Telefon zəngləri azalan Flora Xəlilzadə

ETİBAR CƏBRAYILOĞLU
43709 | 2010-09-25 00:56
Bu müsahibə tanınmış jurnalist, publisist, şair, "Azərbaycan" qəzetinin mədəniyyət şöbəsinin müdiri Flora Xəlilzadə ilə onun ad günü ərəfəsində hazırlanmalı idi. Amma iş elə gətirdi ki, müxtəlif səbəblər üzündən görüşümüz bir neçə dəfə təxirə salındı. Bu dəfə üz-üzə oturub söhbətləşəndə ad günündən xeyli vaxt keçmişdi. Flora xanım bayram ovqatında deyildi. Təbii ki, mən də bu məsələni çox qabartmadım. Onsuz da xanım həmsöhbətimin konkret neçə yaşı tamam olduğunu bəlli səbəbdən yazmayacaqdım.
   
   Flora Xəlilzadə uzun illər ərzində Azərbaycan mətbuatında yazdıqlarını 7 cild kitaba sığışdırmağa çətinlik çəkir. Bunun özü də məni müşkülə salmışdı. Flora xanımı bu müsahibədə jurnalist, publisist, yoxsa şairə kimi təqdim etmək? Arif insandı, özü məni bu çətinlikdən xilas elədi:
   
   - Publisist kimi təqdim eləsən daha yaxşıdı. Çünki publisistikada özümü daha yaxşı ifadə edə bilirəm. Şeirlərim isə ruhumun ehtiyacından yaranır. Dərdlərimi pıçıldamaq istəyəndə şeir yazıram. Bu pıçıltılar da adətən oxuculara yox, daha çox özümə ünvanlanır.
   
   Görünür təvəzökar olmaq lazım deyilmiş. Ona görə də, xüsusi qeyd edirəm- Mən varam və publisistikada yetərincə xidmətlərim var. İndi elə bir dövr gəlib ki, özün deməsən, heç kim sənin xidmətlərini qeyd etmək istəmir, özünü görməməzliyə vurur. Məcbur olursan ki, xidmətlərini özün dilə gətirəsən. Üzündə abır-həya olan adam üçünsə bu o qədər də asan iş deyil. Yaradıcı insan haqqında gərək başqası fikir bildirsin.
   
   - Bu məsələdə problem var ki? Bu gün nə çoxdu şair-yazıçı haqqında yazan, fikir bildirən...
   
   - Təəssüf ki, yazılan, deyilən həmin fikirlərin çoxu mədhiyyədi. Mənim isə bu gün nə mədhiyyə deməyə halım var, nə də həmin mədhiyyələrə inanmaq həvəsim.
   
   - Nə vaxtsa buna məcbur olduğunuz anlar olub?
   
   - Heç vaxt nə mədhiyyə demişəm, nə də yazmışam. Həmişə inandığım məsələləri yazmışam, təqdir eləmişəm. Mədhiyyə yarışına qoşulmamağa çalışmışam. Ürəyimdə inandığım adamları tərifləmişəm. Ola bilsin ki, ürəyimin məni aldatdığı məqamlar olub. Hər halda hesab edirəm ki, bununla da günah yox, səhv eləmişəm. Çünki bayaq dediyim kimi, inanıb yazmışam. Kimsə məni ustalıqla aldada bilibsə bu onun günahıdı. Onsuz da Allah hər şeyi görür.
   
   - Yazılarınızda ədəbiyyata, jurnalistikaya arxa qapıdan gələnləri tənqid yox, tərif etsəydiz indi sizin də xidmətləri yada salan olardı. Necə deyərlər, əl əli yuyar, əl də üzü...
   
   - Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Araz şinelindən çıxan, Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaşaya bilməz. Bu iki böyük şəxsiyyət həmişə ürəklərinin hökmü ilə yazıb-yaradıblar. Qulu müəllim ədəbi tənqidimizin cəngavəri idi, təkcə məzmun, mükəmməllik yox, hərfin, sözün uğrunda döyüşürdü. Məmməd Araz və Qulu Xəlilov mənim həyat ideallarımdı. Bu gününün özündə də onları oxuyur, öyrənirəm. Onların mənəvi varisi bu iki şəxsiyyətə xəyanət edə bilərmi?
   
   Bayaq qeyd elədiyim kimi, bu gün ədəbi tənqid nüfuzunu itirib. Yerində isə tost demək ənənəsi yaranıb. İstedadı olanı ən yaxşı halda yubileydən-yubileyə yada salırlar. Fəndgirliyi, fərasəti, maddi imkanı istedadından çox olanlar haqqında isə qalaq-qalaq kitablar yazılır, yalançı tərif dolu məqalələr dərc edilir. Bu gün falçı haqqında kitab yazan, onu mədh edən tənqidçilər var. Mənim də, sənin də tanıdığımız elələri var ki, ildə 10-15 kitabı çıxır. Bir insan başdan-ayağa istedaddan yoğrulsa belə ildə bu qədər kitab çap etdirməyə fiziki gücü yetməz. Həmişə belələrinə qarşı çıxmışam, ədəbiyyata səlib yürüşü elan edənlərə yazılarımda etirazımı bildirmişəm. Belə deyək də, gücüm çatan qədər vuruşmuşam.
   
