adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2015 18:44
31285
AVTOMABİL
A- A+

Azərbaycan “KamAZ” istehsalına başladı

"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılan ilk "KamAZ” markalı avtomobil konveyerdən çıxıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə zavodda keçirilən tədbirdə Azərbaycanda səfərdə olan Tatarıstan prezidenti Rüstəm Minnixanov, Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin və zavodun əməkdaşları iştirak edib.

Qonaqlar əvvəlcə zavodda yeni yığılmağa başlayan "KamAZ” avtomobillərinin yığım xətti ilə tanış olublar. Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov"KamAZ” markalı avtomobilin Azərbaycanda yığılmasını Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin günü-gündən inkişaf etməsinin göstəricisi adlandıraraq bu əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib. Ziya Məmmədov Gəncədə yığılan "KamAZ” markalı avtomobillərin ilk alıcısının Nəqliyyat Nazirliyi olacağını bildirib. Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə Azərbaycan iqtisadiyyatının inkişafından danışıb. O, son illər Gəncədə inşa edilən yeni istehsal müəssisələri barədə qonaqlara məlumat verib. Polad Bülbüloğlu isə Rusiya ilə Azərbaycan arasında hər bir sahədə əlaqələrin günü gündən inkişaf etdiyini diqqətə çatdırıb.

Tatarıstan prezidenti Rüstəm Minnixanov "Gəncə Avtomobil Zavodu” İB-də "KamAZ” markalı avtomobillərin yığılmasının yeni əlaqələrin qurulmasına nümunə olacağını deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə də iki ölkə arasında iqtisadi sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıldığını xatırladıb.
"Gəncə Avtomobil Zavodu” İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev "KamAZ” ASC ilə Gəncə Avtomobil Zavodu arasında əlaqələrin 10 il əvvəl kiçik minik avtomobillərin istehsalı ilə yarandığını bildirib. O qeyd edib ki, "balacadan- böyüyə” devizi ilə işləyən zavod artıq böyük avtomobillərin istehsalına başladığından müəssisənin şüarı dəyişdiriləcək.

Tədbirin sonunda Tatarıstan prezidenti Rüstəm Minnixanov Gəncə Avtomobil Zavodunda konveyerdən çıxan ilk "KamAZ” markalı avtomobili işə salaraq sınaqdan keçirib.

Qeyd edək ki, 2015-ci ilin fevral ayında "Gəncə Avtomobil Zavodu” İB ilə Rusiyanın nəhəng şirkəti olan "KamAZ” ASC arasında "KamAZ” markalı avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı uzun müddətli müqavilə imzalanıb. Bununla əlaqədar, Gəncə Avtomobil Zavodunda qısa müddət ərzində yeni yığım xətti quraşdırılıb və ilk "KamAZ” avtomobillərin yığımı təşkil olunub. Xəttin istehsal həcmi ildə 1500 avtomobilin buraxılışına hesablanıb.

"KamAZ” ASC ilə bağlanmış müqaviləyə görə ilkin mərhələdə Gəncə Avtomobil Zavodunda 31 müxtəlif modeldə "KamAZ” markalı avtomobilin istehsalı planlaşdırılır. Bu ilin sonunadək zavodda "KamAZ” avtomobillərinin sənaye yığımı üçün ayrıca yeni sexin təşkili nəzərdə tutulur.