adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BƏY, PAPAğIN ƏYRi QOY

OQTAY SALAMOV
21711 | 2010-10-02 04:04
İnanıram ki, hər birinizdə belə hallar olur: ya bir mahnıdan 1-2 sətir beyninizə düşür, bir müddət onu mızıldanırsınız, ya bir xoş, ya da naxoş hadisə hansısa mahnını yadınıza salır... Qoy elə buradaca "mızıldayırsınız" sözünə münasibət bildirim, sonra məni haqsız çıxarmayın. "Peyğəmbər" filminin türkcəyə dublyajında belə bir cümlə var: Peyğəmbər dodağının altında mırtıldanırdı. Uca səslə danışana türklər xəbərdarlıq edəndə "Bağırma" deyirlər. Hər iki söz bizdə az qala qeyr-senzur sayılır. Amma özümüzü türk sayırıqsa, bunu qəbul etməliyik. Əslində mızıldanmaq yerinə mən zümzümə edirsiniz də yaza bilərdim, amma çoxumuz zümzümə edə bilmir, elə mızıldanırıq axı. Məxləs, hadisə, əhval-ruhiyyə mahnılarla müşayiət olunur. Mən də bugünki (siz oxuyanda dünənki) müsbət əhvallı xəbərləri oxuyanda o mahnının sətirləri yadıma düşdü: Bəy , papağın əyri qoy, əyri qoy, əyri qoy...
   
   Dünən prokurorluq işçilərinin bayramı idi. Hamısını təbrik edirik. Kaş maaşınız yüksək, işiniz az olsun. Yəni az işlərə baxasınız. Elə bu xəbərin verildiyi saytda iki xəbər sonra yazırlar ki, bu gün təbəssüm günüdür.Əvvəl elə bildim zarafat edirlər, prokurorluq işçilərinin bayramı nədi, təbəssüm günü nə? Yəni deyirsiniz prokurorluq işçilərinə gülək, onların baxdıqları işlərə, yoxsa özümüzün gününə? Dedim yəqin bu zarafatı eləyənlər qurd ürəyi yeyiblər. Nədi, restoranda bir milyona ayını kəsdirmək olur, qurd ürəyi zakaz eləmək olmaz? Sonra bu ikinci xəbəri diqqətlə oxudum, gördüm yox, elə həqiqətən təbəssüm məsələsidi. Deyir, bu Bayramın mövcudluğu üçün dünya əhalisi rəssam Xarvi Bellə minnətdar olmalıdır. Keçən əsrin ortalarında Amerikada yaşayan rəssamın yaradıcılığı heç bir maraqlı əsərlə fərqlənmirdi. Buna baxmayaraq "State Mutual Life Assurance Cos. of America" sığorta şirkətinin nümayəndələri xahiş edirlər ki, şirkətin vizit kartları üçün nə isə yaddaqalan simvol hazırlasın. Xarvi çox düşünmədən sifarişçilərə indi də internet istifadəçiləri tərəfindən çox istifadə olunan sarı rəngli gülümsər üz simvolunu təklif edir. Az bir müddətdə bu simvol Bellə böyük şöhrət gətirir. Çox keçmədən Xarvi Bell oktyabrın 1-də Beynəlxalq Gülüş Günü adlanan bayramın keçirilməsini təklif edir. O hesab edir ki, bu gün mütləq yüksək əhval-ruhiyyəyə həsr olunmalıdır.
   
   Olsun, başınıza dönüm, olsun. Amma bu Xarvi bizim vaxtımızda yaşasaydı, porkurorluq işçilərinin bayramına şərik çıxdığı üçün Xələcə putyovka ilə mükafatlandırla bilərdi... Amma o ki, ötən əsrdə Amerikada yaşayıb, onda kimsə oranın dilində ona "bəy, papağın əyri qoy" oxuya bilərdi...
   
   Oxuduğum bir xəbər az qala qanımı qaraldacaqdı. Roskosmosun rümayəndəsi Yuri Makarov (vəzifəcə rəhmətlik Yuri Lujkov yadıma düşdü) deyib ki, bu il orbitdə kosmik zibilin miqdarı yaman artıb. Yaxşı ki, bizim boynumuza şər atmırlar, deyirlər bu bədbəxt orbiti əsasən raket buraxan ölkələr zibilləyir. Rusiyadı, ABŞ-dı. Son vaxtlar Çin də lap zibilini çıxarıb. Mütəxəssislər hesablayır ki, göydəki zibilin 40 faizi Çinin, 28 faizi ABŞ-ın, 26-sı Rusiyanın qalan 7 faizi kosmosla işləyən başqa ölkələrin payına düşür. Mənim bədən tərbiyə müəllimim bir az zəif olub, ona görə riyaziyyatı yaxşı bilmirəm, amma barmaq hesabı baxanda bu rəqəmlərin cəmi 101 eləyir. Deməli, plandan artıq da zibilləyirikmişik. Belə getsə zibilin içində yaşayacağıq. Əgər dünyanın zibilyığanları da bizimki kimidirsə...
   
