adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

QAPALI SINIQ MƏLHƏMi

MƏZAHİR ƏHMƏDZADƏ
26394 | 2010-09-25 01:20
Son vaxtlar telefonla arayanlar çoxdur. Məhdud sayda doğmalar və dostlar, əsasən oxucular . . . İndi təvazökarlıq yeri deyil, oxucularım axtarır.
   
   ... Onun da, narahatlığını duydum. Əslində O özü mənim darda olduğumu hiss etdi. Bu dünyada ondan çox inandığım, bütün keyfiyyətlərinə heyran olub fəxr etdiyim bir kimsəm də yoxdur heç. Yox, hər kəsin öz yeri, qiyməti var. Ancaq Onu nələrəsə dəyişmək, bu dostluğu kimlərləsə paylaşmaq sadəcə mümkün deyil. Belə məqamlarda onsuz da mücərrəd olan fikir və duyğuları obrazlaşdırmaq istəyirsən. Həm də ki, belə vəziyyətdə mənim köməyə çağıra biləcəyim kifayət qədər şeirlərim və başqa yazılarım da var. Özümdən danışsam da, özümdən misal çəkməyim ayıb olar, çoxlarına bu səbəbdən irad tuturam, gülürəm, acıyıram...
   
   Əvət, Onu müqaisə etmək, paylaşmaq mümkün deyil. Allah eləməmiş, heç bu dünyada olmasa belə... Ancaq bax, belə məqamda uzaq bir assosiasiya da, yaranır və "Sənə nə olub axı?" sualı bunu daha da reallaşdırır. Reallaşdırırmı? Yox, daha çətinə salır. Ancaq mən varlığımı hiss edəcək qədər xoşbəxt oluram. Və dost şairin poemasından bəzi misralar oyanıb göy qurşağı tərəflərdə uçuşurlar sanki.
   
   
   
   Bilirəm, ölənlər dirilmir - ancaq
   
   Mənim o dünyayla bir alverim var;
   
   Bəlkə də ölümü ölümlə almaq,
   
   Ölümü ölümlə dəyişmək olar...
   
   
   
   ... Dirilir sinəmdə ürək, ilahi,
   
   Diriyəm, diriyəm, diriyəm yenə!
   
   Dirilər yaşasın gərək, ilahi,
   
   İlahi, min rəhmət ölənlərinə ...
   
   
   
   Evdəkilərdən başqa, dostlardan, axtaranladan, canım qədər sevdiyim oxucularımdan gizlətdiyim məsələni dözə bilməyib Ona açıram. Heç vaxt narahat etmək istəmədiyim O gözəl və əvəzedilməz dostum məndən həqiqəti qismən öyrənir və ürək-dirək verir. Dünya dağılmayıb ki! Mənim psixoloji və sağlamlığımla bağlı problemlərim nəyə görə doğma insanların düşüncələrinə hopmalıdır. Mən ki, bütün bunları hamıdan gizlətməyə çalışırdım. Xeyli müddətdir dözüb dururkən, indi Onun da fikirlərinə yük oldum.
   
   Əclaflıq elədim...
   
   Həm də son günlər Onu düşünərək dahi Nazim Hikmətin bu kiçik şeirini elə hey təkrarlayıram nədənsə...
   
   
   
   Çox yorğunam, məni gözləmə, kaptan!
   
   Səfər dəftərini sən özün yazsan.
   
   Qübbəli, çinarlı, mavi bir liman,
   
   Məni o limana çıxaramazsan.
   
   
   
   ... Ancaq Onun dost nəvazişi Allahın lütfü qədər sehirlidir, məni o mavi limanlara çəkəcək yəqin. Hər dəfə fərqli və özünəməxsus tərzdə yazmağa çalışan və əsasən də buna nail olan jurnalistin hər hansı bir səbəbdən qələm götürə bilməməsi faciədir. Üstəlik bu qələmi ağ vərəqlər üzərində görmək istəyən ürəyi hər gün xəncərləyələr də.
   
   Mən Ondan bütün bunları gizlətməyə çalışıb vaxt udmaq istəyirdim. . .
   
