MƏN DƏ DEPUTAT OLMAQ iSTƏYiRƏM!!!

ƏBÜLFƏT MƏDƏTOĞLU
34032 | 2010-09-25 01:20
İş saatı yenicə başlamışdı. Telefon zəng çaldı. Artıq adət etmişdim. Bilirdim ki, yenə də odur. Ən azı 10 il olar ki, hər səhər işdən evə bu zəng çalınır. İndi də telefon səsləndi. Dəstəyi qaldırdım. Xəttin o biri başından həmin o tanış səs gəldi:
   
   - Sabahınız xeyir. Mən sizin daimi oxucunuzam...
   
   Və beləcə həmişə dediyi sözləri təkrar etdi. Öncə qəzetimizdəki orfoqrafiya səhvlərini, üslub xətalarını bir-bir sadaladı. Sonra ürəyincə olan yazılardan danışdı, onların müəllifinə təşəkkürünü bildirdi...
   
   Mən uzun illərdən bəri hər səhər bu diqqəti bizə ayıran oxucunun nə adını bilirəm, nə də Bakının hansı səmtində yaşadığını. Amma yüz faiz əminəm ki, bu insan əqidəli kommunist və məmur olub. Aradan ötən illər nə onun içindəki əqidəyə, nə də məmurluğuna toxuna bilməyib. Bu insan öz içini qoruyub saxlayıb. Çünki yaxşı yazıya görə, təşəkkürünü bildirəndə də onu o qədər səmimi və amiranə dilə gətirir ki, özünün ideal məmurluğunu gizlədə bilmir...
   
   Artıq bir aya yaxındır ki, səhərlər o zəng çalınmır. Bilmirəm oxucumuzun başına nə iş gəlib. Allah ölümdən-itimdən qorusun. Gərgin zamanlardı, problemlər başdan aşır. Oğul atanı, ata oğulu ya televizorda görür, ya da telefonla arayır. Demək olar ki, çoxlu ölçülər, çoxlu mental dəyərlər ya itib, ya da gülüş obyektinə çevrilib. Bax, belə bir vaxtda o cür tələbkar, diqqətcil oxucunu itirmək, ondan ayrı düşmək heç ürəyimcə deyil. Yenə deyirəm, onun kimliyi, cəmiyyətdəki mövqeyi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Sadəcə onun prinsipləri və bir də məni öz diqtəsi altında saxlayan zaman hökmü, yəni hər səhər eyni vaxtda zəng vurması məndə həm vərdişə, həm də bir xüsusi marağa çevrilmişdi. Hətta bazar günləri ürəyimdən keçirdi ki, həmin oxucu ev telefonuma zəng çalıb münasibətini bildirsin. Axı indi biz diqqətin, münasibətin kasadlığını yaşayırıq...
   
   Bu səhər də telefonuma zəng gəldi. Diksindim. Elə bildim ki, həmin inadkar oxucumuzdu. Amma yanılmışdım. Xəttin o biri başından zərif, amma həyəcanlı bir xanım soruşdu:
   
   - Bura poliklinikadı?
   
   Təbii ki, "yox" dedim. Və o da üzr istəyib sağollaşdı. Amma mənə bir anda elə gəldi ki, bəlkə bura poliklinikadı, heç mənim xəbərim yoxdu. Axı insanları sözlə də, ünsiyyətlə də, diqqətlə də müalicə etmək mümkündü. Əgər belədirsə, redaksiya və yaxud poliklinika nə fərqi var? Kim harda şəfa tapır, diqqət görür elə onun üçün həmin ünvan könlündən keçən yer deyil?!.
   
   Bəli, bütün bunları bilgisayarda Gülər xanıma diqtə etdikcə öz-özümə deyirəm:
   
   - Görəsən mən və yaxud digər həmkarlarım, iş yoldaşlarım həmin o xanımın soraqladığı poliklinikada çalışsaydı, o daimi oxucumuz bizə zəng vurardımı? Axı biz insan kimi hər yerdə eyniyik, nə fərqi var redaksiya və yaxud poliklinika. Əgər orda işləyən eyni adamlardısa deməli ora da, poliklinikaya zəng vurmaq, oradakı işə də münasibət bildirmək olar.
   
   Məntiqsiz görünə bilən yanaşma təsadüfdən ağlıma gəlmədi. Həmin anda lap çoxdan, Xalq Cəbhəsi hakimiyyətdə olduğu illərdə yaxından tanıdığım bir insanın dedikləri yadıma düşdü. O, çox məmnun halda silahdaşlarının səlahiyyətlərindən danışıb dedi ki, nə olsun ki, mən işıq idarəsinin müdiriyəm istəsəm gedib xəstəxanının baş həkimi də olaram. Çünki nə işıq idarəsinin müdiri stolbaya (işıq dirəyi) çıxmır, nə də baş həkim xəstəni müalicə etmir. İkisi də göstəriş verir, rəhbərlik edir.
   