   Amma o biri xəbəri oxuyan kimi fitlə "bəy, papağın əyri qoy" çalmağa başladım. Deyir, elə o göyü zibilləyən ABŞ-ın alimləri Günəş sisteminin xaricində həyat üçün münbit şəraitə malik yeni planet kəşf eləyiblər. Bu planet ətrafında dövr etdiyi ulduza nə çox yaxın, nə də uzaq olduğundan onun həyat üçün münbit olduğu qeyd edilib. Belə ki, planet su üçün nə çox isti, nə də çox soyuqdur. Burada su və atmosferin olduğu ehtimal edilir. Bu əlamətlərinə görə, yeni göy cismi Yer ilə bənzərdir.
   
   Yeni planet Yerdən 20 işıq ili (193 trilyon kilometr) uzaqlıqda yerləşir. Yeni göy cisminə "581..." adı verilib. Onun çəkisi bizim planetdən 3-4 dəfə böyükdür və "Qliz 581" ulduzunun ətrafında fırlanır. Bir dövr 37 yer sutkasına bərabərdir.Yeni planetin səhtinin qayalar və daşlarla örtülü oduğu ehtimal edilir.
   
   Vsyo! Buranı zibilləyib qurtaraq, sonra şələ-küləmizi yığıb uçuruq təzə Yerə. Bu məqamda yadıma Hophop quşu ilə bağlı bir söhbət düşdü: Deyir Hophopun balası anasına deyir ki, gəl başqa yuvaya köçək, bu yuvanı zibilləmişik. Hophop da deyir ki, bu dal (çox həssas adamlardan üzr istəyirəm) bizdədirsə, elə o yuva da belə olacaq. Amma baxma, hələ bir-iki nəsil "bəy, papağın əyri qoy" oxuya bilər...
   
   Ermənilər türk dilində "ara, papağına əyri qoy" oxuya bilərlər. Türkiyədə gözəllik müsabiqəsində erməni axçisi birinci olub. Deyir məşhur "Colly" turizm şirkəti tərəfindən Bodrumdakı "Club Catamaran" otelində təşkil olunan, 20 ölkənin təmsilçisinin qatıldığı turizm gözəllik müsabiqəsində Ermənistanı təmsil edən 25 yaşlı Marina Avetyan birinci yerə layiq görülüb. Ay köpəyoğlunun türkü, ölürsən də, erməni axçisi üçün. Siyasət-filan girmir ey..
   
   Elə bu xəbərin dalınca "Yeni Müsavat" işçilərinə bir "bəylər, papağınızı əyri qoyun" mesajı göndərilməli xəbər oxudum ki, bəs Rauf Arifoğlu baş redaktorluqdan getdi. Sonra gördüm yox, bu, xəbəri yazanların arzusu imiş, Arifoğlu məzuniyyətə gedib. Xəbərdə deyilir ki,"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gündən etibarən tutduğu vəzifədən məzuniyyətə çıxıb. Ayə, qadanızı alım, Raufnan nə düşmənçiliyiniz var, özünüz bilərsiniz. Bəs bu dilin, oxucunun günahı nədi ki, onları da korlayırsınız. "Tutduğu vəzifədən məzuniyyətə çıxıb". Nədi, vəzifədən dekretə çıxmalı idi? Deputat olmaq istəyir, işdən otpuskayap çıxıb. Heç dəxli var?...
   
   Kriminal xəbərlərin içərisində birini oxuyub bir az çaşdım. Deyir 24 yaşlı kişi xeylağı filankəs 34 yaşlı qadın xeylağı feşmankəsi aldadaraq kirayə yaşadığı mənzilə aparıb. Yazırlar ki, filankəs evdə qadına intim münasibətdə olmağı təklif edib. Qadın buna etiraz etsə də, o, buna məhəl qoymayaraq onu zorlayıb. Hadisədən bir müddət sonra zərərçəkmiş polisə müraciət edib. Şikayət əsasında filankəsin barəsində axtarış elan olunub. Sonra da yazırlar ki, polis əməkdaşları onu yaxalayaraq veriblər prokurorluğa, orada da 149-la cinayət işi başlanıb.
   