   Doğurdan hər mürəkkəb vəziyyətin, qarabasmalara dönmüş problemlərin, bütün çıxılmazlıqların haradasa bir ümüd qapısı da olurmuş.
   
   Nəhayət başqa bir həmkar zəngi! Hal-əhval mənə o qədər də vacib deyil. Mənə yalnız Onun həqiqətlərinə bənzər davranış məlhəmdir. Özü də bunlar bəzəksiz-düzəksiz olanda, bütün şübhələrə qapı bağlayanda, səmimiliyi, canyananlığı gözə soxmayanda daha təsirli, şəfalı olur.
   
   Hamısına minnətdaram, ancaq Onun doğma təəccübü qədər titrəyiş yaratmasa da, bu zəng də başqalarına bənzəmədi. Hətta məni ağrıtdı, qorxuya saldı, amma gerçəkliyi xatırlatdı. Dedi ki, "Mən belə bilməzdim, yerin yaman görünür" . Bu sözlər məni diksindirdi. Sağollaşıb telefonu masanın üstünə atmaq istədim. Yoxsa mən bu dünyada yoxam artıq, yoxsa dost səsi ilə bir elegiya eşidirəm? Öz- özümlə zarafat etmək istəyirəm: "Ölüyə də rəhmət düşür, diriyə də...".
   
   Həmkarım daha sonra çox şeylər deyir, onları yaza bilmərəm. Ancaq bəzi dostyana iradları, xoş sözləri məni yamanca təsirləndirir. Neyləyim, onun bəzi məsələlərdən xəbəri yoxdur. Yazmamağımdan inciyir, tənhalığa düşmüşəm deyir, elə bil. Xüsusilə şənbə gününün o səhifəsində "məni görməyincə" qayğılanır, qəribə hisslərə qapılır. Bir az da qorxulu hallar kimi deyəsən...
   
   Belədə həmkarıma mənim də deyəcəklərim var.
   
   Əziz dost! Mənim vəzifəm hec də gündəlik yazmağa, yəni hər nömrə üçün yazmağa uyğunlaşdırılmayıb. Güya strateji bir görəvdəyəm. Ancaq əlavə olaraq bunu da bacarıram, özü də mənasız və cəfəng yazılarla yox. Şahidi oldun ki, bir ara söylədiklərimi sübut etdim də. Ancaq neyləyim ki, bəzi saxta dostların və amansız doğmaların sayəsində yerim həqiqətən boş qalır. Sən bilirsən, yaxşı bilirsən ki, mən peşəmizin səltənətini həmişə "qızıl kərpic"lərlə ucaltmağa çalışan fədakarlardanam. Bir az da fanatikcəsinə. Mən heç kəsin oxumaq istəmədiyi mənasız və primitiv məqalələr yazmağı nə özümə, nə də özünə hörmət qoyan heç bir yazara rəva bilmərəm. Ancaq nə yazıqlar ki, pislər, savadsızlar, satqınlar, pusquda durub yaxşıları sırtından vuranlar, hər iki cinsə aid qədim peşə sahibləri və onlara qucaq açanlar bizim bu jurnalist səltənətimizə dürtülüb hər gün bünövrəsindən bir-iki kərpic çəkirlər. Hətta bəxşiş və müvəqqəti taxt - tac sahibi də olurlar. O taxt-taclar da nə qədər gülməli və zavallı görünsələr də! Taxtda oturub ayaqları yerə çatmayan liliputlar kimi...
   
   Bax, qolumun qalxmamasının , əlimin qələm tutmamasının bir səbəbi də bundandır.
   
   İndi burax məni, arkadaş. Bu sonbaharı da birtəhər yaşayım, ayaqlarım xəzəlləri xışıldatsın, üz - gözümü çiskinlər iynələsin - qayıdacağam...
   
   İstəyirsən lap gedib həkimlərimə də çatdır : indən belə pulum olanda bahalı şərab da içəcəyəm, siqaret də çəkəcəyəm!

TƏQVİM / ARXİV