   Hə, bu da onun məntiqidi. Bax elə indi mənə elə gəldi ki, bizim əzablarımızın, ağrı-acılarımızın bir səbəbi də gülüş doğuran məntiqsizliyimizdi. Elə deyilmi?
   
   İndi bütün oxşar halları bir-birinə calamaqla çoxsəhifəli bir yazının müəllifi olmaq mümkündür. Amma içində məntiq olmayanda səhifələrin sayı sadəcə adamı yorur, hətta özündən çıxarır. Çünki bu çoxluq yalnız saydı, yəni kəmiyyətdi, keyfiyyət deyil. Bizə keyfiyyət daha vacibdi. Təəssüf ki, bəzən onu bağlı qapıların arxasında müəyyənləşdirirlər. Ora isə zəng vurub münasibət bildirmək olmur...
   
   
   
   Açıq qapı tapmadım
   
   Bağlı qapılar döydüm
   
   Qapılar arxasında
   
   Soyuq baxışlar gördüm.
   
   
   
   Ümidim qara düşdü
   
   Şaxta kəsdi nəfəsim
   
   Neçə qapı döymüşdüm-
   
   Öldü neçə həvəsim...
   
   
   
   Açıq qapı görmədim
   
   Üzümə mən, ömrümdə...
   
   Öz içimdə tapıldı-
   
   Manqalım da, kömrüm də...
   
   
   
   ***
   
   
   
   Son günlər ölkənin siyasi həyatı sükunətdən hərəkətə keçən bütöv bir varlığı xatırladır. Hara baxırsansa qruplaşan, pıçıldaşan, əlində qələm-dəftər qapılar döyən, vədlər verən, bir sözlə, qaynaşan insanları görürsən. Sizə təəccüblü gəlməsin, bu gözlənilən seçkinin gözlə görünən tərəfidi, yəni görüntüləridi. Sadəcə oturub onu müşahidə etməklə insan psixologiyası, insan davranışı, insan əxlaqı barəsində mükəmməl bir yazı qoymaq olar ortaya. Amma indi bu mövzuda o qədər yazırlar ki, hansının mükəmməl, hansının da onun əksi olduğunu nə deməyə, nə də yazmağa vaxt qalmır, həvəs olmur.
   
   Mətbuatda çap olunmuş və çap olunmaqda da davam etdirilən namizədlərin siyahılarına baxıram. Tanıdığım və tanımadığım isimlər və simalar. Bu insanların hamısı millətin, o cümlədən də mənim də vəkilim olmaq iddiasındadırlar. Layiqlilərə, millətin sevgisini və sayğısını qazananlara heç bir etirazım yoxdu. Amma bütövlükdə siyahını gözdən keçirəndən sonra əvvəlcə əllərimi dizimə, sonra başıma çırpdım.
   
   Həqiqətən təəssüfləndim. Təəssüfləndim ki, dost-tanışı, qohum-əqrəbanı gərək səfərbər edəydim, qapı-qapı düşəydim, ocaqlara-pirlərə gedəyim, nəzir-niyaz paylayaydım, Nuhdan qalma maşınımı hədiyyə kimi Dairə Seçki Məntəqəsinin qarşısında aparıb saxlayaydım. Son illərdə çıxmış şeir kitablarımdan mənə cani - dildən dəstək verənlərin, maliyyə yardımı göstərənlərin xeyrinə imtina edəydim.
   
   Bir sözlə, hər cür havaya oynayıb, hər cür sifətə düşüb namizədliyimi irəli sürəydim. Və birmənalı olaraq ölkə KİV-lərinə bəyanat verəydim:
   
   - Mən Millət Vəkili Olmaq İstəyirəm!
   
   Bu bəyanatdan sonra üstümə yüyürən jurnalistlər, qulağıma tərəf əyilən insanlara imkan vermədən birmənalı şəkildə onlardan soruşaydım:
   
   - Niyə də olmayım? Mənim millət vəkili olmaq üçün nəyim çatmır? Əgər qaçqın deyirsiniz mən (rəhmətlik Vahid Əlifoğlu demişkən, ölkənin ən bərk qaçan və bir nömrəli qaçqını - Ə.M)! Əgər müharibə iştirakçısı deyirsiniz, mən! Əgər evsiz-eşiksiz deyirsinizsə, mən! Əgər bölgə söhbətləri edirsinizsə, coğrafi baxımdan bağlılığı olan mən! Əgər yazı-pozu deyirsiniz, qələmi-kitabı olan mən! Əgər gecəqondu söhbəti edirsinizsə, o da məndə! Ən vacibi ermənilərlə danışmaq, qarşılaşmaq söhbəti varsa, onların dilini bilən də mən!!!
   