   Məni çaşdıran Bakıda belə hadisənin olması deyil. Deyirəm görəsən 24 yaşlı gədə 34 yaşlı qadını necə aldadıb mənzilinə aparıb, deyib getək sənə şirniquş verəcəm? Yəni 34 yaşlı qadın 24 yaşlı gədənin mənzilinə nəyə aparıldığını bilmirdi? Vallah, bunun adı zorlama deyil. Ya qiymətdə razılaşmayıblar, ya gədədən əlavə pul istəyib, ya deyib evlənməlisən... Bir sözlə, zorlanan da gədədi, barəsində cinayət işi açılan da. Burada "xanım örpəyin əyri qoy" yerinə düşərdi, əgər beləsinə "xanım" deyənin ağzı əyilməsəydi və "örpək" sözünü belələrinin ünvanına işlətməsəydi. Deyəsən elə ona görə də hələ belə mahnı yoxdu.
   
   Aranızda ispan dilini bilən varsa, bu mahnının sözlərini onların kralına tərcümə eləyib göndərsin. Böhranla əlaqədər kralın maaşını azaldırlar. Deyəcəksiniz kişi hansı gününə mahnı oxusun. Yəni dilxor olmasın, çox da azalda bilərdilər. Layihədə kral ailəsinin illik maaşının 5,2 faiz azaldılması nəzərdə tutulub. Baş nazirin iqtisadiyyatdan məsul olan köməkçisi Elena Saldaqonun təqdim etdiyi layihədə ölkə tarixində ilk dəfə olaraq iqtisadi böhranla bağlı olaraq kral ailəsinin maaşının 8 milyon 900 min avrodan 8 milyon 430 min avroya endirilməsi təklif olunub.
   
   Böhran digər nazirlərinin maaşlarına da təsirsiz ötüşməyəcək. Belə ki, baş nazir Joze Luis Rodrigez Zapateronun əmək haqqı 91 min 982 avrodan 78 min 185 avroya salınması planlaşdırılır. Endirimlərdən başqa nazirlər də paylarını alacaqlar.
   
   Yaşasın Azərbaycan. Böhran-möhran hərləmirik, bir nazirimizin də maaşının burnu qanamayacaq. Sadəcə olaraq adamın bir az paxıllığı tutur ki, bizimkilərin illik rəsmi maaşları bir az azgöstərilir. Ta onu da azaltsan, onun nəyi nazir oldu ki, elə bil atasının arzusu ilə adını metrikada Nazir yazıblar, vəssalam...
   
   Qoy, papağı əyri qoymaqlıq bir xəbəri də çatdırım, canım rahat olsun. Hollandiyada "superavtobus" hazırlayıblar. Yeni avtobus 23 sərnişin tutur və 8 qapısı var.15 metr uzunluqlu "superavtobus"un qapıları qanad formasında üzüyuxarı açılır. Bundan başqa, maşının özəlliklərindən biri də hər bir oturacaqda monitorun olması və sərnişinləri asanlıqla internetə qoşulmaq imkanıdır. "Vubbo Okels" texnologiyası ilə istehsal olunmuş avtobusa hələlik ad qoyulmayıb. Yeni nəqliyyat vasitəsi sərnişinli halda saatda 250 kilometr sürətlə hərəkət edə bilər. "Superavtobus" ilkin olaraq turizm məqsədi ilə istehsal olacaq.
   
   Heç narahat olmayın, adı bizimkilər qoyacaq. Özü də ilk dəfə bu maşın bizə turizm məqsədi ilə yox, gəlin maşını kimi gətiriləcək. Təsəvvür eləyirsiniz, 15 metrəlik maşında gəlin gətirirsən, gəlinlə bərabər baldızlar, xala-bibilər də doluşurlar içəri, heç kimin də kefinə dəymir ki, limuzində ona yer olmadı. Bəy də maşından düşəndə, əgər çaşıb başında papaq varsa, dədəsi qışqıracaq: "ədə, papağını möhkəm tut!. Sonra da üz tutacaq muzıkanta: Oradan bir "Bəy, papağın əyri qoy!"... Allah mübarək eləsin!...

TƏQVİM / ARXİV