   - Belələrinin ədəbiyyata axınının qarşısını almaq üçün sizcə daha nə etmək lazımdı?
   
   - Bu məsələdə qəzet redaktorlarının da günahı az deyil. Onlar da imkan daxilində belələrinin qarşısında çəpər ola, sözü, ədəbiyyatı qoruya bilərlər.
   
   - Bəs niyə qoruya bilmirlər?
   
   - Bunun da səbəbləri məlumdu. Çünki mətbuatımızın böyük bir hissəsi qeyri-peşəkarların əlindədi.
   
   - Səhv etmirəmsə, Kamal Abdullanın belə bir fikri var- belələri ilə mübarizə aparmamağın özü ən yaxşı mübarizədi. Bəlkə hər şeyi zamanın öhdəsinə buraxaq...
   
   - Düzdü, zamanın ən yaxşı hakim olduğunu deyirlər. Amma elə məsələlər var ki, seyrçi qalıb münasibət bildirməmək mümkün deyil. Bu gün yazmasaq, fikir bildirməsək gələcək nəsillər bizi qınamazmı? Susmaq razılıq əlaməti sayılır. Ona görə də susmaq olmaz. Zövqlərin korlanmasına, ədəbiyyatda baş alıb gedən bu hərc-mərcliyə biganə qalmaq mümkün deyil. Hamı bir-birini təkrarlayır, necə deyərlər, özgəsinin ayaqqabısını geyinir, amma uzağa gedə bilmirlər. Bu yaxınlarda teatrlarımızın birinin səhnəsində tamaşaya baxdım. Xalq artistləri özlərini oda-közə vurdular, lakin tamaşaçı heç bir zövq ala bilmədi. Çünki əsər çox zəif yazılmışdı. O qədər zəif əsər idi ki, səhnədəki bər-bəzək də onu xilas etmədi. Mən də öz fikirlərimi qəzetimiz vasitəsi ilə bildirdim. Müəlliflə münasibətlərimiz var idi, hər bayramda zəng edib təbriklərini çatdırırdı. Həmin tənqidi yazıdan sonra daha zəng etmir. İndi vəziyyət belədi, tənqid etdiyin adam səninlə düşmən olur. Bütün bunlara baxmayaraq ədəbi tənqidi yaşatmaq, ədəbi tənqidin itirilmiş nüfuzunu özünə qaytarmaq lazımdı. Telefon zənglərinin, təbriklərin sayının azalması faciə deyil. Faciə ədəbi tənqidin nüfuzdan düşməsidi. Mən onsuz da balıq üçün yox, Xaliq üçün yazıram. Ədəbi tənqid həmişə ədəbiyyatı çör-çöpdən təmizləyib.
   
   - Çox bədbin notda danışdıq. Hər halda əsl ədəbi əsərlər də yaranır...
   
   - Mən demirəm ki, əsl ədəbi hadisə sayılan əsərlər yaranmır, sözün çəkisini qoruyan müəlliflər yoxdu. Belə əsərlər və müəlliflər var. Amma onların bəzilərinə münasibət məni qane etmir. Mustafa Çəmənli kimi istedadlı nasirin heç bir fəxri adı yoxdu, təbliğ olunmur. Gəncədə yazıb-yaradan Nüşabə Məmmədlini niyə təbliğ etmək heç kimin yadına düşmür?
   
   - Eşitdiyimə görə "Seçilmiş əsərlər"inizi çapa hazırlayırsız. Özü də bu bir neçə cild olacaq...
   
   - Yazdıqlarımı yığıb-yığışdırmaq olmadı. Ona görə də buna seçə bilmədiyim əsərlər də demək olar. Hər halda 7 cild olacaq. "Yazdıqlarım" adlanır. Birinci cildi hazırlayıb nəşriyyata təqdim etmişəm. Ömrüm çatsa özüm, çatmasa övladlarım bu cildləri oxuculara təqdim edəcək.
   
   - Şeirlərinizi də "Yazdıqlarım"a daxil etmisiz?
   
   - Cildlərin birində yəqin ki, şeirlərim olacaq.
   
   - Məmməd Araz kimi nəhəng şairlə yaxın qohum olan adamın şeir yazması risk deyil?
   
   - Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də sinədəftər bir xanım olub. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdı. Məmməd Araz olan yerdə bizlər kimik ki...
   
   - Məmməd Arazın sizin şeir yazmağınıza reaksiyası necə idi?
   
   - Əvvəl şeir yazmağımı istəmirdi, deyirdi ki, bu çox ağır yoldu. Sonra bir şeirim ona təsir etmişdi. Oxuyub altını cızmışdı
   
   
   
   Quş da məndən vəfalı,
   
   Daş da məndən vəfalı,
   
   İldə bir yol Vətəndə
   
   Qış da məndən vəfalı.
   
   
   
   Yazıçılar Birliyinə də Məmməd Arazın zəmanəti ilə qəbul olundum. Dedi ki, incə ruhun var, şeir yazmaqda davam elə. Amma yenə deyirəm, mən şair deyiləm, ruhumun ehtiyacından şeir yazıram. Qadınların şeir deməsindən də xoşlanmıram. Ona görə heç bir yerdə şeir oxumuram. Oxumaq fikrim də yoxdu. Qadınların dilindən o qədər zəif şeirlər eşitmişəm ki...
   
   

TƏQVİM / ARXİV