   Butun bu saydıqlarım və saymadıqlarım mənə əsas verir ki, rahatca millətimi (evimi-eşiyimi, qohum-əqrəbamı, dost-tanışımı, yaradıcılığımı, dolanışığımı, bir sözlə özümü - Ə.M.) parlamentdə təmsil edim. Əgər bu şərtlər keçərli deyilsə, onda siyahıda adını oxuduğum qələm dostları, iş adamları, siyasət xəstələri və başqaları hansı üstün cəhətlərinə görə namizədliklərini veriblər, onu zəhmət olmasa açıqlasınlar. Sadəcə mən Kommunist Partiyasının üzvü olmuşam, bu gün də heç bir partiyada təmsil olunmadan qələmimin və ailəmin partiya mənsubluğunu qoruyuram. Lazım gəlsə, seçilmək xatirinə bu məsələyə evdə, ailədə geniş müzakirə açmadan baxa bilərəm. Sadəcə millət vəkili olmaq hər bir vətəndaş kimi mənim də haqqımdı. Prinsipimə söykənərək bu yazını ictimaiyyət üçün bir mesaj kimi ortaya qoyuram.
   
   Doğrudan da zarafatı qoyaq bir kənara, özünü millətin vəkili kimi görmək istəyən və hətta artıq təsəvvür edən adları, şəkilləri qəzetləri bəzəyən insanlara, ən çox da tanıdığım insanlara baxanda namizədliyimi vermədiyim üçün çox üzülürəm. Gərək mən bu səhvi etməyəydim. İnşallah, gələn seçkilərə gedib çıxa bilsəm, bir də belə səhvə yol verməyəcəm. Lap əvvəldən gedib oturacam parlamentin pilləkənlərində!
   
   
   
   Səhərlərindən gileyli,
   
   Gecələrindən inciyəm.
   
   Allah, bütün dərdlilərin
   
   Bəlkə də, mən ən dinciyəm-
   
   Gəlirəm üzü yuxarı...
   
   
   
   Ura yerlərə baxıram
   
   Quru budaqlar çırpıram...
   
   Hələ tərsinə axıram
   
   Hələ gözümü qırpıram-
   
   Gülürəm üzü yuxarı...
   
   
   
   Səhrada, ormanda yazı
   
   Yolum ikisin də kəsib
   
   "Çoxdan çoxu, azdan azı"-
   
   Verdiyin ömürdü, gəzib
   
   Ölürəm üzü yuxarı...
   
   ***
   
   
   
   Allah hər kəsə tale verdiyi kimi, şans da verir. Fərasətlilər, diribaşlar, çeviklər, əli ətəklərə çatanlar, dəyirmanın boğazından diri keçənlər, bir sözlə suda-quruda yaşayıb hər rəngdə olanlar taledən də, şansdan da yararlanırlar, fürsəti əldən vermirlər. Amma neyləyək ki, Allahın dinc, mağmun, başıaşağı, gözə görünməyən, əl-ayağa dolaşmayan, kimsənin çörəyini əlindən alıb ayağını tapdamayan, yolunda tələ qurub boynunun ardından vurmayan, üzünə gülüb qismətini əlindən almayan, qardaş deyib qara daşa çevirməyən insanlar da az deyil. Bu insanlar bir növü günlə, saatla yaşayırlar. Bir az vətəni düşünürlər, bir az ailəni, uşağı, bir az da üzərlərinə düşən işi. Çalışıb-vuruşmaqları da uşağın qonşuya çörək dalınca getməməsi üçündü. Beləsinə Allah ta nə eləsin ki? Verdiyini verib, şansını qoyub ortaya. Bəndə də körpü üstündəki qızıl torbasını görmədən gözü yumulu keçib gedənin birisi...
   
   İndi diqqətin, səmimiyyətin və ən vacibi insanlığın qıtlaşdığı bir məqamda qarın qardaşdan, əl çirki sayılan pul, vəzifə qohumdan irəlidi, vacibdi. Bu zərurət gödəniyyətin mədəniyyətə üstün gəlməsinin birinci şərtidi. Görünür hər səhər redaksiyamıza telefon açan daimi oxucumuz gödəniyyətin üstün gəlməsinə imkan verməyib. Amma layiq olmadığı halda el-obanın gülünc yerinə, arvadın, qaynananın qapazaltısına çevrilənlər millət vəkili olmaq iddiasına düşüblər. Bəlkə də onlar da haqlıdı. Axı bulanıq suda balıq tutmaq daha asandı. Bir də cəhddi də edirlər. Ən azı reklam olunacaqlar. Bu da bir qazancdı. Çünki onlar qazancı daha vacib sayırlar. Amma bilmirlər ki, millət vəkilliyi nə qazanc üçündü, nə də qazanc deyil.
   
   Bax belə...
   
    Bu seçkidə də namizədlik məsələm əvvəlcədən ağlıma gəlmədi. Kimsə deyə bilər ki, hələ vaxt var. Amma mən razılaşmıram. Çünki el arasında, çayxanada, toyxanada, hətta marşrutda da danışırlar ki, artıq seçilənlər seçilib oturub yerində, mandatları da cibində. Deməli, daldan atılan daş məsələsi... Yadınıza düşdü də?... Bir də gələn seçkiyə 365 gün qalmış məni xəbərdar etməyi unutmayın.

TƏQVİM / ARXİV