adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

MƏN DƏDƏ QORQUD

OQTAY SALAMOV
23472 | 2010-09-25 00:56
Eheeey! Qazlarınız təzyiqli, sularınız qrafiksiz, işıqlarınız daimi və 220 olsun! Televiziyalarınıza ana-bacınızla birgə baxa biləsiniz, JEKləriniz işlək, deputatlarınız prokurorunuz yox, vəkiliniz olsun, maşınınızın altı çalalara ilişməsin!... Salamməleyk! Tanımadınız? Düzünü deyim ki, heç mən də sizləri tanımadım, yaman əndrabadi olmusunuz. Qorqudam, o kitablarda oxuduğunuz (oxuduğunuz ha), kinoda gördüyünüz Qorqud, bəzən Dədə Qorqud da deyirlər.
   
   Nətəhərsən, Azərbaycan? Azərbaycan deyəndə elə Bakının halını soruşsam bəsdi, millət yığışıb bura, Bakı yeməyə, əyalətlər qarnir kimi bir şeyə dönüb. Bundan sonra sizə o köhnə alqışlardan eləməyəcəm, sularınız axar olsun dedim, hər yeri sel basdı. Dağlarınız uca olsun dedim, təpəsində erməni topxana qurdu. Diziniz təpərli olsun dedim, bir-birinizin dizini qırdınız. İndi başqa alqışlar etməliyəm ki, bəlkə tərsini eləyəndə xeyir tapdınız.
   
   Yadınızdadı, dastanımın "Dirsə xan oğlu Buğac xan boyu"nda məni Xızır kimi təqdim etmişdilər. Orada Buğac yaralananda demişdim:
   
   "Sana bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ananın südilə sənin yarana məlhəmdir" . Onda ana döşünü sığamış və süd gəlmişdi. Bu yaxınlarda həmin diaqnozlu birini də gətimişdilər. Elə həmin müalicəni dedim. Parnikdən çiçək tapdılar, ana döşünü sığıyanda silikon gəldi. Uşağı apardılar reanimasiyaya. Daha türkəçarə ilə məşğul olmayacam, nə bu türklər o türklərdəndi, nə də çarəsi üçün təbii şeylər tapılır...
   
   Ay uşaq, a bala, Dədə Qorqud-filan hərləmirsən, özün bilərsən, mənim beş-altı sitatımı ya kəs saxla, ya at kompüterin yaddaşına, denən "Ədalət"in həftəsonu sayından götürmüşəm, bəlkə gələcəkdə zəmanə dəyişdi, kiminsə gərəyi oldu. Əşi mən də inanmıram. Amma lap tutsun 10 bayt yer, bununla kompüterinə nə olacaq ki. Dünyanın düz vaxtında demişəm bunları:
   
   
   
   Allah-allah diməyincə işlər onmaz.
   
   Qadir tənri verməyincə ər bayımaz.
   
   Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
   
   Əcəl vədə irməyincə kimsə ölməz.
   
   Ölən adam dirilməz, çıxan can gerü gəlməz.
   
   Bir yigidin qara tağ yumrısınca malı olsa,
   
   Yığar-dərər; tələb eylər, nəsibindən
   
   artuğın yeyə bilməz.
   
   Ulaşuban sular taşsa, dəniz tolmaz.
   
   Təkəbbürlik eyləyəni tənri sevməz.
   
   Könlin yuca tutan ərdə dövlət olmaz.
   
   Yad oğlı saqlamaqla oğul olmaz, - böyüyəndə
   
   salur gidər, gördüm diməz...
   
   Kül təpəcik olmaz [Güyəgü oğul olmaz].
   
   Qara eşşək başına üyən ursan qatır olmaz.
   
   Qaravaşa ton deyürsən, qadın olmaz.
   
   Yapa-yapa qarlar yağsa, yaza qalmaz.
   
   Yapağlu gökçə çəmən güzə qalmaz.
   
   Əski panbuq bez olmaz.
   
   Qarı düşmən dost olmaz.
   
   Qarağuca qıymayınca yol alınmaz.
   
   Qara polad uz qılıcı çalmayınca qırım dönməz.
   
   Ər, malına qıymayınca adı çıqmaz.
   
   Qız anadan görməyincə ögit almaz.
   
   Oğul atadan görməyincə süfrə çəkməz.
   
   
   
   Bunları köçürən qəzet yazarına demişəm ki, elə necə yazılıb, elə də çatdır, həcmindən də qorxma. İstəyən başa düşəcək. Mənsə sizin zəmanənin hətta məni mat qoyan bəzi məsələlərindən danışım ki, deməyəsiniz kişi qloballaşmadı, müasirləşmədi.
   
   Bala, özünüz, balalarınız ömrünüzün əsas hissəsini kompüter qabağında keçirirsiniz. O şüadı, radiasiyadı... onlardan qorunmaq üçün bir resept də mən deyim. Yəqin Çinin alimlərinə inanrsınız, bizimkilər kimi müdafiə eləmirlər ey, arada kitab da oxuyurlar, elmlə də məşğul olurlar. Hə, onlar deyir ki, gündə 2 fincan yaşıl çay və 1 ədəd portağal radiasiyadan qorunmaq üçün əla vasitədir. Tədqiqatlar göstərib ki, yaşıl çayın yarpaqlarında bir sıra digər xeyirli maddələrlə yanaşı, radiasiyanı zəiflədən maddələr də var.
   
