çalışdım, amma öz həyatımla bağlı nəyisə xatırlaya bilmədim. Deməli sentyabrı, bütövlükdə 30 günü ya salıb itirmişəm, ya da elə-belə gözüm görə-görə öldürmüşəm. Bəlkə də bu, dünyada ən böyük cinayətdi. Düz 30 gün yaşayasan və o, 30 günün bir anı da olsun sənin üçün yadda qalan, əlamətdar olmasın. Söhbət burda sırf cəmiyyət üçün, ən azı ailə üçün faydalı ola biləcək işdən, məqamdan gedir. O ki, qaldı hansısa bir kitab təqdimatına qatılmağa, hansısa bir xeyir işdə iştirak etməyə, bunlar sıradan olan məqamlardır. Bunun istənilən halda gerçəkləşməsi hamı üçün mümkündür. Yəni bu məqamlar bir az əyləncə, bir az qayğılardan azad olmaq baxımından maraqlıdı, faydalıdı. Lakin...
   
   Deməli, hər il sentyabr ayının sonunda istər-istəməz bir qəribə xatirənin qapımı döyməsini yaşayıram, hiss eləyirəm. Bu elə bir xatirədi ki, üstündən düz 19 il keçir. Və düz 19 ildir ki, mən hər il sentyabrın sonuncu günü Xankəndində olduğumu və burada nüfuz, imtiyaz sahiblərinə kəndimizin çox ağır günlər yaşadığını, hər an işğal oluna biləcəyini necə təlaşla, necə narahatçılıqla söylədiyimi sözbəsöz xatırlayıram. Amma nə mənim o təlaşım, nə o gətirdiyim arqumentlər, nə də, loru dildə desəm, saldığım hay-küy kəndimi işğaldan qoruya bilmədi. Çünki buna cəhd göstərmədilər. Cəhd də göstərilməyəndən sonra kənd adamının ümidinə qalan bir obanı, bir yurdu silahlılardan əl ağacı ilə qorumaq mümkün deyil. Hətta bu barədə düşünməyin özü gülüncdür.
   
   Mən bütün bu məqamları təsadüfdən xatırlatmıram. Çünki payız, o cümlədən də sentyabr ayı adətən toy-düyünlə bəzənir. Tökülən yarpaqların kədər gətirən sarımtıl rəngini "Vağzalı" sədası, valideyn, qohum-əqraba xeyir-duası həmişə üstələyir, ömrün payızını unutdurmağa çalışır. Bax, mən də unutmaq istədiyim bir çox məqamları unuda bilmədiyimdən həmişə ağrısını çəkirəm. O məqamlardan biri xüsusi ilə yaddaş üçün çox önəmlidir.
   
   Lap uşaq yaşlarımdan ağsaqqallardan eşitmişdim ki, kəndimizdə çox hörmətli, amma hamının "net" dediyi bir kişi yaşayıb. Bu kişiyə də ona görə net deyiblər ki, ağzından çıxan sözün sahibi olub, dediyindən geri çəkilməyib. Hətta kənddə hansısa bir sözlə, söhbətlə bağlı üstünə minnətçilər gedəndə də bu kişi fikrindən daşınmayıb. Amma... ömrünün lap ahıl çağlarında birdən-birə onun xasiyyətində dəyişikliklər hiss etməyə başlayıblar. Hamı təəccüb edib ki, görəsən nə baş verir? O rəhmətlik də adamları intizarda çox saxlamayıb. Bir gün kənd camaatı topa yığışıb ordan-burdan danışdığı məqamda bundan da münasibət öyrənmək istəyiblər. Bircə kəlmə deyib:
   
   - Mən heç nə deyə bilmərəm, mənim əskim tüstülüdü. Dilimdən bir çöz çıxır, çin olur. Sonra deyirlər ki, baiskar filankəsdi. Tay ömrümün sonudu, istəmirəm dünyadan baiskar kimi gedəm.
   
   Hə, indi deyəsən mənim də əskim tüstülüdür. Nə deyirəm, o saat böyründə qulpu hazır olur. Ona görə də söz deməkdən daha ehtiyatlanmağa başlamışam. Mən də o rəhmətlik kimi, dünyadan əskisi tüstülü getmək fikrində deyiləm. Çünki alnıma yazılan bəxt payında mən ancaq ümid, inam axtarmışam. Onu gördüyüm günlər də olub, görmədiyim günlər də. Əsas, ürəyin Allahla düzlüyüdü. Çünki görən də, qiymət verən də, son sözün sahibi də Odur! Bu mənada nəyəsə qulp qoymaq onsuz da haqsız cəhd sayılır...
   
   Bəli, arxada çox böyük bir zaman kəsiyi qaldı. Elə bir zaman ki, onun hər anında yaxşı - pis, nəsə axtarıb tapmaq olar. Əsas istəkdi, özü də xoş məramlı, həqiqət mövqeyindən olan istək...

TƏQVİM / ARXİV