   Portağala gəlincə, onun tərkibindəki maddələr ağız boşluğunda şüadan bədxassəli şişlərin əmələ gəlməsinə mane orlur, immuniteti artırır.
   
   Xəbərin dilini də lap sizin qəzetlərdəki kimi verdim ki, deməyəsiniz qoca sözüdü. Yadımda olmuşkən, a bala, o Bilqeyisin balaları nə namərdlik eləyiblər ki, dədələri onları varislikdən məhrum eləyib, hə? Oxumamısan? Deyir, dünyanın ən çox istifadə olunan kompüter proqramı brendi olan "Microsoft"un sahibi Bill Qeyts mirasını övladlarına verməyəcəyini bildirib. Qeyts, "Microsoft" sayəsində əldə etdiyi 53 milyard dollarlıq əmlakını dünyada xəstə uşaqlara yardım edən, özünün və xanımının adına yaratdığı "Bill&Melinda Gates" fonduna bağışlayacaq. Nə bilim, vallah, özü bilər, pulu o qazanıb. Amma deyəsən kişinin balaları ona yaman dağ çəkib. Taleyində azərbaycançılıq olduğundan adını da elə Bilqeyis çağırırlar.
   
   Eşitdim bu yaxınlarda Türkiyədə referendumda səs verməyənlərin hərəsini 11 dollar cərimə eləyiblər. Əlcəzairdə də Ramazan ayında oruc tutmayan iki nəfərin hərəsinə 3 il iş kəsmək istəyirlər. Bu yaxınlarda sizdə də (Vallah, baxıram, bizdə deməyə dilim gəlmir) parlament seçkiləri keçirləcək. Yolüstü bir başbiləndən soruşuram ki, bəs siz niyə səs verməyənləri cərimə eləmirsiniz? Gülür, deyir bizə onların səs verməməyi sərfəlidi, o qədər bülleteni dəyişənəcən elə özümüz yazıb atırıq. İnanmadım, məni qoca görüb hərifləmək istəyir, eşitdiyimə görə sizdə çox şəffaf səsvermə keçirilir...
   
   Bir söz də deyim, məni qınamayın. Bu Amerika var ha, qətiyyən demokrat da döyül, humanist də. Dünyanın əksər yerlərində ölüm hökmünü ləğv eləyiblər, bunlar durub qadını edam eləyirlər. Özləri də İranı bəyənmirlər. Odey, bu günlərdə Amerikanın Virciniya ştatında 100 il ərzində ilk dəfə olaraq qadın edam olunub. Tereza Lyus adlı qadın inyeksiya edilərək qohumlarının gözü qarşısında öldürülüb.O, əri və oğulluğunun qətlini sifariş verməkdə təqsirli bilinib. Qadın ərinin sığortasını almaq üçün bu cinayəti törədib. Tereza öz planını həyata keçirtmək üçün muzdlu qatil tutub və onun köməkliyi ilə evə daxil olan qatil qadın yatmış əri və oğulluğunu o dünyaya göndərib. Cinayətin hər iki icraçısı həbs edilib. Əsas səbəbkar qadın olduğundan onun barəsində ölüm hökmü çıxarılıb.
   
   Xəbəri sizin agentliklərin birinin saytından götürmüşəm. Yalanı yoxdu. Bir-iki kəlmə də içkilərinizdən danışım. Mən yaşıma görə içməyi azaltmışam, amma "mütəxəssis"ləriniz deyir ki, girdirmə içkiləriniz yaman çoxalıb. Rus arağı adı ilə buraxılanlar da ən uzağı Xudatda, lap özünü öldürsə Dərbənddə bağlanır. Deyəsən Mozambikin gününə düşəcəksiniz. Orada bir içki fabrikinin yeni məhsulunun təqdimatı üçün keçirdiyi yarışda 5 iştirakçı ölüb. Məlumata görə, müsabiqə iştirakçıları yeni cin markasının tanıdılması məqsədilə keçirilən yarışın müxtəlif mərhələlərində ölüb. Hadisənin araşdırılması üçün istintaq başladılıb. Deyir, müsabiqənin qalibi olmaq üçün yeni marka cindən 5 şüşə içmək şərti qoyulubmuş.
   
   Bala, mənim əlim çatmır, sən qəzetdə yaz ki, diplomatlarımız xaricə gedəndə ehtiyatlı olsunlar, başlarına bir iş gələr, lap bədbəxt olarıq. Eşitdin dəə, yazıq Sesar Markodunun başına gələni. Bilmirsən? Deyir, Nyu-Yorkda Nikaraquadan olan yüksək vəzifəli diplomat Sesar Merkadonun meyiti tapılıb. "New-York Daily News" qəzeti yazır ki, Nikaraqua konsulunun meyitini onu BMT-nin mənzil-qərargahına aparmalı olan taksi sürücüsü aşkarlayıb. Qapı açıq olub və sürücü içəri girdikdə diplomatın meyitini görüb. Meyitin yanında bıçaq da olub.34 yaşlı diplomatın boğazı kəsilib.
   
   A bala, komüterinə baxıram, A3-lə səhifə dolana oxşayır. Bir az da çox danışıb zəvzək adı almaq istəmirəm. Sən də qorxma, yazının altında yaz ki, Dədə Qorqudun sözlərini kompüterə köçürdü:
   
   O.Salamov
   
   

TƏQVİM / ARXİV